Şrift ölçüsü:
A+
A
A-
Kr
01 İyun 2021

BACANAQLAR

Bəzən mehribandılar, bəzən dalaşqandılar,
Birdən quzu balası, hərdən alışqandılar,
Bir-birilə girərlər bəhsə yarışqandılar,
Çünki işgüzardılar, xeyli çalışqandılar,
Göz dəyməsin amandı, yamandı bacanaqlar!
Qınamayın, bəlkə də cavandı bacanaqlar!

Danışırlar, gülürlər kefləri saz olanda,
Ürəkləri açılır tez-tez məktub alanda,
Amma axtarılmayıb bəzən təkcə qalanda,
“Küsüblər”, deyir hamı, qanan da qanmayan da,
Baxan elə bilir ki, dumandı bacanaqlar,
Bir-birindən məhəbbət umandı bacanaqlar!

Yeddi bacanaq haqda məsəl vardır gülməli,
Guya söz tapmayıblar söhbət üçün etməli,
Yəqin bu zarafatdır hekayədir məzəli,
Amma çoxdur içində xasiyyətcə gözəli,
Pisi də var, yaxşısı kalandı bacanaqlar,
Qohumluqda qayğıya qalandı bacanaqlar!

Bir dərdi-sər olanda çağırırsan köməyə,
Eşidər, ya eşitməz qaçar yardım etməyə,
Gah sənə qardaş kimi aşiq olur sevməyə,
Arada dost olurlar xeyli deyib gülməyə,
Bəzən xətrə dəyməyə gumandı bacanaqlar,
Sakit bir okeanda tufandı bacanaqlar!

Allah qorusun deyək, əziz bacanaqları!
Tərifə layiq olan çoxdu qanacaqları,
Biz köç etdik, onlara tapşırdıq ocaqları,
Həmişə, hər bir zaman açıqdı qucaqları,
Söz dolu, söhbət dolu, dastandı bacanaqlar,
Rövşən deyər igiddir, aslandır bacanaqlar!


88 dəfə baxılıb
در حال ارسال اطلاعات...