Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Yanvar 2016

Baqir Nimrin qorxusu bizim dә qorxumuzdu

Müsəlman dünyası hələ də böyük ölçüdə özünüifadə problemi yaşayır

Gündəmin əsas mövzusu Səudiyyə Ərəbistanında din adamı Ayətullah Baqir Nimrin edamı və ondan sonra İran və Səudiyyə arasında yaranmış gərgin vəziyyətdir. Bilindiyi kimi din adamının edamı müsəlman ölkələrində, eləcə də Avropada etirazlara səbəb olub. Ən kəskin etiraz isə İranda baş verib, iranlılar krallığın Tehrandakı səfirliyi və Məşhəddəki konsulluğuna hücum edərək binaları yandırıblar. Buna cavab olaraq ər-Riyad, ardınca Sudan və Bəhreyn İranla diplomatik əlaqələri kəsdiklərini bəyan etdilər.

Yəni bilindiyi kimi, bu hadisə ilə Yaxın Şərqdə gərgin olan münasibətlər daha da gərgin fazaya daxil oldu. Amma mənim diqqətimi bütün bu olaylar içərisində daha çox edam olunan şəxsin, yəni Ayətullah Baqir Nimrin şəxsiyyəti cəlb etdi. Bu adam Ərəbistan sakinidir, ölkənin şərqində yaşayan köklü ərəb qəbilələrindəndir. Bu bölgə Bəhreyn və Küveyt sərhədlərinə yaxın ərazidir. Səudiyyə krallığı əhalisinin 20 faizini təşkil edən şiələr bu bölgədə yaşayır. Şeyx Baqir Nimr də şiədir. Yəni ənənəvi, ailədən, nəsildən gəlmə Cəfəri məzhəbinə mənsubdur. Baqir Nimrin atası və babası da din adamı, ruhani olub.

Baqir Nimr Suriyada dini təhsil alıb, hətta dini təhsil müəssisəsinə rəhbərlik edib. Daha sonra ölkəsinə qayıdıb, bir din adamının etməli olduğunu edib – ölkəsində dini tədris ocağı yaradıb. Amma həm də ictimai xadim kimi yaşadığı bölgədə insanların etiqad azadlığı, sosial-iqtisadi vəziyyəti, vətəndaş hüquqlarının müdafiə məqsədilə çıxışlar edib, hökuməti sərt tənqid edib. Buna görə dəfələrlə həbs olunub, beynəlxalq insan haqları qurumlarının məlumatına görə, işgəncələrə məruz qalıb.



Baqir Nimr zorakılığa qarşı idi. Yaxın Şərqdә hazırda nadir rast gəlinsə də o, silahlı müqavimətə çağırmırdı. Silahlı hərəkatların rejimlərin işinə yaradığınıdә deyir, ona görə də silahlı deyil, sözlü mübarizəyə, yəni dinc etirazlara çağırırdı. Hətta mənsub olduğu məzhəbin radikal çıxışlar edən müctəhidlərini də tənqid etmişdi.

Ölümündən sonra internetdə Şeyx Nimrin həbsinə və daha sonra edamına səbəb oan çıxışının videoyazısı yayılıb. Mən də dinlədim. Çox məsələlərdən danışır, hakimiyyəti tənqid edir və bu zaman bir söz deyir. Deyir ki, doğulduğumuz gündən bu günə qədər heç zaman özümüzü əmin-amanlıqda hiss etmədik. Hətta Ərəbistanın kəşfiyyat nazirinin bir dəfə onun özünə bunu açıq şəkildə dediyini qeyd edir.

Ayətullah Baqir Nimrin bu sözü əslində Yaxın Şərqin, bütövlükdə müsəlman dünyasının başının üzərindəki lənətdir. Pakistandan Liviyaya qədər milyon kvadrat kilometrlərlə ərazidə insanların həyatlarını zəhər edən, müharibələr, qətllər, edamlar, təcavüzlər, soyğunlar, qaçqınlıq, yetimlik, fəlakətlərin kökündə dayanan ən böyük səbəb budur. Müsəlman dünyasında insanlar – fərqi yoxdur hansı inancın daşıyıcısıdır, hər ölkəyə görə dəyişə bilir – inancları səbəbindən qorxu altında yaşayır, diskriminasiya görür, təzyiq altında qalırlar. Bir gün etiraz etdikdə isə Baqir Nimrin taleyini yaşamağa məhkum edilirlər.

Bu gün müsəlman dünyasının əsas problemi məhz vicdan azadlığı, özünü ifadə, inancını yaşatmaq haqqına sahib olmamasıdır. Ayətullah Nimrin dediyi kimi, müsəlman dünyasında bir çox insanlar qorxu içində yaşayır, həyatlarını qorxu, təqib altına keçirir. Müsəlman dünyasının bu gün yaşadığı problemin ağırlığı, dərinliyi məhz burdadır. Məhz bu vəziyyət bir din adamının həyatına son qoydu, bir neçə dövlət arasında gərginliyə səbəb oldu. Yəni göründüyü qədəri ilə Nimr bu yolda qurban gedən sonuncu insan olmayacaq. Amma sonuncu olması lazımdır. Əks təqdirdə müsəlman dünyası bəlalardan xilas ola bilməyəcək.


5609 dəfə baxılıb
در حال ارسال اطلاعات...