Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Fevral 2014

Sələfi alimləri təkfirə qarşı (1)

Ey iman gətirənlər! Allah yolunda (cihad üçün) səfərə çıxdığınız zaman diqqətli olun! Sizə müsəlman olduğunu bildirən (bu məqsədlə salam verən) bir kimsəyə: “Sən mömin deyilsən!” deməyin!.. Siz özünüz də bundan əvvəl onlar kimi idiniz.
Nisa surəsi, 94.
Suriyada baş verən cinayətlər bəşəriyyəti sarsıtmaqda davam edir. Və nə qədər acınacaqlı olsa da, bütün bunlar bizim də mənsub olduğumuz din adına edilir; mərhəmət və şəfqət dininin, peyğəmbəri aləmlərə yalnız rəhmət üçün göndərilən (1) və heç kimi qılınc gücünə dəvət etməyən bir dinin.
Peyğəmbərin vəfatından sonra Roma sərhədlərinə qoşun göndərərkən birinci xəlifə Əbu Bəkr belə demişdi: “(Düşməni öldürəndən sonra) bədən üzvlərini kəsməyin. Uşaqları, qocaları və qadınları öldürməyin, xurma ağaclarını qırıb yandırmayın. Meyvə verən heç bir ağacı, yemək məqsədi olmadan heç bir qoyunu, inəyi və dəvəni kəsməyin. Siz hücrələrdə ibadətlə məşğul olan (fərqli təriqətlərə mənsub) insanların yanından keçəcəksiniz: onları rahat buraxın və əməllərinə mane olmayın!” (2)

İbn Teymiyyə və təkfir məsələsi
Bundan qabaq demişdik ki, İbn Teymiyyənin (1263-1328) əsərlərində təkfirçi motivlər yer alsa da, bu, həmin dövrə görə yeni bir şey deyildi. İbn Teymiyyənin hədəf seçdiyi bəzi ifratçı, qali firqələr (3) o zaman digər alimlərin də oxşar ittihamlarına məruz qalırdı. Bəzən yanlış olaraq elə bilirlər ki, qədim mənbələrdə işlənmiş Rafizi sözü həmişə bütün şiələrə - yəni Peyğəmbər sünnəsini, onun Qurana və şəriətə dair açıqlamalarını əsasən Əhli-beytdən, imamlardan alanlara aiddir. Əslində isə Şiə firqəsi də çoxlu şaxələrə ayrılır, azlıqda və hətta kiçik qruplar şəklində olsa da, ifratçı görüşlərə malik olanlar onda da var və ya olub. Bu baxımdan, həm qədim mətnlərdə, həm də günümüzdə işlənən Rafizi sözündə məqsədin nə olduğunu dəqiqləşdirmək lazımdır.
Misal üçün, İbn Teymiyyə yazır: "Rafizi firqəsinin əsas sözü budur ki, Peyğəmbər Əlinin (canişinliyi) haqda heç bir bəhanəyə yer qalmayacaq səlis bəyanatla çıxış etmişdir. O, məsum imam, ona qarşı çıxan isə kafirdir. Ənsar və mühacirlər bunu gizlədib şəriəti dəyişdirdilər, zalım və hətta 10-dan bir qədər artıq adamı çıxmaqla hamılıqla kafir oldular. Həmçinin deyirlər ki, Əbu Bəkr, Ömər və onlar kimilər əvvəldən münafiq olmuşlar. Bəzilərinə görə isə iman gətirmiş və sonradan kafir olmuşlar. Rafizilərin əksəri özlərini mömin, müxaliflərini isə kafir sayırlar". (4) Əhli-beyt firqəsinin böyük əksəriyyətinin təşkil etdiyi on iki imamçı şiəliklə az-çox tanış olanlar bilirlər ki, bu sözlər həmin firqəyə aid edilə bilməz. Düzdür, onlar Peyğəmbərin sözügedən təyinatını iddia edir və əsaslandırırlar, lakin bu fikri qəbul etməyənləri, yaxud o zaman həyata keçirməyənləri münafiq və kafir adlandırmırlar.
Rafizi sözündə məqsədi araşdırandan sonra bəlli olur ki, İbn Teymiyyə ümumilikdə Şiə firqəsini və onun özəyini təşkil edən on iki imamçı şiəliyi yanlış və bidətçi saysa da, təkfir etməmiş, yalnız azğın etiqadlara malik olan bəzi qrup və şaxələrini kafir bilmişdir. O yazır ki, rafizilər təqiyyəni üsuli-dindən – dinin əsas prinsiplərindən etmişlər. (5) Halbuki firqələr tarixindən məlumatı olanlar bilirlər ki, Şiəlikdə bəlli şərtlər altında təqiyyə olsa da, bu söz onu fəaliyyət və təbliğatlarında birinci şərt sayan İsmailiyyə firqəsinə aiddir. Xatırlatmaq lazımdır ki, İbn Teymiyyə bu firqənin Dəməşq yaxınlığındakı Xosrovan dağında yerləşən Duruzi qoluna qarşı döyüşdə iştirak etmişdi. (6) O zaman əsas səciyyəsi "Hakim bi əmrillah" ləqəbli Fatimi xəlifəsinin tanrılığına inamdan ibarət olan bir qrupun isə nəinki Şiə firqəsinə, ümumiyyətlə İslama dəxli yoxdur.
Başqa bir misala diqqət yetirək: "Rafizilərin fikri budur ki, Əbu Bəkr, Ömər, Osman, Bədr döyüşünün və Rizvan beyətinin iştirakçıları, səhabələr, tabeilər, İslam imamları, dörd sünni məzhəbinin alimləri, müsəlman şeyxlər, abidlər, padşahlar, hərbçilər və adi müsəlmanlar hamılıqla kafir və mürtəddirlər". (7) Təbii ki, 1400 illik İslam və Şiə tarixində belə bir ittihamla çıxış edən bir şiə alimi də tapmaq mümkün deyil. Təəssüf ki, İbn Teymiyyə bu və digər oxşar nümunələrdə konkret olaraq hansı firqə və qrupu nəzərdə tutduğunu açıq söyləməmiş, bu isə kimlərinsə bilmədən, ya da bilərəkdən firqələrarası rəqabəti ədavətə çevirməsinə zəmin yaratmışdır. "İğasə əl-ğəriq və inarə ət-təriq" kitabında yuxarıdakı cümlələr kontekstdən çıxarılaraq Rafizi adlandırdıqları bütün Şiə firqəsinə aid edilmişdir. Halbuki İbn Teymiyyə bu cümlələri sözügedən döyüşdən sonra Məlik Nasirə yazdığı məktubunda qeyd etmiş və azğın Duruzi firqəsini nəzərdə tutmuşdur.
İbn Teymiyyə özünün müxtəlif əsərlərində Xəvaric, Mötəzilə, Əşairə, Mürciə, Cəhmiyyəyə bağlı və qali (6) olmayan Qədəriyyə, Müşəbbihə, Mücəssimə və Şiə firqələrinin kafir sayılmadığını açıq-aşkar bəyan etmişdir. O yazır: "Bidətin kökləri dörddür: Rafizilik, Xəvaric, Qədəriyyə və Mürciə. Cəhmiyyə isə ümumiyyətlə Məhəmməd ümmətindən sayılmır". (8)
O, günaha yol vermiş müsəlmanları təkfir edən Xəvaric əqidəsini rədd edərək yazır: "İman (Allaha) itaətlə artır və günahla azalır. Bu baxımdan, Əhli-sünnə Xəvaricdən fərqli olaraq, heç bir qiblə əhlini kiçik və ya böyük günahına görə kafir saymır və günahlar iman qardaşlığına xələl gətirmir". (9) O, həmçinin Əhli-sünnənin rafizilərə qarşı mövqeyini qeyd edərkən təkfir məsələsinə toxunmadan deyir: "Onlar səhabələrə nifrət edən və onlara qarşı təhqiramiz ifadələr işlədən (lənətləyən) Rafizi təriqətini sapqın hesab edib ondan uzaqlaşırlar". (10) Göründüyü kimi, burada da təkfirdən söhbət getmir. Üstəlik, bu gün ən böyük şiə alimləri səhabələrə hörmətsizliyi haram sayırlar və aşağı qatlarda əksəriyyət bu hökmə əməl edir.
Ümumuiyyətlə, İbn Teymiyyə təkfir məsələsində ehtiyatlılığın tərəfdarıdır. O, etdiyi günaha görə hər hansı müsəlmanı kafir saymağın yasaq olduğunu bildirdikdən sonra əlavə edir: "Xəvaric (qruplaşması) qan tökməyincə və müsəlmanların malını qarət etməyincə Əli onlarla vuruşmadı, vuruşanda da onları kafir adlandırmadı. Bəs Allahın və Peyğəmbərin vuruşmağa çağırdığı, sapqınlığı hədislərdə qeyd və bütün müsəlmanlar tərəfindən qəbul olunan bir qrup təkfir edilmirsə, alimlərin də səhvə düşdüyü şübhəli məsələlərdə fərqli fikirlərə malik insanlar təkfir edilə bilərmi?! Halbuki bu zaman təkfirçinin özü daha böyük bidət etmiş olur. Odur ki, müsəlmanların qanına, malına və namusuna toxunmaq haramdır. Peyğəmbər buyurub: "Namazımızı qılan, qibləmizə üz tutan və kəsdiyimiz (heyvanın ətini) yeyən müsəlmandır, Allah və Rəsulu ona zamindir". (11) Başqa bir yerdə qeyd edir ki, hər xətakar və bidətçi, hər cahil və sapqın nəinki kafir, heç fasiq və günahkar da hesab olunmur. (12) O özünün qəti fikri kimi bildirir ki, biz heç bir qiblə əhlini kafir saymırıq. (13)
Təsadüfi deyil ki, Məlik Nasir həm özünün, həm də İbn Teymiyyənin düşmənləri olan, onu dəfələrlə həbs etdirmiş və öldürülməsini arzulamış qaziləri edam eləmək istəyəndə mane olub deyir: "Məni incidənləri bağışlayıram, Allahı və Peyğəmbəri incidənlərdən isə Allahın Özü intiqam alacaq". (14)
İbn Teymiyyəyə görə, kafir adlandırılan hər adama mürtəd hökmünü icra etmək olmaz: "Bir çox fəqihlər elə bilirlər ki, kafir deyilmiş hər kəsə mürtəd hökmlərini icra etmək lazımdır. Halbuki heç də belə deyil". O, daha sonra insanları iman və küfr baxımından qisimlərə bölüb, Peyğəmbərimizin dövründə imansızlığına heç bir şübhə olmayan münafiq Abdullah ibn Übəyə qarşı müsəlman kimi rəftar olunduğunu yada salır. (15)
İbn Teymiyyənin təkfir haqda daha bir fikri onu mütləq və konkret qisimlərinə ayırmasıdır. O hər hansı firqənin kafir və ya fasiq olduğunu dedikdə konkret şəxsləri deyil, əslində bəlli düşüncə və əməlləri nəzərdə tutur, konkret şəxslərin təkfirində isə hər bir fərd üçün ayrıca şəkildə şərt və maneələrin ciddi araşdırılmasını vacib sayır. (16)
Yuxarıda qeyd olunan və yazının həcminə görə qeyd olunmayan sitatlar göstərir ki, İbn Teymiyyə əsasən Cəhmiyyə, Əliallahlıq, Nüseyriyyə, İsmailiyyə firqələrini, xüsusən də sonuncunun Duruziyyə və Qəramitə qollarını, bəzi filosof və sufiləri kafir saymışdır. O zaman da azlıqda olan bu firqələrin əksəri bu gün ya tükənmiş, ya da etiqadlarında böyük dəyişikliklər baş vermişdir. Bu baxımdan, kimisə təkfir etməyə, müsəlman qardaşlığını pozmağa, iman əhli arasında təfriqə salmağa heç bir əsas yoxdur.
Konkret olaraq, Suriyada mövcud olan Nüseyri firqəsinə gəlincə, qeyd etmək lazımdır ki, əvvəla hakim ailənin indi də bu firqəyə mənsubluğu dəqiq deyil. Belə ki, bayram namazlarından yayılan görüntülər onların Əhli-sünnə məzhəbinə uyğun namaz qıldıqlarını göstərir. İkincisi isə, Nüseyri firqəsi əvvəldə həzrət Əlini ilahiləşdirən ifratçı görüşlərə malik olmuşsa da, onların bugünkü inanclarını görməzdən gəlmək və əsrlər öncəki sələflərinin etiqadlarına görə cəzalandırmaq doğru deyil. Heç bir insanı hətta bir saat qabaqkı fikrinə görə də ittiham etmək olmaz. Halbuki Nüseyri alimləri və icmaları illər öncədən Əlini yalnız imam və Peyğəmbər canişini saydıqlarını elan etmiş, ifratçı və azğın inanclardan uzaqlaşmışlar.
(Ardı var)

Qeydlər:
1. Ənbiya surəsi, 107.
2. Təbəri, 2/463. Əhli-beyt kitabxanası.
3. Bəzi insanlar haqda ifrata varan, Allaha məxsus olan bəzi atributları peyğəmbər, imam və ya hər hansı şəxsə aid edən mövhumatçı cərəyanlar.
4. İbn Teymiyyə. "Məcmu əl-fətava", 3/356. www.shamela.ws.
5. Yenə orada, 13/263.
6. İbn Kəsir. "Əl-Bidayə vən-nihayə", 14/14. Əhli-beyt kitabxanası.
7. İbn Teymiyyə. "Məcmu əl-fətava", 28/400.
8. Yenə orada, 3/350.
9. İbn Teymiyyə. "Əl-Əqidə əl-vasitiyyə", 1/113, say: 240-241. www.islamspirit.com
10. Yenə orada, 1/119, say: 273.
11. İbn Teymiyyə. "Məcmu əl-fətava", 3/282-283.
12. Yenə orada, 12/180.
13. İbn Teymiyyə. "Dər təaruz əl-əqli vən-nəql", 1/95. www.islamspirit.com
14. İbn Kəsir. "Əl-Bidayə vən-nihayə", 14/61.
15. İbn Teymiyyə. "Məcmu əl-fətava", 7/617.
16. Yenə orada, 28/501.


4401 dəfə baxılıb
در حال ارسال اطلاعات...