Şrift ölçüsü:
A+
A
A-
Kr
28 May 2015

İŞİD qədər təhlükəli məmurlarımız...

Bakıda baş verən bina yanğını ictimai və xəbər gündəmini 180 dərəcə dəyişdi

İndi bunu isbat etməyə gərək yoxdur, iqtidar, müxalifət, müstəqil media və ən mühümü, hazırda ictimai rəyi müəyyən edən sosial şəbəkələr Bakıda yanan bina və onun ardınca gündəmə gələn keyfiyyətsiz üzlükləri, həmçinin məmur özbaşınalıqları, büdcədən oğurlanan milyonlar mövzularına köklənib. Əslində təbiidir, çünki indi hər kəs təhlükəni birbaşa öz evində, gözləri qarşısında, ən nəhayət, insan itkisi ilə açıq şəkildə müşahidə etdi. Yəni dəhşət göz qabağındadır.

Ancaq təxminən 3 ay əvvələ qədər vəziyyət xeyli dərəcədə fərqli idi. Azərbaycan insanı gecəni Yaxın Şərqdə qanlı savaş, dəhşət xəbərləri ilə yol salıb səhəri eyni xəbərlərlə açırdı. İŞİD, Suriya və İraqdakı, eləcə də bütün regiona yayılmış dəhşət çatan radikal, qeyri-nizami silahlı qruplar, mühakiməsiz edamlar, qəddarlıq, zorakılıq, təcavüzlər, baş kəsmələr, diri-diri insan yandırma və sair. Bütün dünya kimi bizim də gündəmimizin əsas mövzusunu bu xəbərlər təşkil edirdi.

Üstəlik, Azərbaycan bir müsəlman ölkəsi olaraq bu dəhşətləri qiyabi də olsa yaşayırdı. Ölkədən Suriyaya savaşa gedənlərin yaratdığı (bəlkə də bilərəkdən yaradılmış - K.R.) qorxu, təhlükənin Azərbaycana da sıçrayacağı ilə bağlı xəbərdarlıq bəyanatları fonunda ictimai rəyin “İŞİD xəbərləri”nə köklənməsi tamamilə təbii idi.

Ancaq ilk olaraq fevralın sonu martın əvvəlində devalvasiyadan sonra gündəm nəzərəçarpacaq dərəcədə dəyişdi. Nəzərlər ölkə daxilinə yönəldi. Bir qədər sonra oliqarxların həbsləri və nəhayət, son olaraq Binəqədidə bina yanğını ilə mənzərə demək olar ki, tamamlandı və ölkə ictimai rəyi bütövlükdə daxildəki hadisələrə kökləndi. İctimai rəyin, medianın sosial şəbəkələrə yansıyan reaksiyasından da göründüyü kimi, cəmiyyət indi ölkə daxilindəki problemlərə köklənib. Yanan bina, bundan sonra gündəmə gələn tezalışan üzlüklər mövzusu cəmiyyət üçün daha təhlükəli məsələyə çevrilib.

Və birdən-birə aydın oldu ki, əslində daha real və ciddi təhlükə heç də Yaxın Şərqdəki İŞİD deyil, təhlükə daha yaxındadır, yəni Azərbaycanın məmurlarıdır. Çünki indi necə deyərlər, təhlükə daha realdır, insanları Bakının mərkəzində, evlərində yandırır. Nəzərə alsaq ki, tezalışan materiallarla üzlənmiş binaların sayı təkcə Bakıda yüzlərlədir, o zaman təhlükənin miqyası da aydın olur. Azərbaycanın bəzi məmurları ölkə vətəndaşları üçün təhlükəlilik baxımından İŞİD-i önləyib. Buna görə də indi hər kəs daxildəki təhlükəni danışır, diqqətini Bakıdakı real təhlükə mənbələrinə yönəldib.

Əlbəttə, ritorik görünsə də, əslində təhlükə heç də tezalışan üzlüklər deyil, bu üzlüklərin hazırlanması, istifadəsi, binalara vurulmasına şərait yaradan, göz yuman məmurlardır. Son olaylar göstərdi ki, Azərbaycan məmurları əsl təhlükənin qaynağıdırlar. Məsuliyyətsiz idarəçilik, rüşvətxorluq, saxta sənədlərin verilməsi, rüşvət əsasında nəzarətin təmin olunmaması son nəticədə gözlərimiz önündə böyük faciənin yaşanmasına səbəb oldu.
Xətai rayonundakı yanan bina məlum materialdan xilas olmaq üçün siqnal oldu. Əlbəttə, yaxşı haldır, binaların üzlüklərini sökürlər, Bakı növbəti üzlük yanğını riskindən qurtulacaq. Amma bəs digər məsələlər? Axı saxta sənədlər yalnız keyfiyyətsiz bina üzlükləri üçün verilməyib. Keyfiyyətsiz, yarıtmaz, korrupsioner məmur əməlləri hər sahədədir. Deməli, narahatlıq üçün həqiqətən də ciddi əsaslar var. Oxşar məmur fəaliyyəti keyfiyyətsiz binalar, körpülər, liftlər və başqa sadalaya bilmədiyim neçə-neçə sahələrə verilib. Təhlükənin miqyası xeyli böyükdür, onun bir ünvanı var. Bu vəziyyət bir gerçəyi bir daha göz önünə gətirir: korrupsiya, rüşvətxorluq İŞİD, əl-Qaidə və bu tip terror təşkilatlarından daha təhlükəlidir. Yarıtmaz məmurlar daha böyük bəlaların səbəbkarıdır. Çünki yuxarıda qeyd olunan, o cümlədən hətta terror, kütləvi cinayətlərin də çox zaman səbəbləri gedib bu amilə dayanır./musavat/


4948 dəfə baxılıb
در حال ارسال اطلاعات...