Şrift ölçüsü:
A+
A
A-
Kr
04 İyul 2016

Bundan sonra gələn necə olacaq?

Ölkəmiz sürətlə harasa gedir. O gedən istiqamətə boylananda yaxşı yerə getmədiyi aydın görünür. Hökumət tənəzzülün qazını möhkəm basıb, tərəqqinin əyləci də işləmir. Daha aydın ifadə etsək, gözümüz baxa-baxa ölkəmiz ölümlə əlləşir. Biz xəstəni müalicə etdirə bilməyən, onun can verməsinə sakitcə baxan xəstə yaxınlarına bənzəyirik. O xəstənin ürəyi ağrıyır, şəkəri var, təzyiqi qalxır, zobdur, bədənində çürümə gedir və s.

Ölkəmizin də iqtisadiyyatı ağrayır, səhiyyəsi xəstələnib, təhsilinin təzyiqi qalxıb, hüququnda bədxassəli şiş tapılıb və s.


Biz isə səhlənkarlığın, məsuliyyətsizliyin, biganəliyin qurbanına çevrilən ölkəmizin başı üstündə durub, bundan sonra gələnin necə olacağı haqqında düşünürük. Hesab edirik ki, Azərbaycanı xəstələndirmiş “həkim”ə etiraz etmək əbəsdir. Çünki, bundan sonra müalicəyə başlayacaq həkimin daha savadsız, daha acgöz, daha məsuliyyətsiz olacağına inanırıq. Özümüzü bu çürümüş fikirlərin həbsinə salmışıq.

Amma başımız, dişimiz ağrıyanda və həkim bizə yanlış diaqnoz qoyanda başqa həkimin üstünə qaçırıq, ölkə xaricinə üz tuturuq, diaqnoza əmin olmaq üçün 5 aparatdan keçirik. Niyə öz xətəliyimizə də “bundan sonra gələn daha pis olacaq” məntiqiylə yanaşmırıq? Niyə bizə səhv diaqnoz qoyan həkimə sevgiylə, sayğıyla yanaşmırıq? Niyə yanlış analiz nəticələrinə görə həkimə təşəkkür etmirik? “Mənim pulumu alıb, səhv müalicə etdiyinizə, keyfiyyətsiz dərmanlar yazdığınıza görə sizə təşəkkür edirəm” deyirikmi? Əlbəttə, yox.

Bəs, ölkəmizin taleyinə niyə bu qədər biganəyik? Yüz milyardlarla pulumuzu alıblar və ölkəni “müalicə” edə bilməyiblər. Əksinə, məqsədli şəkildə ölkəni uçuruma sürükləyiblər, vətəndaşın taleyi üzərində korrupsiya əməliyyatı aparıblar, bugünümüzə və sabahımıza yanlış diaqnoz qoyublar.

Həm də məsuliyyətsizliyin qurbanına çevrilən xəstədən fərqli olaraq, məsuliyyətsizliyin qurbanına çevrilən ölkə hamını ölümə sürükləyir. Ölkənin ölümü hamını yoluxduracaq, bu ölümdən hamı payını alacaq.

Bundan sonra gələnin daha pis olacağına görə narahatlıq keçirməyin. Çünki, bundan sonra gələn üçün dağıdılacaq, talan ediləcək heç nə qalmayacaq. Ölkənin xarici borcu mövcud büdcənin ikiqatı qədərdi. Bütün sahələrdə sürətli geriləmə mövcuddur, vətəndaş zəruri ehtiyaclarını ödəməkdən məhrumdu, işsizlik və yoxsullq meydan sulayır və s.

Əmin olun ki, bundan sonrakı mərhələ “hakimiyyətə gələ bilsəydik, talan edərdik” düşüncəsiylə yaşayanlar üçün arzuolunmazdır. Bu hakimiyyət ölkədə elə bir cəhənnəm yaradıb ki, bundan sonra gələn üçün “cənnət guşə” qalmayıb. Bundan sonra hakimiyyətə gələn qüvvə ağa ola bilməyəcək, nökərlik edəcək. Çünki, ağalıq etməyə heç nə qalmayıb.

Ona görə də istifadə müddəti bitmiş fikirlərdən imtina etmək və reallığı anlamaq lazımdır. Sağlam ayağımıza baxıb təsəlli tapmaq əvəzinə, yaralanmış ayağımızı sarımalıyıq. Çünki, yaralanmış ayaq həddindən artıq qan itirdikdən sonra sağlam ayağın hərəkət etməyə gücü çatmayacaq.

Bəli, bundan sonra gələn haqqında yox, bundan sonra həyatımızın necə olacağı haqqında düşünək. Fəlakət “şosse”sində irəliləməyə davam edirik və xilas olmaq üçün avtomobili dayandırmalıyıq. Avtomobili dayandırmalıyıq ki, əyləci təmir edib, düzgün istiqamətdə yolumuza davam edə bilək.

Evimizə oğru girəndə “bundan sonra gələn oğru daha acgöz ola bilər” deyib, kənarda gizlənmədiyimiz kimi, ölkəmizin qarət edilməsinə də biganə qalmamalıyıq.

Əgər biz vətəndaş olmaq qərarı versək, bundan sonra gələn 7 başlı əjdaha da olsa, suyun qarşısını kəsə bilməyəcək.

Ədalətsizliyin, talançılığın bura qədər gəlib çıxması, bundan sonra gələnlər haqqında fərziyələr qurduğumuza görə mümkün olub. Yəni mənasız fikirlərə çox vaxt itirmişik. Nəticədə ölkəni itirmək təhlükəsi ilə üz-üzə qalmışıq.


5868 dəfə baxılıb
در حال ارسال اطلاعات...