Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Fevral 2014

İslamda qadının ictimai rolu

Qadın cəmiyyətdə böyük rolu olan müstəsna varlıqdır. Bugünkü cəmiyyət məhz dünənki qadınların, anaların tərbiyəsinin məhsuludur. Hər bir ölkənin gələcəyini təxmin etmək üçün onun qadınlarına baxmaq lazımdır. Bugünkü qadınlar nə qədər ismətli, vətənpərvər, aktiv, fədakar və iradəlidirlərsə, sabahkı cəmiyyətin də bir o qədər uğurlu olacağı bəllidir. İnsanın tərbiyəsində dörd mühüm amildən (1) biri olan ailənin əsas məsuliyyəti - xüsusən bizim cəmiyyətimizdə - məhz qadının üzərinə düşür.
Dinimizə görə, qadının ilk vəzifəsi yaxşı həyat yoldaşı və ana olmaq, ailəni düzgün idarə etməkdir. Allah-Taalanın qadını bu qədər emosional, həssas yaratmasının bəlkə bir səbəbi də onun sevgi və səbirlə analığın çətinliklərinə dözməsi, övladını qayğı ilə böyütməsidir. Uşağı yemək və geyimlə təmin etmək atanın borcudur, amma ona ana məhəbbətini, nəvazişini başqa heç kim verə bilməz.
Tarixdə insanlara örnək olan bir ailə var: Peyğəmbərin Əhli-beyti. Allah-Taala Quranda onları bütün çirkinləklərdən uzaqlaşdırdığını buyurmuş (2) və onlara sevgi bəsləməyi müsəlmanlara vacib etmişdir (3). Bu ailədə Peyğəmbər – baba, Əli – ata, Fatimə - ana, Həsən, Hüseyn (və bir pillə aşağıda Zeynəb) övladlardır. Belə övladların yetişməsində də ananın – Fatimənin böyük rolunu görməmək olmaz. Mədinə şəhərində yeni İslam cəmiyyəti qurmuş Peyğəmbərin qarşısında ciddi daxili və xarici maneələr var, Əli də daim onun yanında olan ən yaxın köməkçisi, döyüşlərin misilsiz sərkərdəsidir. Ailənin demək olar ki, bütün məsuliyyəti Fatimənin üzərinə düşür və o, həm həyat yoldaşını idarə edib ağır işlərdə, döyüşlərdə böyük ruh yüksəkliyi ilə iştirakını təmin edir, həm belə övladlar yetişdirir, həm digər qadınlara İslam hökmlərini öyrədir və lazım olduqda digər ictimai fəaliyyətlərlə də məşğul olur. Atası Ühüd döyüşündə yaralananda Fatimə oraya gedib üzünün qanını yudu, qanın dayanmadığını gördükdə bir həsir parçasını yandırıb yaraya basdı və bundan sonra qan dayandı. (4)
Həsən və Hüseynin məsum imam olduqlarını nəzərə alsaq, bu ananın şah əsərinin Zeynəb olduğunu söyləyə bilərik. Kərbəlada Zeynəbin gözü önündə oğullarından, qardaşlarından, yaxınlarından ibarət on səkkiz əzizi qətlə yetirilir, başları kəsilir, bədənləri parça-parça edilir. Bəs bütün bunları seyr etmiş Zeynəbin reaksiyası necə olur? Sanki bütün tarix diqqətlə bu səhnəni izləyir, səbirsizliklə Əli və Fatimə qızının nə edəcəyinə baxır. O, ertəsi gün qardaşının başsız bədəni önündə belə bir dua edir: "İlahi! Bu qurbanımızı qəbul elə!" (5) Bir qadın kimi təbii olaraq faciənin dəhşətindən ağlayır, amma düşmənin rişxəndli "Gördün Allah sizə nə etdi?!" cümləsi qarşısında mətanətlə deyir: "Gözəllikdən başqa bir şey görmədim!" (6)
Zeynəb Aşura təbliğatçısıdır. Düşmən quru bir səhrada qılıncdan keçirdiyi bir dünya ideyanı, amalı elə orada da dəfn etmək niyyətində idi. Zeynəb və İmam Hüseynin sağ qalmış tək oğlu Səccad isə onları tarixə ötürür, Kərbəla amalının əbədi yaşamasına səbəb olurlar. Burada qadın və kişi bərabərdir: hər ikisi əsir karvanını idarə edir, xalqın önündə, İbn Ziyadın və Yezidin saraylarında sözlərini deyirlər. Əvvəldə İmam Səccadın ağır xəstə olduğunu nəzərə alsaq, Zeynəbin çox böhranlı durumda yüksək idarəetmə bacarığını və dahi liderlik qabiliyyətini görərik. Güclü mənəvi zərbələrə məruz qalmış Əli qızı həm özünü toparlamalı, həm xəstə imamı qorumalı, həm də oğlu, qardaşı, həyat yoldaşı və ya atası şəhid edilmiş qadınları, qızları, körpələri soyğunçu düşməndən qorumalı, onlara təskinlik verməlidir. Və Zeynəb bunların hamısını bacarır.
İslamın erkən çağında, Peyğəmbərimizin dövründə ictimai fəaliyyətlə məşğul olan digər qadınlar da olmuşdur. Düşmənlərin hücumu zamanı döyüşçülərə tibbi xidmət göstərən, su və silah daşıyan, yaralı və şəhidləri şəhərə qaytaran qadınlardan Rəbi, Ümm Səlim, Ümm Sinan, Ətiyyə, Bint Əbüssəlt, Ümm Umarə, Peyğəmbərin "ana" dediyi Ümm Əymən və həyat yoldaşı Ümm Sələmənin adlarını çəkmək olar. (7) Bundan əlavə, Rüfeydə Əsləmi adlı qadın həkim Peyğəmbərimizin tapşırığı ilə Mədinə məscidinin həyətində bir çadır qurub təmənnasız olaraq xəstələri müalicə edirdi. (8)
İslamın müdafiəsinə dair ilk döyüşlərdə qadınlar bəzən ruhlandırıcı şeirlər oxuyub müsəlman döyüşçüləri həvəsləndirir, dəstəyə ehtiyac olduqda isə xəncər götürüb döyüşürdülər. İbn Sədin yazdığına əsasən, Ümm Umarə deyir: "Ühüd döyüşündə əlimdə su gəzir və döyüşə baxırdım. Onda üstünlük müsəlmanlarda idi. Müsəlmanlar zəifləyəndə isə Peyğəmbərə yaxınlaşıb xəncərlə və oxla onu müdafiə etməyə başladım və yaralandım". Ümm Umarə o zaman on iki nizə və xəncər yarası almışdı. (9)
Cəməl döyüşündən sonra İmam Əli möminlər anası Aişəni 40 üzübağlı və silahlı qadının müşayiəti ilə Mədinəyə yolladı. (10) Bu onu göstərir ki, imamın ehtiyatda olsa belə, lazım olduqda vuruşmaq üçün qadınlardan ibarət hərbi qüvvəsi də olmuşdur.
Bu dəlilləri uzatmaq da olar. Lakin qadının ictimai fəaliyyətinin ən ağır növünə - döyüşdə iştirakına dair misallar göstərir ki, fəsada səbəb olmadığı, cəmiyyətdə ehtiyac duyulduğu və bacardığı təqdirdə qadının hər hansı ictimai fəaliyyətinə məhdudiyyət qoyula bilməz. (11) Eyni zamanda bunu da unutmaq lazım deyil ki, onun ilk vəzifəsi və müqəddəs missiyası ailə daxilindədir, yaxşı həyat yoldaşı və ana olmaqdır. Buna xələl gəldiyi, ailə təməlinin zəiflədiyi və ailədə problem yarandığı təqdirdə isə həyati əhəmiyyətə malik olmayan ictimai fəaliyyətlər tövsiyə olunmur.
Qadının bəzi ictimai fəaliyyətləri şəriət nöqteyi-nəzərindən vacib əməl sayılır. Misal üçün, cəmiyyətdə qadın xəstəlikləri üzrə qadın həkim yoxdursa və müsəlman qadınlar bundan ötrü kişi həkimə müraciət etmək məcburiyyətində qalırlarsa, həmin cəmiyyətin qadınlarına uyğun sahədə ixtisaslaşmaq kifai formada (12) vacib olur. Eləcə də qadınların üstünü axtarmaq üçün qadın polislərə və gömrük işçilərinə, İslamın qadın hökmlərini izah etmək üçün isə qadın ilahiyyatçılara böyük ehtiyac var. Bəzi böyük din alimləri qadınların müctəhid səviyyəsinə yüksəlməsini və mömin qadınların bəlli məsələlərdə onlara təqlid etməsini təklif edirlər.
Sonda qadınları daim evə və mətbəxə məhkum edən düşüncə sahiblərinin istinad etdiyi bir hədisi açıqlamaq, daha doğrusu, tərcümə etmək lazımdır. Onlar İmam Əlinin "əl-Mərətu reyhanə və ləysət biqəhrəmanə" (13) hədisini yanlış olaraq "Qadın ətirli güldür, qəhrəman deyil" kimi tərcümə edirlər. Əslində isə mənası belədir: "Qadın ətirli güldür, (ailənin bütün məişət yükünü daşıyacaq) qulluqçu və vəkil deyil".
Zəhra Hüseynzadə

Qeydlər
1. Gen, ailə, məktəb və cəmiyyət amilləri nəzərdə tutulur.
2. Əhzab, 33.
3. Şura, 23.
4. Səhih-Buxari, 5/2162, h. 5390.
5. "Əl-Kibrit əl-əhmər", 3/13.
6. "Bihar əl-ənvar", 45/116.
7. Bax: Səhih-Müslim, 3/1443, 1447, h. 135, 142; "Ət-Təbəqat əl-kubra", 8/225, 292, 412, 414, 425; "Müsnəd Əhməd ibn Hənbəl", 10/324, h. 17206 və s.
8. İbn Hişam, 3/250.
9. "Ət-Təbəqat əl-kubra", 8/41.
10. Əl-Cəməl, 221.
11. Qadının məhkəmə hakimi vəzifəsində çalışması dini baxımdan mübahisəli mövzudur və biz indi buna toxunmaq istəmirik.
12. Kifai vacibə əməl olunmadığı təqdirdə hamı məsuliyyət danışır, yetərincə insan tərəfindən həyata keçirildikdən sonra isə digərləri də məsuliyyətdən azad olurlar.
13. Nəhcül-bəlağə, məktub: 31.


3925 dəfə baxılıb
در حال ارسال اطلاعات...