Şrift ölçüsü:
A+
A
A-
Kr
03 May 2015

XÜMS - (3)

Xümsün fəlsəfəsi

Xümsün bir çox hikmət və fəlsəfəsi vardır. Onlardan bəzilərini qeyd edirik:
1) Şübhəsiz ki, İslam təkcə əxlaqi, fəlsəfi və ya etiqadi bir məktəb kimi zühur etməmişdir. İslam bütün maddi və mənəvi ehtiyaclar nəzərə alınmış ictimai bir din olaraq zühur etdi. Bu məktəb Peyğəmbər (salləllahu ələyhi və əlihi və səlləm) dövründə hökumət qurulan vaxtdan vardı. Hökumətin idarəsi üçün nizamlı və yetərli təminat mənbəsi lazım idi. Bununla da İslami hökumət təşkili sayəsində cəmiyyətin imkansızlarına, əlillərinə, xəstələrinə, himayəsizlərinə və yetimlərinə kömək edib iqtisadi boşluğu doldurmaq olardı. Allah-təala zəkat ayəsini nazil etməklə sonsuz rəhmət və yardım əlini Peyğəmbərə (salləllahu ələyhi və əlihi və səlləm) uzatdı. O, zəkatı vacib etməklə bu çatışmazlıq və nöqsanı aradan qaldırdı. Zəkat bütün İslam cəmiyyətinə məxsus olan büdcələrdəndir. Zəkat Bəni-Haşimə (seyyidlərə) yox, qeyd olunanlara çatır. Lakin hökumət başçısı olaraq İmamın da təmin olunası xərcləri vardır. İslam quruluşunun inkişafı və cəmiyyətin idarəsi üçün ona böyük büdcə lazımdır. Bu məqsədlə də xüms vermək vacib olmuşdur. Xüms rəvayətlərdə İslam hökumətinin vergisi kimi qeyd olunub.
2) Allah-təala İslam Peyğəmbərinin (salləllahu ələyhi və əlihi və səlləm) izzət və kəramətini qoruyaraq Bəni-Haşim və onun yaxınlarından olan fəqirlərin təmin olunması üçün xümsü vacib etdi. Allah onların payını Özü və Peyğəmbərin (salləllahu ələyhi və əlihi və səlləm) payına yaxın bildi. Bununla da onların təhqir olunması üçün yaranmış şərait aradan götürüldü. Bəzi şəxslərin fəqirlərə zəkat verərkən özlərini üstün, qarşı tərəfi isə alçalmış hiss etmələri mümkündür. Hansı ki, xüms adlanan verginin ödənməsində məsələ isə tam əksinədir. Burada xümsü alan şəxs üstün hesab olunur.
3) Xüms elə bir büdcədir ki, İmam (ələyhissəlam) nəzərdə tutduğu xeyir işləri bu büdcə vasitəsi ilə nəzərdən keçirir və onu lazım bildiyi istiqamətlərdə sərf edir. Ayədə deyilən “Allaha məxsus olan (xüms)”, əslində Peyğəmbər üçündür. Peyğəmbər (salləllahu ələyhi və əlihi və səlləm) də onu istədiyi yerlərdə sərf edir.
4) Xüms - insanın kamilliyi və inkişafı üçün vasitədir. Hər bir şəxs vəzifələrini yerinə yetirməklə kamillik mərhələlərini keçir. İnsan Allaha yaxınlıq məqsədi ilə və dünyaya arxa çevirməklə vəzifəsini yerinə yetirir, günahlarını təmizləyir və kamilliyə doğru hərəkət edir.
5) Bu məktəbin əsas hədəfi olan İlahi dinin dirçəlişi və İslam hökumətinin qurulması üçün zəkat büdcəsindən əlavə müstəqil bir büdcə lazımdır. İlahi ədalət hökumətinin qurulmasına doğru olan bir inqilabın xərclərinin təmin olunması üçün xüms, çox böyük sərvətdir.
Həmin məktubda yenə də İmam Rza (ələyhissəlam) belə buyurur: “Xüms bizim Allahın dininə yardımımızdır.”
Əlbətdə ki, xümsün bizim bilmədiyimiz bir çox səbəb və hikmətləri də ola bilər.

Bir şübhəyə cavab

Bəziləri belə düşünə bilər ki, xümsün bir hissəsinin seyyidlərə ayrılması bir növ ayrı seçkilikdir. Cavab olaraq deməliyik ki, uyğun hissə yalnız ehtiyaclı seyyidlərə xərclənir. Bundan əlavə onlara yalnız bir illik ehtiyacı verilə bilər. Demək, həmin hissədən yalnız iqtisadi çətinliyə düşmüş yoxsul, yetim uşaqlar faydalana bilir. Bundan əlavə, seyyid olmayan ehtiyaclılar öz ehtiyacını zəkatdan ödəyə bilər. Unutmamalıyıq ki, yoxsul seyyidlərin zəkatdan istifadə etmək hüququ yoxdur. Zəkat, cəmiyyətin ümumi büdcəsi sayılır. Belə görünə bilərdi ki, seyyidlərin zəkatdan məhrum edilməsi də onlara qarşı ayrı seçkilikdir. Amma İslam qanunlarında bütün təbəqələr nəzərdə tutulmuşdur. Seyyidlər xümsdən, seyyid olmayanlar zəkatdan pay alır. Seyyidlərin zəkatdan məhrum edilməsinin səbəbi ayrıseçkilik yox, bir imtiyazdır. Seyyidlər müəyyən məsləhətlər əsasında ümumi büdcədən istifadə edə bilməzlər.

İki mühüm nöqtə

İki mühüm nöqtəni xatırlamaq istərdik:
1)Təəssüflər olsun ki, bəzilərinə xüms məsələsini deyərkən özlərini ya kənara şəkir, ya da müxtəlif bəhanələr gətirərək Allahın vacib buyurduğu bu hökmə etinasız yanaşırlar. Səbəbi də çox aydındı, çünki ortada “PUL” var.
Bəhanə: “Əgər xüms versəm, onda pulum azalar və çətin vəziyyətə düşərəm.”
Cavab: “İndiyə kimi xümsü ödəyən heç biri çətinliyə düşməmiş və müflis olmamışdır. Bağbanlar ilin müəyyən fəslində ağacların budaqlarını kəsirlər ki, həmin ağaclar yaxşı bar verib, bollu-bərəkətli olsun. Allaha iman gətirənlər də hər il xümsü ödəməklə var-dövləti çoxalmış və bərəkətli olmuşdur.
Bəhanə: “Allah məsləhət bilsəydi, mənə pul yetirdiyi kimi kasıba da yetirərdi. Deməli, məsləhət bilmir.”
Cavab: Bəli, Allahın hər şeyə qüdrəti çatır. Lakin O, sənin kamilliyə və Cənnətə yetişməyin üçün səni imtahan edir. Quran-Kərim buyurur:

وَإِذَا قِيلَ لَهُمْ أَنفِقُوا مِمَّا رَزَقَكُمْ اللَّهُ قَالَ الَّذِينَ كَفَرُوا لِلَّذِينَ آمَنُوا أَنُطْعِمُ مَن لَّوْ يَشَاء اللَّهُ أَطْعَمَهُ إِنْ أَنتُمْ إِلَّا فِي ضَلَالٍ مُّبِينٍ


«Onlara – “Allahın sizə ruzi olaraq verdiyindən sərf edin!” - deyildikdə, kafirlər iman gətirənlərə – “Allahın istədiyi təqdirdə yedirə biləcəyi kəsəmi yemək verək?” – cavab verərlər. (Allah onun ac qalmağını istəmişdir!) (Bilin ki,) Siz yalnız açıq-aşkar azğınlıq içindəsiniz.» (Yasin surəsi, ayə 47)
2) İkinci mühüm nöqtə budur ki, xümsü ödəmək istəyən şəxslərə vacibdir ki, müəyyən olunmuş bir günü xüms ili təyin etsinlər. Lakin xüms ilinin təyini insanın öz ixtiyarında deyil və ürəi istədiyi gün xüms ilini təyin edə bilməz. Yəni ilk dəfə işləməyə başladığı tarixi, yaxud ilk dəfə ələ gələn gəlirin tarixi “xüms ilinin əvvəli” təyin еdilməlidir. Belə ki, əgər bir şəxs indiyə kimi xüms verməyibsə və ilk dəfə işləməyə başladığı tarixini, yaxud ilk dəfə ələ gələn gəlirin tarixini “xüms ilinin əvvəli” təyin еtməyibsə, onda o, keçmiş xümsləri hesablamaq üçün təqlid etdiyi müctehidə, yaxud onun səlahiyyətli nümayəndəsinə müraciət etməli və keçmiş xümsləri həll etdikdən sonra həmin günü özünün “xüms ilinin əvvəli” təyin etməlidir.


5932 dəfə baxılıb
در حال ارسال اطلاعات...