Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Noyabr 2018

Üstünlüklərin üzə çıxması üçün imtahan poliqonu

Bismilləhir-Rahmənir-Rahim!

Allaha sonsuz həmd olsun ki, bizlərə həyat verib, yaşamaq lütfü inaət edib. Yaşamağın özü böyük bir nemətdir. Biz iki həyata malik olan bir varlıqıq. Bunun yaxın mərhələsini hal-hazırda yaşayırıq, növbəti mərhələsini isə bu yaxın həyatla vidalaşandan sonra yaşayacayıq.

Dünya həyatı, insanların üstünlükərini müəyyən etmək üçün qərar verilib

Allah Təala bizə bu həyatımız və axirət həyatımız ilə bağlı Öz müqəddəs Kitabında - mübarək Qurani-Kərimdə müxtəlif ibarələrlə, müxtəlif formalarda, müxtəlif məzmunlarda izahlar verir, çatdırışlar edir. Biz bəzən bu nemətlərin içərisində ola-ola, ya bu nemətlərdən xəbərsiz oluruq, ya da qəflət edirik. Amma, dünya nə qədər dəyişsə də, İlahi söz və İlahi sözün mötəbərliyi, birmənalılığı heç nə ilə əvəzlənə bilmir.

Gündən-günə dəyişikliklər baş verən iyirmi birinci əsrdə gəlib çatılan məsələlərin mahiyyətcə insanın fitrətinə uyğun olanları, insanın sağlam əqlinə yaxın olanları öz cəzzabiyyətlərini qoruyub saxlamaqdadır. Misal üçün, araşdırmaçılar gəlib bu nəticəyə çatıblar ki, həyatda uğura çatmış insanların gündəlik həyat tərzlərində bir ümumi oxşar cəhətlər var.

Araşdıranda tapılan oxşar cəhətlərdən biri budur ki, fərqli sənətlərə, fərqli ixtisaslara, fərqli dünyagörüşlərinə malik bu insanlar öz cari gündəlik həyatlarında sistemli və rejimli yanaşmaya üstünlik verirlər. O cümlədən səhərlərini haşiyəvi məsələlərə sərf etmirlər, əksinə, çox mühüm, önəmli mövzularla məşğul olurlar. Bizim inancımızın da yanaşması budur ki, günün ən bərəkətli vaxtı - məhz sübh zamanıdır.

Bizlər yalnız bu dünyada istedadlarımızı üzə çıxara bilərik

Allah Təala bizə Qurani-Kərimdə gündəlik yaşayışımız üçün güclü bir açar təqdim edir. “Mülk” surəsinin 2-ci ayəsində Allah Təala buyurur: “Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq üçün ölümü və həyatı (siz insanlar üçün) yaradan Odur. O, yenilməz qüdrət sahibi və bağışlayandır”.

Öncəki ayələrdə Allahın mübarək sifətləri tanıtdırılır. Allah Təalanın bütün varlıq aləminin sahibi, maliki, həqiqi qüdrət sahibi olması çatdırılır. Növbəti ayənin açıqlamasında isə mühüm bir izah verilir ki, Allah o Allahdır ki, ölüm və həyatı xəlq edib. Bunları ona görə xəlq edib ki, insanları imtahana çəksin, sınasın. Bu dünya həyatının mahiyyəti ondan ibarətdir ki, bizlər istedadımızı, mahiyyətimizi, imanımızı nə qədər təkamül etdirdiyimizi sınayaq. Hər kəs nə bacarırsa, ortalığa qoymalıdır. Allah Təala ölümü və həyatı buna görə yaradıb.

Əxlaqi bəhslərdə bizim mövzumuz onda idi ki, Allah Təala bizi yaradıb, bizim içərimizdə yaxşı olmaq istəyi var. Yaxşı olmaq üçün isə insana mütləq yaxşı niyyət və əməl lazımdır. Qeyd etdik ki, yaxşı əməl və yaxşı niyyət üçün iman diri olmalıdır. İmanın bünövrəsinin mərifət və məhəbbət təşkil etdiyini bildirdik. Vurğuladıq ki, buna mane olan məsələlər - həvayi-nəfs, dünyapərəstlik və şeytanın (lən) vəsvəsələridir.

Eləcə də biz gəlib buna çatdıq ki, bizə hansısa mərhələdə dünyanı səhv tanıdıblar. Dünyanı aşağı, alçaq bir yer kimi çatdırıblar. Əxlaq ustadları bildirirlər ki, bu, çox yanlış bir təqdimatdır. Dünya - həyatın birinci mərhələsidir. Dünya, Allahın yaratdığı hər bir şey kimi, zatən xeyirdir. Əxlaqi anlamda bizim onlarla davranışımız necədirsə, ona uyğun olaraq yaxşı və ya pis olur.

Bu dünya bir sınaq meydanıdır

Qeyd etdiyimiz ayədən bu nəticə çıxır ki, bizim indi yaşadığımız həyat - imtahan həyatıdır. Əgər bu dünyaya imtahan eynəyi ilə baxsaq, hər şey yerində olar. Əllamə Misbah Yəzdi cənabları bununla bağlı bir analogiya gətirir ki, sanki bir ustad var ki, şagirdlərini imtahana çəkir, onlara dərs keçir, tapşırıqlarını verir. Hansı şagirdin qabiliyyəti daha yuxarıdırsa, onu daha çox sınağa çəkir, daha çox dərs verir. Bunu ona görə edir ki, istedadı daha çox üzə çıxsın.

Bu dünyada insanın tutumuna görə, istedadlarına görə hər kəs imtahan olunur. Bütün imtahanlar insanın tutumuna, bacarıqlarına görədir. Bir insanın istedadları varsa, Allah Təala onun istedadlarını daha da çox ortaya qoyulması üçün, ona daha böyük sınaqlar göndərir.

Ayədən çıxan nəticə budur ki, dünya həyatı bir sınaq meydanıdır və biz hər gün həyata məhz bu cür daxil olmalıyıq. Bizim problemimiz odur ki, yaşadığımız həyatın hər gününə bu cür baxmırıq, sadəcə ümumi anlamda başa düşürük ki, bura sınaq meydanıdır. Hər günümüz başlayanda bilməliyik ki, növbəti bir imtahan, növbəti bir sınaq günüdür. Hər başlayan yeni gün bizim istedadlarımızın üzə çıxması üçün növbəti bir fürsətdir.

Bu cür baxmalıyıq ki, hər gün hansısa mərhələlərdən keçirik. Müəyyən mərhələləri keçdikcə, o mərhələlərin imtahanlarını verdikcə - arxayınlaşmamalıyıq, növbəti mərhələlər üçün hazırlaşmalıyıq. Biz sanki bir əzəmətli qalanı fəth etmək istəyirik. Hər mərhələdə, hər mərtəbədə bizi özünə çəkən, cəlb edən məsələlər var. Biz onlarda ilişib qalsaq, heç bir zaman hədəfə çata bilməyəcəyik. Heç bir mərhələdəki uğurlar bizi arxayın etməməlidir. Necə ki, müsəlmanlar Bədr zəfərindən sonra rahatlaşmanın acı nəticəsini Ühüddə yaşadılar.

Ayədən çıxan təfrisi nöqtələrdən biri budur ki, ayədə gələn “xələqə” sözü yaratmaq mənası versə də, təfsiri kontekstdə burada “qərar vermə” mənasındadır. Allah Təala ölüm və həyatı qərar verib.

Ayədə gələn “Allah Təala ölümü və həyatı yaradıb” ibarəsi Allah Təalanın öncəki ayədə gələn malikliyinin açıqlamasıdır. Yəni ölüm və həyatın qərar verilməsi - Allah Təalanın hər şeyə malik olmasının göstəricisidir.

Bütün insanlar imtahan ediləcək

Üçüncü təfsiri nöqtə budur ki, Allah Təala bəyan edir ki, bütün insanlar imtahana çəkiləcək. Ölüm və həyat bütün insanların imtahana çəkilməsi üçün qərar verilib. İnsan, insan olaraq mükəlləfdirsə, şüurludursa, seçimlidirsə - onun imtahanları olacaq. Bu dünya imtahan yeridir.

Ölüm və həyat yalnız imtahan üçün yaradılıb. Bütün varlıq aləmi ona görə var olub ki, insan var olsun. İnsan var olub ki, imtahan versin, təkamül etsin. Deməli, bütün varlıq aləminin mövcudluğu insanın təkamülünə yönəlib.

Növbəti təfsiri nöqtə budur ki, dünya həyatı davamlı deyil. Ölümə işarə olunması onu göstərir ki, bu dünya həyatı davamlı deyil. Bu hissə - bizim dünyapərəst olmamağımız üçün gözəl xatırlamadır. Çünki, bir şey ki, bitəcək, yarımçıq qalacaq - onun vurğunu olmağa dəyməz.

Altıncı nöqtə budur ki, Allah Təala insanları daha yaxşı təkamülü üçün sınayır. İmtahan və sınaq insanların təkamülü üçün böyük fürsətdir. İnsanın bəzi məsələləri təkvini, yəni bizdən asılı olmadan inkişaf edir. Əgər biz mane olmasaq, bəzi məsələlər özü inkişaf edər. Bir də var ki, insan iradə göstərir, düzgün davranır və təkamül edir.

Dünya - xeyir işlərin görülməsi üçün ən gözəl platformadır

Dünya - sınaq yeri, axirət isə nəticə yeridir. Ayədə gələn həyat ibarəsi, axirət həyatına işarədir. Ona görə də ayədə ölüm öndə gəlib. Dünya həyatı, yəni yaxın həyat ölüm ilə yekunlaşır, ardınca əbədi həyat gəlir. Allah Təala insanlara həyat deyə buyurduqda, ölümdən sonrakı əbədi həyatı əsas həyat kimi işarələyir. Bizlər yaşayıb, sonra ölürük. Amma ayədə ölüm və həyat bəyan olunmaqla, bu dünyanın sonu və əbədi həyatın başlanğıcına işarə edilir.

Dünya - xeyir işlərinin yerinə yetirilməsi üçün ən gözəl platformadır. Dünya tərki-dünyalıq üçün deyil. Dünya bizlərin burada yaşayıb nəticələr əldə etməyimiz üçündür.

Dünya - keçid yeri, axirət üçün müqəddimədir. Dünya - sınaq yeri, keçid yeri deməkdir. Qarşıda bizi axirət gözləyir. Biz bu dünyaya müqəddimə kimi, keçid mərhələsi kimi yanaşmalıyıq.

İnsanın yaradılışının hədəfi

İnsanın yaradılışının iki hədəfi var. İlkin hədəf bu dünya ilə bağlıdır və nəhayi hədəfi isə axirətlə bağlıdır. Biz hər birimiz iki hədəf üçün yaradılmışıq. Bizim bu dünyamızdakı yaranışımızın hədəfi - təkamül və inkişafdır. Allah bizi yaradıb ki, bu dünyada təkamül üçün, mənəvi yüksəliş üçün olan istedadlarımız üzə çıxsın. Bizim bu dünyada özümüzü düzəltməkdən, inkişaf etdirməkdən, islah etməkdən, özümüzü Allah bəndəliyinə aparmaqdan başqa heç bir vəzifəmiz yoxdur. Bütün hər şey - təhsil, iş, çalışma və s. - hamısı köməkçi amillərdir. Allah Təala istəyir ki, bizlər Ona bəndə olaq.

Bəli, bu dünyada yaradılışın ilkin hədəfi - bizim təkamülümüzdür. Amma, yaradılışın nəhayi hədəfi - insanın axirətdə maksimal dərəcədə inkişafına uyğun yer tutmasıdır. Ona görə də biz bu dünyada hər gün imtahan və sınaqlarla üz-üzə gələndə, bunun fərqində olmalıyıq ki, biz hər gün bu cür imtahan oluruq və bunlar yalnız bizim inkişafımız üçündür. Biz həyatımızın hər gününə növbəti mərhələ kimi baxmalıyıq. Hər mərhələnin mütləq bir sınağı olacaq.

İnsanın yaradılışında hədəf var, təsadüf yoxdur. Allah Təala bizi elə-belə yaratmayıb. Allah heç nəyi səbəbsiz yaratmayıb. Hər bir şeyin yaradılışında bir hikmət və hədəf var. Bizim də yaradılışımızdakı hədəf - təkamül, Allaha bəndə olmaqdır. Yəni biz bilməliyik ki, biz səbəbsiz var olmamışıq.

Allah Təala insanı motivasiya etmək üçün ona ölümü və Məadı yada salır

Allah Təala bizə təkümalü üçün motivasiya verərkən, bizim yadımıza Məadı salır. Ölüm və Məad insanın inkişafı üçün ən böyük motivasiyadır. Bu ikisi insanı motivləndirir ki, burada müvəqqətiyik, sonsuza qədər burada qalmayacağıq. Deməli, buradakı imkanlarımızı dəyərləndirməliyik.

Allah Təala bizə çatdırır ki, “ey insan, sən bir gün öləcəksən, bu dünyaya vida edəcəksən və sən buna hazırlaşmalısan”. Hazılaşmanın yolunu da Rəbbimiz bizə öyrədir. Bəyan edir ki, hazırlaşmaq üçün insana imtahan və sınaqlar qərar verilib. Keyfiyyət ardınca olmalıyıq. Allahı bizim əməllərimizin çoxluğu deyil, keyfiyyəti maraqlandırır. Əməl baxımından bizim vəziyyətimiz necədirsə, durumumuzu da bu müəyyən edir. Ayədə bəyan olunur ki, insanların hansının gözəl əməllərinin olması imtahan edilir.

Ayədən çıxan bir nəticə də budur ki, insanın öz yaranış hədəfi ilə tanışlığı - İslam dünyagörüşünün önəmli mövzularındandır. İnsanın tanıması olmasa, etməsi də olmayacaq. Etmək üçün, insan kim olduğunu bilməlidir. İnsan bilməlidir ki, niyə yaranıb, niyə onun üçün daha sonra ölüm və axirət qərar verilib. Bunların hamısı ona görə qərar verilib ki, əməl baxımından hansımızın daha yaxşı olduğu üzə çıxsın. Deməli, bizim dünyagörüşümüz nə qədər inkişaf edirsə, nə qədər dəqiq olursa - əməllərimiz də bir o qədər gözəl olur. Ölümü xatırlamaq insanı pessimizmə, depressiyaya aparmamalıdır. Ölümü xatırlamaq bizi hərəkətə gətirməlidir.

Allahım, aqibətlərimizi xeyirli et!

Allahım, təkamülümüzün baş tutmasını nəsib et!

Allahım, bizlərə özümüzü islah etmədə ayıq olmanı nəsib et! Amin!


5024 dəfə baxılıb
در حال ارسال اطلاعات...