Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Noyabr 2018

Nə Ayasofiya, nə də Sofiya robotu inkişaf deyil

Savadsız deputat, biz qara qızılı insan kapitalına çevirmirik, insan kapitalını ölkədə qara günə qoyuruq, qızıl kimi cavanlarımız ya qara bazara üz tutur
Neçə gündür Sofiya robotunun Azərbaycana gəlişi müzakirə edilir. Robotu ölkəyə gətirənlər sosial şəbəkələrin canına elə bir vəlvələ salıb ki, insanlarımızın bəzisi bu robotu inkişaf hesab edir, biri deyir bununla Qarabağı alacağıq, o biri deyir düşmən bizə paxıllıq edir. Hətta deputatxananın deputatı deyir ki, bu robotun Azərbaycana gəlişi dövlətimizin inkişafının göstəricisidir.
Robotun isə adı üstündədir, robotdur, ağlı olsaydı ümumiyyətlə Azərbaycana gəlməkdən imtina edərdi. O şairin məzəli-duzlu şeirində deyildiyi kimi "rüşvət görmək istəyən Azərbaycana gəlsin!"
Düzdür, Azərbaycana xarici ölkələrdən pul yatıranlar, şirkət açanlar, sərmayə qoyanlar, əməkdaşlıq edənlər, hətta xarici prezidentlər, nazirlər gəlirlər. Amma prezident, nazir qalmaq üçün gəlmir, gəlir, görür, saxta gülüşlər bir-birini əvəz edir daha sonra çıxıb gedirlər. Amma xarici şirkətlər, sərmayədarlar isə gözəl bilir ki, Azərbaycanda işsizliyin həddi-hüdudu yoxdur. Bu ölkədə nə nazir, nə deputat, nə hökümət vətəndaş üçün iş yeri açan deyil. İşsiz vətəndaş da təbii ki, 250 manat da versən səhərdən-axşama qədər "robot" kimi (lap Sofiya robotu kimi) başını aşağı salıb işləyəcək. Amma yenə də bəzi xarici şirkətlər bizim vətəndaşa öz hökümətimizdən yaxşı baxır. Deməyin ki, öz işçisidir deyə yaxşı baxır. Doğrudur, xarici neft şirkəti üçün işləyən vətəndaş şirkət sahibinə lazımlı adamdır. Elə bu yaxınlarda xarici şirkətlərdə işləyən bir soydaşımızın atası xəstələnmişdi. İşçi tez-tez müdiriyyətdən icazə istəyirdi. Müdiriyyət isə işçini çağırdı, atasının xəstəxana xərclərini boynuna götürdü ki, bu kimi işlərlə işçisinin nə özü, nə də fikirləri məşğul olmasın. Düzdür, işçi yaxşı kadrdır deyə müdirə lazımdır. Bəs nəyə görə öz hökümətimiz yaxşı kadr əvəzinə yaxşı pullunun daha çox qayğısına qalır?
Çox hörmətsiz deputatlardan biri deyir ki, dünyaca məşhur olan Sofiya robotunun Azərbaycana gəlişi bir daha onu göstərir ki, Azərbaycan "qara qızılı" insan kapitalına çevirən dövlətdir. Burdan həmin deputata səslənirik: Savadsız deputat, biz qara qızılı insan kapitalına çevirmirik, insan kapitalını ölkədə qara günə qoyuruq, qızıl kimi cavanlarımız ya qara bazara üz tutur, ya da gedib xarici ölkələrdə ağ gün görmək istəyirlər. Şübhə yox ki, hörmətsiz deputat "insan kapitalı" nədir, doğru-düzgün anlamayıb. İnsan kapitalı onun özünü cəmiyyətdə tam olaraq realizə etmək həmçinin cəmiyyətin imkanlarından istifadə etmək üçün biliyinin, qabiliyyətinin, istedadının peşəkar olmasının ümumi versiyasıdır. Amma bizdə qızıl kimi cavanlarımız cəmiyyətdən, dövlətdən, hökümətdən, qayğıdan yetim qaldıqları üçün xarici ölkələrə üz tuturlar. Bu da bunların inkişafı, insanı, canlını ölkədən qaçmağa məcbur edirlər, robotu xaricdən gətirməyi özlərinin inkişafı adlandırırlar.
Halbuki nə İstanbuldakı Ayasofiya, nə də Sofiya robotu inkişaf deyil. Birincisi başqasının məmləkətinə zorla soxulub xristianın ibadət evini əlindən almaqdır, digəri də öz xalqının pulunu oğurlayıb, şəhidinin qanpulusunu kəsib xarici dövlətdən nəsə gətirməkdir. İnkişaf odur ki, özün nəsə istehsal edirsən. Əlbəttə bizdə istehsal edən, ixtira edən, alim, ziyalı yoxdur. Çünki alimin qarnı ac olanda başı işləməz. Təsadüfi deyildir ki, az maaş aldıqları deyilən AMEA-nın işçiləri də deyilənə görə qarınları ac olduğu üçün başları işləyə bilmir, Sofiya robotu deyil axı bu. Baş yaxşı işləməyəndə də verdikləri təkliflər xalqın məsxərəsinə tuş gəlir.
Amma Sofiyanın yaratdığı bir iş var. Uşaqlarımız nahaq yerə bulvara gedib oradakı heykəllərlə şəkil çəkdirməsinlər, elə Sofiya ilə selfe çəkdirib ölkələrinin inkişaf etməsiylə qürur duya bilərlər.


4279 dəfə baxılıb
در حال ارسال اطلاعات...