Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Mart 2015

Darıxan və İŞİD-ə qaçan Avropa...

Bir daha “qoca qitədən” İŞİD-ə qoşulanlar mövzusu haqda və ya Anjelika niyə Dəməşqi Liona dəyişmişdi?
İndi dünya mediası, xüsusən də Avropa KİV-ləri İŞİD-ə qoşulanlar mövzusuna çox diqqət ayırır. Qərbin nüfuzlu media quruluşları, araşdırma mərkəzləri, psixoloqlar, sosioloqlar Avropa, Amerika və digər “rifah ölkələrindən” insanların Yaxın Şərqə gələrək birbaşa həyati risk daşıyan bölgələrə üz tutmasını müzakirə edirlər. Xüsusən də qadınların, əsasən də gənc qızların Avropanın mərkəzindən qaçaraq bəzən həyatlarını riskə atıb Yaxın Şərqə getmələri əsas cavabsız suallardan biri olaraq qalır.

Qeyd edək ki, ötən ilin sonlarına olan məlumata görə, hazırda təkcə İŞİD sıralarında 5 qitə və 81 ölkədən olmaqla 15 min nəfər əcnəbi döyüşçü var. Onların bir qismi Avropa ölkələrindən gələnlərdir. O cümlədən Avropanın “rifah ölkələri” Fransadan 700 (bəzi mənbələr 1200 olduğunu iddia edir - K.R), Britaniyadan 400, Almaniyadan 400, 300 nəfərə qədər Belçikadan, Avstraliyadan 250, Danimarkadan 100, o cümlədən ABŞ, İspaniya, Norveçdən 50-100 arası və sair. ABŞ kəşfiyyatının məlumatına görə, ümumilikdə Qərb ölkələrindən 2 min nəfərdən çox İŞİD üzvü var.

Ancaq hazırda ən çox diqqət cəlb edən və müzakirələrə səbəb olan avropalı qadınların İŞİD kimi qruplaşmalara qoşulmasıdır. Çünki rəqəmlərə əsasən Avropa ölkələrindən İŞİD-ə qoşulan qadınların sayı heç də güclü cinsdən az deyil və əslində daha çox qorxuducudur. Fransadan 100, Almaniyadan 140, İngiltərədən isə 100-dən çox gənc qız evlərini tərk edərək İŞİD sıralarına qoşulmaq üçün İraq və Suriyaya gedib. Siyahı digər ölkələrin sayəsində daha da böyükdür.

Əcəba, Avropada rahat, qayğısız, təhlükəsiz həyat yaşayan gənc qadınları Yaxın Şərqə gedib birbaşa müharibənin içərisinə çəkən nədir? Ortada bir neçə səbəblər var və bunların xüsusi ilə ağırlıq təşkil edənləri qeyd etməyə çalışacam. Dəməşq Universitetinin xaricilər üçün ərəb dili mərkəzində bir qayda olaraq Avropa ölkələrindən (də qismən də Yaponiya, Koreya, Amerika və sair ölkələrdən) gələn tələbə-gənclər təhsil alırdı. Ümumiyyətlə, Qahirə, Beyrut, Dəməşq və digər ərəb paytaxtlarında nüfuzlu universitetlərdə bu cür dil mərkəzləri olur və burda bir qayda olaraq ölkələrində tarix, beynəlxalq münasibətlər, şərqşünaslıq üzrə təhsil alanlar, o cümlədən işi ilə əlaqədar dil öyrənmək istəyənlər gəlirdi. Digər ölkələrdən fərqli olaraq məhz Qərbi Avropa ölkələrindən gələnlər uzun müddət qalır, universitetin və ya ailələrinin maddi dəstəyi ilə bəzən bir neçə il ərəb ölkələrində yaşayır, qarış-qarış gəzirdilər.
O zaman bu uzunmüddətli “mühacirətlər” mənim üçün də maraqlı idi. Çünki Azərbaycanda insanların, xüsusən də gənclərin ölkədən getmək üçün ağlına gələn ilk yer Avropa və ya Amerika olur. Britaniyalı Ceyms Yəmən xatirələrindən saatlarla danışırdı. Və yaxud uzun müddət Suriyanı gəzən və qalmağı arzulayan Fransanın Lion şəhərindən olan Anjelikanın Yaxın Şərq tutqusu mənə maraqlı idi. Bir dəfə Anjelikadan soruşdum ki, dünyanın bir çox ölkələrindən insanlar Fransaya, Liona getməyi arzulayır, bəs onu Yaxın Şərqə çəkən nədir? Mənə çox qısa cavab verdi ki, Lionda darıxır. Şərq daha gözəl, maraqlı və canlıdır. Lion isə cansıxıcı və darıxdırıcıdır.

Baxıram ki, indi Avropa mediası şərhlərində Avropadan gənclərin İŞİD-ə qoşulmasında dini inanclar, İslam xilafətində yaşamaq istəyi ilə yanaşı bir çoxlarında məhz macəra həvəsi var. Mütəxəssislərə görə, əsasən müsəlman ailələrindən çıxmış qızlar İslam tarixində və şəriətdə yer tutan xilafətdə dini qaydalara uyğun yaşamaq üçün Yaxın Şərqə gedir. Lakin eyni zamanda Avropadan xristian ailələrindən olan qızlar da Yaxın Şərqə İŞİD-ə qoşulmağa gedir. Onları cəlb edən macəra həvəsi, Şərqin cəlbedici və qaynayan atmosferidir. Hansı ki, Avropada bu, mümkün deyil. Məşhur misalda deyildiyi kimi maraq hər zaman qorxunu üstələyir, bu səbəbdən də hətta ölüm qorxusu, geri qayıtmamaq təhlükəsi belə gənc qızları bu günkü qanlı-qadalı Yaxın Şərqə aparır.


4386 dəfə baxılıb
در حال ارسال اطلاعات...