Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Aprel 2019

İmam Əlinin (ə) və Hafiz Hacıyevin ayaqqabısı

Hazırda bir zamanlar balıq sənayesi üzrə nazir işləmiş Hafiz Hacıyevin güya pinəçiyə yamamaq üçün ayaqqabı göndərməsi barədə xəbərlər əcəb bizdə yaşamağa olan həvəsi sıfıra endirib. Güya Hafiz Hacıyev kasıb adamdı, təvazökarcasına yaşayır, nazir olan vaxtlarda yığmayıb, pak adamdır, sədaqətlidir, təmiz iş gördüyü üçün də prezident onu baş nazir olmasa da ayaqqabı naziri vəzifəsinə təyin edə bilər.

O, bundan qabaq da saytların birində debatda ikən ayaqqabısını çıxarıb göstərmişdi. Bu etdiklərinin üzərinə prezident seçkisi debatlarında, ondan əvvəl və sonra nazirlər əleyhinə pafoslu, forslu çıxışlarını əlavə edəndə adamın dalağı sancır, hiss edirsən ki, ötən günlər üçün burnunun ucu göynəyir.

Hafiz Hacıyevin bu xəbəri mənim yadıma bir zaman İslam xilafətinin rəhbəri olan İmam Əlinin (ə) etdiyi hərəkəti xatırlatdı. Əlbəttə, Hacıyev o adamlardan deyil ki, onu görəndə adamın yadına Allah, peyğəmbər, imam düşsün. Şəxsən onun adı çəkiləndə indiki gənc nəsil bilməsə də biz bilirik ki, ağıllara balıq gəlir. Balıq isə heç də pis şey deyil. Məsələn, balıq barədə iki gözəl söz var, Hacıyev vaxtında balıq naziri olanda balıqlardan bu ibrəti götürə bilsəydi, indi tamam başqa cür bir xalq qəhrəmanı olardı. Biri balığın başdan iylənməsi məsələsidir. Hafiz Hacıyev isə nazir olanda iyli-üfunətli yerlərdə təbii ki, görünmürdü. Görünsəydi, balığın başdan iyləndiyini bilsəydi, bu gün bilərdi ki, Azərbaycanda onun tənqid, bəzən təhqir etdiyi insanlar, hacıbalalar, hadırəcəblilər, arturrəsizadələr və daha kimlər kimlər başlarından iylənən balıqlardır. İkincisi isə bizim camaat arasında "yaxşılıq edib dəryaya at, balıq bilməsə də Xaliq bilər" deyə bir zərbü-məsəl var. Balıq Hafiz bunu vaxtında bilsəydi öz həyatında tətbiq edərdi. Bu gün özünü göstərmək naminə ayaqqabısını canlı efirdə çıxarıb yamağını göstərməzdi.

Hələ bu cəhənnəmə, mənim demək istədiyim odur ki, İmam Əlinin (ə) ayaqqabı yamaması ilə Hacıyevin ayaqqabı yamaması, daha doğrusu yamatdırması arasında, həmçinin İmam Əlinin (ə) ayaqqabısı ilə Hacıyevin ayaqqabısı arasında yerlə göy qədər fərq vardır. İmam Əli (ə) o boyda İslam xilafətinin başçısı idi, dövlətin bütün imkanları, fürsətləri, beytül-mal, xəzinə, vəzifələr – başdan başa onun əlinin altında idi. Buna baxmayaraq ayaqqabılarını özü yamayırdı. Və bilirdi ki, dünyanın ayaqqabının tozu qədər dəyəri yoxdur. Hacıyev isə elə nazir olan vaxtlarda, ya da ondan bir az sonra böyük adamlarla oturub durmağa başlamışdı. Ayaqqabısının yamağını isə indilərdə reklam edir. Bilirəm, indi deyirsiniz ki, Hafiz Hacıyev və onun kimi bir "Kamaz" insan İmam Əlinin (ə) ayaqqabısının tozu olmağa layiq deyillər. Razıyam. Amma istəyirəm deyəm ki, balıq Hafizin bu artislikləri sizi heç də aldatmasın. O, özünü güya kasıb, əli təmiz adam kimi göstərə bilər. Amma belə deyil. Çünki kasıb, təvazökar yaşamağa çalışan adam heç vaxt xalqın milyonlarını oğurlayan hakimiyyətin başında oturan divlərə yalaqlanmazdı. Onun "çumo" məmurların üstünə xoruzlanması da sizi aldatmasın. Onun xoruzlandığı hacıbalalar, rəsizadələr – necə deyərlər- hakimiyyətdə ən yetim adamlarlar, dəlilər, kuklalar, zırramalar idi. Onları İlham Əliyev də barmağına asanlıqla dolaya, lazım gələndə tullaya bilirdi. Hafiz belə cürətlidirsə DİN başçısına, Hərbi nazirə, fövqəlnaizrə bu cür xoruzlansın.

Sonda bir şeyi deyim, yazını təhvil verirəm. İmam Əli (ə) bir gün icra başçısı təyin etdiyin şəxsin öz məntəqəsindəki varlılar tərəfindən bir süfrəyə qonaq çağrıldığını eşidəndə ona məktub yazıb deyir ki, sən unutma ki, Əlinin adamısan. Yəni, rəhbərin necə yaşayırsa sən də elə yaşa. İmam Əlinin (ə) ayaqqabısının tozu olmağa ləyaqəti çatmayan Hacıyev isə İlham Əliyevin ayaqqabısının tozuna qurban olmağa çoxdan hazırdır. Həmin İlham Əliyev ki, İmam Əli (ə) kimi dünyaya, qızıllara, gümüşlərə, dinarlara, dirhəmlərə, dollarlara, üzünə sürtdüyü mazuta, neftə təlaq verə bilmədiyindən xalqın sərvətini hakimiyyətdə qalmaq üçün öz havadarlarına ötürür.


4711 dəfə baxılıb
در حال ارسال اطلاعات...