Bismilləhir-Rahmənir-Rahim
Dnimizdə namaz və oruc kimi vacib olan əməllərdən biri də xümsdür (əslində xums).
Bu kəlmə “beşdə bir” mənasını verir. Yəni insanın müxtəlif yollarla əldə etdiyi qazancın ilin ehtiyaclarından artıq qalan hissəsinin beşdə birini müəyyənləşmiş ünvanlara ayırması nəzərdə tutulur.
Xüms – İslam dinində mühüm maliyyə vacibatlarından sayılır. Quran xümsün əhəmiyyətini bəyan edərkən onu imanla əlaqələndirmişdir:
وَاعْلَمُواْ أَنَّمَا غَنِمْتُم مِّن شَيْءٍ فَأَنَّ لِلّهِ خُمُسَهُ وَلِلرَّسُولِ وَلِذِي الْقُرْبَى وَالْيَتَامَى وَالْمَسَاكِينِ وَابْنِ السَّبِيلِ إِن كُنتُمْ آمَنتُمْ بِاللّهِ وَمَا أَنزَلْنَا عَلَى عَبْدِنَا يَوْمَ الْفُرْقَانِ يَوْمَ الْتَقَى الْجَمْعَانِ وَاللّهُ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ
«Bilin ki, (kafirlərlə döyüşdən və ya hər hansı bir qazanc vasitəsilə ilə) əşya və mallardan əldə etsəniz, qənimətin xümsü (beşdə biri) Allahın, Onun Peyğəmbərinin, Peyğəmbərin qohumlarının (İmamların), yetimlərin, yoxsulların və yolda (İslam və müsəlmanlar üçün lazım olan hər bir dini və dünyəvi hədəf yolunda) qalanlarındır. Əgər Allaha və (haqqın batildən) ayrılıq günü - o iki dəstənin (müsəlmanlarla müşriklərin Bədr müharibəsində) toqquşduğu gün Öz bəndəmizə nazil etdiyimizə iman gətirmisinizsə, (xümsü ödəyin). Allah hər şeyə qadirdir.» (Ənfal surəsi, ayə 41)
Ayədən göründüyü kimi xümsün vacib olması və onun ümumi istifadə yerləri aydın şəkildə bəyan olunmuşdur.
Xüms ayəsi risalət dövründə nazil oldu. Əziz Peyğəmbər (salləllahu ələyhi və əlihi və səlləm) bu qanunu icraya saldı. O Həzrət döyüş qənimətlərinin xümsünü yığırdı. İş və ticarət gəlirinin xümsü zərurət olaraq məsləhət əsasında İmamların (ələyhimussəlam) dövrünə kimi təxirə salındı.
Xüms (Allaha) yaxınlıq məqsədi ilə verilməlidir. Bütün İslam məzhəbləri (şiə və sünni) xümsün zərurilik prinsipində yekdildirlər. İxtilaf yalnız xümsün hansı hallarda vacib olması və nəyə sərf olunması məsələsindədir. Sünnə əhlinin əksər hissəsi xümsün yalnız döyüş qənimətləri və xəzinəyə vacib olduğuna inanırlar. (Müraciət üçün: Muğniyə, Məhəmməd Cavad, “Əl fiqhul-ələl-məzahibil-xəmsə”, səh.186; Xoyi, Seyid Əbül Qasim, “Mustənədul-ürvətil-vüsqa”, kitabul-xüms, səh.197.) Şiə fəqihləri isə xümsün yeddi şeyə vacib olduğunu qəbul edirlər. "Qənimət” sözü lüğətdə geniş məna daşıyır. İnsanın əldə etdiyi hər bir fayda və qazanc qənimət adlanır.
Əli ibn Məhziyarın səhihi kimi tanınmış mötəbər bir rəvayətdə İmam Cavad (ələyhissəlam) ayədəki qənimət sözünü geniş mənalandırmışdı. İmam bu sözü əldə olunan qazanc kimi təfsir etmişdir.
İslam dinində Həzrət Peyğəmbərin (salləllahu ələyhi və əlihi və səlləm) dövründən başlayaraq məhrumlara, ehtiyaclılara, kimsəsizlərə, xəstələrə və əlillərə xüsusi diqqət göstərilmişdir.
Cəmiyyətdə yoxsulların mövcudluğunun əsas səbəblərindən biri varlıların dini haqları ödəməməsidir. Əgər varlılar Allahın təyin etdiyi haqları ödəsələr, əlbətdə ki, cəmiyyətdə yoxsul qalmaz.
Həzrət Əli (ələyhissəlam) buyurur: “Yalnız varlı əlinə yığdığından yoxsul ac qaldı.” (Nəhcul-bəlağə, hikmətlər bölməsi, hikmət 328)
İslam dininin əsas məqsədlərindən biri sosial təbəqələr arasındakı ədalətsiz fərqləri aradan qaldırmaqdır. Bu məqsədə çatmaq üçün dinimizin xüsusi və geniş proqramları var. Bu proqramlara əməl edilərsə, xoşbəxt bir cəmiyyət qurular. Ədalətsizlik, insafsızlıq, bahaçıllıq, əskik satmaq, xalqın malının qəsb edilməsi, oğurluq, israf, saxtakarlıq, qatqıçılıq, fırıldaqçılıq, rüşvətxorluq, sələmçilik kimi işlərdən uzaq olmaq, eyni zamanda xüms və zəkat kimi haqları ödəmək, fitriyyə, kəffarə, nəfəqə kimi haqları sahibinə çatdırmaq İslam dinində nəzərdə tutulmuş proqramların tərkib hissəsidir. Cəmiyyətdə yoxsulluğun aradan qaldırılmasında sədəqələrin, qərzül-həsənə (xeyir gözləmədən verilən gözəl borc) banklarının, ümumi vəqflərin böyük əhəmiyyəti var.
İslam proqramlarında cəhd göstərilir ki, insanlarda iman, qardaşlıq, insaniyyət, ədalətpərvərlik ruhu tərbiyə olunsun. Müsəlman qonşusu ac ikən özü tox yatmaqdan utanmalıdır.
Fəzldən, ehsandan uzaq olan kəs,
Kor kimi yoxsula göstərməz həvəs.
Dünyanı qazanmaq sayılmaz hünər,
Çalış ki, qəlblərə çalasan zəfər.
Xümsün xərclənməsi
Xüms iki bərabər hissəyə bölünür:
1) İmamın səhmi (payı): Hazırkı dövrdə vacib ehtiyata əsasən həmin səhm zəruri şərtlərə malik müctəhidə təqdim olunmalı, ya da onun icazəsi ilə İslamın güclənməsi yolunda sərf edilməlidir.
2) Seyyidlərin səhmi: Bu hissə yoxsul, yolda qalmış seyyidlərə xərclənir. Bu hissənin xərclənməsi üçün yaxşı olar ki, müctəhiddən icazə alınsın.
Nələrə xüms düşür?
Yeddi şey üçün xüms vermək vacibdir. Yəni qeyd edilənlərin beşdə biri xüms kimi ödənməlidir.
1. Ticarət və iş gəliri: İnsan əkinçilik, sənətkarlıq, ticarət və digər iqtisadi yollarla sərvət əldə edərsə və bu sərvət ilin ehtiyaclarından artıq qalarsa, onun beşdə biri xüms ödənir;
2. Mədən: Bu xalqın malı sayılır. Vacib ehtiyata əsasən İmamın (ələyhissəlam) qeybi dövründə mə`dən hasilatı üçün şər`i hakimdən icazə alınmalıdır. Mədəndən qızıl, gümüş və sairə qiymətli ehtiyatlar çıxaran şəxs öz xərclərini çıxıb (15 misqal qızıl) xüms ödəməlidir;
3. Xəzinə: Xəzinə dedikdə yerdə, ağacda, dağda və ya divarda gizlədilmiş şey nəzərdə tutulur. Xəzinənin sahibi tanınmır. Onun tapılması xərcləri çıxıldıqdan sonra xümsü ödənməlidir;
4. Üzgüçülüklə dənizdən çıxarılan cəvahir: Cəvahir də xalqın malı sayılır. Onu çıxarmaq üçün vacib ehtiyata əsasən şəri hakimdən icazə alınmalıdır. Əgər üzgüçülük yolu ilə dənizdən cəvahir, mərcan və bu kimi şeylər əldə olunarsa, xərclər çıxıldıqdan sonra onun beşdə biri xüms ödənməlidir;
5. Harama qatışmış halal mal: Əgər insanın malı harama qatışmışsa və onun miqdarını müəyyənləşdirmək mümkün deyilsə, həmin malın xümsü ödənməlidir;
6. Savaş qəniməti: Əgər müsəlmanlar Məsum İmamın (ələyhissəlam) hüzuru dövründə onun əmri ilə kafirlərlə vuruşub qənimət əldə etsələr, Imamın (ələyhissəlam) məsləhəti ilə bir hissə ayrıldıqdan sonra xərcləri çıxıb qalan hissənin xümsünü verməlidirlər;
7. Zimmi kafirin müsəlmandan aldığı torpaq: Əgər bir kafir İslam dövlətinin himayəsində yaşayırsa, ona “zimmi kafir” deyilir. Zimmi kafir müsəlmandan aldığı torpağa görə xüms verməlidir. Həmin şəxs torpaq əvəzinə pul da verə bilər.
Xümsü tərk etməyin təsirləri
Ayə və rəvayətləri nəzərdən keçirdikdə məlum olur ki, xümsdən boyun qaçırmaq həm günahdır, həm də başqa günahlara səbəb olur. Xümsü ödəməyən xəyanət edir. Xəyanət dedikdə bir şəxsin ona əmanət tapşırılmış maldan istifadəsi nəzərdə tutulur. Yəni həmin şəxs mal sahibindən icazə almadan ondan istifadə edir.
Həzrət Peyğəmbər (səlləllahu ələyhi və alihi və səlləm) savaş qəniməti əldə olunduqda müsəlmanlara xitabən buyurardı: “Qənimətlərə münasibətdə xəyanətlərdən çəkinin! Hesablanmadan və xümsü ödəmədən bir kişi əsir qadınla izdivac edərsə və ya qənimət ata süvar olarsa, qənimətə xəyanət etmişdir.” (Bəsairul-dərəcat, c. 5, səh. 29.)
Həzrətin (səlləllahu ələyhi və alihi və səlləm) buyuruğu aşkar şəkildə göstərir ki, xümsü verilməmiş qənimətdən istifadə xəyanətdir. Demək, xümsü ödənməmiş mal əmanət hökmündədir və ona toxunan xəyanətkar sayılır.
Xümsü ödəməyən qəsbkardır
Bildiyimiz kimi, şərən icazə almamış başqalarının malına toxunmaq qəsb sayılır. Digər tərəfdən illik gəlirdən artıq qalan qazancın beşdə biri İmama (ələyhissəlam) çatır. Demək, bir şəxs illik qazancından artıq qalan miqdarın beşdə birini İmama (ələyhissəlam) təhvil verməsə, onun bu işi qəsb sayılır.
İmam Baqir (ələyhissəlam) buyurur: “Bir şəxs xümsü verilməmiş pulla bir şey alarsa, haram bir şey almış sayılır.” (Təhzib, c. 4, səh. 136.)
İshaq ibn Əmmar İmam Baqirin (ələyhissəlam) belə buyurduğunu nəql edir: “İnsanın xümsü verilməmiş mal ilə bir şey almağa haqqı yoxdur. O deyə bilməz ki, aldığını öz pulu ilə alıb. Yalnız xüms sahibi icazə versə mümkündür.” (Biharul-ənvar, c. 96, səh. 193.)
Gördüyünüz kimi, İmam (ələyhissəlam) hər iki rəvayətdə xümsü verilməmiş maldan istifadəni haram sayır. Nəticədə aydınlaşır ki, xümsü verilməmiş mal qəsb olunmuş sayılır.