Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Aprel 2015

XÜMS - (2)

Xümsü ödəməyən yetimin malını yeyir
Yetimin malını yemək ona görə pis sayılır ki, onun özünü müdafiə etmək gücü yoxdur. O özünü güclü bir şəxsin caynağından qurtarmaqda acizdir. İmamlar (ələyhissəlam) hakimiyyətdən uzaqlaşdırıldığı üçün xalqın malındın xüms ayıra bilməmişlər. Bu sahədə onlar bir növ yetim sayılmışlar.
Əbu Bəsir İmam Baqirdən (ələyhissəlam) soruşur: “Bəndəni oda salan ən asan iş nədir?” İmam (ələyhissəlam) buyurur: “Yetimin malından bir dirhəm yemək. “Yetim deyilən bizlərik.” (Mən lə yəhzuruhul fəqih, c. 2, səh. 41.)

Xümsü ödəməyənin malı puça çıxar
Rəvayətlərə əsasən xüms ödəmək nəinki malı əskiltmir, hətta onu artırır. Xüms ödəməmək isə malı puça çıxardır, var-dövləti azaldır. İmam Sadiq (ələyhissəlam) buyurur: “Hər kəs bir dirhəm xümsü sahibinə verməsə, iki dirhəm artıq xərcləyəcək. Hər kəs malında başqasına məxsus olanı qaytarmasa, Allah Qiyamət günü həmin malı alovdan ilan şəklində onun boynundan asacaq.” (Vəsailuş-şiə, c. 6, səh. 378.)
Digər bir rəvayətdə isə belə buyurur: “Allahın haqqını ödəməyən kəs batil yolda iki qat artığını sərf edər.” (Vəsailuş-şiə, c. 6, səh. 378.)

Xümsü ödəməyən əhdi pozur
Dini qəbul etmək dedikdə, onun əmrlərini yerinə yetirmək nəzərdə tutulur. Hər kəs dini qəbul etdikdən sonra onun göstərişlərinə, yəni əhdinə vəfa qılmasa, vəfasızlıq göstərmişdir. Xüms ödəmək vacib əmrlərdəndir. İslamı qəbul edən hər bir müsəlman xüms ödəməlidir. Əgər ödəməsə, əhdinə vəfa qılmamışdır. Bu səbəbdən İmam Sadiq (ələyhissəlam) «Vay olsun əskik satanlara!» (Mutəffifin surəsi, ayə 1.) ayəsini təfsir edərkən buyurur: “Yəni, ey Məhəmməd, sənin xümsünü kəsənlərə vay olsun!” (Biharul-ənvar, c. 96, səh. 189.)

Xüms ödəməyin təsirləri
Xüms ödəməyin zərərləri ilə tanış olduq. Bəs xüms ödəməyin hansı bərəkətləri var?
1-Övladın paklığı :
Bildiyimiz kimi, qidalanmanın insan sağlamlığına və ruhuna böyük təsiri var. Təmiz və halal ruzi sağlam düşüncə və sağlam əmələ səbəb olur. Haram qidalardan şeytani düşüncələr, şeytani əməllər qaynaqlanır.
İnsanın əsil sərvəti onun övladıdır. Əgər övlad pak doğularsa, onun müsbət yöndə inkişafı üçün şərait yaranar. Pak doğulmamış övlad fitnə-fəsad mənbəyidir. Əslində, insan heç bir mülk sahibi deyil və ona əmanət verilənlər Allaha məxsusdur. Amma Allah mehribanlıq göstərərək verdiyi malın beşdə birini onun yolunda sərf eləməyi tapşırır. Qalan hissədən isə insanlar öz istədikləri kimi istifadə edə bilər. Şübhəsiz ki, xüms ödəməkdən boyun qaçırsalar, həm günaha yol verib Allaha itaətsizlik göstərmiş olur, həm də malları haram olduğundan bu haram, övladlarının necəliyinə təsir göstərir. Amma xüms ödəsələr, qidaları halal olduğundan övladlar da pak olur.
İmam Sadiq (ələyhissəlam) buyurur: “Hər kəs qəlbində bizə dostluq duysa, Allaha birinci nemətlərə görə sitayiş etsin. “Birinci nemətlər” nədir, deyə soruşduqda İmam (ələyhissəlam) buyurdu: “Pak doğuş.” Sonra əlavə etdi: “Əmirəl-möminin (ələyhissəlam) Həzrət Fatiməyə (ələyhəssəlam) buyurdu: Payına düşəni bizim tərəfdarlarımızın atalarına bağışla ki, onlar pak olsun.” ( Camiul-əhadis, c. 8, səh. 597.)
Başqa bir hədisdə yenə də 6-cı İmam (ələyhissəlam) buyurur: “İnsanlar üçün Qiyamət günü ən böyük çətinlik odur ki, haqqı tapdananlar qalxıb desin: “Pərvərdigara, bizim xümsümüzü borclulardan al. Biz xümsü möminlər üçün pak etdik ki, doğuşları pak, övladları halal olsun.” (Vafi, c. 6, səh. 276.)

2-Var-dövlətin paklığı:
Xümsü zəruri edən vasitələrdən biri də var-dövlətin paklanmasıdır. İmam Sadiqdən (ələyhissəlam) soruşurlar: “Bir şəxs halal və haramdan mal qazanıbsa, tövbə etmək istədikdə onu necə ayırmalıdır? İmam (ələyhissəlam) buyurur: “Malının xümsünü verib, onu pak etsin. Allah-təala var-dövləti xümsü ödənməklə paka çıxarır.” (Əl-Məqnə, səh. 283)
Gördüyünüz kimi, İmam Sadiq (ələyhissəlam) xümsü malın paklanma səbəbi sayır.
Qurani-Məciddə xüms ödənməsi malın təmizlənmə amili sayılır: 

خُذْ مِنْ أَمْوَالِهِمْ صَدَقَةً تُطَهِّرُهُمْ وَتُزَكِّيهِم

«Onların malından sədəqə al ki, bununla onları təmizləyir və paklaşdırırsan. » (Tövbə, ayə 103)
Bu ayədə xümsün, malı paklaması səbəbi aydın şəkildə bəyan olunmuşdur.

3-Ruzinin artması:
İnsanın ruzisi, var-dövləti təkcə çalışmaq, elm və bilik yolu ilə əldə olunmur. Mal-mülkün artması üçün başqa səbəblər də var.
İmam Rza (ələyhissəlam) buyurur: “Xüms ödəməyiniz sizin ruzi açarınız və günahlarınızın yuyulma səbəbidir. Xüms verməklə möhtac olacağınız gün üçün ehtiyat toplayırsınız.” (Vəsail, c. 6, səh. 375)

4-Günahların yuyulması:
Məlumdur ki, Məsumlardan (ələyhimussəlam) başqa bütün insanların günahı var. Allah-təala mərhəmət edərək insanlar üçün paklanma yolları müəyyənləşdirmişdir. Bu yolları tanıyıb uyğun istiqamətdə addım atan insan Allahın rəhmətindən bəhrələnir. Allahın uyğun göstərişlərinə əməl edən insan pak cisim və şad ruhla Allahla görüşəsidir.
İmam Rza (ələyhissəlam) buyurur: “Xüms verməyiniz günahlarınızın yuyulmasına səbəb olar.” (Vəsail, c. 6, səh. 375)

5-Dinin yayılmasında şəriklik:
Bildiyimiz kimi, bütün işlərin həyata keçməsi üçün maddi dəstəyə ehtiyac var. Bu olmadan hansısa işi gerçəkləşdirmək çox çətindir. Müqəddəs İslam dini ümumbəşəri bir dindir. Demək, İslamın dünyaya yayılması üçün maddi dəstəyə ehtiyac var. İslamın ümumbəşəri məqsədlərini həyata keçirmək üçün bu dəstək zəruridir. Qurani-Kərimin bir çox ayələrində bildirilir ki, İslam dinini təbliğ edib yaymaq Həzrət Məhəmmədin (salləllahu ələyhi və əlihi və səlləm) öhdəsinə düşmüş bir vəzifədir. Rəsuli-Əkrəm (salləllahu ələyhi və əlihi və səlləm) İlahi vəhy əsasında pak İmamları (ələyhissəlam) özünə canişin seçir. Onun (salləllahu ələyhi və əlihi və səlləm) və Məsum İmamların (ələyhissəlam) dini yetərincə təbliğ edə bilməsi üçün Allah-təala xümsü maddi dəstək qərar vermişdir. Demək, xüms ödəyən insan dinin təbliğinə kömək etməklə onun yayılmasına şərik olur.
Tarixdə oxuyuruq: İmam Rzanın (ələyhissəlam) yaxınlarından sayılan İran tacirlərindən biri Həzrətə (ələyhissəlam) məktub yazdı və ödəyəcəyi xümsün ona bağışlanmasını xahiş etdi.
Həzrət (ələyhissəlam) bu şəxsin cavabında buyurdu: “Rəhman və Rəhim Allahın adı ilə. Həqiqətən, Allah Vüsət verən və Kərimdir. Yaxşı əməllərin əvəzində savab, pis əməllərin əvəzində əzab verir. Allahın halal etmədiyi mal halal olmaz. Xüms dinə, əhli-əyala və xidmətçilərimizə köməkdir. Biz abır-həyamızı qorumaq üçün ondan bağışlayır, xərcləyirik. Bizə xümsü əsirgəməyin və özünüzü bizim dualarımızdan məhrum qoymayın! Qüdrət tapmağımıza səbəb olan şeyi (xümsü) malınızdan ayırmaqla ruziniz üçün açar əldə edir, günahlarınızı yuyur, möhtac olacağınız gün (Qiyamət günü) üçün azuqə yığırsınız. Müsəlman Allahla bağladığı əhdə vəfa qılır. Müsəlman o şəxs deyil ki, dili ilə cavab verib qəlbində müxalif olsun.” (Əl-məqnə, səh. 284)
Bəli, xüms Məsumlar (ələyhimussəlam) üçün maddi dəstəkdir, onlar xüms vasitəsi ilə dini yayır. Əgər bu işə şərik olsaq, onun mənəvi savabından da bəhrələnərik.


6240 dəfə baxılıb
در حال ارسال اطلاعات...