Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Noyabr 2014

İslamda ailə (5)

Bağışlayan və Mehriban Allahın adı ilə

Qız ya oğlan
Allah-təalaya iman gətirən şəxs bu dünyada ona əta olunan nemətlərdən həm düzgün istifadə etməli, həm də bunların şükrünü dil və əməli ilə yerinə yetirməlidir. Valideyin onlara bəxş olunan övladının İlahi bir hədiyyə olmasını qəbul etməklə yanaşı bu hədiyyəni necə deyərlər, göz bəbəyi kimi qorumalıdır. Qurani-Kərim buyurur: 

لِّلَّهِ مُلْكُ السَّمَاوَاتِ وَ الْأَرْضِ يخْلُقُ مَا يَشَاءُ يهَبُ لِمَن يَشَاءُ إِنَثًا وَ يَهَبُ لِمَن يَشَاءُ الذُّكُور أَوْ يُزَوِّجُهُمْ ذُكْرَانًا وَ إِنَثًا وَ يجْعَلُ مَن يَشَاءُ عَقِيمًا إِنَّهُ عَلِيمٌ قَدِير

“Göylərin və Yerin hökmranlığı yalnız Allahındır. İstədiyini yaradar və kimə istəsə, qız ya oğlan hədiyyə edər. Həmçinin istədiyi şəxsə həm qız, həm oğlan bağışlayar. Yaxud kimi istərsə, sonsuz edər. Həqiqətən O, (hər şeyi) Bilən və Qüdrət Sahibidir.” (Şura surəsi, ayə 49-50).

Mübarək ayədə işlənən يهَبُ kəlməsinin kökü وهب yaxud هبة-dir və bu da “hədiyyə” mənasını verir. Allah-təalanın sifətlərindən biri də məhz bununla bağlı olub “Vəhhab” (Çox hədiyyə edən) mənasını bildirir.
Bəzən xalqımız arasında elə valideyinlər də tapılır ki, zahirdə müsəlman olmağına baxmayaraq ona əta olunmuş hədiyyəyə (öz övladına) xəyanət edir. Valideyin həmin hədiyyəni məhv edib aradan aparır. Belə ki, o, özündən vücuda gəlmiş məsum körpəsini “abort” vasitəsilə öldürür. Valideyinlər törətdiyi bu mənfur cinayətə görə ruhları belə incimir. Etdikləri iyrənc əməllər onların qəlblərini günü-gündən qaraldır. Bu daşürəkli “məxluqlar” bətndəki körpəni, “insan” saymır və sanki heç bir günaha bulaşmamış kimi rahat və asudə halda öz “heyvani” yaşayışına davam edirlər.
Təəssüflər olsun ki, heyvanlara, hətta kiçik həşəratlara belə ürəyi yanan valideyn, gözünün işığı və canının parası olan körpəsinə qarşı rəhimsizlik edib onu qətlə yetirir, törətdiyi günahına görə “uf” belə demir və bu əməlini dəfələrlə təkrar etməyə başlayır. Nəticədə isə başqa günahlar üçün zəminə yaradır.
Lakin İslam nəzərində körpənin bir günlük, yaxud doqquz aylıq olması heç də fərq etmir. Sadəcə, “diyə”nin (qətlə yetirilən şəxsə görə ödənilən pul) məbləğində fərq vardır. Bu işi görən valideyinlər diyəni ödəyib tövbə etməsələr belə Axirətdə də əzab içində olacaqlar. Lakin tövbə edib səhvini başa düşən və bir daha günah etməyənlər istisnadır.
Belələri eyni ilə “cahiliyyət dövrü”ndəki (İslamın zühurundan qabaqkı dövr) ərəblərə bənzəyir. Belə ki, onlar dünyaya yenicə göz açmış qız uşaqlarını diri-diri torpağa basdırar və övladlarının qız olduğuna görə özlərinə ar bilərdilər. Qurani-Kərim belə buyurur: 

وَ إِذَا بُشِّرَ أَحَدُهُم بِالْأُنثىَ‏ ظَلَّ وَجْهُهُ مُسْوَدًّا وَ هُوَ كَظِيم يَتَوَارَى‏ مِنَ الْقَوْمِ مِن سُوءِ مَا بُشِّرَ بِهِ أَ يُمْسِكُهُ عَلىَ‏ هُونٍ أ مْ يَدُسُّهُ فىِ الترَّابِ أَلَا سَاءَ مَا يحْكُمُون

“Onlardan birinə qızı olduğunu muştuluq verərkən sifəti qaralar və qəzəblənərdi. Buna görə (qızının olduğuna görə) o, utanar və öz qəbiləsindən uzaqlaşıb körpənin alçaqlıq hissi ilə saxlayacağını və ya onu torpağa basdıracağını düşünərdi. Agah olun, onlar çox pis hökm yürüdürdülər.” (Nəhl surəsi, ayə 58-59).

Axı necə ola bilər ki, insan belə bir ağır cinayətə əl atsın? Tarixi araşdırdıqda bu əməlin köklərinə rast gəlirik. Tarixçilər belə deyir: “Cahiliyyət dövründəki qəbilələr müharibə və münaqişə dolu həyat sürürdü. Bu müharibədə qalib olan dəstə qadınları və qızları əsir tutub aparır və bəziləri ilə evlənirdilər. Sülh bərqərar olduqdan sonra ərə getmiş qızlar əvvəlki qəbiləsinə qayıtmaq istəmirdi. Bu səbəbdən də onların ataları bunu özlərinə ar bilir və əgər qızı olarsa, onu diri-diri torpağa basdıracağını and içirdi.
Əziz Peyğəmbərimiz (salləllahu ələyhi və alihi və səlləm) qız uşağının olmasını xeyirli qələmə verib belə buyurur: “Birinci övladın qız olması ananın xoşbəxtlik və səadət rəmzidir.” (Biharul-ənvar, c.104, səh. 94).
Şərif ayə və hədisləri nəzərdən keçirərkən müasir dövrümüzdə yaşayan bəzi insanların xurafi fikirləri yada düşür. Ətrafımızda xurafata yer verənlər heç də az deyil. Xüsusilə, ataya qızının dünyaya göz açdığını xəbər verərkən əsəbləşər və həyat yoldaşına üzünü turşudub nalayiq sözlərlə özünün “heyvani mədəniyyət”ini biruzə verər. Boynu bükülmüş “məzlum” ana isə ərinin, qaynanasının, həmçinin qohumlarının tənələrinə dözüb övladına xatir susar və boynunu büküb səbr edər. Halbuki, alimlər isbat etmişlər ki, uşağın cinsiyyətini təyin edən məhz nütfədir (sperma), nəinki, ananın toxumluğu. Deməli, ata həyat yoldaşını deyil, özünü qınamalıdır. Məlumdur ki, belə halların baş verməsinin bir çox səbəbləri vardır. Başlıca səbəb isə onların İslam dinindən uzaq düşməsidir. Nə qədər ki, camaat Uca Yaradanın qanunlarına etinasızlıq edib kainatın əbəs yerə yaranmasını və ya öləndən sonra dirilib əbədi yaşayacaqlarını nağıl hesab edəcəklərsə, nə qədər ki, bu suallar (haradan gəlmişəm, haradayam və hara gedəcəyəm?) barəsində fikirləşməyib ürəkləri istədiyi hərəkətləri edib başlarının üstündə bir “Nəzarətçi”nin (Allahın) onlara nəzarət etməsini danacaqlarsa, həmçinin nə qədər ki, O dəhşətli gündə (Qiyamət günü) Onun (Allahın) hüzuruna toplaşıb bu dünyada törətdikləri cinayətlərə görə cavab verəcəklərini yalan sayacaqlarsa, əlbətdə ki, belə cəmiyyətdə “abort” etmək get-gedə adi, bəlkə də tərif olunan bir hala çevriləcəkdir.
Həzrət Muhəmməd (salləllahu ələyhi və alihi və səlləm) buyurur: “Bir zaman gələr ki, insanlar Allahın halalını harama, haramını isə halala çevirərlər.”
Hər bir düşüncəli insanın özünü kamil bir şəxsə oxşadıb ondan örnək və nümunə alması təbiidir. 14 məsumun (ələyhimussəlam) həyat tərzi və bütün rəftarları bizim üçün örnək olmalıdır. Çünki, o böyük şəxsiyyətlərdə bütün bəyənilmiş sifətlər mövcud idi və hər bir sahədə kamillik zirvəsini aşmışdılar.
Altıncı məsum imam Səccad (ələyhissalam) buyurur: “Övladınızın dünyaya göz açdığını sizə müjdə verəndə onun qız ya oğlan olduğunu soruşmayın! Əksinə körpənin sağlam olması barəsində soruşun! Əgər sağlamdırsa, bu duanı deyin: Məndən eybsiz və nöqsansız övlad yaradan Allaha şükürlər olsun!” (Usulu Kafi, c.6, səh.21).
Hədisdən göründüyü kimi övladın qız və ya oğlan olması önəmli deyil. Əsas onun sağlamlığıdır. Adətən oğlan uşağı böyüyəndə valideynə əziyyət verir, hətta bəzi vaxtlar onların nifrininə və qarğışına səbəb olur. Lakin qız uşaqları çox vaxt valideynlərinin razılığını qazanır və onların qulluğunda dururlar. Bəli, elə qızlar var ki, necə deyərlər, min oğlana dəyər. Buna görə də ata və ana onlara əta olunan belə bir təravətli hədiyyədən (qızdan) məyus olmamalıdırlar.
Xatəmul-Ənbiya Həzrət Muhəmməd (salləllahu ələyhi və alihi və səlləm) buyurmuşdur: “Bazara gedib ailəsi üçün töhfə alan şəxs evə daxil olarkən birinci növbədə qızının, sonra isə oğlunun hədiyyəsini verməlidir.” (Mustədrək, əbvəbul əvlad, 5-ci bölmə).
O Həzrət yenə də buyurur: “Hər kəs iki ya üç qız böyüdüb düzgün tərbiyə edərsə, Behiştdə Mənimlə birlikdə olacaqdır.” (Mustədrək, əbvəbul əvlad, 3-cü bölmə).
İlahi! 14 Məsum (ələyhimussalam) xatirinə, əxlaqımızı gözəlləşdir, imanımızı gücləndir və aqibətimizi xeyirlilərdən qərar ver! Amin, ya Rabbəl aləmin.


4879 dəfə baxılıb
در حال ارسال اطلاعات...