Şrift ölçüsü:
A+
A
A-
Kr
23 İyul 2021

İmam Hüseynin (ə) Məkkədən çıxaraq Kufə səmtinə getməsi

İmamın (ə) karvanı dörd ay beş gün Məkkədə qaldıqdan sonra zilhiccə ayının 8-də çərşənbə axşamı günü Kufəyə doğru hərəkət etdi. Həzrət Məkkədən çıxmazdan öncə dostlarını topladı və dedi:
“Ey camaat! Ölüm gənc qızların boyunlarından asılan boyunbağı kimidir. Mənim öz dünyadan köçənlərimlə görüşə həvəsim Yaqubun Yusiflə görüşə həvəsi kimidir.
Mənim şəhid olacağım yer təyin olunub. Şübhəsiz, bir gün oraya çatacağam. Sanki Nəvavislə Kərbəla arasında yırtıcı çöl canavarlarını görürəm ki, bədənimi tikə-tikə parçalayır, ac qarınlarını və boş kisələrini onunla doldururlar. Allahın razılığı olduğu şeyə, biz Əhli-beyt razıyıq.
Biz bəla və ilahi sınaq zamanı səbirliyik. O, səbr edənlərin böyük mükafatını bizə verəcək.
Allahın Rəsulunun (s) canının parçası olan övladları əsla ondan ayrılmayacaq və “cənnəti-bərin”də ona qovuşacaq. Allahın Rəsulunun (s) gözləri onun nəslinin vasitəsilə işıqlanacaq, verdiyi vəd onlar vasitəsilə gerçəkləşəcək. Kim qanını bizim yolumuzda fəda etməyə və Allahın görüşünə getməyə hazırdırsa, bizə qoşulsun. Mən Allahın izni ilə sabah səhər tezdən hərəkət edəcəyəm!”

İmam Hüseynin (ə) Abdullah ibn Abbasla söhbəti

Peyğəmbərin (ə) və İmam Əlinin (ə) əmisi Abbasın oğlu Abdullah, Hüseynin (ə) yanına gəlib deyir:
- Əmioğlu, camaat deyir ki, sən İraqa gedirsən.
- Bu fikirdəyəm. İnşallah, bir-iki günə yola düşəcəyəm.
- Əgər onlar öz hakimlərini öldürüb vilayətin idarəsini ələ keçirmiş və düşməni qovmuşlarsa, get. Lakin səni çağırırlarsa, ancaq hakimləri hələ də öz yerindədirsə, bil ki, səni döyüşə çağırırlar.
- Allahdan xeyir istəyirəm. Görüm nə olacaq.
Gecə vaxtı ibn Abbas bir də həzrətin yanına qayıdır və onu bu səfərdən çəkindirməyə cəhd edir. Ancaq İmam (ə) yolundan dönmür.

İmamın (ə) Abdullah ibn Ömərlə söhbəti

İkinci xəlifənin oğlu Abdullah ibn Ömər həzrətin yanına gəlir:
- Ey Əba Abdullah! Tələsmə. Gəl, Yezidə beyət et və Müaviyənin dövründə olduğu kimi dözüm göstər. Ola bilsin, Allah səninlə bu zalım tayfa arasında hökm etsin. Gəl Mədinəyə qayıt.
- Ey Abdullah! Səncə, səhv yoldayamsa, məni səhvimdən qaytar. Mən bunu qəbul edənəm.
- And olsun Allaha, xeyr! Ancaq Yezid xilafət məsələsində sənin kimi düşünmür. Qorxuram bu ümmət sevmədiyin işi sənin başına gətirsin.

- Bil! Onlar beyət almayınca, ya da öldürməyincə məndən əl çəkməyəcəklər. Ey Abdullah! Bilmirsənmi, Yəhya ibn Zəkəriyyanın kəsilmiş başı Bəni-İsrailin ən pislərindən olan birisinə hədiyyə göndərildi və bununla belə o baş onların əleyhinə açıq-aydın sübutlarla danışdı?!
Ey ibn Ömər! Bilmirsənmi, Bəni-İsrail ay çıxan vaxtdan günəş doğan vaxta qədər yetmiş peyğəmbər öldürdü. Sonra heç bir şey olmamış kimi bazara gedib alış-verişləri ilə məşğul oldular. Allah-Taala onlara bəla göndərməyə tələsmədi, bir az möhlət verdi, sonra intiqam sahibi olan Qadir Allah onları sərt şəkildə cəzalandırdı”.
2691 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.08.21, 09:25
Hərbçimizin intihar edib
Go to TOP