Şrift ölçüsü:
A+
A
A-
Kr
20 May 2015

Binalara hörülmüş ölüm

Yaxud acgözlüyün, harınlığın, korrupsiyanın yandırdığı vətəndaş

Bu ölkədə xoş xəbər eşitmək müşkülə çevrilib. Hər gün intiharların, haqsız həbslərin, özbaşınalığın, ədalətsizliyin şahidi oluruq. Ötən gün daha ağır bir hadisəyə şahidlik etdik. Bakının mərkəzində 16 mərtəbəli bina yandı və 10-larla insan öldü, ağır bədən xəsarəti aldı. Amma bu adi bir yanğın deyildi. Bu yanğının olacağı ilə bağlı xəbərdarlıq edilmişdi, yazılmışdı, hakimiyyətdən hesabat istənilmişdi. Bəli, aylar öncə yazmışdıq ki, binaların üzlənməsində istifadə olunan bu penoplast material həyat üçün təhlükəlidir.
Çünki, bu material adi günəş şüasından, küçədəki lampanın partlamasından da alışa bilər. Yəni hakimiyyətin gecə-gündüz bəh-bəhlə binalara yapışdırdığı material potensial yanğın mənbəyidir. Amma hakimiyyət üçün bunun qətiyyən önəmi yoxdur. Əsas odur ki, bu materialı ölkəyə gətirənlər, yaxud onu burda istehsal edənlər yaxşı pul qazansınlar, büdcəni talan etsinlər və bizneslərini genişləndirsinlər. Əsas odur ki, ölkə başçısı şəhəri seyrə çıxanda üstü bəzək binalara tamaşa edib zövq alsın.
Bəli, ötən gün baş verən yanğının acgözlüyün, harınlığın, talançılığın, korrupsiyanın od vurduğu yanğın idi. Eyni zamanda susqunluğun, cəsarətsizliyin, biganəliyin yaratdığı mənzərə idi. Birinci dəfə belə bir yanğın Buzovnada baş verdi. Amma heç kimin narahatlığı hiss olunmadı. Ikinci penoplast fəlakəti Xətai rayonunda baş verdi. Yenə də insanlar etiraz səsini ucaltmadı. Indi isə daha böyük miqyaslı yanğın baş verdi və 16 nəfərin ölümü ilə nəticələndi. Biz yavaş-yavaş alışmağımıza tamaşa elədik. Fəlakətlərimizin ciddiliyini dərk etmədik. Bizi yandıranlara qarşı mərhəmət göstərdik. Nəticə isə göz qabağındadır.
Bu qədər xəbərdarlıqlara, ekspert rəylərinə baxmayaraq hakimiyyət vətəndaşı yandırmaq biznesindən imtina etmədi. Xatırlayırsıza, Nobel prospektindəki yanğından sonra bir neçə mütəxəssis rəyi meydana çıxdı və bildirildi ki, bu sintetik materiallardan adətən ÿtikintidə boş qalan, aralıq hissələri doldurmaq, hava keçməməsiÿüçün istifadə edilir. Eyni zamanda ekspertlər bildirdi ki, qonşu ölkələrin təcrübəsinə nəzər salsaq, onlarda bu cür tez alışan, yanmağa meylli məhsulların nəinki binaların üzlüyünə vurulması, hətta açıq ərazilərdə istifadəsi yolverilməz sayılır. Nəticədə məlum oldu ki, Azərbaycan özünün “gülbax” daşları ilə kifayət qədər məşhurdur və binaları bu daşlarla üzləmək daha təhlükəsiz, daha keyfiyyətli ola bilər. Amma bu sintetik üzlüklər ucuz başa gəldiyindən, iri ranqlı məmurlara biznes imkanı yaratdığından, hökumətimiz “uzaqgörən” seçim edib.
Bu ilk yanğın olsaydı, təsadüfi hadisə kimi qiymətləndirmək olardı. Amma bu fəlakət saçan sintetik üzlüklərlə bağlı hakimiyyətə 3 dəfə xəbərdarlıq edilib. Ancaq göygöz Kosalar, Simnar xanlar öz “tilsim”lərindən əl çəkmədilər. Insanları gözləyən fəlakətin qarşısını almağa cəhd etmədilər. Avropa Oyunlarının məşəlini göz bəbəyi kimi qoruyanlar, Avropalı qonaqların xoşuna gəlmək üçün canfəşanlıq edənlər ölkə vətəndaşını oda atmaqdan çəkinmədilər. Necə olur ki, Gül bayramına görə ən baha gülləri sifariş edənlər, ermənipərəst ölkələrə 100 milyonlarla vəsaiti bəxşiş verənlər, sadə vətəndaşın yaşadığı binanın təmir etmək növbəsi gələndə pula qənaət haqqında düşünürlər?
Sonuncu dəfə Azərbaycanda bu qədər adamın ölümünə, xəsarət almasına səbəb olacaq hansı hadisə baş verib? ADNA-da baş verən terror hadisəsində 13 nəfər insan həyatını itirmişdi. Ötən gün Bakıda yanan binada isə 16 nəfər həyatını itirdi, 60-dan artıq insan xəsarət aldı. Bəli, məmur himayəsi ilə yaşadığımız evlərə dırmaşan sintetik üzlüklər terrorçudan daha artıq zərər verdi. Bu yanan binanın sirri də bundadır. Bu yanğını məmur terroru da adlandırmaq olar.
Yəqin çalışacaqlar ki, bu yanğının məsuliyyətini hansısa 10-cu dərəcəli adamın çiyninə yükləsinlər. Amma bu dəfə alınmayacaq. Çünki, biz dəfələrlə “terrorçu”nu, “terror” baş verəcək məkanları göstərmişdik.
Sanki hakimiyyət penoplastı vətəndaş üçün killer tutub. Bu “killer” 10 minlərlə insanı hədəf seçib. Nə qədər ki, zərərsizləşdirilməyib, öldürməyə davam edəcək. Bir sözlə, ölüm 100-lərlə binanı mühasirəyə alıb. Mühasirəni hamılıqla yarmaq lazımdır./azadlıq/


5717 dəfə baxılıb
در حال ارسال اطلاعات...