Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Mart 2015

Hacı Qalibin ziyarəti və ticarəti

Ötən həftənin ən çox müzakirə olunan mövzularından biri də “26 qat hacı” Qalib Salahzadənin ziyarət mövzusunda açıqlamaları oldu. Media, sosial şəbəkələr hörmətli deputat-hacı, Şeyxülislamın qudası kimi tanınan Qalib Salahzadənin müsahibəsində söylədiyi fikirləri öz prizmasından şərh elədi. Və təbii ki, bütün istiqamətlərdə izahlar, şərhlər neqativ idi.

Bilməyənlərə və unudanlara xatırladım ki, deputat Q.Salahzadə “Yeni Müsavat”ın əməkdaşı ilə söhbətində bildirmişdi ki, həcc qiymətləri elə də baha deyil, çünki o özü 26 dəfə həcc ziyarətində olduğu üçün bu məsələlərdən xəbərdardır. Daha sonra isə Hacı Qalib “öz puluna” 500-dən yuxarı adamı Həccə göndərdiyini bildirmişdi. O cümlədən Hacı Qalib başqa mətləblərə də toxunmuşdu, ancaq bu yazının mövzusu olmadığı üçün onlara toxunmağa lüzum görmürük. Zatən neçə gündür yazılır, deyilir.

Əlbəttə, Qalib Salahzadənin neçə dəfə Həcc ziyarətində olması, 10 ildir deputat olduğu, yəni qanunla biznes fəaliyyəti yasaq olduğu halda hansı pulla 500 nəfəri ziyarətə göndərməsi, lap elə iki seçkidə necə deputat olması xalqımızı o qədər də narahat etməyib. Belə desək alışılmış mənzərə olduğu üçün kimsə deputatı təftiş etməyib. Ancaq hacı deputatın birdən-birə devalvasiya, həcc ziyarəti mövzularını ortaya artması, onu necə deyərlər, diqqət mərkəzinə çıxarıb.

Əlbəttə, bilənlər bilir ki, Hacı Qalib hər il həcc ziyarətinə qohumu, həcc ziyarəti prosesini öz inhisarında saxlayan Qafqaz Müsəlmanları İdarəsinin sədrinin nümayəndəsi sifəti ilə gedir. O və Şeyxin daha bir neçə qohumu həcc ziyarətini təşkil edir. Başqa sözlə Azərbaycandan gedən 3 min nəfərlik həcc heyətinin rəhbəridir, səfərin təşkilati işlərini həyata keçirir. Yəni Qalib Salahzadə təkcə ziyarətə deyil, həm də iş üçün gedir Məkkəyə. Amma əgər hər il Məkkəyə gedən Hacı Qalib orda zəvvarların yerləşməsi, ziyarətin təşkili işindən vaxt tapıb həcc əməllərini yerinə yetiribsə, Allahla əhdini təzələyibsə, bu çox gözəldir, olsun, buna da kiminsə iradı yoxdur. Amma bunun adı ziyarət deyil, belə desək həm ziyarət, həm ticarətdir.

O ki qaldı həccə, həcc qiymətlərinə və ziyarətə 500 nəfər göndərmək məsələsinə, İslam dinində buna bir qadağa yoxdur, imkanı olan insan ziyarətə getmək imkanı olmayan möminləri ziyarətə göndərə bilər. Ancaq ziyarətə getməyin bir də halallıq şərti var. Əcəba, deputat 500 nəfəri həccə göndərərkən hansı puldan xərcləyib? Suallar açıqdır, yəqin ki, bunu ancaq Q.Salahzadə özü cavablandıra bilər. Qiymətlərə gəldikdə, Azərbaycandakı qiymətlər dəfələrlə digər ölkələrlə müqayisə olunub və mediada açıq rəqəmlər var. Əlbəttə, məsələn, Avropadan və ya Amerikadan gələnlərin ziyarət xərcləri səbəbindən qiymətlərin baha olması mümkündür, amma istənilən halda Azərbaycan reallığında və şərtlərində qiymətlər hər zaman baha olub.

Həcc ziyarəti İslam dininin əsas sütunlarından biri, vacib ibadətlər kateqoriyasına aiddir. Səhhəti, maddi durumu imkan verən müsəlman ömründə heç olmasa bir dəfə həcc ziyarətində olmalıdır. Həcc ziyarətinin həyata keçirildiyi məkanlar Məkkədə tövhid dininin sütunu olan Həzrət İbrahimin, oğlu İsmailin həyatı ilə bağlı tarixi hadisələrin, eləcə də İslamiyyətin zühurunun baş verdiyi müqəddəs şəhərdəki məkanları ziyarət etmək, dünyanın hər nöqtəsindən gəlmiş milyonlarla müsəlmanla birlikdə bəndəlik vəzifəsini icra etmək hadisəsidir.

Təfsirçilər Həcci bəndənin Allah evində Yaradanla bəndəlik əhdini yeniləməsi hadisəsi kimi təqdim edirlər. Həcc ziyarətini kamil şəkildə, bütün şərtlərinə riayət etməklə yerinə yetirən müsəlman günahları bağışlanmış şəkildə geri dönür. Ta ki ilk günahını edənə qədər. Həcdə günahlardan təmizlənən müsəlmanın etdiyi bir günah, söylədiyi yalan onun qazandığı savabı aparır. Həcc zəvvarları bunu yaxşı bilir./musavat/


4603 dəfə baxılıb
در حال ارسال اطلاعات...