Şrift ölçüsü:
A+
A
A-
Kr
15 İyun 2019

Ən yaxşı əməl, ən yaxşı azuqə və ən üstün kəs

Bismilləhir-Rahmənir-Rahim!

Mübarək bir ayı – İlahi ziyafət ayı olan Ramazan ayını geridə qoyduq. Sözsüz ki, bu ayda çoxsaylı xətalarımız, səhvlərimiz, çatışmazlıqlarımız oldu. Hərə gücü çatan qədər, tutumu yetdiyi qədər, diqqət və təvəccö halında, qəflətdən ayılmış olduğu halda bu aydan öz bəhrəsini götürdü.

Amma, bu ayın ən böyük dərsi, ən böyük imkanı – təqvalı insan yetişdirmək, təqvalı hala gəlməmiz üçün imkanlar yaratmaq oldu.

Ramazan ayının yalnız bir əsas hədəfi var idi – bizlərə təqvalı olmağı öyrətmək. Təəssüflər olsun ki, nə məktəb, nə bağça, nə universitet, nə telekanallar, nə də başqa vasitələr bununla bağlı insanlara bilgi vermir

Biz dünyaya göz açırıq və ağlımız, şüurumuz inkişaf edən andan, seçimli varlıq olan andan, pisi yaxşıdan ayırd etdiyimiz andan bizim təqvalı insan olub-olmamaq seçimimiz var. Bizim təqvalı olub-olmamağımız özümüzdən, özümüzün içərisində olan ab-havadan və bu ab-havadan irəli gələn davranışlarımızdan asılıdır.

Təqva bizi iki nəticəyə çatdırar

Rəbbimiz Qurani-Kərimdə on yeddi dəfə “təqva” sözündən istifadə edib. İki yüz dəfəyə yaxın da bu sözlə yaxın köklərə malik sözlərdən istifadə olunub.

Təqva – insanın içərisində olan bir mənəvi hal, mənəvi immunitet, mənəvi ruh yüksəkliyi, mütəali ab-havadır ki, bir tərəfdən Allaha eşqdən, sevgidən, məhəbbətdən, bağlantıdan yoğrulub, digər tərəfdən İlahi xofun bərəkətindən ərsəyə gəlib.

Əgər bizim içərimizdə bu hal mövcud olsa, oyaq olsa, diri olsa – iki gözəl nəticə meydana çıxar. Bir tərəfdən bizlər Allahın razı olduğu, bəyəndiyi, əmr etdiyi itaətə tərəf hərəkət edərik. Bu ali əhval bizi zövqlə, böyük mənəvi ləzzətlə Allaha itaətə tərəf yönəldər.

İkinci tərəfdən bu mütəali ruhiyyə bizi bütün mənfiliklərdən, çatışmazlıqlardan, xətalardan uzaqlaşmağa yönəldər. İlahi təqvanın bu iki praktiki əhəmiyyəti var. Biz bir tərəfdən Allaha tərəf yönəlmiş olaraq, ikinci tərəfdən bütün Allahdan uzaq salan mövzulardan çəkinmiş olarıq.

Allah yalnız təqvalılardan qəbul edir

Qurani-Kərimdə müxtəlif yerlərdə, müxtəlif ayələrdə bizlərə bununla bağlı tövsiyələr var. Rəbbimiz “Maidə” surəsinin 27-ci ayəsində bizlərə təqva barədə çox ibrətli bir çatdırış edir. Ayədə buyurulur: “Adəmin iki oğlunun (Habil ilə Qabilin) qurbanlıq zamanı olmuş əhvalatını həqiqi və düzgün şəkildə onlara oxu (Habil dəvə kəsdi, Qabil isə bir az buğda gətirdi). Beləliklə birindən qəbul olundu və digərindən qəbul olunmadı. (Qabil) dedi: «Səni mütləq öldürəcəyəm». (Habil) dedi: «Həqiqətən, Allah yalnız təqvalılardan qəbul edir”.

İki peyğəmbər (ə) övladı – Həzrət Adəmin (ə) övladları – ikisi də Allahın dərgahına, hərə öz qabiliyyətinə, tutumuna, mənəvi əhval-ruhiyyəsinə görə iki şey təqdim edirlər. Biri qəbul olunur, biri qəbul olunmur. Rəbbimiz ayədə bu hekayəni bizə çatdırır. Bunu bizlərə xatırladandan sonra, Rəbbimiz kimdən qəbul etdiyini çatdırır. Bunların hər ikisi peyğəmbər (ə) övladıdır. Amma, qəbul etmə mövzusu fərqlənir. Deməli, peyğəmbər (ə) övladı olmaq insanın hələ heç bir məsələsini həll etmir.

İkinci məsələ budur ki, ikisi də nə isə təqdim edir. Yalnız təqdim etmə, yalnız nəyisə etmə də məsələni həll etmir. Nəyə görə təqdim edir, necə təqdim edir, nəyindən təqdim edir – mühüm olanı budur. Biri İlahi təqva ilə ən yaxşısını təqdim etdi, biri isə böyük çətinliklə ən pisini təqdim etdi. Ona görə də birindən qəbul olundu, o birindən qəbul olunmadı.

Qardaşı deyəndə ki, səni öldürəcəyəm, səni cəzalandıracağam, Habil ona deyir ki, məni deyil, özünü cəzalandır, çünki, Allah təqvalılardan qəbul edir. Sən əməli təqvasız etdiyin üçün səndən qəbul olunmadı.

Belə deyildi ki, birindən qəbul olunacaqdı, birindən yox. Əgər hər ikisi təqva ilə etsəydi, hər ikisindən qəbul olunardı. Ayədə eyni zamanda bu hekayəni haqq olaraq çatdırmağa çağırış edilir. Bu, ona işarədir ki, Tövratda bu mövzu təhrif olunub. Mövzunun mahiyyəti budur ki, iki peyğəmbər (ə) övladının biri təqva üzərindən Allaha ən yaxşısından təqdim edir, biri təqva ilə yox, elə-belə edir. Kim ki, təqva ilə əməl edir, Allah ondan qəbul edir.

Əməlin qəbul olması onu təqdim edənin kimliyi və nə təqdim etməsi ilə deyil

Ayədən çıxan təfsiri nöqtələrdən biri budur ki, bir əməlin qəbul olunub-olunmaması o əməlin nəyə görə, hansı səbəbə edilməsi ilə əlaqəlidir, niyyəti ilə, motivasiyası ilə bağlıdır. Əməlin qəbul olunmasının səbəbi budur ki, Allah təqva ilə edənlərdən qəbul edir. Əgər bir əməlin qayəsində, niyyətində təqvalılıq dayanırsa, Allah Təala o əməli bizlərdən qəbul edir. Xeyir işlər, infaq, sədəqə, namaz, oruc, yaxşılıq – bütün əməllər yalnız təqva ilə edilərkən qəbul olunur.

Əməlin qəbul olma səbəbi onları edənlərin şəxsiyyəti ilə, onların gördüyü işlə də əlaqədar deyil. Onların hər ikisi peyğəmbər (ə) övladı idi. Hər birinin də gördüyü iş fərqli olmasına görə də, qəbul olunub-olunmamasını bu, müəyyənləşdirmirdi. Əməlin qəbul olması şəxsin məşğul olduğu işlə, onun nə təqdim etməsi ilə birbaşa bağlı deyil – söhbət, əlbəttə ki, halal işlərdən gedir. Yalnız təqva ilə təqdim etmək əməlin qəbul olunmasına səbəb olur.

Bu ayədən başa düşülür ki, Allah Təalanın dərgahında insanlar arasında ayrı-seçkilik yoxdur. Bu iki şəxsə qarşı öncədən formalaşmış baxış, müəyyənləşdirilmiş yanaşma olmayıb. Faktiki davranışa görə insanlarla davranılır və yalnız təqvalılardan qəbul edilir.

Ən yaxşı azuqə – təqvadır

Digər bir ayədə - “Bəqərə” surəsinin 197-ci ayəsində də Rəbbimiz təqva ilə bağlı incə bir məqama işarə edir. Ayədə buyurulur: “Həcc(in zamanı) müəyyən olunmuş aylardır (Şəvval, Zilqədə və Zilhiccə ayları). Buna görə də, bu aylarda (ehram bağlamaqla) Həcci (özünə) vacib edən kəs (bilməlidir ki): Həccdə (həcc ehramında olan zaman) söyüş söymək, qadınlarla yaxınlıq, günah və mübahisə etmək (icazəsi) yoxdur. Allah etdiyiniz hər bir yaxşı işi bilir. Özünüz üçün azuqə götürün ki, ən yaxşı azuqə təqvadır. Məndən qorxun, ey ağıl sahibləri!”.

Diqqət etdikdə görürük ki, ayədə həccin təfərrüatları açıqlanır, həcc bir səfər olaraq təqdim olunur. Hər kəs bilir ki, səfərə çıxarkən insanın hazırlıqları olmalıdır. Hər səfər üçün, xüsusən də həcc səfəri üçün də yola azuqə götürülməlidir. Rəbbimiz ayədə bizlərə səfər üçün yola götürüləcək ən yaxşı azuqənin təqva olmasını çatdırır. Ən gözəl azuqə - təqvadır, təqvadan daha yaxşı azuqə yoxdur.

Allah Təala bizlərə bəyan edir ki, yola çıxmışıq, yolçuyuq, yola azuqə lazımdır və ən yaxşı azuqə – təqvadır. Necə ki, bir insan yola çıxarkən baxır ki, cibində pulu olsun, miniyində yanacaq olsun, yol üçün cürbəcür hazırlıqları olsun – eləcə də Allaha tərəf gedən yola çıxan insan üçün ən gözəl azuqə – təqvadır. Təqva həm bu dünyada bizim əlimizdən tutacaq, həm də axirətdə. Bundan daha yaxşısı yoxdur. Yaxşı halımızda da, çətin halımızda da, imkanlı vaxtımızda da, kasıb vaxtımızda da, sağlamlığımızda da, xəstəliyimizdə də, cavanlığımızda da, yaşlılığımızda da bundan yaxşısı yoxdur. Bütün zamanlarımızın, vəziyyət və imkanlarımızın universal açarı – təqvadır.

Ən üstün şəxs – təqvalı olandır

Allah Təala “Hücurat” surəsinin 13-cü ayəsində buyurur: “Ey insanlar! Şübhəsiz, Biz sizin hamınızı bir kişi və qadından (Adəm ilə Həvvadan) yaratdıq (və ya sizin hər birinizi bir ata və anadan yaratdıq) və sizi bir-birinizi tanıyasınız deyə, böyük və kiçik qəbilələr etdik. (Odur ki, sizin aranızda irqi üstünlük yoxdur). Həqiqətən, sizin Allah yanında ən hörmətliniz – sizin ən pəhizkarınızdır. Həqiqətən, Allah çox bilən və xəbərdardır”.

Ayədə Allah Təala insanların yaranması ilə bağlı çatdırışlar edir, bir kişi və qadından yaranmasına toxunur, müxtəlif qəbilələrdən, müxtəlif tayfalardan olmasına işarə edir, bir-birilərini tanımaları, ayırd etmələri üçün olan mövzuları çatdırır. Bundan sonra əsas çalara işarə edir. Rəbbimiz bəyan edir ki, həqiqətən sizin Allah yanından ən üstününüz, ən aliniz, ən yaxşınız – ən təqvalınızdır.

Allah qatında insanın yalnız özünün qazandığı dəyərli ola bilər

Ayədən başa düşülür ki, bir şeylər var ki, bizdəndir, bir şeylər var ki, bizdən deyil. Yaranmaq bizim ixtiyarımızda olan mövzu deyil. Rəbbimi bizi yarada da bilərdi, yaratmaya da bilərdi. Yaradılanda da, necə yaranmaq, hansı nəsildən olmaq bizim iradəvi nailiyyətimiz deyil. Kişi yaranmaq, qadın yaranmaq, hansı irqdən olmaq, hansı görkəmdə olmaq da insanın nailiyyəti deyil. Ona görə də, bunlar Allah qatında üstünlük amili ola bilməz.

Yaradılışda kişi və qadın, ağdərili, qaradərili bərabərdir, bütün qəbilələr, tayfalar, millətlər bərabərdir. Çünki, bu bizim nailiyyətimiz deyil, Allah lütf edib yaradıb.

Allah qatında dəyərli ola bilən, qəbul oluna biləcək əsas – təqvadır. Çünki, təqva – iradənin məhsuludur. Ona görə Allah Təala buyurur ki, Allah qatında ən üstününüz – ən təqvalınızdır. Ona bilər ki, digərinin yanında üstünlük pula görə, rəngə görə, tayfaya görə, kişi və ya qadın olmağa, başqa amillərə görədir, amma Allah qatında üstünlük o şeyə görədir ki, insan onun ərsəyə gəlməsində, qazanılmasında iştirak edib. Ona görə də, insanın özündən asılı olmayan heç bir şey Allah qatında onu üstün edə bilməz.

İnsanın zahiri fərqlərinin, rəng fərqlərinin, insanın özündən asılı olmayan fərqlərinin insanın üstünlüyü baxımından heç bir dəyəri yoxdur. Bunlar hamısı Allahın hikməti əsasında fərqli yaradılışlardır ki, insanlar bir-birini seçə bilsinlər, ayıra bilsinlər. İnsanların bir-birindən üstünlüyü özündən asılı olmayan meyarlara görə ola bilməz. O şeyləri ki, insan əldə edir və qazanır, üstünlük onlarla ola bilər və bunların içərisində Allah qatında keçərli olan – yalnız təqvadır.

İnsanın üstünlüyə can atması onun fitrətindədir. Allah o üstünlüyü təmin etmək üçün təqvanı təqdim edib. Əgər inkişaf etmək istəyirsənsə, təkamül etmək istəyirsənsə, təqva ilə et. Qalan bütün vasitələr müvəqqətidir və burada qalacaq. Başqa bütün meyarlarla olan inkişaflar hamısı müvəqqətidir və bu dünya ilə məhdudlaşır, hamısı keçicidir və bəzən hətta buranın özündə ola-ola əldən çıxacaq. Əbədi həyat üçün keçərli olan yeganə dəyər – təqvadır.

Allahım, bizlərə təqvalı hala yiyələnməni nəsib et!

Allahım, bizlərin dünya və axirətdə azuqəmizi təqva qərar ver!

Allahım, bizi qəflətdən ayılt və bütün seçimlərimizi təqva üzərində etməyi nəsib et! Amin!


4496 dəfə baxılıb
در حال ارسال اطلاعات...