Şrift ölçüsü:
A+
A
A-
Kr
01 May 2019

Zamin Hacının İmam Əlini (ə) qana bilməməsinin səbəbi

Dini dərslərin müstəqil fənn olaraq tədrisi barədə Təhsil nazirliyinin ekspertinin qeyri müstəqil çıxışı barədə yazmaq istədim. Amma Zamin Hacının özünü qanmazlığa vurub anlamaq istəmədiyi bir hadisəni öz yazısında yazması və bir qədər də məsxərə etməsi vadar etdi ki, bu yazıda gücümü bəlkə onun cəhalətini aradan aparmağa sərf edim.

Əvvəla bilindiyi kimi Zamin Hacı özünü dövrünün Cəlil Məmmədquluzadəsi hesab edir. Sərsəm fikirlərlə dolu olan yazılarında da fürsət düşdükcə Cəlil Məmmədquluzadə cəhalətini xalqa daşıyır. Məsələn elə məlum yazısında "Danabaş kəndinin məktəbi" adlı əsərindən bir parça qeyd edir. Orda belə bir qissə keçir. Güya "uçitel" (müəllim) kimisə cərimələdiyi üçün küncə qoyur. Qasım kişi də qayıdıb "uçitelə" deyir ki, onu niyə üzüqibləyə qoymusunuz. Əlbəttə Cəlil Məmmədquluzadə öz aləmində güya bunu o vaxtkı müsəlmanların cahil olduqlarını bildirmək üçün yazıb. Amma ağ yalandır. Nadinc, dərs oxumayan uşağın küncə göndərilməsini anlamaq heç də çətin iş deyil. Bunun dinə heç dəxli yoxdur. Kəndli də olsa gözəl bilir ki, bu uşaq nəsə edib ki, onu cəzalandırmaq üçün küncə göndəriblər. Lap tutaq ki, kəndlidir, savadsız, anlamır. Məgər belə insanları lağ eləmək, gülmək, məzələnmək, ələ salmaq ziyalı işidir? Biz uşaq olanda bu cür gülünc şeyləri eşidəndə işarə barmağımızı göstərib tərəfə "gül" deyirdik. Çünki belələri bizə görə çöpəgülən sayılırdı. Cəlil Məmmədquluzadə isə çöpə gülənliyi bir yana bu cür yazıq yazılarla öz camaatını ancaq təhqir etmiş hesab edilir.

Zamin Hacı isə İmam Əli (ə) haqda məşhur olan bir hadisəni qeyd etməzdən qabaq belə yazır: "...orada isə Həzrət Əli və nökərinin yol getməsindən danışılır. Rəvayət, lətifə o qədər absurd idi ki, şəxsən mən anlamadım uşaqlara bunun hansı xeyri var, nə məqsədlə kitaba soxublar. " Başa düşmədiyi, əslində isə özünü qanmazlığa, saqqallı uşaqlığa vurduğu hadisənin qısa məzmunu burda Zamin Hacının yazdığı kimi (eyniylə) yazıram ki, görün burada anlaşılmayan nə var? Yazır: "Bir gün Həzrət Əli xurma dolu xurcun, dəvə və nökəriylə gedirmiş. Yolda dilənçi xurma istəyir, Həzrət Əli deyir xurcunun hamısını ver. Nökər verir. Bir az gedirlər, başqa dilənçi dəvəni istəyir, Həzrət deyir ipi ilə birgə ver. Nökəri əməl edir, daha sonra deyir ki, ya Əli, qorxdum deyəm ki, ip əlimdədir. Vəssalam. Yəni nökər az qala özünün də əldən gedəcəyinə işarə vurur. Çox gülməli idi." Bu, Zamin Hacının yazdıqları. Əlbəttə "çox gülməli" olan şeyin nə olduğunu yazmır. Ən azından yazsaydı bəlkə dərdinə dərman tapa bilərdik.

Bu hadisə dini kitablarda çox qeyd edilib, məşhurdur. Qısa məğzi isə budur ki, yemək istəyən dilənçiyə İmam Əli (ə) bütün xurmaları ehsan edir. Ehtiyac varsa dəvəni də bağışlayır. Dəvənin ipinin qulam Qəmbərin əlində olması məsələsi isə o deməkdir ki, İmam (ə) öz qulamı olan Qəmbəri də kişiy əbağışlayır ki, gedib onun qulluğunda dursun. Əslində burda başa düşülməyəcək bir şey yoxdur. Yəni əhvalat ingiliscə nəql olunmayıb ki, deyəsən Zamin Hacı bunu nə qansın. Hansısa fəlsəfə də xırdalanmayıb ki, yenə Zamin Hacını üzürlü biləsən.

Amma Zamin Hacı, Cəlil Məmmədquluzadə kimi insanlar bu cür pak insanları, dini dəyərləri başa düşməkdə təbii ki, çətinlik çəkəcəkdilər. Bunun isə cavabı çox sadədir, deyim bilin. Çünki bu adamlar heç zaman ömürlərində dinin, İslamın, hədisin, Quranın, əxlaqi mövzuların kandarına belə gəlməyiblər. Məsələn, kasıblara infaq etmək, ehsanda bulunmaq kimi mövzular dini mövzulardır, bunları bizlərə din xadimləri çatdırır. Ömründə bir dəfə məscidə ayaq qoymayan, dini kitab oxumayan, oxuyanda da yazı, müsəlmanların təhqiri üçün vəsait toplamaq məqsədi güdən, amalları yazılarında öz ağıllarına uyğun şəkildə başa düşüb, fıdırladıb yazmaq olan bu iki insan hardan biləcəkdi ki, ehsan, infaq nə olan şeydir. Cəlil Məmmədquluzadənin hansı əsərində kasıblara yardım etmək aşılanıb. Adamın xalqı təhqir etmkdən başı ayılıb ki? Zamin Hacının nə vaxt küçədə, bazarda kasıblara yardım etməsinin şahidi olmusunuz. Bu cür adamlar özlərinin kasıb olduğunu bəhanə gətirər, fəqirə pul verməz, ümumiyyətlə bu cür gözəl dəyərlərə heç vaxt inanmazlar.

İmam Əlinin (ə) ədaləti, elmi kimi səxavəti də bütün din mənsublarına məlumdur. Zamin Hacı isə təəssüf ki, İmam Əlinin (ə) həyatını, etdiklərini nə xəlifə olandan sonra, nə xəlifə olmazdan əvvəl oxumayıb ki, gözəl, əxlaqi dəyərlərlə, dövlət idarəçiliyi, ədalətlə tanış olsun. Özü də elə bir mühitdə yaşayır ki, hakimiyyət təpəsinə vurub çörəyini əlindən alır, çörək tapa bilməyənlərə yardım haqda danışan ruhaniləri həbsə atır. Adama desən ki, istəmirsən təpənə vurub çörəyini alsınlar, yenə İmam Əlinin (ə) İmam Hüseynin (ə) həyatını, Cəməl, Nəhrivan, Kərbəla döyüşlərini oxu, ona da bir mız qoyacaqdır. Əlbəttə ki, bu cür bir vəziyyət yetim Zamin dini, ehsanı, əxlaqi dəyərləri, xüsusən də İmam Əlini (ə) anlamayacaqdı. Bir də başını başıpozuq şeylər yazıb irs qoyan Cəlil Məmmədquluzadə ilə pozur. Biz də uşaq olanda Mirzə Cəlili dahi yazıçısı kimi tanııtdırır, yazılarını oxutdurur, imtahanlara salırdılar. Amma oxuyanda görürsən ki, boş-boş söz israfından başqa bir şey deyil. Felyetonları da uşaqlıqdakı yaramazlıqlarından, evdə qayğanaq yeməsindən, uşağının ona nəsihətindən filandan bəhs edir. Bir sözlə Zamin kimi baş girləyib beş-on manat pul alıb. Zaminin hazırkı yazılarını Müsavatda oxusanız görərsiniz ki, eyniylə Cəlil Məmmədquluzadə kimi beş-on manat pul naminə ağzına gələni yazır. Nə nəsihət kimi nəsihətdir, nə felyeton kimi felyeton, nə satiradır, nə elmi məqalədir, bir sözlə xalis ÇƏRƏNLƏMƏDİR.


4653 dəfə baxılıb
در حال ارسال اطلاعات...