Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Fevral 2014

Novruzovun yarımçıq sözü (-nün ardı)

“Məmurlar Həzrət Əli kimi yaşamalıdır, İlham Əliyev kimi yox!”

Həyatda çox adamlar sözünü bütöv demir. Bunun bir səbəbi qorxudur. Bilirlər ki, sözün ardı peşmançılığa səbəb olacaq, ona görə də sözlərini yarıda saxlayırlar. İkinci səbəb düşünmədən danışmaqdır. Bəziləri sözün ortasında dərk edir ki, səhv edib bu söhbətə başlayıb. Başqa biriləri cəmiyyətin xeyri üçün sözünü bütöv demir. Düşünür ki, sözün ardını desə cəmiyyət üçün problem yarana bilər. Əlbəttə ki, sözün (söhbətin) bir hissəsinin deyilib, bir hissəsinin saxlanmasının başqa səbəbləri də ola bilər. Məsələn, ölüm!

Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzov virtualaz.org saytına müsahibəsində harın məmurları pəhrizkarlıq nümunəsi olan Həzrət Əliyə (ə) bənzəməyə çağırıb. Yazıya bir az da maraqlı başlıq qoyulub: “Məmurlar Həzrət Əli kimi yaşamalıdır!” Cümlə yarımçıq görünür. Onun ardı varmı? Varsa nədir? Varsa nə üçün deyilməyib? Deyilməyən sözləri deyilənə əlavə etsək belə alınar: “Məmurlar Həzrət Əli kimi yaşamalıdır, İlham Əliyev kimi yox!” Kimsə xəbərsiz deyil ki, məmurlar qazı sona qədər sıxıb. İmkan çatan həddə dəbdəbəli, harın yaşayırlar. Heç bir məmur öz həyat tərzində prezidentdən qabağa keçməmək barədə düşünmür. Olsun ki iclaslarda, tədbirlərdə prezidentin kostyumundan, ayaqqabısından geyməyə, saatından taxmağa cürət edən yoxdur. Amma gözdən qıraqda əllərindən gələni beş qaba çəkirlər.

Bu hal təbii ki, prezidenti qəzəbləndirir. O, kimin nə yediyinidən, nə geydiyindən, at və arvadından xəbərsiz deyil. Məmur balaları barədə isə elə öz övladları ona məruzə edir. Belə bir xəbər getdi mətbuatda:
Prezident İlham Əliyevin məmurlara xəbərdarlığı
2013, 15 avqust...
Prezident İlham Əliyev avqustun 14-də İsmayıllıda içməli su təchizatı sisteminin işə salınması mərasimində məmurları özlərini tutduqları vəzifələrə layiq aparmağa çağırıb. Onu sözlərinə görə, bəzi hallarda məmurlar özlərini apara bilmirlər.
“Bəzi hallarda məmurlar özlərini apara bilmirlər. Onların özləri, onların yaxınları insanları incidirlər, qıcıqlandırırlar, yersiz hərəkətlər edirlər və özlərini təvazökar aparmırlar. Belə olan halda əlbəttə ki, ciddi tədbirlər görülür və görüləcəkdir”, - dövlət başçısı xəbərdarlıq edib. Onun fikrincə, vəzifəli şəxslər Vətənə, xalqa sədaqətlə xidmət etməlidir.
“Hər bir vəzifə sahibi bilməlidir ki, o, xalqa xidmət etmək üçün bu vəzifəni tutub, o cümlədən də mən. Bu vəzifəni mən ancaq xalqa xidmət etmək üçün icra edirəm. Hər bir vəzifəli şəxs öz məsuliyyətini dərk etməlidir, Vətən üçün, xalq üçün çalışmalıdır. Bax, əgər hər bir yerdə, hər bir səviyyədə bu prinsiplər tam üstünlük təşkil etsə, onda ölkəmiz daha da sürətlə qabağa gedəcəkdir”, - dövlət başçısı bildirib.

Nə isə, qayıdaq Səyavuş Novruzova. O, son müsahibədə Ukrayna hadisələri, Azərbaycan müxalifəti, Azərbaycanda baş verən son hadisələrə münasibət bildirib. S.Novruzovun müsahibəsindən bir neçə sitat:

1.Ukraynada və Azərbaycanda baş verən prosesləri eyniləşdirmək olmaz. Çünki Azərbaycanda prezident və xalq bir yerdədir...

2.İsa Qəmbərin ayağı ağırdır. Hara gedirsə, bu cür işlər baş verir, qarışıqlıq yaranır. Bunlar vahid bir nöqtədən idarə edilən insanlardır. Lazım olanda idarə olunduqları şəxslər tərəfindən düymə basılır və bunlar başlayırlar bir-birlərinə dəstək olmağa.

3. Əgər narazılıq varsa, bunu tənqidi fikirlərlə hökumətə çatdırmaq lazımdır.

4.Mətbuatda məmur övladlarının bahalı maşınlarının, təyyarələrinin olması, lüks həyat tərzi sürmələri haqda xəbərlər yer aldı. Amma onlar bu barədə açıqlama verdilər və bəyan etdilər ki, bu qeyd olunanlar onlara məxsus deyil. Əgər mətbuatda yer alanlar o məmur uşaqlarınındırsa, onlar çox böyük səhv edərək bunu sosial şəbəkələrdə yerləşdiriblər...

5.Bizim məmurlar da Həzrət Əlidən nümunə götürməli, onun kimi sadə, təvazökar həyat tərzi keçirməlidirlər...

6.Azərbaycan o qədər inkişaf edib ki, əvvəl 3 min manata ev almaq olurdusa, indi bu mümkün deyil. Bu da iqtisadi inkişafın göstəricisidir, kasıbçılığın yox...

7. Azərbaycanda baş verən hadisələr zamanı sakit şəkildə düşünülür və qərar verilir. Ona görə də ölkədə heç bir narazılığın baş verməsi mümkün deyil...

Yeddi! Yeddi oğul istərəm... Yeddibaşlı əjdaha... Yeddi qardaş... Yeddioymaq kəndi... Siyavuş Novruzovun 7 fikri... Və yeddi gözəl: Siyavuş Novruzov, Əli Əhmədov, Mübariz Qurbanlı, Fəzail Ağamalı, Hafiz Hacıyev, Mübariz Əhmədoğlu... Və-və-və-və Hacıbala Talıbov! Hərəsindən bir şüar:

Siyavuş Novruzov: “Bütün dünya, bütün Azərbaycan xalqı, tərəqqipərvər bəşəriyyət bilir ki, İlham Əliyevin Azərbaycanda alternativi yoxdur. Azərbaycanda günü bu gün prezident seçkiləri keçirilsə, 99,9 faiz əhali prezidentimizə səs verərək onu yenidən prezident seçəcəklər.” (Prezidentliyə namizəd professor Cəmil Həsənli Səyavuş Novruz haqqında: “O adam universitetdə oxuyanda 8 adamın tapşırığından sonra 4-cü göndərişdə ”tramvay altında qalan “3" alıb” .)

Əli Əhmədov: “Gələcəkdə, irəliləyən illərdə harın məmurların sayı indikindən əhəmiyyətli dərəcədə azalacaq”

Mübariz Qurbanlı: “YAP elə İlham Əliyevin Seçki Qərargahıdır.”

Fəzail Ağamalı: “Əgər İlham Əliyevin sağlamlığı buna şərait yaradırsa, nədən o, 2013-cü ilin seçkilərinə qatılmasın?”

Hafiz Hacıyev: “Hakimiyyətin daxilində arvadı erməni olanlar da eşitsin, İlham Əliyevə xəyanət etmək istəyənlər də eşitsin, qulaqlarını kəsəcəm”

Mübariz Əhmədoğlu: “İlham Əliyev konstitusiyanı dəyişmədən də hakimiyyəti uzun müddət əlində saxlaya bilər.”

Hacıbala Talıbov: “Bu ölkədə bir kişi var, o da cənab prezidentdir”

Bizim əxlaqda yaxşı sözü pis adamdan da qəbul etmək zəruri sayılır. Siyavuş Novruzovla ciddi ideoloji-siyasi problemimiz olsa da dediyi söz öz-özlüyündə pis deyil. Bir şərtlə ki, bu sözü deyib dayanıb duraydı. Amma bu söz Novruzovun BÖYÜK YEDDİ KƏLAMı arasındadır.

1.Azərbaycanda prezident və xalq bir yerdədir? Əgər bir yerdəsə bu “biryerdəlik” Mübariz Əhmədoğlunun “İlham Əliyev konstitusiyanı dəyişmədən də hakimiyyəti uzun müddət əlində saxlaya bilər” sözü ilə düz gəlmir. Necə yəni konstitusiyanın dəyişmədən də? Yəni cəhənnəm olsun qanun, xalq, xalqın səsi? Başqa nə şərhi var?!
2. Bunlar vahid bir nöqtədən idarə edilən insanlardır – deyir Novruzov. Bu vahid nöqtə hardadır? “Tərəqqipərvər bəşəriyyət” bu nöqtədir ya yox?
3.Bu günə qədər hakimiyyətin nəzərinə çatdırılan narazılıqlarla bağlı tədbir görülübmü? Sökülən evlər! Xəbərə bax, yalan sayan Sovetskini görsün:
Paytaxt Bakıda əsl söküntü bumu yaşanır. Hazırda Bakının “Xutor”, Qaraşəhər, “Sovetski”, “Kubinka” və Böyükşor qəsəbəsində dövlət əhəmiyyətli projeyə görə 10 mindən çox ev plana düşüb. Artıq bir neçə aydır ki, “Sovetski”, “Xutor” və “Kubinka”da söküntü işlərinə start verilib. Sakinlər isə onlara verilən kompensasiyadan narazıdırlar.Ölkə başçısı keçirdiyi müşavirələr zamanı dövlət əhəmiyyətli projelərə görə evləri sökülən əhaliyə mənzilinin kvadratına görə minimum 1500 manat kompensasiya verilməsi ilə bağlı tapşırıq versə də, hələlik heç bir icra hakimiyyəti orqanı dövlət başçısını bu tapşırığını əməl etməyib. Məsələn, Bakının qədim məhəllələrindən olan “Sovetski” və “Kubinka”da evləri sökülən sakinlərlə evlərinin hər kvadratına görə 1500 manat kompensasiya verilməsi ilə bağlı müqavilə bağlasalar da, onlar “Kapital Bank”dan 1200 dollar alıblar. Sakinlər yerli icra hakimiyyətləri ilə bağlı Prezident Administrasiyasına şikayət məktubu ünvanlasalar da, hələlik onlara hər hansı bir cavab verilməyib.
“Xutor”da isə vəziyyət tamamilə başqadır. Yaxınlıqdakı magistral yolun genişləndirilməsi məqsədi ilə yüzlərlə evləri sökürlər. Sakinlər isə iddia edir ki, onların evləri yaxınlıqdakı yeni prezident iqamətgahına görə sökülür. Evləri sökülən sakinlərə isə mənzillərinin hər kvadratmetrinə görə 1080 manat kompensasiya verilir. “Xutor” sakinləri verilən kompensasiyanın onları qane etmədiyini iddia edilər.
Böyükşor qəsəbəsində bir tərəfdə yeni stadion tikilir, digər tərəfdə yeni çəkiləcək yola görə plana düşən evlərin sakinləri etiraz edir. Sakinlər deyir ki, onlara evlərinin bir kvadrat metri üçün 1020 manat pul verilir. Hazırda 600 ev plana düşüb. Sakinlər “Yeni Müsavat”a bildirilər ki, verilən 1020 manat kompensasiyadan imtina ediblər. Yerli icra hakimiyyətindən onların müvəqqəti kirayədə qalması üçün pul ayrılıb. Böyükşor qəsəbəsinin yaxınlığında yaşayan sakinlər həmçinin bildirdilər ki, 100-dən çox ailə 30 kvadratlıq evdə yaşayır. Verilən kompensasiya ilə 30 min manat ev almaları mümkünsüzdür. Köçürüləcək sakinlərdən bəziləri isə dövlətin onları mənzillə təmin etməli olduğunu vurğuladı.
4. “Əgər mətbuatda yer alanlar o məmur uşaqlarınındırsa, onlar çox böyük səhv edərək bunu sosial şəbəkələrdə yerləşdiriblər...” Nə deyəsən bu məntiqə! Yəni işiniz görün, amma pərdə arxasında, gizlində.
5.Məmurlar da Həzrət Əlidən nümunə götürməlidir? Həzrət Əli (ə) məmur olub, yoxsa xəlifə? Nə üçün xəlifə (prezident) Həzrət Əlidən ibrət götürməsin?! Yox, burada başqa məna var: Yəni ay qudurğan məmurlar! Kim sizə icazə verib Prezidentdən qabağa keçəsiniz?! “Məmurlar Həzrət Əli kimi yaşamalıdır, İlham Əliyev kimi yox!” Əlbəttə ki, Novruzov sözünün yarısını saxlayıb harın məmurlarla sıcaq görüşlərə.
6.Bahalıq inkişaf, ucuzluq kasıblıq göstəricidirsə, alıcılıq qabiliyyəti nədir? İki il öncənin xəbəri:
2011, 21 iyun:
ABŞ-da nəşr olunan “Global Finance” jurnalı dünyanın ən zəngin ölkələrinin adlarını açıqlayıb. Modern.az saytı bildirir ki, 182 ölkənin adının qeyd olunduğu siyahıda ən zəngin ölkədən tutmuş ən kasıb ölkəyə qədər adambaşına düşən gəlirlərə uyğun olaraq 2008, 2009, 2010-cu illərin nəticələri qeyd olunub. Dünyanın ən zəngin ölkəsi ilə ən kasıb ölkəsi arasında 263 qat gəlir fərqi var.
Siyahının başında Qətər yer alıb. Bu ölkənin 2010-cu ildə adambaşına düşən gəliri 90 min 149 dollardır. İkinci və üçüncü yerdə Lüksemburq və Norveçdir. Lüksemburqda 2010-cu ildə adambaşına düşən gəlir 79 min 411 dollar, Norveçdə isə 52 min 964 dollardır.
Azərbaycan isə 182 ölkə arasında 82-ci yerdə qərar tutub. Belə ki, ölkəmizdə 2010-cu ildə adambaşına düşən gəlir 9 min 810 dollardır. Bu rəqəm 2009-cu ildə 9 min 564, 2008-ci ildə isə 9 min 810 dollar təşkil edib.
Yoldaş Novruzov, Azərbaycanı Qətərlə, bizi bəyənmədiyimiz ərəblərlə müqayisə edin. 1.7 milyon əhalisi olan Qətər dünyanın ən zəngin ölkəsi, 5 qat atıq əhalisi olan Azərbaycan bu sırada 82-ci yerdədir. Qətərlinin 90 min dollar, azərbaycanlının 9 min dollar qazancı var. Bu da var ki, Azərbaycanda 9 min dollar qazanc haradadır?! 9 min dollar ayda 750 dollar deməkdir. Ailənin 6 üzvü varsa, demək evə 4500 dollar gəlir. Gəlirmi?! Necə ki siz bu rəqəmə dodaqaltı gülürsünüz, xalq bərkdən ağlayır. 
7."Ölkədə heç bir narazılığın baş verməsi mümkün deyil”. Haqlısınız, narazılıq var, amma onu bildirmək qeyri-mümkündür. Çünki “bu ölkədə bir kişi var, o da cənab prezidentdir!” Çünki İlham Əliyevə xəyanət etmək istəyənlərin qulaqlarını kəsən var. Çünki YAP elə İlham Əliyevin Seçki Qərargahıdır. Çünki İlham Əliyev hələ sağlamdır. Nəticə budur ki, gələcəkdə, irəliləyən illərdə harın məmurların sayı azalmayacaq! Bu sözdür ki, məmurlar Həzrət Əli kimi yaşamalıdır, İlham Əliyev kimi yox! Məmurlar Əli kimi yaşamayacaq, sadəcə İlham Əliyevi ötüb-keçməməli olacaq.


4436 dəfə baxılıb
در حال ارسال اطلاعات...