Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Avqust 2014

Elm hədislərdə

İslam dini həm cəmiyyətə, həm də tək-tək insanlara, şəriətə aid bəzi məsələlərdə zaman, məkan və cins baxımından məhdudiyyətlər təyin etmişdir. Lakin yeganə sahə elmdir ki, İslam dini ona heç bir hədd qoymamış və elmə daha geniş yer vermişdir. Deyilənləri izah etmək istərdik:
Zaman baxımından: Bilirik ki, zaman cəhətindən oğlan 15, qız isə 9 yaşına çatarkən “namaz” qılmaq və s. ibadətlər onlara vacib olur. Yəni, bu yaşdan qabaq ibadət etmək vacib deyil və şəxsin öz ixtiyarındadır. Deməli, namaz məsələsində Allah-təala insana zaman cəhətindən məhdudiyyət qoymuşdur. Lakin, elm cəhətindən isə Allah-təala insana heç bir hədd qoymamışdır. Necə ki, Əziz Peyğəmbərimiz (salləllahu ələyhi və alihi və səlləm) buyurur: “Beşikdən qəbrədək elm öyrənin!” (Nəhcul-fəsahə, səh. 246, hədis 327). Hədisdən aydın olur ki, elmi 9 və ya 15 yaşından deyil, körpənin dünyaya göz açmasından öyrənməsi lazımdır.
Bəziləri: “Axı körpənin beşikdə elm öyrənməsi necə mümkündür?”- deyə soruşa bilərlər. Cavab: “Insanın tərbiyəsinin məhz elə o vaxtdan başlanması zəruridir. Çünki, körpənin zehni tər-təmizdir. Ora nə həkk olunsa, o da qalacaqdır. Əgər valideyn haram musiqiləri onun qulağına eşitdirərsə, onda həmin musiqi körpənin mənəviyyatında mənfi izlər buraxacaq və onun qəlbi qaralacaqdır. Yox, əgər körpə Quran eşidərsə və Onunla böyüyərsə, məlumdur ki, vücudunu müsbət xüsusiyyətlər əhatə edəcəkdir. Yeri gəlmişkən İslamda körpənin tərbiyəsi nəinki beşikdən, hətta o dünyaya gəlməmişdən belə başlanır. Bu isə başqa bir mövzudur.
Məkan baxımından: Dinin bəzi hökmlərini məxsus yerdə və ya məxsus məkanda yerinə yetirmək lazımdır. Məsələn, “həcc” kimi olan ibadət yalnız Məkkə şəhərində yerinə yetirilməlidir. Başqa şəhərdə bu ibadəti yerinə yetirmək haramdır. Deməli, həcc məsələsində Allah-təala insana məkan cəhətindən məhdudiyyət qoymuşdur. Lakin, elm cəhətindən isə Allah-təala insana heç bir hədd qoymamışdır. Necə ki, Əziz Peyğəmbərimiz (salləllahu ələyhi və alihi və səlləm) buyurur: “Elm Çində də olmuş olsa, gedin, öyrənin!” (Həmin mənbə, səh. 246, hədis 324).
Çin əhlinin müsəlman olmamasından belə bir qənaətə gəlmək olar ki, bəşəriyyət üçün faydalı istənilən bir elm və bilik dəyərlidir. İnsanı kamilliyə aparan, özü və ətrafı ilə daha artıq tanışlığa yönəldən, onu Allaha yaxınlaşdıran hər hansı bir elm və bilik İslamda diqqət mərkəzindədir. Çünki İslam dini bəşəriyyətin hidayəti və onun Allaha doğru hərəkəti üçün göndərilmişdir.
Bir sözlə hədisdən göründüyü kimi kafir və bütpərəst ölkəsində belə faydalı elm varsa, müsəlmanların həmin elmi öyrənməsi və xalqa mənfəət verməsi zəruridir.
Cins baxımından: Həmçinin bəzi hökmlərin kişilər tərəfindən yerinə yetirilməsi vacib, qadınlar tərəfindən isə vacib deyildir. Buna misal “cihad”ı göstərmək olar. Yəni, Allah-təala cins məsələsində qadınlara məhdudiyyət təyin edir və düşmənlə üzbəüz vuruşmağı onlara vacib bilmir. Lakin, elm cəhətindən isə Allah-təala kişi və qadına heç bir hədd qoymur. Belə ki, Əziz Peyğəmbərimiz (salləllahu ələyhi və alihi və səlləm) bu barədə buyurur: “Elm öyrənmək bütün müsəlman kişilərə və qadınlara vacibdir.” (Həmin mənbə, səh. 249, hədis 1905).
Yuxarıdakı bu üç hədisdən aydın olur ki, haqq olan dinimiz bir sıra ibadi əməllərdə məhdudiyyət qoymuş, elmdə isə heç bir məhdudiyyət qoymamışdır. Və bu da elmə yüksək qiymət vermənin açıq-aşkar nümunəsidir.
Başqa bir hədisdə Muhəmməd Peyğəmbər (salləllahu ələyhi və alihi və səlləm) buyurur: “Dini elm və maarifin var-dövlətdən yeddi üstün cəhəti var: 
1-Elm Peyğəmbərlərin mirasıdır, var-dövlət isə fironların.
2-Elmi bağışlayıb əta etdikcə artır, var-dövlət isə azalır.
3-Elm alimin qoruyucusudur, var-dövlət isə özü qorunmağa möhtacdır.
4-Elm kəfəndə olarkən də insana yoldaşdır, var-dövlət isə yox.
5-Var-dövlət kafirə də məxsus ola bilər, möminə də. Lakin elm, yalnız möminlərə məxsusdur.
6-Alim dini məsələlərdə hamının müraciət nöqtəsidir, lakin dövlətli isə belə deyil.
7-Elm sirat körpüsündən keçərkən sahibinə qüdrət bəxş edər, mal-dövlət isə öz sahibinin qüdrətini əlindən alar. (Nəsihətlər, Ayətullah Meşkini, səh. 216).
İmam Sadiq (ələyhissəlam) buyurur: “Dini məsələlərin dərkində dərinə varın! Dində dərinliyə varmayan və onu anlamaq üçün çalışmayan kəs bədəvi ərəblər kimi qalacaq.” (Biharul-ənvar, Əllamə Məclisi, c. 1, s. 215, hədis 19).
Əmirəlmöminin Həzrət Əli (ələyhissəlam) necə də gözəl buyurmuşdur:

Yerdən cücərirsə həm gül, həm tikan,
Sual da, cavab da elm babından.

Bəli, səmavi suallar verən hər bir kəs cavab olaraq elm və bilik əldə edəcək. Cəmiyyət və mədəniyyətin inkişaf və sabitliyi səmimi suallar və düşüncəli cavablardan asılıdır.
14 Məsumun (ələyhimussəlam) dualarından biri də bu olmuşdur: “İlahi! Heç bir xeyiri olmayan elmdən, təvazökarlığın nə olduğunu bilməyən qəlblərdən, qəbul olunmayan dualardan və azğın nəfsdən Sənə sığınıram.” (Məfatihul-cinan kitabından, şeyx Abbas Qumi).
Demək, heç bir xeyiri olmayan elmlərə yiyələnmək üçün sərf olunan vaxt və istedad olduqca əbəs və əhəmiyyətsizdir. Əldə olunan elm, dildə yox, əməli olaraq həyata keçirilməlidir. Allah-təala deyilən sözlərə əməl etməməyi məzəmmət edərək buyurur: «Ey iman gətirənlər! Etməyəcəyiniz bir şeyi niyə deyirsiniz? Etməyəcəyiniz bir şeyi demək, Allah yanında böyük qəzəbə səbəb olar.» (Əs-Səff surəsi, ayə 2-3).
Əziz Peyğəmbərimiz (salləllahu ələyhi və alihi və səlləm) yenə də başqa bir hədisdə belə buyurur: “Bu dörd şeyə görə elm öyrənən şəxslər Cəhənnəm əzabına düçar olarlar:
1-Alimlərlə mübahisə aparmaq üçün;
2-Nadan və cahillərin qarşısında öyünmək üçün;
3-Camaatın nəzərini özünə cəlb etmək üçün;
4-Yiyələndiyi elmin vasitəsilə hakim və əmirlərdən (dövlət başçılarından) pul və var-dövlət əldə etmək üçün.” (Sunəni Darəmi, c. 1).
Əli (ələyhissəlam) buyurur: “Allah eşqindən kövrəlməyən qəlblərdə, ağlamayan gözlərdə və heç bir mənfəəti olmayan elmlərdə xeyir olmaz. Xeyiri olmayan elmlər, şəfa verməyən dərmanlar kimidir.” (Ğurarul-hikəm, elm babı).
Maraqlı bir rəvayəti yada salaq: “Bir yəhudi İmam Əlinin (ələyhissəlam) yanına gəlib dedi: “Mənə elə bir ədəd de ki, 1-dən 10-a kimi bölünəndə nəticəsi qalıqsız olsun. İmam: “Əgər cavabını desəm, İslamı qəbul edərsənmi?” Dedi: – “Bəli.” Həzrət Əli (ələyhissəlam) ona buyurdu: “Həftənin günlərini vur, çevrənin tam dərəcəsinə! İstədiyin ədəd alınacaqdır.” Yəhudi həftənin günlərini (7), çevrənin tam dərəcəsinə (360) vurub 2520 rəqəmini alır və onu 1-dən 10-a kimi bölüb nəticəsinin qalıqsız olduğunu gördükdə İslamı qəbul edir...
Həmçinin ərəb rəqəmlərində 1-dən 10-a kimi sayının hansında "əyn" hərfi varsa, onları bir-birinə vur! Istədiyin ədəd alınacaqdır. (4, 7, 9 və 10 rəqəmlərində “əyn” hərfi mövcuddur). (Həzrət Əlinin (ələyhissəlam) qəzavətləri, səh. 129.
Mərhum Şeyx Bəhai “Xülasətul-hesab” kitabının 136-cı səhifəsində belə qeyd edir:
“Əgər ayların sayını (12) ayın günlərinin sayına (30) və onun hasilini (360) də həftənin günlərinə (7) vursan, elə bir ədəd alınar (2520) ki, qeyd olunan ədədlərin hamısına qalıqsız bölünər.”
Bəli, hörmətli oxucu! Əgər 14 mə`sumun (ələyhimussəlam) elmi haqqında yazmaq istəsək, cildlərlə kitablar əmələ gələr. Lakin diqqət olunası məqam budur ki, qeyd etdiyimiz kimi bütün elmlər Allahdandır və elmləri də Allah-təala iki hissəyə bölür: “Lədunni|” və “iktisabi”. Allah-təala “lədunni” elmi Özünün layiq bildiyi və seçdiyi bəndələrinə əta edir. Bu bəndələr Peyğəmbərlər və İmamlardır (ələyhimussəlam). Belə ki, Allah-təala məsləhət bildiyi elmləri Peyğəmbərlərin və İmamların (ələyhimussəlam) qəlbində yerləşdirir. Yəni, Onlar heç kimdən dərs almır və heç yerdə dərs oxumurlar. Qısa sözlə desək, bu müqəddəs insanların müəllimi birbaşa Allah-təalanın Özüdür.
“Iktisabi” elmə gəldikdə isə yerdə qalan bütün insanlar bu elmdən istifadə edir. Yəni, hər hansı bir məlumatı, yaxud hər hansı bir elmi kəsb etmək (qazanmaq) üçün ya müəllimdən, ya kitabdan və ya başqa vasitələrlə öyrənirlər. Ona görə də insan özünü başqalarından elmli və üstün saymamalı, özünü Yaradanın hüzurunda aciz və zəif sanmalı, Peyğəmbərləri və İmamları (ələyhimussəlam) özü üçün örnək bilib kamilliyə doğru addımlamalıdır. Məhz belə olan surətdə həm bu dünya, həm də Axirət səadətinə qovuşmuş olar. İlahi, 14 Məsum xatirinə, elmimizi və biliyimizi artır, bizləri elmsiz və əməlsiz bu dünyadan aparma...


5203 dəfə baxılıb
در حال ارسال اطلاعات...