Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Noyabr 2018

Uşaqlarımızı "russkiy sektor"a qoyaq, yoxsa "Azərbaycan bölməsinə"?

Bizdə dil problemi hələ də öz müsbət həllini tapmayıb. Hələ də qərar verə bilməmişik ki, görəsən biz hansı dilə mənsubuq? Görəsən biz rus dilliyik, yoxsa azəri dilli. Hələ də bizdə orta məktəblərdə "russkiy sektor" və "Azərbaycan bölməsi" arasındakı tərəddüdlü yanaşmalar qalmaqdadır. Üstəlik valideynlər məktəblərdə "russkiy sektora" uşağının adını yazdırmaq üçün növbəyə dururlar. Mənim anlamadığım budur ki, o boyda rus imperiyası olan Çar dövründə biz müsəlman olduğumuz üçün hamamların, yeməkxanaların divarlarına həm rusca, həm də ərəb-fars əlifbası ilə azərbaycanca yazardıq. Çar getdi, sovet gəldi, biz nəhayət soveti bəyənmədik və sovetdən çıxdıq. İndi isə hökümətinə "bir təpik" dediyimiz insanların dilindən möhkəm yapışmışıq.
Əlbəttə bu saat rus dilinə alternativ olaraq ingilis dili söz-söhbətləri də gəzir. Qədimdə camaat oxumaq üçün Firəng ölkəsində (Fransa) gedərdi. O vaxt firənglərin dilində danışana "filankəs müəllim adamdır" deyirdilər. Heç baxmırdılar ki, gedib doğrudan da müəllimlik oxuyub ya yox. Təkcə müəllimlik şərt deyil, heç olmasa minimum görəsən gedib məsələn buxalterlik öyrənibmi, savadlanıbmı? Bəlkə də adam gedib Fransada bütün günü o restoran sənin, bu dönrxana mənim gəzib dolaşıb sonra qayıdıb gəlib, deyiblər ki, bu müəllim adamdır, Firəngistanda oxuyub.
O gün bir xəbərdə oxudum ki, Fransada bizim bir həmyerlimiz var, cavanlığından zirəng tərpənib Fransada fransız dili mütəxəssisi olub. Bütün işini-gücünü bir kənara atıb fransız dilini fransızdan daha yaxşı bir şəkildə mənimsəyib. Özü Azərbaycan rəsmiləriylə mühüm görüşlərdə tərcüməçilik edir. Gürcüstanda da belə bir həmyerlimiz olub. Şevarnadze ilə o zamankı prezidentimizin söhbətlərini tərcümə edib. Maraqlısı budur ki, bu tərcüməçilərin ikisi də azərbaycanlı olub. Bəs nə üçün bizdə bir çox insanlar öz dilindən başqa sair dillərə hörmət qoyduqları halda fransız, gürcü, ingilis tərcümə üçün məhz azərbaycanlı tapır? Nə üçün öz fransızlarını, ingilislərini gedib azərbaycanlının dilini öyrənməyə təşviq etmirlər. Yoxsa bizi ən geridə qalmış dövlətlərdən, ölkələrdən, hakimiyyətlərdən hesab etdiklərinə görədir?
Bu yaxında oğlunu həmin rus dili bölməsinə yazdırmaq istəyən tanışlardan biri dedi ki, məktəbdə uşağım qonşumuzun azərbaycan bölməsində oxuyan uşağına "svoloç" dedi. O da qayıdıb deyib ki, nə deyirsən getsin atova. Mən isə bu uşaqların heç birini qınamıram. Təqsir bir qədər də valideyndədir. Çox fikir vermişəm ki, nədənsə rus dilində sərbəst danışa bilən uşaqların bir çoxu öz arasında ya "vor v zakone" söhbətləri "xırdalayır", ya onlara "mama uşağı" deyirlər, ya da başlayırlar rusca söyüşlər söyməyə. "Russkiy yazıçnı" uşaqlarda da az yoxdur. Onlar da rusca bilməyənə "çuşka" deyirlər. Əlbəttə tərbiyəli oğul böyüdən də az deyil. Mənim isə əziz xalqıma tövsiyəm budur ki, "russkiy sektor" olsun, ya olmasın, "Azərbaycan bölməsi" olsun ya olmasın, fərq eləmir. Əsas odur balalarınızı "tərbiyə sektoru"nda oxutdurun. Qoy böyüyüb "adam" olsunlar. Dilə gəldikdə isə dil danışıq vasitəsidir. İnsanlarla ünsiyyət qurmaq üçün nitq bir vasitədir. Hədəf deyil. Mən bu gündən "əcəb edirəm", "get, böyüyün gəlsin", "çaşan aşır" sözlərini dəyişib "abredokn", "biletvos", "kurdinho" sözlərini işlədirəm. Kim nə deyə bilər? Dil danışıq vasitəsi deyilmi? Bu sözləri dilçilərin təşəbbüsü və şanlı dövlətimizin "dabro" verməsiylə lüğətə salırıq. Bu sözlərin nə qəbahəti var ki - "abredokn" "əcəb edirəm" yox, "qanunu əzmə!", "biletvos" "get böyüyün gəlsin" yox, "sizin kiçik qardaşınızam", "kurdinho" "çaşan aşır" yox, "düzəliş" mənasını verəndən sonra?


3394 dəfə baxılıb
در حال ارسال اطلاعات...