Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Mart 2018

Uğurun açarları: fürsətləri tanımaq

Bismilləhir-Rahmənir-Rahim!

Mövzumuz insan həyatında müvəffəqiyyətin açarları ilə bağlıdır. Müasir dövrdə çox danışılan, müzakirə olunan mövzulardan biri budur. Təəssüflər olsun ki, İslamın - mübarək inancımızın bu mövzuda yanaşmasının təqdimatında böyük çatışmazlıqlar olur, dünya insanına dinimizin bu mövzuda nəzərləri yetərincə çatdırılmır.

Eyni zamanda insan özü də fərqinə varmadan, çox vaxt ibadi əməllərindən kənarda, Allahdan kənarda uğur və nailiyyətlərin mövcudluğunu təsəvvür edir. Sözsüz ki, burada insanın ibtidaidən təlim-tərbiyəsinin rolu fövqəl dərəcədədir. Çünki təlim-tərbiyənin əsas qayələrindən biri - insanda Allaha bəndəlik ruhiyyəsini artırmaq olmalıdır. Amma bəşəriyyət artıq neçə əsrlərdir ki, bu məsələdə müəyyən mənada durğunluq yaşayır. Hətta İslam və dindarlıq iddiasında olan insanlar da bəzən bu mövzuda qəflət edirlər.

Zahiri uğurun müddətliliyi

Ötən bəhsimizdə vurğuladıq ki, həqiqi uğura çatmağın mühüm açarlarından biri - İlahi tofiqatdır. Əgər çatdığımız uğur İlahi tofiqatın bərəkətinədirsə, demək ki, bu, həqiqi uğurdur. Haradan bilək ki, çatdığımız uğurda İlahi tofiqat var, yoxsa yox? Bunu anlamaq üçün gərək əməllərimizə diqqət edək. Bizim namazımızda, orucumuzda, ibadətlərimizdə, Allah bəyənən işlərdə ruhiyyəmiz necədir? Əgər bütün bu məsələlərdə ruhiyyəmiz yerindədirsə, demək ki, çatdığımız uğur gerçək uğurdur.

İslamın nəzərində müvəffəqiyyətin ciddi açarlarından biri - təvqa və mütədəyyinlikdir. Toplumda dilə gətirilməsə də, hətta bəzən dini camiənin özündə də belə yalnış təəssürat mövcud olur ki, dindarlıq uğura çatmaq üçün haradasa bir mane ola bilir. Amma dinimizin bir başqa yanaşması var. Dinimizin nəzərində uğurun ciddi açarlarından biri - təqvadır. Əgər təqva ilə yoğrulmayan, dindarlıqla yoğrulmayan bir uğur olsa, bu, gerçək uğur deyil. Bu, zahiri bir uğurdur və müəyyən məhdud bir müddətli ömrü var. Bəzən bir gün, bəzən bir ay, bəzən 1 il və daha artıq çəkə bilir. Amma müddətlidir. Və hər bir halda, bu dünyada da qurtarıb gedəcək.

Ən böyük fürsət - insan ömrüdür

Gerçək uğura çatdıran amillərdən biri də fürsətləri dəyərləndirməkdir. İslamın nəzərində uğura, müvəffəqiyyətə çatmağın mühüm açarlarından biri - fürsətləri tanıma və dəyərləndirmədir. Hər bir insanın həyatında müxtəlif fürsətlər əmələ gəlir. İnsanın malik olduğu ömrün özü, yaşamanın özü - bir fürsətdir. Hər malik olduğumuz günün özü böyük bir fürsətdir ki, təkamül yolunda bir məsafə keçək. Hər yaşadığımız günü bir fürsət kimi tanımalıyıq ki, gerçək uğura çata bilək. Hər namaza gərək fürsət kimi baxaq, çünki bəlkə bu, həmin namazdır ki, bizləri qaranlıqdan işığa tərəf apara bilər.

Bizlər fürsətləri dəyərləndirə bilmək üçün gərək öncə fürsətləri tanıya bilək. Fürsətləri tanımaq - önəmli və ciddi bir məsələdir. Tanımaqdan sonra fürsətlərə təvəccö, diqqət etməliyik. Adətən insanlar xəstələndikdən sonra sağlamlıq fürsətini başa düşür, hansısa bir problemlər, müşküllər, çətinliklər həyatımızda meydana çıxdıqdan sonra aramlıq və asayiş dövrünün fürsət olduğunu anlayırıq. O şərait ki, insan yaşayır, o, sağlamdır və heç bir xüsusi problemi yoxdur - bu, əslində böyük bir fürsətdir. Təəssüflər olsun ki, biz fürsətləri ya tanımırıq, ya da tanımaqla yanaşı, onlara ki, diqqət etmək lazımdır - lazımi diqqət ayırmırıq. Deməli, fürsətlərlə bağlı mühüm mövzulardan biri budur ki, gərək biz fürsətləri tanıyaq.

Hər fürsəti qənimət bilməli

İnancımızda fürsətlərlə bağlı xüsusi bir konseptual, çox dərin, tam fundamental baxış var. Bir tərəfdən fürsətlər qənimətə bənzədilir. Necə ki, bir insan qənimətin nə olduğunu bilir və qənimətdən istifadəni başa düşür - o cür də fürsətlərə qənimət kimi baxmaq lazımdır. Həzrət Peyğəmbər (s) buyurur: “Kimin üzünə xeyirin bir qapısı açılsa, onu qənimət bilməlidir. Çünki qapının nə vaxt üzünə qapanacağını bilmir”.

Biz üzümüzə açılan xeyir qapılarını qənimət bilməliyik. Misal üçün, birinin ziyarətə getmək fürsəti yaranıb. Bu, onun üçün açılmış bir xeyir qapısıdır, gərək bunu dəyərləndirsin və getsin. Çünki bu xeyir qapısının nə zaman bağlanacağını bilmir. Təəssüflər olsun ki, insanlar çox zaman xeyir deyəndə, ancaq bunu maddi anlamda başa düşürlər. Bəzən bir insanın bizə olan ehtiyacı - üzümüzə açılan xeyir qapısıdır.

Xeyir qapısı - özlüyündə geniş bir anlamdır. Xeyir fürsətinə böyük bir nemət kimi baxmalıyıq. Nemət kimi baxsaq, şükrünü etmiş olarıq, Allahı xatırlayarıq, yanaşmamız dəyişər.

Fürsətlər bir bulud kimi ötüb keçər

Biz deyə bilərik ki, dünya insanının, materialist təfəkkürü ilə yaşayan insanın, bütün proqnozları, hesablamaları maddi çərçivədən o yana çıxmayan insanların da anlayışında uğura çatmağın buna oxşar açarları var. Onlar buna İlahi tofiqat deməyəcəklər, bunu bir şans kimi dəyərləndirəcəklər. Yəni tofiqatın adını şans qoyacaqlar. Amma mahiyyət bundan dəyişmir ki.

Təqva ilə bağlı deyəcəklər ki, insan gərək dürüst, ləyaqətli çalışsın ki, uğur qazansın. Yəni, təqvalılığın adını dürüstlük qoyacaqlar.

Fürsətlərə də dünya insanı çox önəm verir. Amma fürsət dedikdə, ancaq maddi, bu dünya ilə bağlı olan məsələləri nəzərdə tuturlar.

Həzrət Peyğəmbər (s) buyurur: “Fürsəti əldən vermək kədər gətirər”. Bir çox hallarda toplumda olan depressiyalar, qəm-kədər ab-havalarının bünövrəsində həm də bu məsələlər dayanır. İlahi tofiqatları, fürsətləri dəyərləndirməyi bacarmalı, proseslərə təqva üzərində yanaşmalıyıq. Əgər bunu əldən versək, nəticə etibarilə kədərlə qarşılaşmış olarıq.

Həzrət Əli (ə) buyurur: “Fürsət bir bulud kimi ötüb keçər. Belə isə yaxşı fürsətləri qənimət bil”. Fürsət bir bulud kimidir. Yəni insana verilən fürsət həm tez gedə bilər, həm də onun nə vaxt getdiyinin fərqinə vara bilməzsən. Necə ki, bir sıra binalarda cəmi bir neçə saat su verirlər, camaat bu bir neçə saatı fürsət bilir ki, müvafiq çənləri, qabları su ilə doldursun, su olmayacaq müddət üçün su tədarükü görsün - elə də əlimizdə olan hər fürsəti dəyərləndirməyi bacarmalıyıq.

Hər bir işin öz zamanı var

Biz bilməliyik ki, fürsətlər hər zaman bizi gözləmir. Hər bir fürsət bizim təqdiratımızda bəlli bir zamanda, bəlli bir çərçivədə müəyyənləşib. Həzrət Əli (ə) buyurur: “İşlər - öz zamanlarının girovlarıdır”. Mümkündür ki, biz bəzi məsələlərimizi təxirə salaq, sonra o fürsətləri ki, vaxtında etməliydik - onları heç həyata keçirə bilməyək. Misal üçün, yaşlı qohumlar var ki, insan onlara baş çəkməlidir, sileyh-rəhm etməlidir. Amma onlara zamanında baş çəkmiriksə, - sonradan onlar dünyadan köçərlər və artıq heç onları görmək fürsətimiz olmaz.

Birinin oruc qəzalarını tutmaq fürsəti var, sonra ola bilər elə xəstələnsin ki, heç artıq onun bu fürsəti olmasın.

Hər bir fürsətin bəlli bir zaman imkanları var. Uşaq tərbiyəsinin öz zamanı var. Gərək uşaqla uşaq vaxtı ünsiyyət saxlayasan. Ünsiyyət saxlamırsansa, böyüyəndə ünsiyyət saxlayarkən, artıq onda uşaq hər şeyi bildiyini, lazım olarsa özü bu məsələdə daha dəqiq bilgilərə malik olduğunu söyləyə bilər. Çünki uşağın tərbiyəsi öz vaxtında və zamanında olmalıdır.

Fürsət gec tapılandır

Həzrət Əli (ə) buyurur: “Fürsət tez keçən və gec tapılandır”. Fürsət tez keçir, amma gec tapılır. Elə fürsətlər var ki, insan onun yaranmasını aylarla, illərlə gözləyər, amma o fürsət yaranmaz. Amma insan da var ki, həmin fürsətə malikdir, amma onu doğru dəyərləndirə bilmir. Məsələn, astronomiya ilə məşğul olan insanlar xüsusi bir astronomik hadisəni izləyirlər ki, yüz ildən, beş yüz ildən bir baş verən həmin bu hadisəni diqqətdən qaçırmasınlar və onun üzərində müşahidələr aparsınlar.

Həzrət Əmirəlmöminin (ə) buyurur: “Fürsət düşməmiş bir işdə tələsmək, fürsət düşdükdə isə lənglik və ahəstəlik - nadanlığın nişanəsidir”. Fürsəti tanımaq lazımdır. Əgər tanımasaq, fürsətlə bağlı bilgimiz, təvəccömüz olmasa - ya tələsərik, ya da əldən verərik. Sanki adam olar ki, sübh namazını vaxtından bir saat əvvəl qılar ki, daha da yaxşı edib - vaxtından əvvəl qılıb. Halbuki namazın vaxtı hələ daxil olmayıb. Bir də insan olar ki, sübh namazını yubadar, günəş çıxandan sonra qılar. Yəni namaz artıq qəzaya gedib. Bunların hər ikisi - nadanlığın nişanələridir. Fürsəti dəyərləndirən insan odur ki, namazları vaxtında, özü də əvvəl vaxtında qılır.

Tam fürsət yaranmasını gözləmək - şeytanın (lən) vəsvəsələrindəndir

İmam Sadiq (ə) buyurur: “Hər kimin əlinə fürsət düşsə və o, tam fürsəti gözləyərək onu təxirə salarsa, ruzigar həmin fürsəti də ondan alar. Çünki ruzigarın işi - aparmaq və zamanın üslubu isə əldən çıxarmaqdır”.

Bizim hər gün əlimizdə olan fürsətlər var. Elə ən böyük fürsət də - yaşamaq, nəfəs almaq, düşünmək fürsətidir. İnsanda fikirləşmək, düşünmək, təfəkkür etmək prosesi bir anda bitsə, bütün həyatımızın mənası itər, artıq mükəlləf də olmarıq. İxtiyarımızda olan bütün fiziki, mənəvi, maddi məsələlərin hamısı bizim üçün mənasızlaşar. Bu fürsətin qədrini bilməyə dəyməzmi?

Dünyanın xüsusiyyəti budur ki, insanı özünə cəzb edər. İnsan gerçək uğura çatmaq istəyirsə, bu cəzzabiyyətin əsarətindən qurtulmalı və fürsətlərə doğru hərəkətdə olmalıdır. İnsan anlamalıdır ki, hər gün iyirmi dörd saatlıq bir fürsət imkanı var. Düşünməlidir ki, əvəzində heç nəyi almadan Allah Təala onun ixtiyarında iyirmi dörd saatlıq bir imkan qoyub. Burada da müəyyən bir şeyləri həyata keçirməyi bizlərə əmr edibsə, bunu da bizim özümüz üçün edib. Rəbbimiz Özü ilə bağlı bir məsələ yoxdur. Biz həmin iyirmi dörd saatı hesab edək ki, iyirmi üç saatdır və bir saatı özümüzə, öz ruhumuza həsr edək. Bu bir saatda bəzi məsələlərimizə diqqət ayıraq, Rəbbimizlə rabitə, ünsiyyət qurmağa çalışaq. Bu bir saatı fürsət bilək.

Həyatı fürsətə çevirək

Bizlər fürsətləri tanımalı, fürsətlərə agah olmalı və fürsətləri düzgün dəyərləndirməyi bacarmalıyıq. Əgər bunu bacarsaq, gerçək uğura doğru gedə biləcəyik. Günümüzün bütün əsas məsələləri bunlarda xülasələnib. Biz həyatımızın bütün sahələrini İlahi ölçülərlə yaşasaq, tofiqatla ölçsək, mütədəyyinliklə ölçsək, fürsətləri nemət bilməklə ölçsək - həyatımız bizim üçün böyük bir fürsətə çevrilər və onun hər anını, hər ləhzəsini düzgün yaşayarıq. Bunun üçün gərək həyatı nemət bilək. Biz bir şeyi nemət bilsək, onun şükrünü etməyə çalışacağıq. Gerçək şükür isə neməti düzgün istifadə etməkdir. Həyatımızı da nemət olaraq bilsək, onu düzgün yaşamağa çalışacağıq və bu da bizi gerçək uğurlu insan edəcək.

Allahım, bizlərə həyat nemətini dərk edib, onu düzgün yaşamağı nəsib et!

Allahım, həyatımızdakı fürsətləri düzgün dəyərləndirib, gerçək uğura tərəf hərəkətdə olmağımızı nəsib et!

Allahım, bizlərə dünyanın cəzzabiyyətindən amanda qalmağa yardımçı ol! Amin!


3722 dəfə baxılıb
در حال ارسال اطلاعات...