Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Mart 2017

Siyasət hədislərin gözü ilə

Bağışlayan və Mehriban Allahın adı ilə


Dinin siyasətdən ayrı olmasını dəfələrlə eşitmişik. Bu həqiqətən belədirmi?
Siyasət nədir? Əgər siyasət camaata padşahlıq və hökmranlıq edib onların malını, azadlığını və mənəviyyatını hər hansı bir yolla əlindən almaq mənasındadırsa, din belə bir siyasəti məhkum və onunla mübarizə aparmağı əmr edir. Lakin hökümətin ədalət və insaf əsasında qurulması üçün tədbirlər görülsə, belə bir siyasət dini cəmiyyətin zərurətlərindən sayılır.

Bəs siyasi İslam nədir?

Bir meşə təsəvvür edin. Burda bir canavar var və gücü çatdığı istənilən heyvanı istədiyi vaxtı qamarlayıb yeyir. Məsələn, gəlib bir qoyunu balası ilə otlayan yerdə görür. Tutub balasını yeyir. Qoyun səsini çıxarmamalıdır. Uzaqbaşı mələyib deməlidir ki, Allah rəisin canına dəyməsin. Bu qeyri siyasi İslamdır.

Amma bir də görürsən ki, bir qoç çıxır deyir ki, üzr istəyirəm, canavar müəllim! Xeyr ola, balamı niyə yeyirsən? Canavar da əvvəl üz-gözünü turşudur, sonra cavab verir ki, bu bizim meşənin qanunudur! Onda Qoç ikinci sualı soruşur: "Bu qanunu kim qoyub belə?" Canavar müəllim lap narahat olub nərildəyir ki, kim qoyacaq? Mən qoymuşam! Onda Qoç qayıdıb deyir ki, mən də sənin kimi bir Allah bəndəsiyəm. Mənim üçün bu cür qanun qoymaq haqqını sənə kim verib?

Hə! Bax, artıq bu siyasi İslamdır. Bundan sonra bizim bu qəhrəman Qoç başlayır balasını müdafiə etməyə. Hücuma keçən canavarı vurub onu qaçmağa məcbur edir. Hətta mümkündür, bir-iki dişini də qırsın! Siyasi İslam məhz budur. Zülmə qarşı etiraz və haqqın bərpası...

İki rəvayətə diqqət edək:

1-İmam Əli (ələyhissalam) ordusu ilə “Cəməl” müharibəsinə gedərkən Bəsrə şəhəri yaxınlığında “Ziqar” adlanan məntəqədə istirahət üçün dayandı. Abdullah ibni Abbas deyir: O Həzrətin yanına getdim və gördüm ki, ayaqqabılarına yamaq vurur. Məndən soruşdu: Bu nələyn (iki cüt ayaqqabı)nın qiyməti neçə olar? Cavab verdim: Heç bir qiyməti yoxdur və dəyərsiz bir şeydir. Buyurdu: Allaha and olsun ki, əgər haqq və ədaləti yerinə yetirə, həmçinin batil və zülmü aradan apara bilməsəm, bu ayaqqabılar mənim üçün sizə hökümət etməkdən daha da dəyərli və üstündür.
2- Yenə də buyurur: Allaha and olsun ki, Müaviyə siyasətdə məndən üstün deyil. Əksinə o, hiyləgər və xəyanətkardır. Əgər hiylə, bəyənilmiş bir əməl olsaydı, mən hamıdan zirək olardım. Amma hər növ hiylə günah və hər günah isə küfrdür... Beləliklə, dinin hansı siyasəti himayə etməsi aydın olur. Əgər siyasət haqq və ədalət üzrə qurulsa, belə siyasət məhz dinin özüdür. Siyasətsiz din - proqramsız bir din hesab olunur. Belə din, heç vaxt çiçəklənməz və cəmiyyətə xeyir verə bilməz.
İmam Həsən (ələyhissalam) siyasətin nə olduğunu soruşan şəxsə belə cavab buyurur: Siyasət – Allah-təalanın, həmçinin diri və ölü insanların hüquqlarına riayət etməkdir. Allah-təalanın hüququ - Onun istədiklərini yerinə yetirmək və qadağan etdiklərindən çəkinməkdir. Diri insanların hüququ - camaata qarşı olan vəzifələri yerinə yetirmək, cəmiyyətə edəcəyin xidməti əsirgəməməkdir. Hakimin səninlə sədaqət və ixlasla rəftar etdiyi kimi, sənin də həqiqət və ixlasla rəftar etməyindir. Əgər yaxınların və qohumların haqq yoldan uzaqlaşsalar, onları doğru yola hidayət etməkdə yardımçı olmağındır. Ölü insanların hüququ isə - onların yaxşı əməllərini xatırlamaq və pis əməllərini gizlətməkdir.

İslam İnqilabının əzəmətli lideri mərhum seyyid Ruhullah Musəvi siyasəti daha geniş şəkildə üç hissəyə bölür: İlahi siyasət, heyvani siyasət, şeytani siyasət.
İnsanların bütün fərdi və ictimai məsləhətlərini nəzərə alıb onları əsl səadətə yönəldən siyasət ilahi siyasətdir. Peyğəmbərlərin, İmamların və onların davamçıları olan ayıq İslam alimlərinin siyasəti ilahi siyasətdir. Onlar insanların həm bu dünyada, həm də o dünyada səadətə çatması üçün çalışırlar.

Heyvani siyasətdə insanlara zahirdə zülm edilmir, amma insanın yalnız heyvanlıq cəhəti, yəni bu dünyası ilə bağlı səadəti təmin edilir. (Bəzi Avropa ölkələrində iddia olunduğu kimi).

Şeytani siyasət isə fəsad əhlinin siyasətidir. Yəni nəinki insanlar əbədi səadətə yönəldilmir, hətta onların bu dünyasına da zülm edilir. (İmam Xomeyninin çıxışlarının toplusu, 13-cü cild, səh. 433-cü səhifə).

İlahi din və ədalətsevər siyasət, hər ikisi birlikdə cəmiyyətin işlərinə qarışıb, şəriət hökmlərini aydın və aşkar bir xətt üzrə icra edə bilər.

Müttəqilərin Mövlası İmam Əli (ələyhissalam) ədalətli imam və hakimin vəzifəsini belə bəyan buyurur: »Hakimin vəzifəsi, İslamın qanunlarını cəmiyyətə öyrətməkdir.« Yəni, İslamın qəbul etdiyi siyasət, dinin hökmlərini təlim etmək və onları icraya qoymaqdan ibarətdir.

Beləliklə, ədalət və insaf üzrə insanlara hakimlik etmək, dinin əsaslarından sayılır. Deməli, cəmiyyətin siyasi işlərini şəri qaydalara uyğun ədalət və insafla yerinə yetirmək, İslam höküməti adlanır. Əgər belə bir hakimiyyət qurularsa, onun siyasəti - din, dini isə siyasətin özü olacaqdır. İnsanların belə bir hakimiyyətdə yaşaması, onların səadət və xoşbəxtliyini təmin edəcəkdir.
Din ilə elm bir-birindən ayrı olmadığı kimi din ilə siyasət də bir-birindən ayrı bir şey deyil. Dinsiz siyasət, ruhsuz cisimə bənzər.

Əgər din siyasətə qarşı diqqətsiz olsaydı, onda Allah övliyaları bu barədə narahat olmaz və siyasi məsələlər, hakimiyyət, hakimin vəzifəsi, xüsusiyyərləri, əxlaqı və s. mövzular barəsində hakimlərə xəbərdarlıq etməzdilər. Amma görürük ki, İlahi rəhbərlərin (ələyhimussalam) yer üzünə göndərilməsinin əsas səbəblərindən ümdəsi, məhz ədalətli hakimiyyəti bərpa etməkdən ibarətdir. Ədalət, hakimiyyətin zinəti və gözəlliyidir. İslam hakimi ədalətli olmalıdır ki, qəlblərə hakim olsun. Allahın istəyi ilə zamanın İmamı (ələyhissalam) zühur etdikdə ədalətli hökümət bərpa olacaqdır.

Sonda isə Həzrət Əlinin (ələyhissalam) siyasət barəsində olan bəzi hikmətli kəlamlarını “غرر الحكم” (Ğurərul Hikəm) kitabından yada salmaq istərdik:

حُسْنُ السِّيَاسَةِ قَوَامُ الرَّعِيَّةِ


Siyasətin hüsnü (gözəlliyi) - fəqirlərin həyatını sahmana salmaqdadır.


مَنْ حَسُنَتْ سِيَاسَتُهُ وَجَبَتْ طَاعَتُهُ


Hər kəsin siyasəti yaxşı (ədalət üzrə) olsa, ona (hakimə) itaət etmək vacibdir.


مِلَاكُ السِّيَاسَةِ الْعَدْل


Siyasətin meyarı (əsası) ədalətdir.

خَيْرُ السِّيَاسَاتِ الْعَدْلُ


Ən yaxşı və üstün siyasətlər ədalətin icrasına bağlıdır.


مَنِ اتَّخَذَ الْحَقَّ لِجَاماً اتَّخَذَهُ النَّاسُ إِمَاماً


Hər kəs haqq yolunda olsa, camaat onu rəhbər seçəcəkdir.


الْإِنْصَافُ زَيْنُ الْإِمْرَةِ


İnsaf-hakimin zinətidir.


الْعَفْوُ زَيْنُ الْقُدْرَة


Bağışlamaq-qüdrətin zinətidir.


اعْدِلْ تَدُمْ لَكَ الْقُدْرَةُ


Hakimiyyətin davam etsin deyə, millətin dadına yetiş!


5282 dəfə baxılıb
در حال ارسال اطلاعات...