Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Noyabr 2014

İslamda ailə (4)

Bağışlayan və Mehriban Allahın adı ilə

Mənəvi tövsiyələr

Bu məqaləmizdə anaya aid olan bir sıra mənəvi tövsiyələri yada salmaq istərdik:
1. Həmişə dəstəmazlı olmaq.
2. Körpənin adı dörd aydan qabaq qoyulmalıdır.
3. Hamiləlik dövründə Allah fikrində olmaq, camaatın müşküllərini yada salıb onlara dua etmək, möminlərin və gözəl simalı insanların (əlbəttə ki, hicablı xanımların) çöhrəsinə baxmaq faydalıdır.
4. Əxlaqsız və İslamdan uzaq olan insanlarla get-gəl etməmək, həmçinin bətndəki körpəni niyyət edilən adla çağırmaq və Qurana qulaq asmaq.
5. Uşaq anadan olan kimi ana doqquz ədəd xurma yeməlidir.
6. Uşaq anadan olan kimi sağ qulağına Azan, sol qulağina isə İqamə oxunmalıdır.
7. Uşaq anadan olanda onun ilk qidası Müqəddəs Kərbəla türbəti olmalıdır. Belə ki, əgər Zəmzəm suyu varsa, onu türbətlə qarışdırıb uşağa verməli, Zəmzəm suyu olmasa, Fərat çayının suyu, o da olmasa, yağış suyu, o da olmasa, adi su ilə türbətə qarışdırıb körpəyə meyl etdirmək lazımdır.
8. Sud verərkən üzü qibləyə durmalı və bu müqəddəs əməli (süd verməyi) ibadət kimi göz önündə canlandırmalıdır.
9. Süd verərkən Allah zikrində olub ya Quran oxumaq və ya başqa zikrləri demək lazımdır.
10. Süd verərkən naməhrəmə baxmamalı, haram musiqilərdən çəkinmək lazımdır. (Ümumiyyətlə ana istər süd verərkən və ya digər hallarda bütün günahlardan çəkinməlidir. Bu xatırlatma onun üçündür ki, ana uşağa haram musiqiyə qulaq asa-asa süd verərsə, körpənin ruhunda iz buraxacaq və onun mənəviyyatına mənfi təsir edəcəkdir. Bu da uşağın gələcəkdə günahkar olması ehtimalını çoxaldacaqdır).

Əlavə düsturlar

- 40 gün “Aşura” ziyarətini və “Əlqəmə” duasını oxumaq.
- 40 gün “Yasin” surəsini oxuduqdan sonra nara üfürüb yemək.
- 40 gün “Yusif” surəsini oxuyub almaya üfürüb yemək.
- 40 gün “Təvəssül” duasını oxumaq.
-40 gün “Cameə Kəbirə” ziyarətini oxumaq.
-40 gün “Ali Yasin” ziyarətini və ondan sonrakı duanı oxumaq.
-40 cümə axşamı “Kumeyl” duasını oxumaq.
-40 cümə “Nüdbə” duasını oxumaq.
-40 cümə “Səmat” duasını oxumaq.
-40 gün yatmazdan qabaq “Hədid”, “Həşr”, “Təkasur”, “Cümə” və “Səff” surələrini oxumaq.
-40 cümədə cümə qüslü almaq.
-40 gün gecə namazı qılmaq.
-40 dəfə “Kisa” hədisini və İmam Zaman (ələyhissəlam) ağanın ziyarətini oxumaq.
-40 gün ardıcıl hər sübh namazından sonra “Əhd” duasını oxumaq.
- 40 gün sübh acqarına 12 ədəd kişmişə 12 dəfə “Bismilləh” deyib yemək.
Əvvəlki 40 gün ərzində acqarnına 7 ədəd kündür yemək.
-Hər namazdan sonra və yatmazdan qabaq “Təsbihati Həzrət Zəhranın” (ələyhəssəlam) zikrini etmək.
-İmam Zaman (ələyhissəlam) ağanın salamatlığı xatirinə Quranı xətm etmək.
-Hər ayın 7,8,9-cu (hicri qəməri təqvimi ilə) günləri “Nur” surəsini oxumaq.
-Hər ay bir dəfə şəlğəm yemək.
-Uşağın yaddaşının güclü olması üçün kündür yemək.
-Uşağın şücaətli olması üçün süd içmək.
-Uşağın xoşsifət və xoşəxlaq olması üçün yemiş (qovun) yemək.
-Uşağın səbrli olması üçün əli qarın nahiyəsinə qoyub “Əsr” surəsini oxumaq.
-Yeyiləsi və içiləsi təamlar; yemiş, badam, sarı düyü, göy-göyərti, xurma, qara alça, armud, heyva, balıq, mərci, kələm, kahı, bal, lobya, noxud, üzüm, şaftalı, zeytun yağı, süd, qoz, fındıq.
-Bətindəki uşaq tərpənən kimi əli qarın nahiyəsinə qoyub salavat zikr etdikdən sonra “İxlas” surəsini oxumaq.
-Alt paltar sintetik olmamalı, xalis parçalardan istifadə etməklə bərabər imkan dairəsində hər gün yuyulmalı və ütüyə çəkilməlidir. Kimyəvi maddələrdən düzəldilmiş bəzək əşyalarından çəkinmək lazımdır.

QEYD:
Bu proqramlar bəzilərinə çətin görünsə də Allaha təvəkkül edib müvəqqəti əziyyətə qatlaşmaqla asanlaşacaqdır. Ola bilsin ki, yuxarıda yazılmış bu müstəhəb (bəyənilmiş) proqramların hamısını kamil surətdə yerinə yetirmək analar üçün çətin olsun. Lakin onlar heç də ümidsiz olmamalı və bacardıqları qədər həmin proqramlara əməl etməlidirlər. Aparılan təhqiqatlara əsasən bətndəki körpə 4-cü aydan sonra müəyyən şeyləri eşidib onu zehnində saxlamağa qadirdir. Bu qaydalara əməl olunması, habelə gündə bir saat Quranın lent yazılarının oxudulması, ananın öz dili ilə bətnindəki övladına Quran oxuması, dünyaya gələcək uşağın “Quran hafizi” olmasına güclü təsirlər göstərir. Yaxşı olar ki, Quranın oxunuşu iki yaşına kimi davam edilsin. Əgər belə olarsa, hər gün təkrar olunan Quran ayələri artıq körpənin zehninə həkk ediləcək və get-gedə Quranı əzbərləmək uşaq üçün asanlaşacaqdır.
Əziz Peyğəmbərimiz (salləllahu ələyhi və alihi və səlləm) buyurur: “Qadın hamilə olan zaman oruc tutub, namaz qılan və Allah yolunda cihad edən şəxs kimi olur. Dünyaya uşaq gətirdiyi zaman isə onun üçün sayılması mümkün olmayan qədər savab müəyyən olunur. Körpəsinə süd verdikdə İsmayıl övladlarından bir nəfəri azad etmə savabını aparacaqdır. Uşağı süddən kəsdikdə isə bir mələk onun yanına gəlib deyər: Bu işi yenidən başla, sən bağışlanmısan!” (Biharul-ənvar, c.104, səh.104).
Nəhayət bütün valideynlərə övlad tərbiyəsində uğurlar diləyir və sözümüzü bu dualarla bitiririk: İlahi! 14 Məsum (ələyhimussəlam) xatirinə, bütün müsəlman ailələrinə sağlam və əməli saleh övladlar nəsib et!

Amin, ya Rəbbəl aləmin.


5466 dəfə baxılıb
در حال ارسال اطلاعات...