Camaatın beynini bir də bu cür söhbətlərlə pozurlar ki, sən demə ziyalı, elm adamı, ixtiraçı, kəşfçi, bir də ki, ruhani, dindar, ruhani siyasətə qarışmamalıdır. Bəs nə etməlidir? Ziyalı uzay gəmisi düzəldib kosmosa, molla meraca getməli, teyyül-ərz etməlidir.
Elə bu cür səmərəsiz, cahilanə danışanlardan biri də bu yaxınlarda rastıma çıxdı. Deməli, evdə oturmuşdum, bir stəkan çay içmək istəyirdim ki, zəng gəldi. Bir tanış başqa bir tanışın vəfat etdiyini dedi mənə. Buna qoşulub yas məclisinə getməyi planlaşdırdım. O cür də oldu. "Palatkaya" yaxınlaşıb orada dayananlara, məclis sahibinə başsağlığı verdik. Ədəb-ərkanla bizi qarşılayıb "palatkada" bir yerdə oturmaq üçün yer göstərdi. Oturduq, bir stəkan çay gətirdilər. Elə təzəcə bir qurtum içmişdim ki, yanımda oturan bir kişi burnumdan gətirdi.
Söhbət belə başladı ki, yuxarı başda əyləşən molla nəsə bir söz dedi. Mənim yanımda oturan kişi güyamış molla moizələrindən siyasət iyi gəldiyini hiss elədi. Qayıdıb camaatın içində dedi ki, molla, bir sualım var e, sizə. Molla da sözünü yarımçıq saxlayıb dedi buyurun, sualınızı verin. Kişi də qayıdıb dedi ki, mollanın siyasətə qarışması haram deyil ki? Heç mollaya "bismillah" eləməyə icazə də vermədi. Başladı özü öz sualına "cavab" verdi. Dedi ki, mən bilən Quranda da var ki, mollalar ancaq dini işlərlə məşğul olmalıdır. Heç ziyalı da siyasətə qarışmamalıdır. Çünki ziyalı siyasətə qarışsa elm əldən gedər. Sən demə molla da siyasətə qarışsa din əldən gedər.
Ara bir təhər sakitləşdi. Hiss elədim ki, yazıq molla da çalışırdı orta mövqedən çıxış eləsin. Çünki o da mən də hiss eləmişdik ki, deyəsən mollanı ilişdirmək istəyir bu kişi.
Sonra mən yanımdakı kişiyə dedim ki, molla, elm adamı niyə siyasətə qarışmamalıdır ki?
-Çünki siyasətdə hər cür işlər baş verir, debatda kobud danışılır, dövlət əleyhinə çevrilişə cəhdlər edilir.
-Siyasət görünür çox çirkin bir işdir ki, molla kimi pak adamın siyasətlə məşğul olması yaxşı qarşılanmır. Həmçinin siz də xoş qarşılamırsınız.
-Bəli, cəmiyyətdə bu gün belə bir tərzi-təfəkkür çoxdan oturuşub.
-Yaxşı bəs onda elm adamı və ruhaniyyət siyasətə qarışmasa "mutilşiklər" dövləti məhv edər axı. Onda necə olsun?
Kişi bu suala cavab verə bilmədi. Hələ bundan betər söhbət də meydana çıxdı. Bu kişi mənim sağ tərəfimdə oturmuşdu. Onunla üzbəüz oturan bir nəfər də var idi. O da – gözünə döndüyüm dedi ki, siz deyəsən unutmusuz ki, dünyada bütün dövlətləri idarə edənlər ziyalılardır. Prezident fəlsəfə doktoru, Parlament sədri tarix elmləri namizədi, nə bilim baş nazir iqtisadçı və s. Məgər dünyada elə bir dövlət xadimi tapmaq olar ki, ziyalı olmasın? Mən də bu kişinin gözəl sualından ilham alaraq əlavə etdim:
-Üstəlik siz diqqət etsəniz görürsiniz ki, elə qərbdə də, şərqdə də əvvəllər dövlətlər dini qanunlarla idarə olunublar. Məsələn, xristian aləmində papalar, kilsələr dövlətləri idarə edib. Müsəlman dövlətləri də həmçinin belə olub. Amma təəssüf ki, sonradan belə bir əndirabadi təfəkkür meydana çıxıb ki, sən demə ruhani siyasətə qarışmamalıdır.
Gördüm ki, kişi sözünün üstündə bərk dayanıb, iki ayağını bir başmağa dirəyib ki, yox e, siz səhv deyirsiniz, sizin təfəkkürünüz İŞİD təfəkkürüdür. Siz radikal dindarsınız deyə belə danışırsınız. Sizin barədə müvafiq orqanlar ölçü götürməlidir. Bildim ki, söhbəti bu kişinin ağlına uyğun aparmaq gərəyi ortaya çıxıb. Nəhayət dedik ki, ay müəllim, sizin sözünüzdən belə çıxır ki, bizim ölkədə dövlət başında oturan İlham Əliyev, Ramiz Mehdiyev, Əli Həsənov və başqaları ruhani aləmləri kasad olan, mənəviyyatsız, savadsız, küt adamlardır. Axı onlar da ziyalı sayılır. Ya da ki, siz Azərbaycanı dünya standartlarından ayrı sayırsınız. Belə olsa yenə səhv deyirsiniz. Çünki bir qədər əvvəl üzbəüzdə oturan kişi gözəl buyurmuşdu ki, bütün dünyada dövlətləri ən azından bir ali məktəb bitirən insanlar idarə edir. İlham Əliyevin, Ramiz Mehdiyevin adı gələn kimi adam bir az düşünməyə başladı. Hiss eləmişdi ki, deyəsən öz tələsinə özü düşüb.
Amma diqqətlə araşdırsaq görərik ki, ziyalısız, ruhanisiz, mənəviyyat adamı olmadan idarə edilən dövlətlər məhvə doğru gedir. Bu təfəkkür də heç də yaxşı deyil. Gələcək nəsillərə belə bir xəstə təfəkkürü ötürmək gələcək nəsilləri elə beşikdəcə boğmaq deməkdir.