Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Aprel 2018

Yedikcə acan məmurlar

Azərbaycanın həqiqətən də özünəməxsus “ənənə“ləri var. Məsələn, Azərbaycan yeganə ölkədir ki, bir adam 20-25 il vəzifədə olur, fəxri adlara layiq görülür və vəzifədən azad olunan kimi milyonları üzə çıxır. Sanki, bu adamın uzun illər ərzində külli miqdarda pul mənimsəməsindən heç kim xəbərdar deyilmiş.

Əslində bu “ənənə” hakimiyyətin özünüifşasıdır. Öz aləmlərində belə təəssürat yaratmaq istəyirlər ki, bu adamlar korrupsioner olduqlarına görə vurulublar. Amma doğurdan da belə olsaydı vəzifəlilərin 90 faizi vurulmalıydı. Yaxud, bu adamların korrupsioner olduğu barədə illərlə yazılanlardan, deyilənlərdən nəticə çıxarılardı.

Ona görə də “filan nazirin milyonları üzə çıxdı”, “filan nazirin saysız- hesabsız əmlakına həbs qoyuldu” kimi xəbərlər yayılanda düzgün nəticə çıxarmaq lazımdı. Yəni, düşünmək lazımdır ki, vurulan məmurun milyonu tapılıbsa, hazırda işləyənlərin milyardı var.

Həm də mövcud komanda dəyərlər ətrafında birləşmədiyinə görə asanlıqla bir-birini qurban verməyə hazırdılar.

Eyni zamanda hər kəs düşünməlidir ki, bu ölkə neftin qiymətinin düşməsinə görə, hansısa qlobal böhrana görə, kimlərinsə özfəaliyyətinə görə tənəzzülə uğramayıb. Bu ölkə komanda şəkilində “talanetmə əməliyyatı”na görə bugünə düşüb. Hər vəzifəli 20-30 milyon qapazlayanda, təbii ki, büdcənin üzündə “şillə” izi qalacaq.

Qısası budur ki, bunlar yedikcə acırlar. Çox yemək bunları doyurmur. Əgər doymuş olsaydılar, hansısa məmurun milyonu yox, 100 mini üzə çıxardı. Biz də düşünərdik ki, yavaş-yavaş doyurlar.

Belə rejimlərin qarnını da, gözünü də yalnız xalq doyura bilər. Bəli, gərək belə rejimlərin yeməyini əlinin duzu olan xalq bişirsin.


3694 dəfə baxılıb
در حال ارسال اطلاعات...