Şrift ölçüsü:
A+
A
A-
Kr
28 İyul 2018

Qulduru dürüst insana çevirən sual

Bismilləhir-Rahmənir-Rahim!

Bügünkü bəhsimizdə inanc baxımında zəruri əhəmiyyət kəsb edən bir mövzuya toxunucağıq. Mövzumuz müqəddəs Qurani-Kərimin özü ilə bağlıdır. İslami kimliyi olan bir insanın inancında önəmli mövzulardan biri budur ki, Qurani-Kərim - Allah kəlamıdır və müsəlman da Allah kəlamını mütaliə edən zaman onu diqqətində saxlamalıdır ki, Allah Təala bu müqəddəs ayələri əslində konkret ona ünvanlayır.

Qurani-Kərimin zahiri gözəlliyi, misilsiz bəlağətliliyi ilə yanaşı, onun ən başlıca xüsusiyyəti - məzmunudur. Bu, birbaşa Mütəal Allahdan gələn bir kəlamdır. Quran oxuyan insan unutmamalıdır ki, Allah Təala onunla danışır.

Müqəddəs kitabın ümumi çatdırışları ilə yanaşı, burada xüsusi müraciətlər də vardır. İnsana, insan cəminə, iman əhlinə ünvanlanan müraciətlər var Quranda. Bunların arasında içində suallar olan, sual formalı çatdırışlar və müraciətlər özünəməxsus yer tutur. Bunlar dərin, eyni zamanda xüsusi ayıldıcı bir yük daşıyırlar.

İslam tarixində çoxlu nümunələr var ki, Qurani-Kərimdə olan bu sual yüklü müraciətlər insanların oyanışına, özünə qayıdışına necə rəvac vermişdir. Bu şəxslərdən biri də Füzeyl ibn Əyyaz adlı bir insandır. Bu şəxs, İslamda həqiqi tövbə simvollarındandır, özünəqayıdış nümunələrindəndir. Onun varlığı özündə oyanışı təcəssüm edən varlıqlardandır. Füzeyl o kəsdir ki, Quranın həmin o sual yükü olan, insana ünvanlanan müraciətini qəbul edib.

Quranda belə bir nurani çağırış var. Əslində hər birimizə yönəli bir çağırışdır bu. “Məgər o zaman yetişmədimi ki, iman gətirmiş kəslərin qəlbləri Allahı yada salmaq üçün və haqdan nazil olan (Qurani-Kərim) üçün huşu halına (müti və təvazökar duruma) gəlsin?”

Müqəddəs Quran sual qoyur ortalığa. Allah-Təala Öz müqəddəs kitabında müraciət ünvanlayır bəşəriyyətə. Bir kitab vasitəsilə ki, Qiyamət gününə qədər dəyişməzlik və bənzərsizlik xüsusiyyətinə malik olmaq kimi möcüzəvi səciyyə daşıyır. Bir kitab vasitəsilə ki, Qiyamətədək müsəlmanın, İslami kimliyi olanın özəl sütunu olaraq qalacaq. Və bu Kitab bizlərin hər zaman müraciət yeri olmalıdır. Hər birimizə bu sualı verir Quran: qəlbinin qəbul edən halına, itaət halına, haqqı qəbul etmək halına gəlməsinin məqamı yetişmədimi?!

O vaxt çatmadımı?! Soruşur bizdən Allah Təbarək və Təalanın haqq olaraq nazil etdiyi kitab: O vaxt çatmadımı ki, iman gətirən kəslərin qəlbi oyansın?! O vaxt çatmadımı ki, qəlb qəbulediciyə çevrilsin?! Qəlb nurani bir duruma gəlsin?! O vaxt çatmadımı ki, iman gətirən kəslərin qəlbləri öz vücudi istedadlarına çatsın?! O vaxt çatmadımı ki, qəlb öz həqiqi mövcudiyyət fəlsəfəsini icra etsin?!

O vaxt çatmadımı ki, qəlb qəbul edən olsun?! O vaxt çatmadımı ki, qəlb təvazökarlıq və eşitməklik durumunda olsun?! O vaxt çatmadımı ki, qəlb Allahı xatırlamaq üçün hazır vəziyyətdə olsun?! O vaxt çatmadımı ki, qəlb Haqdan nazil olan Quran üçün hazır vəziyyətdə olsun?!

Əslində hər kəsə, hər bir iman sahibinə, qəlbi haqla olana ünvanlanan bir çağırışdır bu. Sanki bir bağbanla əkinin məsəlidir bu. Bağban soruşur ki, bu əkində səpilən toxumların cücərməsi vaxtı yetişmədəimi? Bu qönçələrin gül açmasının vaxtə çatmadımı? İndi Yaradan sual edir ki, yaranmışın İlahi dərgahda bəndəliyini qəlbən iqrar etməsinin məqamı gəlmədimi?! Yaradılmışın öz mahiyyətinə qayıtmasının vədəsi gəlib çatmadımı?

Çağırışı cavablandıran Füzeyl ibn Əyyaz o kəslərdəndir ki, bu çağırışı cavablandırmışdır. Kim idi Füzeyl? O, quldurbaşı idi. İşi-gücü karvanların qabağını kəsib, onları soymaq idi. Amma onun içində vücudi bir istedad var idi. Daxili qüvvələri tam ölməmişdi onun. Bir vəziyyətdə idi Füzeyl ki, onun adı gələndə karvanlırın canına üşütmə düşərdi. Adı gələndə camaat ehtiyat edərdi, yola çıxmazdı. Amma Füzeyl maddiyyat qulduru idi, mənəviyyat qulduru deyildi. Sözsüz ki, fiziki mənada quldur olmaq çox pisdir. Amma ondan da pisi - fiziki quldur olana qədər adamın öz qəlbinin qulduru olmasıdır. Öz mənəviyyatını soymasıdır. Öz vücudi sərmayəsinin qulduru olmasıdır. Mənəvi, əxlaqi, nəfsani bir quldurluğa üz tutmaqdır daha pisi. Bundan betər nə ola bilər?! Nuraniyyət üçün yaradılan vücudu, quldurcasına zülmətdə saxlamaqdan daha pis nə ola bilər?!

Füzeyl yolkəsən idi, amma qəlbinin dərinliklərində insaniyyət hissini hələ itirməmişdi. Bir gün Füzeyl ibn Əyyaz kəndlərdən birinin yanında olarkən burada günah etmək niyyətinə düşür. Elə də edir, müəyyən həyətə gedir, hasarı aşaraq, bağa girir. Füzeyl quldur məntiqli insan idi. Onun üçün günah etmək, özünü bədbəxt edərək yeni günaha qol qoymaq adi bir hal idi. Həmin bu Füzeyl günah etmək niyyətilə gecənin bir aləmində hasarı aşıb həyətə girdiyi zaman qonşudan gələn bir Quran tilavətini eşidir. O, həyətə düşən vaxt Quranın “Hədid” surəsinin 16-cı ayəsində verilən həmin o nurani sualı, o vücudi çağırışı eşidir: “O vaxt çatmadımı?..”

Əslində hər bir insana yönəlik bu çağırış, quldurcasına hasarı aşıb həyətə girən Füzeylin həyatını kökündən dəyişir. Bu sual onun həyatını iki mərhələyə bölür. Bu sual onun üçün nicat körpüsü olur.

“Yetişdi həmin vaxt!”

Füzeyl bu çağırışı eşitcək gecənin bir aləmində, günah məqsədilə girdiyi özgə həyətində durarkən, birdən-birə bu İlahi suala, qəlbinin dərinliklərinə ünvanlanan bu mesaja - “Bədbəxtlikdən qurtarmaq vaxtı yetişmədimi?!” sualına - “Bəli, həmin vaxt yetişdi”, - deyə vücudi hayqırmaqla cavab verir. Və Füzeyl bir dərin, bir səmimi tövbə edir. Özünə, öz mahiyyətinə qayıdır. Füzeyl xilas olur. Günah üçün atılan addımın ortasında eşidilən bu Quran müraciəti Füzeyldə dərin bir təsir qoyur. Füzeyldə inqilabi bir dəyişiklik baş verir: quldurluqdan dönüb, o, iman üçün qəlbi susamış bir insan olur. Allahı xatırlamaq üçün, Quran həqiqəti qarşısında təvazökarlıq və mütilik etmək üçün onun qəlbi təşnədir. Bir oyadıcı çağırış onun qəlbini alt-üst edir və yenilənməsinə səbəb olur.

Füzeyl oyanır. O, günah mənzilindən, günah ünvanından dönür geriyə. Daha günah dalınca getmir. Məntəqənin kənarına yetişdikdə, görür ki, bir dəstə adam toplaşıb, amma yola çıxmamaq qərarını verirlər. Bunun səbəbəni öyrəndikdə, “Xəbər gəlib ki, Füzeyl adlı məşhur bir quldur buralardadır, onun qorxusundan heç kəs yola çıxmaq istəmir” - cavabını eşidir. Füzeyl başına döyür ki, mən gör nə vəziyyətdəyəm, nə günahın sahibiyəm ki, camaat mənim adımın qorxusundan, mənimi zülmümün xofundan yola belə çıxmaq fikrindən daşınır. Amma bu sarsıntı onun tövbəsini daha da dərin, daha da kamil edir və o, bu mənəvi zərbədən sınmır, günahdan uzaqlaşır, mənəvi quldurluqdan xilas olur. O qədər dərin iman gətirir, o qədər ixlaslı tövbə edir ki, zamanının ən böyük ariflərindən birinə çevrilir, yüksək mənəvi bir duruma gəlib çatır.

Allah o Allahdır ki, insanın istedadı olsa, qabiliyyəti, bacarığı olsa, vücudi çağırışların müqabilində insan “Bəli, zaman çatıbdır!” deməyi bacarsa, onun təsviredilməz mənəvi yüksəkliklərə qalxmasına Öz tofiqatını nazil edər. Quldur Füzeylin arif Füzeylə çevrilməsinə rəvac verər.

Əmanətə sədaqət

Amma Füzeyllə bağlı bir mühüm məsələyə toxunmaq lazımdır ki, onun bəhsimizə çox aidiyyəti var. Füzeyl yolkəsən və quldur olmasına baxmayaraq, sonadək vücudunun talan olunmasına imkan verməmişdi. Füzeyl özünəməxsus adam idi, sıradan bir quldur deyildi. Füzeylin tövbəyəqədərki zamanına aid bir əhvalat vardır ki, çox düşündürücüdür. Və burada toxunulan əməllər, toxunulan xüsusiyyətlər səbəb olur əslində ona ki, Füzeyl bir gün gəlir xalis tövbə edir.

Füzeylin çöllü-biyabanda bir xeyməsi olubmuş. Karvanları soyandan sonra haqq-hesab üçün həmin xeyməyə gələrmişlər. Öz dəstəsi ilə talan etdiklərini burada bölərmişlər. Günlərin birində həmin yerin yaxınlığından böyük bir karvan keçir. Bu karvanın səs-sorağı yetişən zaman quldurlar öz həmişəki işlərini görməyə hazırlaşırlar.

Bu karvanla bir tacir gəlirmiş ki, üzərində böyük miqdarda pulu var idi. Kişi hənirti hiss edir, başa düşür ki, yolun üstündə quldurlar var. Düşünür ki, quldurlar karvana yetişməyincə, çıxım bir yerdə öz pullarımı gizlədim. Sonra karvana qoşularam, vəziyyət sakitləşdikdə, qayıdıb öz pullarımı götürərəm. Elə də edir. Pullarını götürüb münasib yer axtarmaqda idi ki, gözünə bir xeymə dəyir. Sevincək oraya yaxınlaşıb, bir nəfəri görür. Salamlaşıb görüşdükdən sonra, pullarını onun yanında əmanət qoyur. Bundan sonra xatircəm bir vəziyyətdə qayıdır karvana.

Quldurlar bu məqamda hücum edirlər karvana, bütün qiymətli şeyləri talan edirlər. Hər şey sakitləşəndən sonra, tacir qayıdır həmin xeyməyə tərəf. Görür, quldurlar elə xeymənin ətrafında yığışıblar və talan etdiklərini bölürlər. Kişi bir başına döyür, bir dizinə ki, mən nə etdim! Öz əlimlə pullarımı aparıb verdim quldurlara. Bu məqamda həmin tacir sataşır Füzeylin gözünə. Diqqət edir ki, kişi yaxınlaşdığı halda birdən-birə geriyə dönür. Dəvət edir onu ki, nə məsələdir, danış görüm. Kişi kor-peşman: “Heç, əmanətim var idi, gəlmişdim onu götürüm”. Füzeyl ona: “Get, əmanətin qoyduğun yerdədir, onu götür” - deyir. Kişi əmanətini necə vəziyyətdə qoymuşdu, eləcə də götürür və karvana qayıdır.

Quldurlar bu səhnədən sarsılırlar. Sual edirlər ki, bu, nə məsələdir, tək bu kişinin pulu, bütün karvandakından çox idi, öz əlimizlə nə üçün bu böyda qənimətdən imtina edək?! Sən nə üçün belə etdin?! Füzeyl cavabında bildirir ki, o adam mənə xoş güman etmişdi. Mənə hüsni-zənn etmişdi. Əmanəti qaytaracağıma inanıb mənə vermişdi. İnanıb vermişdi. Mən onu naümid edə bilməzdim. O ki, əmanəti mənə qoyub, mənə inanmışdı və mən onu tam yerində ona qaytarıdm - onun xoş gümanını doğrultdum. Və mən də, öz növbəmdə, Allah Təalaya xoş güman edirəm. Xoş güman edirəm ki, O, mənim bu əməlimi heçə verməz, qiymətləndirər. Necə mən bu tacirim gümanının doğrultdum, Allah Təala da mənim xoş gümanımı doğruldar.

Üzə durmayan kişinin hekayəsi

Bax, bu, quldur Füzeylin, yol kəsməyi özü üçün bir peşəyə çevirmiş Füzeylin mülahizələridir. Belə ruhi durumun, belə əmanətdarlığın, xoşgümanlığın məhsuludur ki, yolkəsənlərin başçısı bir müddət sonra cinayət üçün hasara aşanda, Quranın çağırışını: “Məgər o zaman yetişmədimi ki, iman gətirmiş kəslərin qəlbləri Allahı yada salmaq üçün və haqdan nazil olan (Qurani-Kərim) üçün huşu halına (müti və təvazökar duruma) gəlsin?” eşitcək tövbə edir. Sonadək vicdanını itirməmişdi Füzeyl. Quldur olanda da bir mənəvi hesab-kitabı, bir bəndəliyi var idi. Və bu, onun yeni həyata başlaması üçün bir pillə rolunu oynadı. Qəlbinin çağırışını cavablandırmaq, tüğyan edən nəfsini ram edərək özünü Allah dərgahında bilmək üçün, bəndəliyinə qayıtmaq üçün yolunu asanlaşdıran xüsusiyyətlər idi bu.

Ümumilikdə, dinimizin xoşgümanlığa münasibəti çox önəmlidir. Həzrət Əli (ə) buyurur: “Ən gözəl təqva - xoşgümanlılıqdır”.

Digər yerdə İmam Əli (ə) buyurur: “İman bədgümanlıqla uyğun gəlməz”.

Gördüyümüz kimi, dinimiz xoşgümanlı olmağa fövqəl dərəcədə önəm verir. İslam insanlar arasında pozitiv yüklü münasibətlərin zəruriliyini vurğulayır. Hətta imanı xoşgümanlıqla bağlayır. Bu qəbildən başqa bir hadisə nəql edirlər. Bir nəfər mənfi insan olur. Onu cinayətlərinə görə tuturlar, amma deyirlər ki, bir nəfər alim var, onun üzünə dursan, səni buraxacağıq. Nə edirlər, nə qədər qorxudurlar, pul təklif edirlər, hədə-qorxu gəlirlər, alimin üzünə durmağa razı olmur. Üzə durdurmaq istəyənlər üçün məhz bu “adlı-sanlı” cinayətkarın alimə qarşı çıxmağı mühüm idi, çünki camaat inanmazdı ki, bu cür insan elə yalandan satılıb və ya qorxub, ona görə alimə böhtan atır. Amma nə qədər edirlər, bu quldur sınmır, üzə durmağa razı olmur. Nəhayət, atasını göndərirlər yanına. Atası deyir ki, sən ki, dindar-zad deyilsən, nə çətindir üzə durmaq, axı səni açıb buraxacaqlar. Nə əcəb belə dirənmisən? Oğlu cavab verir ki, düzdür, mən dindar deyiləm. Çox pis işlər də görmüşəm həyatımda. Amma bu şərəfsizliyə qol qoya bilmərəm. Beləcə, sındıra bilməyib, bu adamı öldürürlər. Çoxunun bir bəhanə tapacağı məqamda bu kişi mətinlik, prinsipiallıq, dəyanət göstərir və birdən-birə qəlbini elə saflaşdırır ki, yüksək mənəvi dərəcələr əldə edə bilir.

Hər bir insan üçün tövbə yolu açıqdır və hər bir insan Allah Təalanın lütfündən ümidli olmalıdır. Hər bir insan Allah Təalanın çağırışını, bəndəliyə dəvətini cavablandıra, həqiqi tövbə ləyaqətini əldə edə bilər. Allah-Təala cəmi insanlar üçün bu mənəvi çağırışları cavablandırmaq tofiqatını nəsib etsin! Amin!


3943 dəfə baxılıb
در حال ارسال اطلاعات...