Şrift ölçüsü:
A+
A
A-
Kr
17 May 2016

QƏZƏB

Bismilləhir Rahmənir Rahim

Qəzəb və əsəbləşmək nəfsin elə bir keyfiyyətidir ki, intiqam almaq hissi ifrat (həddi aşmaq) dərəcəyə çatır, sanki insanın əsəbləri qara tüstü ilə bürünür. Nəticədə bu tüstü və zülmət - əql nurunu örtüb onu zəiflədir. Buna görə də qəzəblənmiş adama çox vaxt heç bir nəsihət fayda vermir.
Başqa qüvvələrdə olduğu kimi qəzəb qüvvəsinin də ifrat (həddi aşmaq), təfrit (etinasızlıq, üzdən keçmə) və mötədil (orta) həddi vardır:

1-Onun ifratı insanı əqlin, şəriətin və siyasətin sərhəddindən kənara atır. Yəni insan özünü elə təhlükəli işlərə atır ki, onları əql və şəriət caiz bilmir. İspaniyada qızğın öküzlə aparılan oyunlar, yaxud şiddətlə axan dağ çaylarında çimmək və ya üzməyi misal çəkmək olar. Bu halda insan ani olaraq əqldən məhrum olur və belə insanlar pul ya şöhrət xatirinə öz canlarını təhlükəyə atır. Əksər hallarda bu işlər faciə ilə nəticələnir.

2-Təfrit halında isə əksinə, bu qüvvə o qədər zəif olur ki, əqlin, ürfün və şəriətin qaydalarına riayət edəcək qədər həyəcanlanmır. Bu da qorxaqlığa gətirib çıxarır. Bu keyfiyyət insanın hüququnun , hörmətinin, izzəti-nəfsinin tapdalanmasına, təhqir olunmasına, zalımın zülmünün artmasına gətirib çıxarır. Bu isə ürf, əql və şəriət tərəfindən rədd edilən dözülməz bir xislətdir. İnsanın ona zülm edilməsinə razılaşması deyilənə bir misaldır.

3-Bu qüvvənin ifratı və təfriti rəzalət (pis bir sifət, alcaq xasiyyət) olduğu halda onun mötədil həddi və vəziyyəti –şücaətdir. Yəni lazım olan yerdə qəzəblənmək. Məsələn, döyüş meydanında, namusu qorumaq və s. bu kimi şəraitlərdə qəzəblənmək şücaət sayılır.

Qəzəb insan üçün böyük təhlükə yaradan bir haldır və o, bu halda hər cür cinayətə əl ata bilər. Məsumlar (ələyhimussalam) dünyəvi işlər üçün heç zaman əsəbləşməz və qəzəblənməzdilər. Lakin haqq yolunda Öz qəzəblərini saxlamaz və müvəffəq olmayınca sakitləşməzdilər. Bu cür qəzəb tərifə layiqdir və buna da həmin şücaətdir. Әziz Peyğəmbərimiz (salləllahu ələyhi və alihi və səlləm) buyurur: “Sirkə balı xarab etdiyi kimi, qəzəb də imanı xarab edir.” Həmçinin buyurur: “Şücaətli o kəsdir ki, qəzəb halında özünü ələ ala bilsin.”
Həzrət Әli (ələyhissalam) isə belə buyurur: “Qəzəblənmək dəliliyin bir növüdür, çünki onun sahibi sonradan peşiman olur. Əgər peşiman olmursa, onda onun dəliliyi güclüdür.”

Ayətullah ustad Fatiminiya moizələrinin birində belə tövsiyə edir: Xasiyyətiniz yumuşalmasa, incəlməsə, mənəvi aləmdən bir şey əldə edə bilməyəcəksiniz. Özünüzü boş yerə yormayın! Әgər gündə evdə bir neçə dəfə əsəbləşib zəhərə dönürsünüzsə, o biri tərəfdən də irfani kitablar oxuyur, mənəvi bir dərəcəyə çatmaq istəyirsinizsə, alınan şey deyil.
Әllamə Təbatəbai xasiyyətini o yerə qədər incəltmişdi ki, heç vaxt heç kimlə dava etməzdi. Bir gün Qumda yol gedirdik. Bir dəstə uşaq velosipedlə o tərəf bu tərəfə şütüyür və əylənirdilər. Necə oldusa uşaqlardan biri gəldi velosipedlə Әllaməni vurub yıxdı. Biz olsaydıq, nə qədər yaxşı adam olsaq belə qalxıb uşağa bir söz deyər, acıqlanardıq. Amma Әllamə durdu ayağa, əvvəl getdi uşağı qaldırdı, sonra soruşdu ki, sənə bir şey olmayıb, əzilməmisən? Uşaq dedi ki, yaxşıyam. Әlllamə şükür edib uşaqla sağollaşdı və yoluna davam etdi...Bütün hədisləri bir yerə toplasaq, ümümi bir nəticə çıxarmaq olar: Cavanları ən çox ziyana salan şey qəzəbdir. Mənəvi qapıların üzünüzə bağlanmasının birinci səbəbi qəzəbdir. Yəni əsas problemlər onunla əlaqəlidir.
Әhəmdulilləh, görürsən hər şeyi qaydasında - əlində təsbehi, barmağında üzüyü, saqqalı xətli, zahirdə mömin bir cavandır. Çöldə çox ədəbli, mömin görsənir. Amma evə çatan kimi anası ilə kobud danışır. Hələ soruşsan harda idin, qürurla deyir “Kumeyl duası”na getmişdim. Nə Kumeyl? Bəzi adamlar 40 ildir Kumeyl duasına gedirlər amma evdə xanımları ilə düzgün rəftar etməyi öyrənməyiblər. Sən hələ 40 ildir dilini kontrol edə bilməmisən. Nə faydası?...

Sonda isə qəzəbi müalicə etmək, onu yatırmaq və ondan xilas olmaq üçün İslamda bir sıra vasitələri yada salmaq istərdik:
1-İnsan daima Yaradanın hüzurunda durduğunu bütün vücudu ilə dərk etməli, qəzəblənərkən Allah-təalanın onu gördüyünü yadına salıb utanmalı və həmin an istiğfar etməlidir. Quran buyurur: “Məgər o, bilmir ki, Allah onu görür.” (Әləq surəsi, ayə 14).

2-Qəzəblənən şəxs qəzəbin qəbahət, həmçinin ürfdə və şəriətdə pisləndiyini özü üçün xatırlatmalıdır.

3-Qəzəbi yatırmağın şəriətdə tərifləndiyini və savab olduğunu yada salmaq lazımdır. Quran buyurur: “(Muttəqilər) o kəslərdir ki, asayiş və çətinlikdə infaq edər, qəzəblərini udar, camaatı bağışlayarlar. Allah yaxşılıq edənləri sevər.” (Ali İmran surəsi, ayə 134).

4-Qəzəblənən şəxs hər dəfə qəzəbin pis nəticələrini və sonra da ondan peşiman olacağını yadına salsa, öz qəzəbini söndürə bilər. Әziz Peyğəmbərimiz (salləllahu ələyhi və alihi və səlləm) belə buyurur: “Hər kəs qəzəbini udsa, Allah-təala onun batinini iman nuru ilə doldurar.” (Mizanul-hikməh, hədis 15157).

5-Qəzəbli adam düşünməlidir ki, onun bu xasiyyəti Peyğəmbərlərə (ələyhimussalam), İmamlara (ələyhimussalam), övliyalara və alicənab şəxslərə yaraşmayan bir keyfiyyətdir. Bunu ancaq cahil, zalım, dəlisov şəxslərdə müşahidə etmək olar. Odur ki, düşüncəli şəxs özünü bu cür yaramazlar zümrəsinə daxil etməməlidir. Bu mülahizəni özünə təlqin edən şəxs öz qəzəbini söndürə bilər.

6-Qəzəblənən şəxs gərək yadına salsın ki, Allah-təalanın qüdrəti daha böyükdür, Onun qəzəbi daha şiddətli ola bilər. Mümkündür ki, bu iş Allahın qəzəbinə səbəb olsun. Əlbətdə ki, Onun qəzəbindən isə xilas olmaq mahaldır. Bu mülahizə ilə şəxs öz qəzəbini söndürə bilər.

7-İnsan sevdiyi və məhəbbət bəslədiyi şəxsin xoşuna gəlmədiyi bir işi heç vaxt etməz. Qəzəbdən də Allahın xoşu gəlmir. Deməli, Allah-təalaya məhəbbət bəsləyən şəxs gərək Onun xoşuna gəlməyən işləri heç vaxt etməsin.

8-Hədisdə oxuyuruq: “Qəzəblənən şəxs ayaq üstədirsə, gərək əyləşsin. Oturmuşsa, gərək uzansın, yaxud soyuq su ilə dəstəmaz alsın.”

9-Әgər o, yaxınlarına, əzizlərinə qəzəblənibsə, onlara yaxınlaşıb başlarını, yaxud əllərini sığallasın. Bu cür tədbirlər qəzəbin tez sönməsinə səbəb olar.

10-Әgər qəzəblənən şəxs başqalarının qəzəbləndiyi vaxt onların surətinin və hərəkətlərinin necə eybəcər hala düşdüyünü görübsə, razı olmaz ki, özü də qəzəblənib o cür gülünc vəziyyətə düşsün; gözləri hədəqədən çıxsın, ağzı köpüklənsin, rəngi qızarıb əlləri və dodaqları əsə-əsə bağırıb qeyri-insani səslər çıxarsın. Həqiqətən əgər qəzəb halında bir şəxsin bütün fəaliyyətini kino lentinə çəkib, qəzəbi sakitləşəndən sonra lenti ona nümayiş etdirsələr, yəqin ki, o, xəcalət çəkər.

11-Qəzəbin ziddi həlimlikdir. Bu xislət nəfsin möhkəm və dayanıqlı olmasına deyilir. Belə ki, qəzəb onu asanlıqla həyəcanlandırıb hərəkətə gətirə bilmir. Qəzəbi udmaq fəzilətdir, lakin həlimlik qədər deyil. Çünki qəzəbi udmağa o vaxt ehtiyac olur ki, qəzəb artıq həyəcana gəlmiş və insanı sakit haldan çıxarmışdır. Lakin həlim şəxs qəzəb qüvvəsinin bu qədər tüğyan etməsinə yol vermir və qəzəbi udmağa da ehtiyac olmur.

12-Әsəbin sakitləşməsi, həmçinin beyinin, hafizənin güclənməsi üçün hər səhər acqarnına 21 ədəd məviz yemək məsləhət görülür.

İlahi! 14 Məsum xatirinə, qəzəbimizi aramlaşdır, bizi Özünün razı olduğun bəndələrindən qərar ver və aqibətimizi xeyirli et. Amin, ya Rabbəl aləmin.


5886 dəfə baxılıb
در حال ارسال اطلاعات...