Şrift ölçüsü:
A+
A
A-
Kr
13 İyul 2015

Şeyxin söyləmədikləri

“Bir nömrəli iftar süfrəsi” haqda qeydlər

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Ramazan ayı münasibətilə öz iqamətgahında iftar mərasimi təşkil edib. Əslində bu cümləyə ənənəvi kəlməsi əlavə etmək istədim, çünki Şeyx bu məclisi hər il bir dəfə təşkil edir. Amma məclis ildə bir dəfə və rəsmilər üçün təşkil olunduğu üçün ənənəvi yazmağa ehtiyac duymadım.

Ancaq ilk növbədə bu məclisin müsbət tərəflərini qeyd etmək lazımdır. İldə heç olmasa bir dəfə rəsmilər Şeyxin iqamətgahına toplaşıb iftar süfrəsində iştirak edirlər. Doğrudur, orda olanların deyilənə görə, çoxu oruc tutmur, amma olsun, hər halda bu da bir fürsətdir, insanlar dini dəyərlərlə tanış olur.

Xüsusən də bu iftar mərasimlərində Azərbaycan prezidentinin, ölkədə mövcud olan ənənəvi dini konfessiyaların rəhbərləri - yəhudi icmasının, Bakı və Xəzəryanı Yeparxiyanın rəhbərlərinin iştirakı dini zəmində müharibələrin genişləndiyi, məzhəbi qarşıdurmaların həssas olduğu bu günkü dünyada çox önəmlidir.

Amma hörmətli Şeyxülislam ildə bir dəfə rəsmilər üçün təşkil etdiyi iftar məclisində milli birlik və barışın bərqərar olması üçün daha çox işlər görə bilərdi. İlk növbədə cəmiyyətin müxtəlif təbəqələrindən nümayəndələri dəvət edə bilərdi. Şeyxülislam yalnız xristian və yəhudi din xadimlərini bir araya gətirməklə məsul deyil, o həm də əhalisinin sayı 10 milyona çatan Azərbaycan xalqının dini mərkəzinin rəhbəridir. Yəni Şeyxin iftar süfrəsində prezident və ya xristian, yəhudi din adamları ilə yanaşı sadə insanlar, müxtəlif təbəqələrdən olan şəxslər, ehtiyaclı insanlar iştirak edə bilərdi. O zaman bu, həqiqətən iftar süfrəsi olardı, nəinki indiki kimi, yüksək təbəqə üçün nəzərdə tutulmuş ziyafət görüntüsü yaratmaqla.

Şeyxin təşkil etdiyi iftar süfrəsinə yenə də siyasi müxalifət camiəsindən (hətta formal da olsa - K.R) kimsə dəvət olunmadı. Halbuki, bunun olması cəmiyyət üçün, ölkənin birliyi və maraqları baxımından müsbət addım olardı. Şeyx öz çıxışında siyasi məhbusların əfv olunması, ən azı Ramazan ayı münasibəti ilə əfv sərəncamı verilməsinə və bununla da dinlərin müqəddəs missiyasına uyğun olaraq sülh və əmin-amanlığın bərqərar olunması istiqamətində sözlü də olsa, təşəbbüs edə bilərdi.

Ancaq olmadı. Bəlkə də əslində bunu yazmaqla Şeyxi çətin duruma salır, ondan mümkün olmayan, edə bilməyəcəyi işləri tələb edirəm. Bəlkə də hörmətli Şeyxə “mövzudan kənara” çıxmağa icazə verilmir, kimlərsə ona bu cür məclislərdə mövzu məhdudiyyəti tətbiq edir. Əlbəttə, bu cür iddiaları təsdiq və ya inkar etmək imkanımız yoxdur. Lakin istənilən halda ölkənin formal da olsa dini liderinin edə biləcəyi, etməli olduğu bir çox işlər var və onlardan ən mühümü ölkədə siyasi, sosial gərginliyi yumşaldan addımlara çağırışdır. Hazırda ən aktual mövzunun siyasi və vicdan məhbusları mövzusu olduğunu nəzərə alanda Şeyxdən bunu gözləməyin də normal olduğunu deyə bilərik. Üstəlik artıq 5-ci ildir ki, günahsız olaraq həbsdə saxlanan dindarlar var, saxta ittihamlarla həbs olunan ictimai fəallar var. Onların azad edilməsi, Ramazan əfvinin verilməsi çağırışı edilmədi.

QMİ sədri cəmiyyətin ondan gözləyə biləcəyi (bəlkə də cəmiyyət artıq ondan heç nə gözləmir) sözlərin, aktual problemlərin heç birini qaldırmadı. Yenə də ənənəvi, normativ çıxış, tərif və minnətdarlıq.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri belə Ramazan ayında telekanallarda dini verilişlərin olmadığını irad edərək, insanların bu səbəbdən xarici ölkə televiziyalarına baxdığını bildirdi. Amma Şeyx hətta bu məsələyə də münasibət bildirmədi, çağırış etməyə gərək duymadı. 30 ildən artıqdır Azərbaycan müsəlmanlarının ruhani lideri olan birisi daha çox siyasətçi kimi davranaraq konyunkturaya uyğunlaşmağa çalışdı.

Hər zaman olduğu kimi./musavat/


5478 dəfə baxılıb
در حال ارسال اطلاعات...