Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Oktyabr 2018

İmanın diri qalmasına mənfi təsir edən xislət

Bismilləhir-Rahmənir-Rahim!

Məhərrəm-Səfər əyyamını yaşamaqdayıq. Dünyanın hər yerində insanlar Eşq səfərinə yola düşüblər. Milyonlarla insan Ərbəin günündə İmam Hüseyni (ə) ziyarət etmək üçün yola çıxıb. Və Kərbəla məktəbini, Aşura məktəbini dərk etmək üçün sözsüz ki, insanın özünü tanıması, əxlaqi mövzulara bilgisinin olması zəruridir.

Ötən bəhsimizdə qeyd etdik ki, insanlar hansı əqidədə, hansı vəziyyətdə olmasından asılı olmayaraq, hər kəs yaxşı bildiyi əməli etməyə can atır. Mömin şəxs isə əslində elə buna iddialıdır ki, iman gətirib və yaxşı əməl sahibi olmaq istəyir. İnancımıza görə, insanın yaxşı əməli o zaman baş tutur ki, həm əməlin özü yaxşı olsun, həm də niyyəti gözəl olsun. Niyyəti o zaman gözəl olur ki, onun imanı diri olsun. Əgər insanın imanı diri olmasa, niyyəti diri olmur.

Bəzən olur ki, insanın imanını diri hala gətirəcək bütün amillər mövcud olur, imanın bütün mövzularını da bilir, tək bilməklə də kifayətlənmir, buna uyğun yaşamaq da istəyir. Amma belə olduğu təqdirdə də belə, nəticə olmur. Əksər insanların çətinliyi bu məsələdir - tanıması, mərifəti var, istəyi, şövqi-məhəbbəti var, amma nəticə yoxdur. İman atəşinin, ruhiyyəsinin əmələ gəlməsi üçün tanıma-mərifət və istəmə-məhəbbət əsas şərtdir. Amma bunun qarşısını alan, zəiflədən, təsirini azaldan üç amil də mövcuddur.

Bu üç amil üstələyəndə və dominantlıq təşkil edəndə, iman diri olmur və nəticədə insanın yaxşı əməli meydana gəlmir. O üç amil - həvayi-nəfs, dünyaya vurğunluq və şeytanın (lən) vəsvəsəsidir.

Dilimizin lüğət mənasında “həvayi-nəfs”

Bugünki bəhsimiz birinci amil - həvayi-nəfslə bağlıdır. “Həva” sözü kök-lüğət anlamında iki mənada işlənir. Birincisi, fiziki mənada “nəyəsə cəzb olunmaq”, ikinci mənada isə, “istəmə” anlamında işlədilir. Bunun ən ali dərəcəsi - məhəbbətdir. “Həva” sözü hətta bu müsbət yüklə də istifadə oluna bilir. Bəhsimizidə sözü gedən “həvayi-nəfs” ibarəsində daha uyğun gələn məna yükü məhz ikinci məna ilə bağlıdır. Amma, “həvayi-nəfs” sözündə cəzbolunma mənasına da diqqət etmək olar.

İnsanın meyillənməsi, yönəlməsi anlamında “həvayi-nəfs” ibarəsində cəzbolunma mənası yerindədir. “Nəfs” sözünə gəldikdə isə, təəssüflər olsun ki, bu söz bizim leksikonumuzda yetərincə tam və doğru başa düşülməyib. “Nəfs” sözünün “özüm”, “ruh”, “mən”, “şəxs” mənaları da var. Amma bunların heç biri “həvayi-nəfs” deyilərkən nəzərdə tutulmur. “Həvayi-nəfs” - “mənim istəklərim” və ya “ruhun istəkləri” mənasında deyil. Çünki, bu zaman sual oluna bilər ki, “ruhun istəkləri” nə üçün bu qədər təhlükəli olmalıdır ki?!

Əxlaq bəhslərində “həvayi-nəfs” deyildikdə, nə nəzərdə tutulur?

Belə isə əxlaq bəhslərində “həvayi-nəfs” deyilərkən, nə nəzərdə tutulur? Əxlaq mütəxəssisləri qeyd edirlər ki, “həvayi-nəfs” deyildikdə, insanın instinktlər və qərizələr səviyyəsində olan istəklərindən söhbət gedir. Yəni hələ ağılın daxil olmadığı, ağıl işığının təsir göstərmədiyi instinktlər və qərizələr səviyyəsində olan istəklərə “həvayi-nəfs” deyilir.

İnsanın instinktlər və qərizələr səviyyəsində olan istəklərini başa düşmək üçün onları insanın fitrətindən irəli gələn istəkləri ilə müqayisə etmək çox mühümdür. Bu zaman qərizə və instinktlər səviyyəsində olan istəklərin mahiyyətini daha yaxından başa düşmək mümkündür.

Fitrət və instinktlər səviyyəsində olan istəklər

İnsanın fitrət və instinktlər səviyyəsində olan istəklərin oxşar cəhətləri var. Bir oxşaq cəhət budur ki, hər ikisi qazanılan deyil. Misal üçün, bizim daxilimizdə həqiqət axtarmaq istəyi kimi bir hiss var. Bu, qazanılmır, məktəb görməklə, elm oxumaqla deyil. İnsanın insan olaraq daxilində həqiqət axtarmaq meyli var. Ola bilər bu istək güclü və ya zəif olsun, rəngi çox və ya az olsun - amma mütləq var. İnsanın daxilində bundan başqa fəziləti sevmək, əxlaqı sevmək, gözəlliyi sevmək, kamalı sevmək, Yaradanı axtarmaq və s. istəklər var. Eyni zamanda bütün insanlarda instinktlər və qərizələr səviyyəsində istəklər var, o cümlədən aclıq, susuzluq, cinsi müstəvidə və s. Bunlar qazanılmayıb, iradənin məhsulu deyil, insanın öz daxilində hazırdır. İnsanın daxilində həm fitri, həm də instinktiv istəkləri var. Bunları birləşdirən birinci cəhət budur ki, qazanılmayıb, insanda yarandığından bəri qoyulub.

Bunları birləşdirən ikinci xüsusiyyət isə budur ki, bu istəklər təzyiqlə aradan getmir. Zəifləyə bilər, müəyyən qədər rəngi azala bilər, amma aradan gedən deyillər. Nə fitri istəklərdən, nə də instinktlərdən irəli gələn istəkləri aradan aparmaq mümkün deyil. Sadə dillə desək, bu istəkləri söndürmək mümkün deyil. Hər hansı bir təzyiq, çətinliklər müəyyən istəkləri zəiflədə bilər, amma aradan apara bilməz. Katolik kilsə gəlir əsrlər boyu insanın cinsi instinktini aradan aparmağa səy edir, bunu nəinki sıradan çıxara bilmirlər, əksinə tam yanlış istiqamət üzrə proseslər gedir. Göründüyü kimi, nə insanın instinktlərini, nə də fitri istəklərini aradan aparmaq olmur.

Aralarında üçüncü oxşarlıq bundan ibarətdir ki, bunlar ümumidirlər və hamıda var. Bu istəklər insanların hər birində var. Ağdərilidə də, qaradərilidə də, şəhərdə yaşayanda da, kənddə yaşayanda da, təhsillidə də, təhsilsizdə də bu istəklər var. Həm fitri istəklər, həm də qərizələr səviyyəsində olan istəklər bütün insanlarda ümumidir.

Fitri istəklərlə instinktlərdən irəli gələn istəklərin fərqləri

Eyni zamanda bunların fərqli xüsusiyyətləri də var. Qərizə və instinkt istəkləri maddi çərçivədədir, cisimlə bağlıdır. Bunun əksinə olaraq, fitri istəklər maddənin, cismin fövqündədir.

Qərizə və instinktlərlə bağlı istəkləri fitri istəklərlərdən fərqləndirən əsas cəhət budur ki, instinktlərdə bu, öz-özünə inkişaf edir. İnsan dünyaya gəlir, aclıq instinkti, susuzluq instinkti, digər instinktlərdən doğan istəkləri meydana gəlir. Bunlar hamısı təbii qaydada meydana gəlir və inkişaf edir. Heç bir irs, təhsil və s. bunun inkişafına təsir göstərmir. Amma fitri istəklər tərbiyə istəyir. Fitri istəklərin inkişafı üçün təlim-tərbiyə gərəkir. İnsanın fitri istəkləri daxilində rüşeym halında olur və onları tanıyıb təlim-tərbiyə ilə inkişaf etdirmək mümkündür.

İnsanın instinktlər və qərizələr səviyyəsində olan istəklərinin əsas xüsusiyyətlərindən biri budur ki, insan onları yerinə yetirməyə məcbur deyil. Belə deyil ki, insan acıdırsa mütləqdir ki, yesin, suzudursa vacibdir ki, su içsin və s. İnsanda iradə var və bu iradə həmin istəkləri həyata keçirib-keçirməməkdə bizə seçim ixtiyarı tanıyır.

İnstinktlər və qərizələr səviyyəsində istəkləri hansı formada həyata keçirmək olar?

Allah Təala bizim daxilimizdə böyük nemətlər qoyub. Cismimizin fiziki bədən hissəmizin təmini və davamlılığı, inkişafı üçün qərizələr və instinktlər qoyub. Fəlsəfi dillə desək, bunlar xeyirin özüdürlər. Daxilimizdə nə qoyulubsa, səbəbsiz qoyulmayıb. Bizdə nə varsa, xeyirdir. Qərizələr və instinktlərin olması bizim fizioloji, cismi, maddi həyatımızın təravətini, mövcudluğunu, davamlılığını təmin edir. Fitri istəklər də ruhun təkamülünü, mənəvi təkamülünü təmin etmək üçündür.

İnsanın nəfsinin instinktlər və qərizələr müstəvisində istəkləri öz-özlüyündə pis deyil. Bunlar, özlüyündə xeyir məqsədlər üçün qoyulub. Amma onların ardınca kor-koranə getmək zərərlidir. İradəli və seçimli vəziyyətimiz var. Gərək ağıl işığını onların üzərinə salaq, ondan sonra seçim edərək, həyata keçirək. Onlar özü-özlüyündə bizim maddi inkişafımız üçün çox zəruridirlər. Amma iradə və seçimsiz, ağıl işığını salmadan onlar bizi qaranlığa tərəf aparır.

Həvayi-nəfsin mahiyyətin mahiyyətinə nəzər saldıqda görürük ki, həvayi-nəfs o zaman təhlükəyə çevrilir ki, ağılı işə salmırıq, seçim etmədən təmini ilə məşğul oluruq. Deməli, biz imanımızın oyaq olmasını istəyiriksə, instinktlərimizin istəklərinə ağıl işığı salmalıyıq. Əgər ağıl işığı salmasaq, onlar tam olaraq həvayi-nəfsin sərəncamında qalacaq və bizləri məhvə doğru aparacaq.

Əhli-Beytin (ə) təqdimatında həvayi-nəfsin təhlükəsi

Həzrət Rəsulallah (s) buyurur: “O şeylər ki, özümdən sonra ümmətim üçün qorxuram, biri - haram gəlirlər, ikincisi - gizli həvapərəstlik, üçüncüsü - ribadır”.

Həzrət Peyğəmbər (s) xəbərdarlıq edir ki, insan üçün ən təhlükəli məqamlardan biri həvayi-nəfsin ona gizli təsir etməsidir.

Həzrət İmam Sadiq (ə) buyurur: “O kəsin ki, daxilindən, qəlbindən moizə edəni və ruhundan, içindən, canından olan çəkindirəni olmaya, ona yol göstərən həmdəmi olmaya, düşməni - həvayi-nəfs və şeytan (lən) onun üzərində qələbə çalar”.

İmam Sadiq (ə) bəyan edir ki, hər bir insanın içərisindən moizə edən - vicdanının səsi, içərisindən onu çəkindirən - təqva, özümüzdən kənardan bizə yolgöstərən - moizə, nəsihət, mömin dost, mömin mühit olmasa o zaman həvayi-nəfs və şeytan (lən) ona qalib olur. Onlar insana qalib gələrsə, insanın imanının diri olması mümkün olmaz. Bilirik, istəyirik, amma bildiklərimizi həyata keçirmək istəsək də, həyata keçirə bilmirik. Sanki, yandırmağa odunumuz var, onu yandırmaq üçün kibritimiz də var, amma alışması üçün oduna nə qədər vururuqsa - yanmır, çünki yağış yağıb odunu yaş edib.

Həvayi-nəfs elə bir atmosfer yaradır ki, insanın imanının diri olmasına imkan vermir. Ona görə buyurulur ki, əgər özümüzü tanısaq, Allahı tanıyarıq. Əgər özümüzü tanısaq, sözsüz ki, düzələrik. İçərimizdə, daxilimizdə bu qədər məsələlər var ki, biz onlardan xəbərsiz oluruq, qəflət edirik. Allah içərimizdə bu qədər nemətlər, imkanlar qoyub.

İmamla (ə) adi bir ümmət başçısının fərqi həm də bunda idi. İlahi İmam (ə) həm də bizim mənəvi təkamülümüzə cavabdeh olan kəsdir. İlahi İmam (ə) tək bizim yeməyimizi, içməyimizi təmin etməyə görə cavabdeh deyil, həm də mənəvi təkamül üçün cavabdehdir. Peyğəmbərimizin (s) Mədinədə qurduğu o mübarək sistem tək aclığı, susuzluğu, tək bu kimi instinkt və qərizələri həll etmirdi. Bütün bunların vasitəsilə insanların fitri istəkləri təlim və tərbiyə olunurdu, nəticədə Bilallar, Əbazərlər yetişirdi. Fitri istəklərin inkişafına meydan açılırdı.

Günümüzdə bir atanın evdə, ailədə vəzifəsi yalnızca ailənin instinktlər və qərizələr müstəvisində istəklərini təmin etmək deyil, həm də ailə üzvlərinin fitri istəklərini təlim-tərbiyə edib, formalaşdırıb yetkin hala çatdırmaqdır. Bu zaman övlad iradəvi seçimlər edib, Allah bəndəsi ola bilər.

İki dost o zaman həqiqi dost sayılar ki, bir-birinə maddi ehtiyaclarının ödənməsində dəstək olmaqla yanaşı, bir-birlərinə mənəvi həmdəm olsunlar, fitri istəklərlərinin təlim-tərbiyə olunması, insani format əldə etməsi bu dostluqda baş tutsun.

Allahım, bizlərə həvayi-nəfsimizi nəzarətdə saxlamağı nəsib et!

Allahım, bizləri gizli həvapərəstlikdən Özün amanda saxla!

Allahım, bizlərə daxildən gələn fitri istəklərimizi inkişaf etdirməyi nəsib et! Amin!


3714 dəfə baxılıb
در حال ارسال اطلاعات...