Şrift ölçüsü:
A+
A
A-
Kr
30 İyun 2021

Müslim ibn Əqil (ə)

Kufəlilərin İmam Hüseynə (ə) məktub yazmaları

Şiələr Süleyman ibn Sürədin evində toplaşaraq Müaviyənin ölümündən danışırdı, buna görə Allaha şükür edirdilər. Süleyman dedi: “Hüseyn ibn Əli (ə) Yezidə qarşı çıxaraq Məkkəyə getmişdir. Siz onun və atasının şiələrisiniz. İndi baxın, əgər ona kömək etmək, onun düşməni ilə vuruşmaq üçün özünüzdə qüvvə və hazırlıq görürsünüzsə, məktub yazıb onu Kufəyə dəvət edin. Lakin zəiflik göstərəcəksinizsə, onu özünüzə ümidvar etməyin”.

Yığıncaqdan sonra İmam Hüseynə (ə) bu məzmunda məktub yazıldı: “...İndi bizim rəhbərimiz yoxdur. Buraya gəl. Ümid edirik ki, Allah bizi sizin vasitənizlə haqqın ətrafına toplayacaq”.

Məktubu Məkkəyə göndərdilər. Ramazan ayının onunda məktub Hüseynə (ə) çatdı. Kufəlilər bir-birinin ardınca çoxlu məktub yazdılar. Məktublar sel kimi axmağa başladı. Hətta elə oldu ki, hər qəbilə, hər tayfa və sonra hər ailə ayrılıqda məktublar yazdılar. Kufədən gələn məktubların sayı minlərlə idi. Bu məktubların birində yazılırdı: “...Səhralar yaşıllaşmış, meyvələr yetişmiş, sular coşmuşdur. Bizə gəl. Ordumuz hazırdır və fərmanını gözləyir. Salam olsun sənə!” Sonuncu məktubda yazdılar: “Doğrudan, xalq sənin yolunu gözləyir və səndən başqa rəhbərləri yoxdur. Tələs! Tələs! Vəssalam!”

Müslimin Kufəyə göndərilməsi
Nəhayət, İmam Hüseyn (ə) kufəlilərin məktublarına cavab yazır: “Bağışlayan və Mehriban Allahın adı ilə. Hüseyn ibn Əlidən Kufədə bu məktubun yetişəcəyi dostlarıma və şiələrimə.

Salam olsun sizə! Məktublarınız mənə çatdı və mənim sizin yanınıza gəlməyimi istəməyinizdən xəbərdar oldum. İndi etibar etdiyim qardaşım və əmim oğlu Müslim ibn Əqili sizin yanınıza göndərirəm ki, işləri öhdəsinə götürsün və sizin birliyiniz barədə mənə məlumat versin. Əgər həqiqət sizin yazdıqlarınız və nümayəndələrinizin xəbər verdiyi kimi olsa, tezliklə sizin yanınıza gələcəyəm, inşallah. Vəssalam!”
Həzrət məktubu Müslim ibn Əqilə verərək onu Kufəyə göndərir.

Kufə
Müslimin Kufəyə çatması və kufəlilərin onunla beyət etməsi
Müslim ibn Əqil Kufəyə daxil olur və Muxtarın evində qalır.
Şiələr Müslimi dinləmək üçün onun yanına get-gəl edirdilər. Hər bir qrup onun yanına gəldikdə Müslim Hüseyn ibn Əlinin (ə) məktubunu onlara oxuyur, hamılıqla ağlaşır və Müslimlə beyət edirdilər.
Müslimlə beyət edənlərin sayı on səkkiz min nəfərə çatır. O, İmama (ə) məktub yazaraq beyət edənlərin sayını xəbər verir və onun Kufəyə gəlməsini istəyir.
Şiələrin Muxtarın evinə get-gəli davam edir və Nöman ibn Bəşir bundan xəbər tutur. Nöman Übeydullah ibn Ziyaddan qabaq Müaviyə tərəfindən Kufəyə vali təyin olunmuşdu, Yezid də onu öz vəzifəsində saxlamışdı. Ancaq Nöman Müslimin kufəlilərdən beyət almasına əhəmiyyət vermədiyi üçün Yezid, Übeydullahı Kufəyə vali təyin etdi və ona Müslimin qaldırdığı fitnə alovunu söndürməyi tapşırdı.

İbn Ziyadın Kufəyə gəlməsi
Übeydullah ibn Ziyad başına qara əmmamə bağlayaraq və üzünü örtərək Kufəyə girir. Hüseynin (ə) intizarında olan camaat onun Hüseyn ibn Əli (ə) olduğunu düşünür. Ona görə də onu salamlayır və deyirlər: “Xoş gəlmisən, ey Peyğəmbərin oğlu!” İbn Ziyad camaatın Hüseynə (ə) olan sevgisindən narahat olur və özünü saraya çatdırır.

Müslimin Haninin evinə getməsi
Müslim ibn Əqil Übeydullahın Kufəyə gəlməsindən və onun məlum çıxışından xəbər tutdu. Bir tərəfdən də onun Muxtarın evində qalması Übeydullaha bəlli idi. Ona görə də Müslim Haninin evinə gedir. Haniyə deyir: “Sənin evinə gəldim ki, mənə sığınacaq verəsən”. Hani ikrahla ona evində qalmağa icazə verir. Şiələr Müslimi görmək üçün Haninin evinə gəlirlər.
Müslim ibn Əqil İmam Hüseynə (ə) məktub yazır: “Mən Kufədəyəm. Bu məktubu sənə yazana kimi on səkkiz min nəfər beyət etmişdir. Bələdçi öz adamlarına səhv yol göstərməz. Kufə camaatı səninlədir. Məktubumu oxuyan kimi yola düş. Salam olsun sənə!”

Haninin həbs edilməsi
Haninin evi də bəlli olur. İbn Ziyad Hanini saraya çağırır. Hani deyir:
- Müslim mənə demədən evimə gəldi və sığınacaq istədi. Ona görə də ozümü borclu bilib ona yer verdim.
- Onda Müslimi mənim yanıma göndər ki, səhvini düzəltmiş olasan. Hani bu təklifi qəbul etmədikdə ibn Ziyad əsəbiləşərək onun burnunu və alnını sındırır və onu zindana atdırır.

Müslimin və adamlarının saraya tərəf hərəkəti
Haninin işgəncə olunması xəbərini eşidən kimi Müslim inqilabi bir hərəkətlə və “Ya Mənsur, əmit!” (ey kömək olunmuş, öldür!) şüarı ilə Kufə camaatını topladı. Qısa bir zamanda məscid və bazarlar insanla doldu və ibn Ziyadın sarayına tərəf hərəkət etdi. Saray mühasirəyə alındı.
İbn Ziyad qəbilə başçılarını çağıraraq onları təhdid etdi ki, əgər öz adamlarını Müslimdən ayırmasalar, onların boyunlarını vuracaq. Kufənin böyukləri sarayın üstünə çıxır və camaatla danışırlar. Müslimin ətrafındakılar ondan ayrılırlar. Müslim kufəlilərin vəfasızlığı ilə üzləşir və küçələrdə sərgərdan gəzir. Tövə adlı bir qoca qadının evinin qapısına çatır. Qadın, oğlu Bilalın yolunu gözləyirdi. Müslim özünü ona tanıtdırandan sonra Tövə onu evə aparır və ona böyük hörmət göstərir. Bilal evə gəlir və evdə kiminsə olduğunu hiss edir. Tövə hadisəni oğluna danışır.

İbn Ziyad Müslimi axtarır
İbn Ziyad kufəlilərin Müslimin ətrafından dağılışdığını eşidən kimi fürsətdən istifadə edib onu həbs etmək və işi bitirmək istəyir.
Döyüşçüləri və mühafizəçiləri məscidə toplayır. Namazdan sonra minbərə çıxaraq deyir: “Gördüyünüz kimi Müslim camaat arasında ikitirəlik saldı. İndi də gizlənib. Ey Huseyn ibn Təmim! Bütün küçələri və evləri axtar və səhərə kimi Müslimi tapıb gətir”.
Səhər tezdən Tövənin oğlu Müslmin əhvalatını Əbdürrəhman ibn Məhəmməd ibn Əşəsə xəbər verir. İbn Ziyadın əmri ilə üç yüz əsgər Tövənin evinə gedib Müslimə hücum edir. Müslim qılıncını çəkərək onlarla vuruşur və onları evdən çıxarır. O, çoxlu yaralar alır və əsir düşür.

Müslimin vəsiyyəti və şəhadəti
Müslim həbs edilir. Onun gözündən yaş axdığını görürlər. Bunun səbəbini soruşduqda deyir: “And olsun Allaha! Mən özümə görə ağlamıram. Ağlamağım, buraya gəlməkdə olan Hüseynə (ə) və onun ailəsinə görədir”.
Müslim Məhəmməd ibn Əşəsdən onun bir istəyini yerinə yetirməsini istəyir. Onun istəyi təkcə mövlası Hüseyn ibn Əliyə (ə) bu xəbəri çatdırmaq idi: “Müslim sənin ölümə sarı gəlməyini məsləhət bilmir. Ailənlə birgə geri qayıt. Çünki kufəlilərin vəfasızlığını acıq-aydın gördüm. Onlar atanın onların əlindən qurtarmaq üçün özünə ölüm arzuladığı adamlardır.
Kufəlilər həm səni, həm də məni aldatdılar”.
İbn Əşəs bu xəbəri Hüseynə (ə) çatdıracağına and içir. Müslimi ibn Ziyadın yanına gətirirlər. İbn Əşəs Übeydullaha Müslimə aman verdiyini deyir. Ancaq Übeydullahın əmri ilə Müslimin boynunu vurub sarayın damından yerə atırlar.
1252 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.08.21, 09:25
Hərbçimizin intihar edib
Go to TOP