Şrift ölçüsü:
A+
A
A-
Kr
13 İyul 2017

“İnşallah”ları özlərinə qayıdan insanlar

Bir tanışım var, hər dəfə onunla yaramaz işləri tərk edib düz yola qayıtması barədə danışanda “inşallah”, “Allah qoysa” deməklə söhbəti “fırladıb” sözün altından çıxmağı bacarır. Min dəfə ona demişəm ki, axı bu “inşallah”ların, “Allah qoysa”ların bir vaxtı, zamanı olmalıdır. Elə min dəfə də ona “inşallah”, “Allah qoysa” sözünün mənaları haqda danışmışam. Xeyri yoxdur ki, yoxdur. Amma artıq neçə ildir ki, onun “inşallah”ları, “Allah qoysa”ları onun özünə qayıtmaqdadır.
Bir yazıda bu mətləbə işarə edilmişdi, mənim yadıma indi yazacağım məsələni saldı. Doğrusu çox qlobal problemdir. Siz də gündə bir neçə dəfə belə vəziyyətlərlə qarşılaşırsınız. Problem zamansızlıq, vaxtsızlıq, dəqiqsizlik problemidir. Adam bilmir əslində bu işi nə vaxt görəcək. Amma deyir görəcəyəm. “Görəcəyəm”im vaxtı sabah da ola bilər, biri gün də, bir ay, bir il, on il sonra da. Dəqiq vaxt demir. Amma gələəck zaman şəkilçisi olan “acaq-əcək”in ən yaxın vaxtı elə bir ləhzə sonradır. De buyur, başla.
Yadıma bir hekayə düşdü, icazə verin deyim. Deməli, bir kişi vaqonda yatır, bir yekə kağıza “mən yatıram, zəhmət olmasa məni sabah oyadarsınız” cümləsini yazıb qoyur yanına. Hər dəfə vaqona girən insanlar kağızı oxuyub çıxıb gedirlər. Yəni sabah bu vaqona yolları düşsə gəlib kişini oyatmaq məqsədi güdürlər. Beləcə günlər ötür, hər dəfə bu yazını oxuyan “əşşi, sabah gəlib biri oyadar” deyir. O sabah gələn də yazını oxuyub bu gün yox sabah oyatmaq barədə düşünür. Axı, yatan adam özü bu cür istəyir. Sabah isə o gedir və başqasının gəlib oyatmasını umur. Bu mənasız yerə “inşallah”, “Allah qoysa” deyənlərin (əstəğfirullah, bu sözlər mənalı sözlərdir, sadəcə əməl edilməyən, “başdan sovdu, yanından qovdu” üçün olanda mənasız olar) məsəli eyniylə buna oxşayır.
Amma daha maraqlısı odur ki, bu insanların “inşallah”ları, “Allah qoysa”ları elə özlərinə qayıdır, özü də heç “Allah”, “inşallah” kəlmələrini eşitmədən, “get sabah gəl”, “həll edərik, “yazmışıq, cavab gözlə” şəklində. Burada bir nöqtəyə işarə edib məsələyə qayıdıram. Sizin də qarşınıza bu cür dünya problemlərindən əziyyət çəkənlər, yazıb cavab almayanlar, “get sabah gələrsən”ə mübtəla olanlar çıxarsa, onların özlərinin də bu cür olub-olmadığını maraqlanın. Araşdırsanız görəcəksiniz ki, belələrinin bir çoxunun elə özləri də həmin insanlardan biridir.
Qayıdıram mövzuya. Deməli, tanış illərdir ki, məktub yazır amma düz-əməlli cavab vermirlər ona. Deyirlər “get sabah gələrsən”, “sabah bir də zəng vurarsan”, “yazmışıq, gözlə cavab yazarlar çağırarıq sizi” və başqa bu kimi sözlərlə yazığı yola verirlər. Özü də hey danışır onların əleyhinə. Deyir bunlar elədir-belədir, zalımdır. Üstəlik mənim ona dediyim sözləri bir başqa cür o, həmin insanların ünvanına işlədir. Deyir belə də zülm olar. Axı kişi kimi söz verirsiz, niyə əməl etmirsiz. İndi bilmirsən burada ağlayasan yoxsa güləsən. Deyir ay balam bu “sabah”ların bir dəqiq vaxtı olmalıdır axı. Bu “çağıracağıq”ların dəqiq zamanı olmalıdır axı. Eyniylə mən yazığın sözləridir. Deyirəm Allaha qurban olum, həmd olsun illərdir başa salmaqdan ötrü üzərində əziyyət çəkdiyim, baş sındırdığım, Quran, hədis yoluyla başa salmaq istədiyim bir həqiqəti Allah bir mübtəlaçılıqla necə başa salır öz qafil bəndəsinə. De gəl ki, özlərinə götürməzlər bu sözləri.
Doğrudur, dini ürfdə də, qeyri-dindar mühitdə də vaxtın dəqiq deyilməsi çox mühim olduğu kimi, dəqiq zaman deyilməyəndə də gərək kişini çox “gözüm çıxdı”ya salmayasan. Amma nə etməli, gərək insaflı olub düz-əməlli söz danışasan. Buna ürfdə “sözü ağzında bişir çıxart” deyirlər, dində də “möhkəm söz danış”.
İndi qardaş əziyyət əziyyət çəkir bu mənasız “get sabah gələrsən”lərin ucbatından. Düzdür, sabah çoxdur, təkcə bu günün sabahı yoxdur, sabahın da sabahı var. Amma bu günün sabahı gəlməsə, sabahın sabahı gəlməz. Ən yaxın sabah hansıdırsa gərək həmin sabahda da dediyinə əməl edəsən, yoxsa bu cür bir vəziyyətə düşəcəksən.
Mən öz payıma həyəcan təbili çaldım, sizi xəbərdar etdim. Siz də dost-tanışlarınızı bu cür xəbərdar edin, soruşun onlardan, görün onların da “inşallah”ları, “Allah qoysa”ları varsa, çox təxirə salmasınlar, yoxsa onları da təxirə salanlar tapılar.


3187 dəfə baxılıb
در حال ارسال اطلاعات...