Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Oktyabr 2017

Büdcədən boylanan anti-milli siyasət

Yaxud, 2018- ci ildə bizi nə gözləyir?

Heç kimə sirr deyil ki, Azərbaycanda uzun illərdi büdcəyə təcavüz olunur. Təbii ki, büdcə təcavüzə məruz qaldıqca, korrupsiya, səfalət, qeyri-şəffaflıq doğulur və bu doğuluşlar cəmiyyəti zədələyir. Daha dəhşətlisi budur ki, ölkədə sosial-iqtisadi vəziyyət komaya düşdükcə, hökumətin imitasiya siyasəti də güclənir. Yəni, vəziyyətə adekvat olaraq real addımlar atmaq, büdcədən səmərəli istifadə etmək, lazımsız xərcləri ləğv etmək əvəzinə, büdcəni daha çox dağıtmağın yolları axtarılır. Bugünlərdə məlum oldu ki, növbəti ildə dövlət investisiyaları 6,8 milyard manat proqnozlaşdırılır və bunun 4,9 milyard manatı büdcənin belinə yüklənəcək. Ekspertlərin hesablamaları da göstərdi ki, gələn il dövlət büdcəsinə yığılan hər 100 manatından 38 manatı tikintiyə xərclənəcək. Yəni, gələn il büdəcədən maliyyələşən investisiyalar bu illə müqayisədə 83 faiz çox olacaq. 2018-ci ilin büdcəsinin 9,2 milyard manatı və ya 46 faizə qədəri dövlət neft fondunun transfertlərindən formalaşacaq. Bu da bu illə müqayisədə 3,1 milyard manat və ya 51 faiz çoxdur.

Bəs, icrası sual altında qalan büdcənin dörddə bir hissəsinin tikintiyə sərf olunmasının məqsədi nədir? Niyə, hökumət belə ağır vəziyyətdə büdcənin başına ip salır?

Birincisi, gələn il seçki ilidir və hökumət xalqın qarşısında “böhrandan çıxma əməliyyatı” görüntüsü yaratmaq istəyir. Hər yerdə tikinti-söküntü işləri aparılacaq, rəsmi təbliğat bunu inkişafın yeni mərhələsi, ölkəyə investisiya yatırılması kimi təqdim edəcək.

İkincisi, bu tikintiyə xərclənən milyardlar fonunda seçki təbliğatı aparılacaq. Yəni, xalqın qarşısına “faktlar”la çıxacaqlar. Ərz edəcəklər ki, böhrana rəğmən 2018-ci ilin 9 ayı ərzində xeyli sayda dövlət obyektləri tikilib, dövlətin maliyyə imkanları artıb və böhran arxada qalıb.

Üçüncüsü, bu süni tikinti bumundan yararlanıb, yeni iş yerlərinin açıldığını və açılacağını bildiricəklər. Növbəti dəfə vədlər bolluğunda xalqı aldadıb, işsizliyin kökünün kəsiləcəyi barədə nəğmələr oxuyacaqlar.

Dördüncüsü, büdcənin böyük hissəsinin tikintiyə sərf olunması komanda daxilində sabitliyi qorumaq məqsədi güdür. Çünki, korrupsiya azaldıqca, oğurlamaq imkanları məhdudlaşdıqca komandanı birləşdirən bağlar qopur. Ona görə də komandanın qarşısına “tikinti tortu” qoyub, hamıya dadmaq imkanı yaradırlar.

İlk dəfədir ki, neft fondundan büdcəyə transfertlər 10 milyarda yaxın olacaq. Təxminən büdcənin 52 faizi soyqırıma məhkum ediləcək.

Bir sözlə, ölkənin gələcəyindən oğurlayıb, özlərinin bugününə yapışdıracaqlar. Büdcənin yerdə qalan 48 faizinin əhəmiyyətli hissəsinin neftdən gələn vergilər olduğunu nəzərə alsaq, əminliklə demək olar ki, bu ölkədə iqtisadiyyat yoxdur, yaxud çöküb. Yeri gəlmişkən, gələn ilin cərimə proqnozunu da 140 milyon manatadək artırıblar. Halbuki, bu heç vaxt 50 milyon manatı ötməyib. Deməli, gələn il rəsmən xalqın soyulması ili olacaq və hökumət 2018-ci ili məhz xalqın cibinə girməklə yola vermək istəyəcək.

Bəli, büdcənin bu qədər təcavüzə məruz qoyulması və islahatların yalnız cərimələr üzərində qurulması hakimiyyət kürsüsünü qorumağa, vətəndaşı daha müqavimətsiz vəziyyətə salmağa hesablanıb./azadlıq/


4748 dəfə baxılıb
در حال ارسال اطلاعات...