Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Aprel 2019

Ömür sərmayəsindən doğru istifadənin açarı

Bismilləhir-Rahmənir-Rahim!

Mübarək Rəcəb ayının son günlərini yaşayırıq. Bu ayda, bundan sonra gələn Şəban ayı və mübarək Ramazan ayında bizim özümüzü düzəltməmiz üçün çox böyük imkan və fürsətlər var.

Allah Təala cəmi insanlara bu mübarək Üçaylıqda islah olmaq tofiqatını nəsib etsin, inşəallah!

Bu dönəmdə əsil iş

Əxlaq ustadları buyururlar ki, bu aylarda əsas işimiz - özümüzün islahı, qəlbimizin qəflət və qaranlıqdan xilas edilməsi olmalıdır. Əsil iş - özümüzü düzəltmək, özümüzü islah, qaydaya salmaq, qəlbimizi çirklərdən, qaranlıqlardan, qəsavətdən təmizləməkdir.

Bütün peyğəmbərlər (ə), onların vəsiləri - hamısı bunun üçün gəlib. Onlar gəliblər, mövzuları çatdırıblar, şəhid olublar, bu yolda canlarını qoyublar, fədakarlıqlar ediblər, işgəncələr çəkiblər. Bunlar hamısı müqəddimə olub ki, biz özümüzü düzəldək. Bütün bunlar hamısı buna görədir ki, biz bu dünya həyatında özümüzü düzəltməklə məşğul olaq. Qalan hər bir şey bunun yanında haşiyədir.

Təhsil, iş, ailə - bunlar hamısı vacib və önəmlidir. Amma bir şərtlə ki, biz onlar vasitəsilə özümüzü düzəldək. Əgər biz özümüzü düzəltsək təhsilin də, işin də, dostluğun da, istirahətin də, ailənin də, övladın da bərəkəti var. Əgər özümüzü düzəltməsək, əksinə - bütün bu nemətlər bizə zərər vuracaq. Çünki, onlar artıq bizim islahımıza yox, daha çox reqressimizə xidmət edəcək.

İxtiyarımızda yalnız bir həqiqi sərmayə var

Bizim faktiki olaraq ixtiyarımızda bir həqiqi sərmayə var. Amma biz onu bəzən heç tanımırıq, heç onu nəzərə almırıq. Bizim həyatımız - bizə verilmiş ən böyük sərmayədir. Bizim ixtiyarımızda olan sərmayənin adı - ömür sərmayəsidir.

Rəbbimiz bu haqda bizlərə Qurani-Kərimdə xəbərdarlıq edir. Müqəddəs Kitabın “Əsr” surəsindən buyurulur: “Şübhəsiz, insan (ömrünün azalması, puç olması və nəfsi istəklərinin və şeytanın ona qalib gəlməsi baxımından) ziyan içindədir. Yalnız iman gətirib saleh əməllər edən, bir-birinə haqqı (sabit doğru əqidə və əməlləri) və (vəzifələri yerinə yetirməkdə) səbiri tövsiyə edənlərdən başqa”.

Bütün insanlar zərər içərisindədir. İnsan sözünün qabağında gələn “əlif-lam” artikli ona işarədir ki, bütün insanların zərərdə olmasına işarə edilir. Amma buradaca istisna da qoyulub. Aydın olur ki, o istisnaya aid insanlardan başqa, hamı zərər içərisindədir. İndi ki, biz bir sərmayəmizin olduğunu və o sərmayədən də hər gün azaldığını başa düşdük - gərək dərk edək ki, zərər içərisindəyik.

Sanki Rəcəb ayı dünən daxil olmuşdu, artıq bu ayın sonuna yetişdik. Bir də ayılacağıq ki, beləcə Nimeyi-Şəbana yetişmişik. Bir müddət də keçəcək, artıq Ramazan ayına daxil olacağıq. Əgər eyni ruhiyyə ilə davam etsək, bu fəzilətlərlə zəngin ayların bərəkətlərini yaşaya bilməyəcəyik.

Buz satanın misalı

Biz o vəziyyətdəyik ki, sərmayəmiz hər gün əldən çıxır. Bu baxımdan biz - isti havada buz satan kimiyik. Əgər buz satan həmin müəyyən müddət ərzində buzunu satmasa, günün sonuna malı əriyəcək, ondan heç bir xeyir də götürə bilməyəcək. Bizim də ömrümüz bu cür əriyir.

Hamımızın ömründən gedir. Hamımız bir yaşa çatacağıq ki, ən imkanlılarımız, ən güclülərimiz, ən fiziki bacarıqlılarımız da güclə hərəkət edəcək, güclə danışacaq, güclə başa düşüləcək. İstəmədiyimiz vaxtda halımız, vəziyyətimiz dəyişəcək. Artıq oruc tutmaq çətin olacaq, namazımızı da güclə qılacağıq. Ona görə də, xüsusən gənc yaşında, orta yaşında olan insan gərək ömür sərmayəsinin fərqinə varsın.

Davamlı olaraq ömür sərmayəmizin azalması - qaçılmazdır

Bizim ömrümüz davamlı olaraq gedir. Sanki 2019-cu il dünən daxil olmuşdu. Artıq dördüncü ayında yaşayırıq. Bir də ayılacağıq ki, yaydır, tətillər, sonra təhsil-iş dönəminə hazırlıq, sonra da il tamamlanacaq. Beləcə illər bir-birini əvəzləyəcək, ömür azala-azala gedəcək. Əgər bizlər bu mübarək aylarda bunların fərqinə varsaq, düşünərik ki, ömür sərmayəsindən necə istifadə edək ki, bizim üçün faydalı olsun.

Bizim ikinci bir sərmayəmiz yoxdur, yalnız bir sərmayəmiz var, o da azala-azala gedir. Əgər iman olsa, saleh əməl olsa, bir-birimizi haqqa dəvət etsək və bir-birimizə səbirliliyi tövsiyə etsək - o zaman sərmayə yaxşı nəticələr verməyə başlayar. Əgər bunları etməsək, zərərlə çıxacağıq.

Məlumdur ki, bu həyatdan sonra, növbəti həyatımıza gedəcəyik. O da məlumdur ki, oraya əliboş getsək, vəziyyətimiz pis olacaq. Sanki biz əlimizdə olan pulla bazara gedirik, pulumuz xərclənir, əlimizdə isə bir şey qalmır, yerinə bir şey almamış oluruq. Bu cür də ömür sərmayəmiz mahiyyət etibarilə bizdən asılı olmadan əlimizdən gedirsə, yerinə də nəsə qazana bilmiriksə - vay olsun halımıza.

Yalnız bu insanlardan başqa, dünyada bütün hər kəs zərərdədir

Yuxarıda göstərilən “Əsr” surəsinin bəzi təfsiri nöqtələrinə diqqət etmək də faydalı olar. Əvvəla başa düşülən budur ki, o ki, bütün insanlara aid edilir, bu, təsadüfi deyil. Bu, onu göstərir ki, insanların mütləq əksəriyyəti, kifayət qədəri zərərdədir. Yalnız istisna edilən qrup insanlardan başqa, insan adına olan hər kəsin zərərdə olmasına vurğu edilir.

Bu, onun göstəricisidir ki, imanlı, saleh əməl sahiblərindən, bir-birlərini haqqa və səbrə dəvət edənlərdən başqa, hər kəs sərmayəni səhv yöndə istifadə edir.

Əksər insanlar sərmayələrindən doğru istifadə etmir və əksəriyyət, sərəncamında olanından azalda-azalda gedir.

Kimlər zərərdən sığortalanıb?

İkinci təfsiri nöqtə budur ki, imansızlıq, saleh əməlin tərk edilməsi, haqqı və səbri təbliğ etməmə - insana böyük zərər gətirər. Bəzən bir cür insanlar olur, fəxrlə deyirlər ki, mən filan qəbahətli işi gördüm, yaxud filan azğın əqidədəyəm. Burada əslində fəxr ediləsi bir məsələ yoxdur, yəni sən etiraf edirsən ki, mən böyük zərərdəyəm.

Biriləri deyir ki, mən necə gəldi yaşayıram. Burada qətiyyən fəxr ediləsi məsələ yoxdur, beləsi bilməlidir ki, böyük zərərdədir. Yəni imandan uzaq olmaq, saleh əməli tərk etmək - insanı zərərə aparır.

Maraqlı tərəfi budur ki, ayədə “xusr”, yəni zərər sözü qeyri-müəyyən halda gəlib. Ərəb qrammatikasında bu, o zaman belə gəlir ki, bir şeyin böyüklüyünü göstərsin. Yəni bəlli istisnalardan, müsbət durumlardan kənarda olan hər bir insan böyük zərərdədir. O adam ki, imanı yoxdur, gözəl əməllərdən uzaq düşüb, haqq tərəf getmir və insanları haqqa tərəf çağırmır, səbrli olmur və insanları səbrə tərəf dəvət etmir - o, böyük zərərdədir.

Səbir nədir?

Bəlli olur ki, yalnız o möminlər ki, iman gətiriblər, saleh əməllər edərlər, biri-birini haqqı qəbul etməyə dəvət edirlər və səbirliliyi tövsiyə edərlər - ziyana uğramayacaqlar. Yəni yalnız imanlı olmaq və saleh əməl sahibi olmaq kifayət etmir. Haqqı qəbul etmək və haqqı təbliğ etmək, səbirli olmaq və bir-birini səbirli olmağa çağırmaq - ziyanda olmamaq üçün əsas şərtlərdəndir.

Səbir məfhumu çox vaxt səhv anlaşılır, bəzən toplumda çox vaxt mənfi mənada başa düşülür. Səbr - zəiflik, acizlik anlamında deyil. Ötən bəhslərimizdə səbir haqqında danışarkən, qeyd etmişik ki, səbrin üç növü var. Hər üçündə hərəkət, müqavimət, dayanıqlılıq var.

Biri budur ki, günah səni cəzb edir, sən günahın qarşısında dayanırsan və dayanarkən də səbir edirsən, dözürsən, günahın aldadıcı “şirinliyi” səni azdırmır.

Digəri budur ki, Allaha itaət edərkən qarşıya çıxan çətinliklərə dözürsən, səbir göstərirsən, itaət yolundan çəkilmirsən.

Üçüncüsü də budur ki, qarşıya müsibət və çətinlik çıxarkən səbirlilik, səbatlılıq göstərəsən, bu çətinlik səni səbatlı halından çıxartmasın, yoluna davam edə biləsən.

Göründüyü kimi, səbir - hərəkətdir, səbir - dayanıqlılıqdır. Kimlər bunlara malik olsa - ziyana uğramaz. Deməli, imanlı olmaq, saleh əməl etmək, haqqa və səbirliliyə yönəlmə və bunları bir-birinə tövsiyə etmə səbəb olur ki, insan öz varlıq sərmayəsindən doğru-dürüst istifadə etsin.

Biz gərək öz sərmayəmizi sığortalayaq. Tədbirli insanlar, bacarıqlı iş adamları öz əllərində olan sərmayəni sığortalayırlar. Biz də ömür sərmayəmizi sığortalaya bilərik. Bundan sonra ondan istifadənin strategiyasını, taktikasını qurmalıyıq. İmanlı olmaq, saleh əmələ, haqqa və səbirliliyə malik olmaq və bir-birinə bunları tövsiyə etmək - ömür sərmayəsinin sığortasıdır.

Bunlara malik olandan sonra, insan artıq ömür sərmayəsindən nə qədər böyük fayda götürə biləcəyini düşünə bilər.

Əgər bunlar olmasa, artıq bəri başdan uduzmuşuq. Onlardan nə qədər uzaq düşmüşüksə, bir o qədər zərərə uğramışıq.

Ən böyük zərərlər bunlardır

Digər təfsiri çalar budur ki, ayədə “saleh əməllər” sözü də “əlif-lam” müəyyənlik artikli ilə gəlib. Bu, bütün saleh əməllərə işarədir. Seçilmiş əməllərdən söhbət getmir. Biz bəzən saleh əməlləri seçirik. Saleh əməl adına nə varsa, Rəbbimiz bizlərə hamısını tövsiyə edir. Bir əlavə var - təbii ki, söhbət gücümüz çatan, iqtidarında olduğumuz saleh əməllərdən gedir. Bizim həyat sərmayəmizin istifadəsində edə biləcəyimiz ən böyük iş - bütün saleh əməllərə can atmaq və iqtidarında olduğumuzu həyata keçirməkdir.

Ayədən həm də anlaşılır ki, insan üçün ən böyük zərərlər - elə imansızlıq, saleh əməllərdən uzaq düşmək, haqqa və səbrə malik olmamaq, onları bir-birinə tövsiyə etməməkdir. Zərərin, ziyanın, böyük itkinin başında elə bunlar dayanır. Günün ən böyük xəstəliklərindən biri - elə məhz haqq və səbrə laqeyd olmaqdır. Tək saleh əməl sahibi olmaq insanı qurtarmır. Mütləq budur ki, insan haqqı tanısın, haqq ilə yaşasın, həqiqi mənada səbir etsin və səbirliliyi təbliğ etsin.

Əgər insan haqq və səbirlilik mövzusuna laqeyd olsa - zərərdədir. Kim haqq məsələsində, dayanıqlılıq məsələsində laqeyd olsa - zərərdədir. Bəzən insanlar olur ki, deyir, məgər mənə qalıb kiminsə haqqı?! Rəbbimiz bəyan edir ki, tək insanın özü ilə bağlı haqqa qarşı deyil, ümumiyyətlə haqqa qarşı, geniş anlamda haqqa qarşı laqeyd olan insanlar zərər içərisindədirlər.

Haqla yaşamaq və haqqı yaşatmaq

Haqqa və səbrə tövsiyə etmək - saleh əməlin nümunəsidir. Allah Təala saleh əmələ tövsiyə edir, sonra da haqq və səbirlə bağlı buyuruşun gəlməsi ona işarədir ki, saleh əməlin ən gözəl nümunələri budur ki, insan özü haqqı qəbul etsin və haqqı yaysın, səbirli olsun və səbirliliyə dəvət etsin. Bu özü - gözəl əməlin xüsusiyyətlərindəndir.

Haqq və səbrə tövsiyə etmək üçün insan gərək ilk öncə özü əməl etsin. Rəbbimiz bəyan edir ki, bu insanlar haqqa çağırır, səbirliliyə dəvət edirlər. Bu, o zaman düz olar ki, insan özü əməl etsin. Amma, gərək insan özü əməl etmək həddində qalmasın, özü əməl etsin və bununla yanaşı, onun təbliğçisi olsun, topluma da onu ötürsün.

Mühüm şərt - haqla yaşamaq və haqqı yaşatmaqdır, haqqın daşıyıcısı olmaqdır; səbirli olmaq və səbirliliyin topluma daşıyıcısı olmaqdır. Əgər bunu etməsək, sərmayədə zərər etmiş oluruq. İnancımızda bu mənada “yüngül versiyalı İslam” kimi anlayışlar yoxdur. Çünki “İslamın yüngül versiyası” - özün ibadət et, başqaları nə edirsə-etsin, toplumda nə haqsızlıq baş verirsə-versin, sənə dəxli yoxdur - belə yanaşma kökündən səhv və zərərdir. İnancın “yumşaq” versiyası - sərmayədə zərər etməkdir.

Birgə olmaq, ümmət halına gəlmək tövsiyəsi

Ayədən o da başa düşülür ki, haqqı qəbul edib, təbliğ etmək - səbirli olmağa bağlıdır. Səbirli olmasaq, haqqı qəbul edib yaşada bilmərik və təbliğ etmək də alınmaz.

Səbirlilik - haqqı qəbul etməyin əlamətidir. O insan səbirli ola bilir ki, həqiqəti tanıya bilir. Əgər həqiqəti tanısa, səbirli ola bilər və səbirliliyi təbliğ edə bilər.

Ayədən başa düşülür ki, özünü islahla yanaşı, toplumun islahı da əhəmiyyətlidir. Dinimiz çatdırır ki, insan həm özünü islah etməli, həm də toplumun islahına öz töhfəsini verməlidir. Özünü islah, toplumun islahı ilə yanaşı olmalıdır. Bu ikisi paralel olmasa, ömrümüzün sərmayəsində zərər etmiş olarıq.

Haqqı tanımaq, səbri, dayanıqlılığı tanıma - bunlar hamısı təkbaşına baş verən işlər deyil. Ayədə gəlir ki, bir-birlərini haqqa və səbrə dəvət etmək - önəmlidir. Bir-birlərini dəvət etmə olmayanda, mühit olmayanda, ümmət olmayanda, cəm olmayanda insanın özünüislahı mümkün olmur. Deməli, bu ayə öz-özlüyündə müsəlmanların birgə yaşayışını, cəmin əhəmiyyətini, mühitin əhəmiyyətini vurğulamış olur.

Allahım, bizlərə imanlı olmağı, əməlisaleh olmağı, haqqa və səbirliliyə bağlantılı olmağı və dəvət etməyi nəsib et!

Allahım, bizləri ömür sərmayəsində zərər etməyənlərdən qərar ver!

Allahım, aqibətlərimizi xeyirli et! Amin!


2964 dəfə baxılıb
در حال ارسال اطلاعات...