Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Aprel 2015

“Lazım”ı gözləyənlərin “böhran” axtarışı

23 ildir ki, “Lazım”ı gözləyirlər. Amma bu arxayın “lazım” gəlib çıxmır ki, Qarabağ problemi həll olunsun
Yaxud Siyavuş Novruzovun yalanları da devalvasiyaya məruz qalıb

Çox maraqlı ölkədə yaşayırıq. Hakimiyyət uzun illərdi yalanlardan o qədər “xonça”lar düzəldib ki, adamlar bu “xonça”lara arzularını, gələcəklərini həvəslə yığıblar. Biz yalanın tünd ağ formasını YAP hakimiyyətinin “repertuar”ında gördük. Hitlerin təbliğat naziri Göbbels deyirdi: “Yalanı o qədər ağ danışmaq lazımdır ki, insanlar düşünsünlər ki, daha bu boyda yalan olmaz”. Yəni adamlar danışılanların həqiqət olduğuna inanmağa məcbur qalmalıdılar. Indi YAP hakimiyyəti Göbbelsin tapşırığını 5-ə layiq yerinə yetirirlər. Bəlkə də bunlara “5" yazmaq da ədalətsizlikdir. Çünki, bunlar yalandan ”naxış"lar hörməyə başlayıblar.
Neftin qiymətdən düşməsi onsuz da ağır vəziyyətdə olan ölkə vətəndaşını uçuruma yuvarladı. Bazarda qiymətlər qalxdı, banklarda əmanətlər batdı, iş yerlərində ixtisarlar başladı və s. Hətta ölkə başçısı da etiraf etdi ki, valyuta ehtiyatları azalacaq, israfçılığa yol vermək olmaz, vəsaitlərin qədrini bilmək lazımdır və s. Indi isə manatın ikinci devalvasiyası, məhsulların qiymətinin növbəti artımı gözlənilir.
Belə bir vaxtda yapçı deputat Siyavuş Novruzov yenə də “rəngli yalan”lara könül açıb. Millətimizin vəkili deyib ki, Azərbaycanda sosial-iqtisadi böhran görünmür, heç bir geriləmə müşahidə olunmayıb, inkişaf davam edir və narahatlığa əsas yoxdur. Bu adam dünyanın ən optimist yalançıları siyahısında rekord təzələməyə qadirdi.
23 ildir ki, “Lazım”ı gözləyirlər. Amma bu arxayın “lazım” gəlib çıxmır ki, Qarabağ problemi həll olunsun. Görünür, çəkilən yollar, tikilən körpülər “lazım”ın marşrutuna uyğun deyil. Hətta ölkə başçısının 245 milyonluq təyyarəsi də “lazım” qardaşı hadisə yerinə çatdırmaqda acızdir. Belə bir problemlə boğuşduğumuz vaxtda Siyavuş Novruzov “böhran” axtarışına çıxıb. Necə deyərlər, “lazımı” axtarırdıq, “böhran”ı da itirdik. Amma “böhran”ı tapmaq, “lazım” qədər çətin olmayacaq.
Yaxşı olar ki, yapçı deputat qul bazarlarına baş çəksin, Torpaq Komitəsinin 2 aydır maaş almayan işçilərinin etirazı ilə tanış olsun. Yaxud məhkəmələrin qarşısından keçəndə əsas problemin nədən ibarət olduğunu araşdırsın. Bugün məhkəmələrdə 20 prosesdən 7-si bank-müştəri dartışmasıdır. Adamlar kredit borcunu ödəyə bilmir. Təhsil haqqını ödəyə bilməyən minlərlə tələbə Universitetlərdən xaric olunur, Bütün mağazalarda “nisyə dəftər”ləri fəaliyyət göstərir və çörək borcu aparıcı yer tutur. Bütün dövlət strukturlarında ixtisarlar gedir, sosial vəziyyətin ağırlığına görə intiharlar sürətlə artır. Sahibkarlar obyektlərini icarəyə verib, canlarını qurtarmaq istəyirlər. Bütün bunlar böhran göstəricisi deyilmi? Axı Siyavuş Novruzov özü demişdi ki, bu ölkədə kredit borcunu ödəmək üçün ya narkotika, ya silah, ya da insan alveri ilə məşğul olmalısan. Sosial vəziyyətin ağırlığına görə cinayətkara çevrilmək böhran deyilmi?
Müəllimin, həkimin, təqaüdçünün dilənçiyə çevrilməsi, Qarabağ qazisinin dolana bilmədiyi üçün intihar etməsi inkişafın göstəricisidir? 13500 şəhid ailəsinin sığorta haqqını verməyib, erməni idmançılara külli miqdarda pul xərcləmək də böhrandır. Vətəndaşı nimdaş köynəkdə gəzməyə məhkum edib, əcnəbi futbolçuların köynəyinə 70 milyon xərcləmək də böhrandı. Bu hakimiyyət hər gün yeni böhranlara imza atır.
Yaxşı olar ki, Siyavuş Novruz böhran deyəndə özünün və məmurların yaşayış səviyyəsini deyil, yaşaya bilməyən milyonları nəzərdə tutsun.
Bir daha təkrar edirik ki, yapçı deputata böhranı tapmaqda kömək edə bilərik. Birdə ki, yalanı ağ danışmaq kifayət edir. Ağın tünd çalarını axtarmağa ehtiyac yoxdur. Çünki, manat kimi yalanı da devalvasiyaya məruz qoymusunuz./azadlıq/



5857 dəfə baxılıb
در حال ارسال اطلاعات...