Valideynin məsuliyyəti
Bağışlayan və Mehriban Allahın adı ilə
Müqəddəs İslam dinimiz ailə hüquqlarını yüksək qiymətləndirmiş və bu məsələyə xüsusi diqqət yetirmişdir. Uca Yaradan insanları digər məxluqlardan üstün tutaraq onların bu dünyada aram, xoşbəxt və sülh içində yaşayışını təmin etmək üçün müqəddəs Quranı-Kərimi nazil etmişdir. Kamil və nöqsansız olan İslam dinində cəmiyyətə lazım olan bütün sahələr üzrə dəqiq, dolğun qanunlar və hədəflər müəyyən edilmiş, həmçinin bunlardan düzgün faydalanmaq üçün Əhli-beytə (ələyhimussəlam) itaət etməyimiz vacib buyrulmuşdur:
يَأَيهُّا الَّذِينَ ءَامَنُواْ أَطِيعُواْ اللَّهَ وَ أَطِيعُواْ الرَّسُولَ وَ أُوْلىِ الْأَمْرِ مِنكم
“Ey iman gətirən kəslər, Allaha, Onun Peyğəmbərinə və özünüzdən olan əmr sahiblərinə (İmamlara) itaət edin.” (Nisa surəsi, ayə 59).
Bəzən insan öz ağlına güvənərək hər hansı bir əməlinin düzgün və haqq olduğunu zənn edərək həmin əməli araşdırma aparmadan yerinə yetirməkdə davam edir. Sözsüz ki, belə bir şəxs heç vaxt dünya və axirət həyatından bəhrələnməyəcək. Çünki, əgər insanlar əziz Peyğəmbərimizin (salləllahu ələyhi və alihi və səlləm) dönə-dönə tapşırdığı bu iki əmanəti (Quran və Əhli-beyti) kənara qoyub, hər şeyi öz ağılları ilə ölçsələr, təbii ki, istər ailədə, istərsə də cəmiyyətin müxtəlif sahələrində sağlam və düzgün həyat tərzindən uzaqlaşıb uçuruma doğru yuvarlanacaqlar. Yəni, insan dindən ayrıldığına görə həyatında baş verən müxtəlif problemlər, o cümlədən, zülm, təkəbbür, əsəb, paxıllıq və s. səbəblər cism və ruhu parçalayıb məhv edəcəkdir.
Böyük cəmiyyət kiçik hissələrdən təşkil tapır və bu hissələrə “ailə” deyilir. Əgər ailə islah olunarsa, onda cəmiyyət tez bir zamanda islah olunar. Xüsusilə ictimada baş verən fəsadın güclü dalğaları çox təhlükəlidir. Bu dalğaları zərərsizləşdirmək üçün valideyn öz övladının əxlaq və tərbiyəsinə ciddi yanaşmalı, öhdəsində olan vəzifələri bacardığı qədər dəqiq yerinə yetirməlidir.
Müasir dövrümüzdə yaşayan bəzi yeniyetmələrin tərbiyəsinə nəzər saldıqda yan keçmək olmur. Onların insanlıqdan kənar mənfi hərəkətləri qəlbləri sızladır. O cümlədən:
1- Təhsil ocaqlarında (orta məktəb, texnikum, institut və s.) qız və oğlanların arasında baş verən şəhvətpərəstlik;
2- Oğlanların qız üstündə, yaxud nəfsi istəklər üstündə bir-biri ilə dalaşması;
3- Oğlanların qızlara şəhvət nəzəri ilə baxıb onlara söz atması;
4- Əxlaqsız sözlərdən və söyüşlərdən istifadə edilməsi;
5- Valideynlərə, müəllimlərə, böyüklərə hörmətsizlik və kiçiklərə zülm olunması;
6- Tütün məmulatları, qumar və spirtli içkilərdən istifadə edilməsi;
7- Evə gec gəlmə halları, əxlaqsız filmlərə tamaşa etməsi və s. cinayətlərin törədilməsi;
Təəssüflə qeyd etmək lazımdır ki, bəzi valideynlər dünyaya qapılaraq övladlarını öz başına buraxmışlar. Bu valideynlər müqəddəs və vacib bir vəzifə sayılan övlad tərbiyəsinə etinasız yanaşaraq övladlarının yalnız maddi yönümünü düşünür və bunun həlli üçün çarə axtarırlar. Onlar elə fikirləşirlər ki, uşağı yedirib-içirtmək, geyindirmək, məktəbə yola salmaq və xəstələnəndə dadına çatmaq lazımdır. Daha övladının mənəvi yönümü onları maraqlandırmır və Allahın əmanətini tərbiyə etmək barədə düşünmək belə ağıllarına gəlmir. Valideyn bilməlidir ki, iki hissədən (cism və ruhdan) yaradılmış insanın cisminə qida lazım olduğu kimi ruhun da qidası mənəviyyat və əxlaqla təmin edilməlidir. Məhz belə olan surətdə cəmiyyətə sağlam və tərbiyəli övladlar təhvil verilə bilər. Əgər ata və ana həm özünün, həm də övladlarının səadətini düşünməsə, qarşıdan gələn əzaba hazırlaşmalıdır. Qurani-Kərim bu barədə belə buyurur:
يَأَيهُّا الَّذِينَ ءَامَنُواْ قُواْ أَنفُسَكمُ وَ أَهْلِيكمُ نَارًا وَقُودُهَا النَّاسُ وَ الحْجَارَةُ عَلَيهْا مَلَئكَةٌ غِلَاظٌ شِدَادٌ لَّا يَعْصُونَ اللَّهَ مَا أَمَرَهُمْ وَ يَفْعَلُونَ مَا يُؤْمَرُون
“Ey iman gətirən kəslər, özünüzü və ailənizi yanacağı insanlardan və daşlardan ibarət olan atəşdən (Cəhənnəmdən) qoruyun. Qəliz (işləri çətin tutan) mələklər onların üstündə gözətçidirlər. (Onlar) Allahın əmrindən boyun qaçırtmaz və buyurulan əmri (dəqiq) yerinə yetirərlər.” (Təhrim surəsi, ayə 6).
Şərif ayədəki “özünüzü” kəlməsi birinci növbədə ataya aiddir. Adətən ata, evdən səhər çıxıb axşam gəldiyi üçün övladının tərbiyəsi ilə ya məşğul olmur, ya da buna çox az əhəmiyyət verir. Lakin o, bilməlidir ki, başqa dini vəzifələr boynunda vacib olduğu kimi övlad tərbiyəsi də vacib və ön planda durur.
Rəvayətdə deyilir: “Ayə nazil olandan sonra səhabələrdən biri Peyğəmbərin (salləllahu ələyhi və alihi və səlləm) hüzuruna gəlib soruşdu: “Ey Allahın elçisi, biz ailəmizi atəşdən necə qoruyaq?” Həzrət (salləllahu ələyhi və alihi və səlləm) buyurdu: “Onları əmr be məruf (yaxşı işlərə dəvət) və nəhy əz münkər (pis işlərdən çəkindirmək) et! Əgər səndən qəbul etsələr (sözünə qulaq assalar), onları Cəhənnəm atəşindən qorumuş olursan. Lakin qəbul etməsələr, (bil ki, boynuna düşən) vəzifəni yerinə yetirmisən.” (Nurus–səqələyn, c. 5, səh. 372) .
Hədisdə zikr olunan “əmr be məruf” Allah- təalanın vacib buyurduğu əməllərə, “nəhy əz münkər” isə Onun haram və qadağan etdiklərinə işarədir.
Başqa bir hədisdə əziz Peyğəmbərimiz (salləllahu ələyhi və alihi və səlləm) belə buyurur: “Bilin ki, hamınız gözətçisiniz və gözətçi olduğunuz insanların qarşısında məsuliyyət daşıyırsınız. Belə ki, İslam hökumətinin başçısı bütün camaatın gözətçisidir və buna görə də o, məsuliyyət daşıyır. Kişi öz ailəsinin gözətçisidir və o, buna görə məsuliyyət daşıyır. Qadın da həmçinin ailəsinin gözətçisi və məsuliyyət daşıyanıdır. Agah olun! Hamınız məmursunuz və məmur olduğunuz insanların qarşısında məsuliyyət daşıyırsınız.” (Təfsire – numunə, c. 24 , səh. 307).
Rəvayətdə deyilir: “Peyğəmbərin (salləllahu ələyhi və alihi və səlləm) yaxın səhabələrindən biri dünyasını dəyişən zaman O Həzrət ayaqqabılarını soyunub mərhumun cənazəsini öz mübarək çiynində müşayiət etməyə başladı. Onu qəbrə qoyarkən mərhumun anası dedi: “Ey oğlum, xoş sənin halına ki, Peyğəmbər (salləllahu ələyhi və alihi və səlləm) səni qəbrə qoyur. Sənə Cənnət müjdəsi olsun.” Peyğəmbər (salləllahu ələyhi və alihi və səlləm) buyurdu: “Belə demə! İndi onu qəbr əzabı gözləyir. Çünki o, ailəsinə əziyyət edir və onlara qarşı məsuliyyətsiz yanaşırdı...”
Hədisdən belə məlum olur ki, əgər hər kəs Allahın buyurduğu qanunların bəzisini yerinə yetirib qalan hissəsinə etinasız yanaşarsa, qəbr əzabı sorağına gələcəkdir.
Elə isə ey ata! Əgər özün namaz qılıb övladını namaza sövq etməsən, bil ki, namazın sənə heç bir xeyiri olmayacaq.
Ey ana! Əgər özün hicaba riayət edib qızının hicabına diqqət yetirməsən, örtüyün sənə nə faydası?!...
İlahi! 14 məsum (ələyhimussəlam) xatirinə, vəzifələrimizi düzgün yerinə yetirməkdə bizə kömək et və aqibətimizi xeyirlilərdən qərar ver ! Amin, ya Rabbəl aləmin.