Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Aprel 2017

BÖYÜK ŞƏXSİYYƏTLƏR VƏ ONLARIN DOST-DÜŞMƏNLƏRİ

Həzrət Əli (ə) ilə həzrət Isa (ə) arasında daha bir oxşarlıq vardır ki, o da dünyaya gəldikləri yerlə əlaqədardır.
Dünyanın böyük şəxsiyyətləri barəsində müxtəlif, çox vaxt da ziddiyyətli baxışlar yaranır; bəzi vaxtlar elə dostlar olur ki, bu dahi insanların yolunda candan-başdan keçir, pərvanə kimi öz varlığını onlara fəda edib, dostluq xatirinə ən ağır böhtanlara və ən çətin işkəncələrə dözürlər. Bunun əksinə olaraq, elə inadkar və kinli düşmənlər də tapılır ki, heç vaxt öz düşmənçiliyindən əl çəkmək və səmimiyyət yolunu seçmək istəmirlər. Bu kimi şəxslərə qarşı dostluq və düşmənçilik bəzən elə şiddətli və güclü olur ki, heç bir sərhəd tanımır, mövcud zaman və məkan hüdudlarını aşaraq sonrakı məkan və zamanlara da gəlib çatır. Belə bir nüfuzun gücü və təsir dərəcəsi insan şəxsiyyətinin əzəmət və ülviliyi ilə tam mütənasibdir. Dünyanın böyük şəxsiyyətləri arasında heç kəs Əli (ə) qədər ziddiyyətli mühakimələrə məruz qalmamış, cəzbetmə və dəfetmə səhnəsində iki əks qütbün diqqət mərkəzində olmamışdır. Dahi şəxsiyyətlər arasında bu cəhətdən yalnız həzrət İsa əleyhissəlamı Əli (ə) kimi hesab etmək olar. Çünki, həzrət İsa (ə) da dostluq və düşmənçilik səhnəsində bir-biri ilə tamamilə zidd olan iki dəstənin diqqətini özünə cəlb etmişdir. Məhz bu səbəbə görə də, bu iki ilahi rəhbər arasında bir növ oxşarlıq müşahidə olunur. Dünya məsihilərinin əksəriyyətinin təsəvvürüncə Həzrət İsa (ə) elə həmin cisim şəklinə düşən "Allah"dır və öz bəndələrini ata (Həzrət Adəm (ə)) tərəfindən irs qoyulmuş günahlardan qurtarmaq üçün yer üzünə gəlmiş və nəhayət, çarmıxa çəkilmişdir. Məsihilərin nəzərində İsa ilahiləşmiş insandan başqa bir şəxsiyyət deyil. Bunun əksinə olaraq yəhudilər bu fikrə tamamilə zidd olan bir mövqedə dayanır: onlar həzrət İsanı iftira və yalançılıqda ittiham edib, qələmin yazmaqda həya etdiyi ən çirkin töhmətləri onun pak və iffətli anasının (Məryəmin) adına vururlar.
Belə təzadlar Əli (ə) barəsində də həmişə mövcud olmuşdur. Bir dəstə dar düşüncəli, dərindən dərk edə bilməyən, həmçinin ona dərin məhəbbət bəsləyənlər möminlərin sərvərini allahlıq dərəcəsinə qədər yüksəltmiş, həyatı boyu ondan müşahidə olunan kəramətlərini onun "Allah" olmasına bir dəlil gətirmişlər. Çox təəssüflə qeyd etməliyik ki, bu dəstə müqəddəs "Ələvi" (Əliyə mənsub olan) adını özlərinə götürmüşlər. Hələ indinin özündə də çoxları bu məslək ardınca gedirlər. Əfsuslar olsun ki, indiyə kimi şiələrin təbliğat aparatı bu dolğun emosiyadan istifadə edərək Əlinin (ə) həqiqi simasını onlara tanıtdırmamış və onları Əlinin (ə) şəxsən özünün fədaisi olduğu tövhid və təkallahlıq yoluna hidayət edə bilməmişdir. Bu qrupun müqabilində isə İmamın (ə) zahiri xilafətinin ilk günlərindən etibarən başqa bir dəstə ürəklərində o həzrətə qarşı ədavət, kin-küdurət bəsləyərək, bir müddətdən sonra "xəvaric" və "nəvasib" adlı qruplaşmalar şəklində zahir oldular. Peyğəmbər (s) Əlinin (ə) hakimiyyəti zamanı inhirafçı və azğın cinahların zahir olacağından tamamilə agah idi. Həzrət öz sözlərindən birində Əliyə (ə) belə buyurmuşdu: "İki dəstə sənin barəndə həlak olacaq: Sənin fəzilətlərin barəsində həddi aşanlar və səninlə düşmənçilik edənlər."
Həzrət Əli (ə) ilə həzrət Isa (ə) arasında daha bir oxşarlıq vardır ki, o da dünyaya gəldikləri yerlə əlaqədardır. Isa (ə) "Beytül-ləhm" adlı müqəddəs bir yerdə (bu yer Beytül-müqəddəs deyil) dünyaya gəldiyindən sair Bəni-İsrail peyğəmbərlərindən bir növ əlavə bir fəzilətə malik idi. Azadlıq sevərlərin mövlası Əli (ə) da müqəddəs Məkkə diyarında, Allah evində–Kəbədə möcüzəli bir şəkildə dünyaya gəlmiş və elə Allah evində də (Kufə məscidində) şəhadət şərbətini içmişdir, "hüsnü-mətlə" müqabilində "hüsnü-xitama" malik olmuşdur. (Yəni mövludu gözəl olduğu kimi, xətmi (şəhadəti) də gözəl olmuşdur.) Bu da ki, tarixdə misli görünməmiş hadisədir.


4601 بازدید
در حال ارسال اطلاعات...