Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Avqust 2014

Din ilə elmin qarşılıqlı münasibəti

İslam dini elm və təhsilə xüsusi əhəmiyyət verir. Hər bir müsəlman, dindarlıqla yanaşı ayıq, agah və mərifət sahibi olmalıdır. Qurani-Məcid qısa və mənalı bir cümlədə buyurur: «(Qəlbən) kor və cahil insan, görən və agah insanla birdirmi?!» (Əl-Ənam surəsi, ayə 50).
İlk təhsillərini dini mədrəsədə almış İbn Sina, Nəsrəddin Tusi, Farabi və s. tanınmış alimlər həmişə elmi nəaliyyətlərini Islam dini ilə əsaslandırmışlar. Məsələn, fəlsəfə, astronomiya, tibb, fizika və kimya elmlərini gözəl bilən İbn Sina deyir: “Mən elmi məsələlərdə çətinliyə düşdüyüm zaman əvvəl dəstəmaz alar, sonra namaz qılar və Allahdan kömək istərdim. Nəhayətdə isə həmin elmi məsələ mənim üçün aşkar olardı.” (Din ilə elmin vəhdəti, səh. 3).
Məşhur kimyaçı Mendeleyev öz xatirələrində İmam Sadiqin (ələyhissalam) tələbələrindən olan Cabir barəsində belə yazır: “Əgər Cabir ibn Həyyanın yazdığı kitabları oxumasaydım, kimyəvi elementlər cədvəlini aşkar edə bilməzdim.” (Cəmiyyət və din, səh.88).
Bildiyimiz kimi bəzi elmlər dini, bəzisi isə qeyri-dinidir. Dini elmlər dedikdə əqidə, əxlaq, əməli elmlər və bu elmlərə giriş olan ərəb qrammatikası, məntiq və s. nəzərdə tutulur.
Qeyri-dini elmlərə isə mühəndislik, həkimlik və s. qeyd etmək olar.
İstər dünyəvi, istərsə də dini elmləri öyrənmək vacibdir. Başqa sözlə desək, elm iki hissədən ibarətdir:
1-Bütün insanlara vacib olan elm;
2-Bəzi insanlara vacib olan elm;
İslam Peyğəmbəri (salləllahu ələyhi və əlihi və səlləm) buyurur: “Vacib olan elm üçdür: “Ayətun muhkəmə” (usuluddin), “fərizətun adilə” (furuuddin) və “sunnətun qaimə” (əxlaq-yə`ni, fərdi və ictimai hüquqlar). Bunlardan başqa nə varsa, fəzilətdir.” (Usuli-kafi, c. 1, s. 37).
Hədisdən aydın olur ki, bütün insanlar dini elmləri (usuluddini, furuuddini və əxlaqı) öyrənməli və ömürlərinin sonuna kimi bu üç elmdən faydalanıb ona əməl etməlidirlər. Çünki hədisdə “vacib” kəlməsi işlənibdir. Çox aydın bir məsələdir ki, Axirətdə Quranın buyuruqlarına əməl edib-etməməyimizdən sorğu-sual olunacağıq. Deməli, məhz İslamın göstərişlərinə əməl etməyimiz zəruri və vacibdir.
Lakin qeyri-dini elmlərə gəldikdə isə bütün insanların öyrənməsi “vacib” deyil və buna görə sorğu-sual olunmayacaqlar. Bu elmləri hamının yox, bəzilərinin öyrənməsi vacibdir ki, onlar cəmiyyətə xeyir verib, onun maddi yönümünü həll etsinlər. Axirətdə bizdən – “Sən nə üçün həkimliyi və ya mühəndisliyi öyrənmədin?” – deyə, soruşulmayacaq. Əksinə bizdən soruşulacaq: “Sən nə üçün Allah barəsində təhqiq aparmadın və Ona şərik qoşdun, yaxud sən nə üçün namaza aid olan məsələləri öyrənib əməl etmədin? Nə üçün xüms ödəmədin? Nə üçün zülm etdin? Nə üçün tərəzidə aldatdın və s.?” Buna görə də hər bir insan bu barədə ciddi düşünməli və öhdəsində olan vacibləri təxirə salmamalıdır.

Elm Quranda

Dini elmdən ayırmaq insafsızlıqdır. Tarixə nəzər saldıqda elmlə din arasında ziddiyyət yox, əksinə vəhdət və sıx əlaqə olmuşdur. Bəzən elə insanlara rast gəlmək olur ki, dini elmdən ayırır və bunların tamamilə bir-birinə zidd olduğunu isbat etmək istəyir. Halbuki, belələri az da olsa, bu barədə araşdırma aparsalar, hər ikisinin bir-birindən ayrılmaz olduğunu müşahidə edərlər. Sözümüzə dəlil olaraq aşağıdakılara diqqət edək:
1) Hər bir şeyin, o cümlədən canlı və cansızın yaradıcısı tək olan Allahdır. Deməli, bütün elmlərin yaradıcısı – Odur.
“Elm” - ərəb kəlməsidir. Ana dilimizdə isə “bilik” yaxud “bilmək” mənasındadır. Qurani-Kərimdə “elm” sözü 779 dəfə işlənmişdir. Bu da öz növbəsində kəlmə sayına görə altıncı yerdə durur. Birinci yerdə duran “Allah” kəlməsidir ki, Quranda iki mindən çox təkrar olunmuşdur.
3) Qurani-Kərimin ən böyük möcüzə olmasının səbəbi budur ki, yüzlərlə ayə elmdən xəbər verir. Bunu hətta materialist alimlər belə təsdiq edir. Bir neçə ayəni yada salmaq istərdik:
1- «Bağışlayan və mehriban Allahın adı ilə. And içirəm Qiyamət gününə! Və and içirəm özünü məzəmmət edən nəfsə (möminin nəfsinə və Allaha asi olduğu üçün özünü məzəmmət edən ayıq vicdanına and olsun ki, Qiyamət haqdır)! Yoxsa insan belə güman edir ki, Biz əsla onun sümüklərini (öldükdən sonra torpaqların arasından) bir yerə yığa bilməyəcəyik? Bəli (bir yerə yığacağıq), hələ bir (üstəlik) onun barmaqlarının ucunu da əvvəldə olduğu kimi sirli xətlərlə düzəltməyə qadirik!» (Əl-Qiyamət surəsi, ayə 1-4).
İnsanın barmaq izləri onun “şəxsiyyət vəsiqəsi”dir. Ümumiyyətlə, Quranda insanları ölümündən sonra diriltmənin Allah üçün çox asan olması bildirilir. Bu ayədə barmaq uclarının vurğulanması son dərəcə hikmətamizdir. Çünki bütün insanların barmaq izləri tamamilə bənzərsiz, təkrarsız və tamamilə özünəməxsusdur. Tibb elminin “daktilaskopiya” sahəsi də barmaq izlərini müəyyənləşdirən əsas vasitədir. Cinayətkarın tapılmasında və s. mühüm işlərdə həmin cizgilər köməyə çatır. Bu da 19-cu əsrin axırları kəşf edilmişdir.
2- «Sonra onu(n nəslini) nütfə (torpağın maddələrinin cövhəri) şəklində möhkəm bir yerə (ana bətninə) qoyduq. Sonra nütfəni ələqə etdik (laxta qana çevirdik), sonra ələqəni muzğə etdik (çeynənmiş ət şəklinə saldıq). Ondan sonra muzğəni (yumşaq) sümüklər etdik. Beləliklə sümüklərə ət (libası) geyindirdik. Sonra onu (inkişaf etmək qabiliyyəti olan həmin cismi ruh üfürməklə ağıl və elmə layiq) başqa bir (canlı) məxluq (şəklində) vücuda gətirdik. Buna görə də afərin Allaha! Yaradanların ən yaxşısı olan Allah, çox xeyir-bərəkətlidir!» (Əl-Muminin surəsi, ayə 13-14).
Dölün ana bətnindəki inkişafını araşdıran elm sahəsi “embriologiya”dır. Mikroskop icad olmamışdan qabaq bu elm yaxın zamanlara qədər elə hesab edirdi ki, ana bətnindəki dölün sümükləri ilə əzələləri eyni vaxtda əmələ gələrək paralel şəkildə inkişaf edir. Buna görə də bəzi adamlar bu ayələrin elmlə düz gəlmədiyini uzun zaman ərzində iddia ediblər. Lakin mikroskopik araşdırmalar göstərdi ki, dölün ana bətnindəki inkişafı prosesi məhz Quranda təsvir olunmuş ardıcıllıq üzrə gedir.
3- «Və küləkləri (buludlar, ağaclar və otlar üçün) mayalandırıcı olaraq göndərdik. Göydən (yağış, qar və dolu şəklində) su nazil etdik və sizi onunla sirab etdik. Siz onu (nə göyün buludunda və nə də yerin dərinliklərində) yığıb saxlayan deyilsiniz və buna qüdrətiniz də yoxdur.» (Əl-Hicr surəsi, ayə 22).
Orta məktəb dövründən bilirik ki, küləklər tozlandırıcı xüsusiyyətə malikdir. Belə ki, əksər açıq toxumlu və çiçək verən bütün toxumlu bitkilər, o çümlədən şam ağacları, palmalar, habelə çəmənlik otları və s. küləklərlə mayalanır. Külək çiçək tozlarını bitkilərdən alıb onları eyni növdən olan başqa bitkilərə apararaq mayalanma prosesini həyata keçirir.
Bir sözlə bu və bu kimi yüzlərlə elmi həqiqətlər 14 əsr bundan öncə Quranda öz əksini tapmışdır.


4807 dəfə baxılıb
در حال ارسال اطلاعات...