Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Aprel 2015

Ərəb yarımadasının “Əfqanıstanı”

Yəmən olaylarının görünən və görünməyən üzü haqda qeydlər

Artıq bir həftədən çoxdur ki, başda Səudiyyə Ərəbistanı olmaqla ərəb koalisiyası Yəməni bombalayır. Demək olar ki, hər gecə hərbi aviasiya Yəmən paytaxtını, iri şəhərləri, qaçqın düşərgələrini bombardman edir. Təbii ki, əsas hədəf inqilabçı husilərdir, ancaq hər müharibədə olduğu kimi bu savaşın da “hesabını” günahsız dinc insanlar, uşaqlar ödəyir.

Çoxları Yəməni 100 il əvvəl - 1916-cı ildə Osmanlı ordusunun verdiyi ağır itkilərə həsr olunmuş “Yəmən türküsü” mahnısı ilə tanıyır. Qəribə olsa bu da kədərli bir tarixdir. Yaxın Şərqə ordu çıxaran ingilislərə və üsyan edən ərəblərə qarşı savaşmaq üçün Osmanlı 1870-ci illərdə Yəmən ərazilərinə 7-ci ordusunu göndərir. 1918-ci ilə qədər bu bölgədə qalaraq ingilis ordusu və yerli ərəb qəbilələri ilə savaşan Osmanlı ordusunun bəzi rəqəmlərə görə itkilərinin sayı 300 min nəfərə yaxındır. Yəmən Anadolu türkləri üçün bir qəbiristanlıq anlamına gəlib.

100 il keçib və dünya elə də dəyişməyib. Son bir həftədə 100-dən çox insan ölüb və 300-dən çoxu yaralanıb. Ölkə daxilində gedən döyüşlərdə isə hər gün onlarla insan ölür. Artıq beynəlxalq insan haqları təşkilatları Yəməndə qadağan edilmiş bombalardan istifadə olunması haqda açıqlama yayıb. Artıq Yəməndə bütün müharibə qanunları tapdanmaqla amansız bir savaş başlayıb. Qurbanlar isə bu dəfə dinc insanlardır.

Ərəb yarımadasının aşağısında yerləşən Yəmən bir tərəfdən Hind okeanı, Ədən körfəzi, şimalda isə sərt dağlıq ərazilərdən ibarət bir ölkədir. Məhz bu dağlar Yəməni Ərəbistandan ayırır. İslam dini Yəmənə Məhəmməd Peyğəmbərin (s.ə.s) sağlığında yayılıb. Həzrət Əli (ə) və səhabə Salman Farsi Yəməndə İslamın yayılmasında iştirak edib. 10-cu əsrdən sonra Yəməndə zeydi İmamət dövləti fəaliyyət göstərib və müxtəlif zamanlarda xarici müdaxilələrə, o cümlədən 4 əsrə yaxın bir dövrdə Osmanlı tərkibində olsa da daxili müstəqilliyini qoruyub.

Məsələ burasındadır ki, Yəmən ərəb yarımadasının yeganə respublikasıdır. 1962-ci ildə İmamət hərbi çevriliş vasitəsilə devrilib və ölkədə respublika yaradılıb. 1990-cı ildə isə Cənubi və Şimali Yəmən birləşərək vahid respublika olub. Ötən 100 ildən daha artıq bir dövr Yəmən qısa fasilələrlə müharibə yaşayıb. Ərəb yarımadasının Əfqanıstanına çevrilən bu torpaqlarında qanlı savaşların ardı arası kəsilməyib və təbii ki, ciddi qəbilə-tayfa münasibətlərinin mövcud olduğu Yəməndə sürəkli müharibələr nəticəsində ağır sosial-iqtisadi vəziyyət yaranıb, işsizlik, yoxsulluq dərinləşib. 90-cı illərdən başlayaraq ölkənin cənubunda “əl-Qaidə” möhkəmlənib, şimal ərazilərdə isə zeydilərin husi hərəkatı formalaşaraq güclənməyə başlayıb.

Daha əvvəl özü də zeydi olan prezident Əli Abdullah Saleh husilərə meydan versə də, sonradan husilərin Amerika və İsrail əleyhinə çağırışlarının artması, siyasi şüarları Salehlə aralarını vurub. Hətta 2004-2009-cu illərdə Əli Abdullah Saleh husilərin qalası hesab olunan dağlıq bölgədə yerləşən Səda şəhərinə 6 dəfə hücum təşkil edib. Sonuncu savaşlarda 2009-10-cu illərdə Salehin husilərə müharibəsində Səudiyyə ordusu da hökumətə dəstək verib.

İndi isə durum daha dəhşətlidir. 2011-ci il “ərəb baharı” dalğasında Əli Abdullah Saleh Yəmən xalqının ardıcıl etirazlarından sonra istefa verib. Onun yerinə isə əvvəlcə keçici olaraq keçmiş general və vitse-prezident Mansur Hadi təyin olunub. Daha sonra yeganə namizəd kimi iştirak etdiyi seçkilərdə Hadi Yəmən prezidenti seçilib. Ancaq onun seçildiyi iki illik müddət ötən il başa çatıb və Hadi gözlənildiyi kimi Yəməndə bütün tərəfləri təmin edən hökumət qura bilməyib, konstitusiya qəbul olunmayıb, ən mühüm ölkədə təhlükəsizlik məsələləri həllini tapmayıb.

Ötən il səlahiyyət müddəti başa çatan Hadinin vəzifə müddətini bir qədər də artırıblar. Yəni əslində hazırda Hadi səlahiyyət müddəti başa çatmış bir prezidentdir. Yəmən üçünsə siyasi həll variantı lazımdır.

Yəmən bu gün ikinci Əfqanıstan taleyi yaşayır. Yəmənin öz “əl-Qaidə”si var, ölkə tayfalara, qruplara bölünərək param-parça olub. Min ildən çoxdur əhalisinin təxminən yarısı zeydi, yarısı sünni-şafii olan Yəməndə məzhəb davası olmayıb, lakin bu gün savaşın adını məzhəb davası qoyublar. Və nəhayət, ən ironik görünən odur ki, hərbi çevrilişlə hakimiyyətə gələn, seçkinin ümumiyyətlə, mövcud olmadığı bir qrup ölkə o regionun yeganə respublikası, inqilab etmiş, seçki ənənəsi olan ölkədə demokratiya təmin etməyə çalışır və bu məqsədlə hər gün onlarla insanı bomba yağışına tutur./musavat/


4869 dəfə baxılıb
در حال ارسال اطلاعات...