Şrift ölçüsü:
A+
A
A-
Kr
30 İyul 2018

Vətəndaşı intihar körpüsünə kim çıxardır?

Azərbaycanda intihara cəhd həyat normasına çevrilib. Çoxdandır ki, bu ölkədə ölüm yaşamaqdan cazibədar olub. Bugün yenə də Koroğlu körpüsündən ölümə əl sallayan var idi. Deyilənə görə baş nazir Norvruz Məmmədov hadisədən xəbər tutub və həmin şəxsi fikrindən daşındırıb. Baş nazirin İntihara cəhd edən şəxsi fikrindən daşındırması müsbət hadisədir. Kaş, hökumət həmişə köməyə ehtiyacı olanlara, yaşamaqdan bezənlərə vaxtında əl uzadaydı. Yaxud, adamları bu həddə gətirən səbəbləri dəf edəydi.
Bəli, dərindən fikirləşsək görərik ki, adamları intihar körpüsünə hökumət özü çıxarır. Söhbət təkcə bugün şahid olduğumuz intihardan getmir. Azərbaycandakı bütün intihar cəhdlərinin statistikası aparılsa, məlum olacaq ki, hüquqsuzluq, məmur özbaşınalığı, ədalətsizlik, bank talançılığı, aşağı əməkhaqqı və digər səbəblər aparıcıdır.
Yəni, uzun illər ölkədə korrupsiyanın, qanunsuzluğun hakim olması, vətəndaşı ümidsiz, arxasız edib. Adamlar əmindilər ki, üzləşdikləri problemlərdən yaxa qurtarmaq mümkünsüzdü. Hansı quruma müraciət etsə, süründürməçiliklə, rüşvət tələbiylə üzləşəcək. Ona görə də ən yaxşı həmdəm, ən yaxşı məmur, ÖLÜM olur. Adamlar bu qənaətə gəlirlər ki, problemin birdəfəlik həlli ölməkdən keçir.
Bu yaxınlarda bir nəfərlə söhbətləşirdim. Deyir ki, 10 ildir 2 sot torpaqda ev tikə bilmirəm. Başımın üstünü kəsdirirlər ki, 5000 manat verməlisən, yoxsa evi uçuracağıq. Rüşvət istəyənlərin hamısının da bir şüarı var. “Get, kimə istəyirsən şikayət et”.
Bu “qanun” ölkənin hər yerində keçərlidir. Təsəvvür edin ki, ölkədə onminlərlə ailə bu tipli quldurluqlardan cana doyub. Kredit ödəyən bir formada, təhsil haqqını ödəyə bilməyən başqa formada, müalicə olunmaq istəyən tamam fərqli tərzdə “labirint”lərə salınır. Haqsızlığa uğramış adamın isə üz tutacağı ünvan yoxdur. Və beləliklə, yeganə “xilaskar” kimi Ölüm köməyə gəlir.
Demək istəyirəm ki, vətəndaşa qiymət verilməməsi, pulun qanunları doğraması İNTİHAR zərurəti yaradıb. Vətəndaş hər dəfə başını qaldıranda hökuməti görməyib. Hər dəfə “olum, yoxsa ölüm” qərarı vermək istəyəndə, hökumətin biganəliyi ölüm seçimini gücləndirib.
Bəli, adamları intihar körpüsünə çxaran da, adamların boynuna kəndir atanda mövcud idarəçilikdi. Adamları körpüdən düşürməyə həmişə müvəffəq ola bilmərik, amma adamları körpüyə qaldıran səbəbləri dəf edə bilərik.
Cənablar, körpüyə göndərdiyiniz adamları, geri çağırın. Onlar hələ də sizin səsinizi eşitmir!


13399 dəfə baxılıb
در حال ارسال اطلاعات...