
Bismilləhir-Rahmənir-Rahim!
Mübarək Ramazan ayı ilə vidalaşdıq. Bağışlanmamız üçün yaradılmış fürsətlərdən, imkanlardan necə istifadə etdik? İlahi ziyafətdən öz payımızı götürə bildikmi? Günün sualları budur.
Ramazan ayı ilə vidalaşarkən salam deyirik
Ramazan ayının son anlarının özünəməxsus xüsusi əməlləri, çalarları mövcuddur. Ayla vidaşalmaqla bağlı İmam Səccaddan (ə) xüsusi bir dua buyurulub. Diqqəti cəlb edən məsələlərdən biri bundan ibarətdir ki, biz bu duada mübarək aya iyirmi üç dəfə salam veririk. Yəni həmin mübarək vidalaşmaq duasında aya iyirmi üç dəfə salam verilir.
Dəyərli İslam araşdırmaçıları mübarək aya bitəndə salam verilməsi ilə bağlı çox önəmli bir sual ortalığa qoyur. Hamıya məlumdur ki, salam adətən əvvəldə verilər, başlanğıcda verilər. Bəs bu, nə məsələdir ki, sağollaşanda salam verilir?
Namazın sonunda salamın deyilməsinin hikməti
Böyük İslam alimləri namazın salamı ilə bağlı da bir mühüm nöqtəyə toxunur. Biz namazın sonunda salamlar veririk. Yəni namazda da salam axırda verilir. Namazda salamın axırda verilməsi ilə bağlı çox maraqlı bir izah mövcuddur. Bir mömin namaza başladığı zaman, Allahı zikr etməklə məşğul olmağa başlanğıc verir. Bu zaman həmin mömin İlahi cəhət tapır. Bu dünyadan və onun içindəkilərindən qırılır. Namazın mahiyyəti ondan ibarətdir ki, insan gərək Allahı zikr etməklə məşğul olsun. Namaz - Allahla rabitənin, Allahla bağlantının ortalığa gəlməsidir. Və əgər biz namaz zamanı Allahla bağlantı tapsaq, bütün ruhiyyəmiz İlahi cəhət tapar.
Namazın sonunda insan o zaman ki, Allahla rabitəni başa vurur və yenidən bu dünyaya geriyə qayıdır, sanki bu dünyaya daxil olmanın başlanğıcında salam deyir. Yəni bizim namazın yekununda verdiyimiz salam - namaz vaxtı qalxdığımız İlahi mələkut yüksəlişindən qayıdışımızın bildiricisidir.
Namazın sonunda dediyimiz salam - bizim yenidən dünyaya qayıtmağımızın bildiricisidir. Namazı yekunlaşdırdıqdan sonra biz maddi dünyaya qayıdırıq və bu salam - maddi dünyanın başlanğıcıdır. Başlanğıc, əvvəl olduğu üçün salam veririk. Əslində insan namazdan sonra maddi dünyaya enişində, maddi dünyaya daxil olarkən salam deyir.
Salam özü - Uca Allahın adlarından biridir. Namazda biz yuxarı qalxırıq, səfər gedirik, yüksəlirik. Əgər təbii ki, həmin namazı namaz olaraq qılsaq, Rəbbimizə doğru uçuşumuz olar. Bu halda biz maddi dünyadan qırılırıq. Və yenidən həmin dünyaya qayıdanda, maddi dünyanın başlanğıcında Allahın həmin o adını - salamı deyirik.
Ramazan ayından sonrakı eniş
Bəs Ramazan ayı ilə vidalaşan zaman İmam Səccaddan (ə) buyurulan duadakı salam nədir? Namazla bağlı aydınlıqdan ilhamlanan İslam araşdırmaçıları bildirirlər ki, necə ki, insan namazda maddi dünyadan qırılmışdı, mübarək Ramazan ayında da insan mənəvi baxımdan yuxarı qalxmışdı, mələkutə yüksəlmişdi.
Bu eniş o qədər ciddi bir vəziyyət yaradır ki, həmin enişimizi duada keçən iyirmi üç salamla qeyd edirik. Bir aylıq mənəvi aləmə uçuşumuzdan sonra yenidən maddi aləmə enməmizi əslində həmin salamlarla əlamətləndiririk.
Mübarək ayı artıq geridə qoymuşuq. İmam Səccadın (ə) duasında keçən çox mübarək salamlar var. Hər bir salamın özünəməxsus dərin fəlsəfi mənaları mövcuddur. Vidada göstərilən yalnız bəzi salamlara toxunmaqla da, bəlkə onların mahiyyətini anlamaq olar. Hansı ay ilə xüdahafizləşməyimizi bilmək üçün həmin salamlara diqqət etmək çox zəruridir.
Hansı ayla vidalaşırıq?
“Ey Allahın ən böyük ayı, ey haqq aşiqlərinin bayramı, salam olsun sənə!” Mübarək Ramazan ayı - Allahın ən böyük ayıdır. O böyük aydan bu maddi yaşayışın içinə enın zaman biz onu xatırlayırıq. Onu xatırlayaraq, biz bu dünyaya başlanğıcımızı edirik.
Ey haqq aşiqlərinin bayramı! Bu ay - Allahın ən böyük ayıdır və haqq aşiqlərinin bayramıdır. Yəni, biz belə bir fürsətlərdən istifadə imkanından artıq qeyri-ixtiyari məhrum oluruq.
“Ey vaxtlar içərisində ən kəramətli, həmneşin. Ey günlər və saatlar arsında ən üstün ay, salam olsun sənə!” Vaxtlar içərisində ən kəramətli, oturub-durulası aydır Ramazan ayı. Bu ayın günləri - ən dəyərli günlərdir, saatları - ən dəyərli saatlardır. Hər anı İlahi tofiqatlarla zəngin bir aydır Ramazan ayı.
“Ey məqamı böyük olan həmnəfəs, ayrılığın çox ağır olan ay, salam olsun sənə!” Mübarək Ramazan ayı, məqamı böyük olan həmnəfəs idi. Biz bir ay ərzində onunla birgə nəfəs aldıq, onunla birgə yaşadıq, həmahəng olduq, ona uyğun şəkildə halımızı tənzimləmək istədik. Bu ayın ayrılığı çox ağırdır. Bu xüsusiyyətlərini qeyd edərək, Ramazan ayına salam verməliyik və əslində onunla vidalaşmalıyıq. Hansı ayla vidalaşdığımızı, hansı ayın başa çatdığını bilməliyik.
“Ey qəlblər sənin yanında yumşalan, günahlar səndə azalan ay, salam olsun sənə!” Bu, bir ay idi ki, qəlblər onun yanında yumşalardı. Çünki, elə bir qonşudur ki, onunla qonşuluq hesabına insanın qəlbi yumşalır. Günahları yandıran bir aydır Ramazan ayı. Məğfirət və bağışlanmaqla dolu olan aydır mübarək Ramazan ayı. Məhz buna görə də, vidalaşarkən xatırlayırıq ki, bu ayda günahlarımız azalardı.
Bu ayda azad olanlar
“Ey şeytanla (lən) mübarizədə bizə yardımçı olan, ehsan yollarını hamarlaşdıran və asanlaşdıran ay, salam olsun sənə!” Mübarək Ramazan ayında şeytan (lən) zəncirlənmişdi. Bütün ay ərzində böyük gözlənti ilə gözləyirdi ki, ay bitsin, bu bir ayda imkanları nə qədər məhdud olubsa, indi gəlib bütün “qabiliyyətləri” ilə əlindən gələn mərdimazarlığı etsin. Əlindən gələni etsin ki, insanlar bu ayın içərisində qazandları ruhiyyədən qırılsınlar. Əldə etdikləri mənəvi durumları itirsinlər.
Amma bu ayda şeytanla (lən) mübarizə aparmağımız üçün çox gözəl bir imkan var idi. İmkan var idi ki, o məlunun içimizdə olan müttəfiqlərini yox edək, içimizdə ona tərəf yönələ bilən hər bir elementi nəzarətə götürək. Ramazan ayı başdan-başa ehsanlar etmək imkanı ilə zəngin idi. Rəbbimiz həm bizlərin ehsan etməsi üçün imkanlar yaradır, həm də Özü bizlərə ehsan edirdi.
“Allah tərəfindən səndə azad olanlar nə çoxdur! Nə xoşbəxtdir o kəs ki, hörmətinə riayət etdi, salam olsun sənə!” Ramazan ayı - bir aydır ki, bu ayda cəhənnəm atəşindən azad olmaq imkanımız var. Ramazan ayının sonlarında bu imkan xüsusilə çoxalar. Əgər Ramazan ayının hörmətini saxlaya biləriksə, onun mahiyyətinə uyğun özümüzü apara biləriksə, bu qurtuluş bizə nəsib olar.
“Çoxlu gümanlarımızı əməl dəftərimizdən yuyub, çoxlu eyiblərimizi örtən ay, salam olsun sənə!” O qədər günahlarımız var ki, bu ayda əməl dəftərlərimizdən silinib. Bu ayda o qədər eyiblərimiz var ki, Rəbbimiz onları örtüb. Bu ay - eyiblərin örtülməsi, günahların əməl dəftərindən silinməsi ayı idi. Belə bir ayla vidalaşdıq...
Ayı qəm-qüssə ilə yola salırıq
“Heç bir zamanların onunla müqayisə oluna bilmədiyi ay, salam olsun sənə!” Belə bir mübarək ayla sağollaşırıq.
“Bərəkəti ilə bizə gəlib, günahlarımızı, pisliklərimizi əməl dəftərindən silən ay, salam olsun sənə! Gəlməzdən öncə intizarında olduğumuz, getdiyindən sonra hicranından qəm-qüssəsində olduğumuz ay, salam olsun sənə!” Gəlməmişdən bu ayın arzusunda olarıq, səbirsizliklə gözləyərik ki, tez gəlsin. Gedən zaman qəm-qüssəli olarıq ki, bu boyda fürsətlər imkanını itiririk. Və ayın bu xüsusiyyətlərini yada salaraq, salam veririk.
İmam Səccaddan (ə) olan bu mübarək duada iyirmi üç dəfəyədək salam veririk mübarək aya. Bu və ya digər xüsusiyyətlər yada salınır və vidalaşılır. Həm də İlahi ziyafətdən maddi dünyaya qayıdışımızın başlanğıcında salam deyirik. On yeddi saat və ondan çox İlahi ziyafətdə idik, indi isə əksinə, o fürsətimiz əldən gedir, dünyanın ziyafətlərinə qayıdırıq. Dünyanın bizlər üçün yaratdığı “rəngarəng” imkanlara qayıdırıq.
Qiyamət günü ilə oxşarlıq
Həzrət Əmirəlmöminin Əli (ə) Fitr bayramlarından birində söylədiyi xütbədə buyurdu: “Ey camaat! Sizin bu gününüz elə bir gündür ki, yaxşı əməl sahibləri onda mükafat alırlar, ziyankarlar, pis əməl sahibləri onda məyus və ümidsiz olurlar. Və bunun Qiyamət gününə çox oxşarlığı var. Bəs öz mənzillərinizdən çıxıb və bayram namazına yollanmaqla xatırlayın qəbirlərdən çıxmaqlığınızı və Rəbbinizə tərəf getməyinizi. Namaz qıldığınız zaman Allah Təala qarşısında necə duracağınızı və evinizə dönən zaman cənnətdəki evlərinizə qayıtmağınızı yadınıza salın.
Ey Allah bəndələri! Ən az şey ki, oruc tutan qadın və kişilərə veriləcək, budur ki, bir mələk Ramazan ayının axırıncı günü onlara nida edər və buyurar: “Bəşarətiniz olsun, xoş xəbəriniz olsun! Ey Allahın bəndələri ki, keçmiş günahları bağışlanmış oldu. Bəs, öz gələcəyinizin fikrində və əndişəsində olun ki, qalan günləri necə başa vuracaqsınız”".
Fitr bayramı elə bir gündür ki, mübarək Ramazan ayında oruc tutanlar, ibadət edənlər mükafatlarının bir hissəsini həmin gündə alarlar. Bir ay Allah dərgahında bəndəlik edənlər, İlahi ziyafətdə olanlar vəd edilən mükafatlarını Fitr bayramında alarlar. Ramazan ayına məhəl qoymayan, öz çirkin əməllərini bu ayda da davam etdirənlər həmin gün məyus və ümidsiz olarlar. Fitr bayramında yaxşı əməl sahiblərinin mükafat alması, pis əməl sahiblərinin isə məyus olması Qiyamət günü ilə müqayisə olunur. Həmin hadisə Qiyamət gününə çox oxşayır.
Bağışlanmaq ayı
Mübarək Ramazan ayı - bağışlanmaq ayı idi. Bu ayda bağışlanmaq imkanı o qədər geniş idi ki, Məsumlarımızdan (ə) buyurulan hədislərdə bu ayda bağışlanmağa layiq ola bilməyən insan, uğursuz adam kimi adlanır. Rəvayət olunur ki, “Mübarək Ramazan ayında hər günün axırında iftar vaxtında Allah Təala min-min kəsi cəhənnəm atəşindən azad edir. Elə ki, cümə gecəsi və cümə günü olur, hər saatında min-min kəsi cəhənnəm atəşindən azad edir. Ayın sonuncu gününün gecəsində və özündə o qədər kəsi ki, cəhənnəm atəşindən azad etmişdi, o miqdarda da həmin gün azad edər”.
Mübarək ayın hər günündə bağışlanmaq üçün imkanlar, fürsətlər var idi. Bundan başqa, Ramazan ayının cümə günlərində hər saat bağışlanmaq üçün imkan olur. Mübarək ayın sonuncu günündə isə, bütün ay boyunca bağışlananlar qədər insan bağışlanar və cəhənnəm atəşindən qurtular.
Orucun səbəbi
Mübarək Qurani-Kərimin “Bəqərə” surəsinin 183-cü ayəsində görürük ki, Allah Təala tərəfindən bizlərə açıq-aydın bir əmr var: “Ey iman gətirənlər! Sizlər üçün oruc yazıldı və qərar verildi, necə ki, sizlərdən öncəkilərə vacib yazılmışdı. Ola bilsin ki, təqvalı olasınız”.
Allah Təala aydın bir işarə ilə orucun vacib olmasının səbəbini açıqlayır - bizlər təqvaya yetişək. Təqva - insanın özünü nəzarətdə saxlamasıdır. Təqvalı insan günah edə bilər, amma bunu etmir. Təqva - əqlin və iradənin sayəsində formalaşan mənəvi immunitetdir ki, insan onunla iradəvi surətdə günahlardan çəkinir.
Bəzi insanlar var ki, onlar onsuz da müəyyən günahları edə bilmir. Bu insana təqvalı insan deyilməz. Amma bir insan da var ki, onun günah etməyə gücü çatır, amma etmir. İradəvi surətdə günahlardan çəkinmək təqva adlanır. Mübarək Ramazan ayında Rəbbimiz oruc tutmağımızın səbəbini onunla açıqlayır ki, bizlər oruc tutmaqla təqvaya çata bilərik.
Allahım, bizləri bu aydan bağışlanmış halda çıxar!
Allahım, bizləri bu aydan çıxan zaman təqva əldə edənlərdən qərar ver!
Allahım, bu aydan sonra da Sənin nəzarətində olmağı, Sənə bəndə olmağı bizlərə nəsib et! Amin!