Şrift ölçüsü:
A+
A
A-
Kr
18 İyun 2019

Eldar bəy, Rüfəti məgər sən özünə oğul seçmisən ki, indi də imtina edirsən?

MN-nin mətbuat xidmətinin sabiq rəhbəri Eldar Sabiroğlunun oğlundan imtina etmək xəbərini oxuyanda çox pis oldum. Məktubun fotosu da sayta qoyulmuşdu. Normalda atalar Rüfət kimi oğullarla fəxr etdiyi bir halda Sabiroğlu oğlundan imtina edir. Doğrudur ki, qurban vermək çətindir. Biri oğlunu Allah yolunda qurban (şəhid) verir, digəri oğlunu kreslosuna, həyatdakı firavan, təhlükəsiz yaşayışına dəyişir.
Onu da deyim ki, məktubun sonundakı "sənin keçmiş atan" ibarəsini oxuyanda öldüm. Amma gülməkdən öldüm. Ola bilər ki, indi bu sətrləri Eldar müəllim oxuyanda məni kobudluqda, sayğısızlıqda, başqasının fikirlərinə hörmətlə yanaşmamaqda ittiham etsin. Qoy etsin, amma mən bu səbəbdən gülmədim. Yəqin ki, səbəb elə məqaləmizin başlığını oxuyanda məlum olur. Məsələ bundan ibarətdir ki, birincisi heç də Eldar bəyin bu fikrinə hörmətlə yanaşmıram. Çünki bir şey səhvdirsə ona hörmətlə yanaşmaq yox, onu düzəltmək lazımdır. Səhv isə ordadır ki, hörmətli Eldar bəy unudub ki, o oğlu özü öz istəyi ilə özünə bəxş etməyib. Çünki filosofların diliylə desək bir insan özü özünə bir şeyi bəxş edə bilməz. Məsələn, insan özü özünə yüz dollar verə bilərmi? Bunun fəlsəfədəki adını əziz oxucular özləri axtarıb tapsın, burda fəsləfə xırdalamaq fikrində deyilik. Sırf bu məsələyə gəldikdə isə deyirik ki, Rüfəti Eldar Sabiroğluna Allah Təala bəxş edib. O Allah ki, onun müqəddəs adını Sabiroğlu məktubunda dəfələrlə zikr edir.

Düzdür, "keçmiş ata" ifadəsi məcazən işlədilib, amma məcaz olması belə adamı güldürür. Məgər oğul maşındır ki, ondan imtina edəsən? Məgər ata müəllimdir ki, keçmiş olsun? Sən MN-nin MX-nin keçmiş rəhbəri ola bilərsən, amma Rüfətin keçmiş atası ola bilməzsən. İlahi işlərə bu cür üsyankar və nadancasına dəxalət etmək küfrdür. Allahın məsləhətini (Rüfəti sənin oğlun qərar verməsini) çeynəmək deməkdir.
Eldar bəy, bilirəm ilahi qanunlardan xəbərsizsiniz. Bu da ordan bilinir ki, Allahın adını düz iki dəfə zikr etdiyiniz məktubunuzda "özümü arxasız və güvənsiz insan kimi hiss edirəm" yazmısınız. Elə səhv olan da bu əqidənizdir. Siz gərək elə əvvəl gündən insana (Rüfətə) yox Allaha arxalanardınız. Necə ki, Rüfət (inşallah ki) belə edib və atasına güvənmədən zülmü hayqırmağa başlayıb. 

Eldar bəy, icazə verin sizə son olaraq iki şey deyim. Bu gün bəlkə fərqində deyilsiniz. Vallahi, bir vaxt gələcək, Rüfət kimi oğul axtarışına çıxacaqsınız. İndilərdə şəhadətin, zülmü ifşa etmənin, zalımı narahat etmənin, məzlumu müdafiə etməyin bəlkə də nə olduğunu dərk edə bilmirsiniz. Amma vaxt gələcək, şəhadəti anlayacaq, şəhidlərdən ibrət alacaq, Rüfətdən "imtina etməyiniz" üçün peşman olacaqsınız. İkincisi isə odur ki, sizin bir vaxtlar İlham Əliyevə olan məktubunuz mətbuatda dərc edilmişdi. Məktubda oğlunuza rəhminizin gəldiyini yazmışdınız. Dolayı yolla deyirsiniz ki, İlham Əliyev, siz də mənim balama rəhm edin. İlham Əliyevə də yazmışdınız ki, sizin oğlunuz balaca Heydər anadan olanda sizi Milli Məclisdə təbrik etmişdim. Və yanılmıramsa dediniz ki, sizin və oğlunuz rəsmi indi də bizim evdə vardır. Baxın, düzünü Allah bilir, amma İlham Əliyev öz ağlınca indidən oğlunu – həmin balaca Heydəri xalqın səsindən yox, dərin yuxusundan istifadə etməklə növbəti prezidentliyə hazırlayır. Siz isə oğlunuzdan "imtina edirsiniz." İmkan verməyin İlham Əliyev sizdən yaxşı ata olsun. İlham Əliyev oğluna arxa olduğu, ona həyatının zahirən ən yaxşı hədiyyəsini – növbəti prezidentliyi hazırlayarkən, siz oğlunuzun arxasından çəkilməyin, onu tək qoymayın. Oğlunuzun başından imtina edin, zalım rejim onun başını kəsib qarşınıza atanda, başı götürüb onlara tərəf tullayın və deyin ki, biz Allah yolunda verdiyimiz qurbanı geri almırıq. İndi bəlkə də deyərsiniz ki, bu nə zavallı təklifdir. Amma əslində yaxşı təklifdir. Çünki bir oğlun başından imtina etmək bütövlükdə ondan "imtina etməkdən" qat-qat yaxşı və məntiqlidir. Nə qədər gec deyil, fikrinizdən vaz keçin, Allahın işlərinə qarışmayın.

P.S. Deyə bilmərik, bəlkə də belə bir qanun – oğuldan imtina etmək proseduru ölkədə qanun şəklində mövcuddur. Amma onu deyə bilərik ki, əgər belə bir qanun mövcuddursa kül belə qanunun da, atanı oğlundan "imtina etməyə" məcbur edən hakimiyyətin də başına.

Endirin ölkədəki bayraqları, insanlıq ölüb.





3936 dəfə baxılıb
در حال ارسال اطلاعات...