Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Fevral 2014

Mömin hara, qorxu hara?!

Həyatım boyu özümdə məni ən çox narahat edən hiss qorxu olub. Təbii ki Allahdan qorxu və ya sadəcə Allah qorxusu yox, ölüm-itim, dərd-bəla, qaçaq-quldur, asaram-kəsərəm, it-pişik, qulyabanı-qaranlıq, həbs, əsarət, işgəncə, top-tüfəng səsi qorxusu. Bu cılız qorxuları gözümü yumub sadalamadım. Hərəsinin öz yükü, öz hekayəti, öz alçaqlığı var.

Ölüm-itim qorxusu mənfi, alçaldıcı qorxular arasında ən yüksək dozalısıdır. Deyirlər ki, haqqı inkar etməsən, ağa qara deməsən, dinsizliyimizi, bütlərimizi qəbul etməsən axırın ölüm-itimdir. Ölüm-itim? Yəni həyata son? Yəni məchul bir qaranlıqda bağlanmaq? Qorxuram. Hamı qorxur. Lap Koroğlu da. Amma baxır qorxuya kim necə cavab verir. Əgər qorxuya deyə bilirəmsə ki, alçalıb ölməkdənsə, müqavimət göstərib ölmək yaxşıdır, xoş halıma...

Dərd-bəla qorxusu da öz yerində. Evdən piyada çıxanda 20 qəpik, maşınla çıxanda 1 manat, təyyarəyə minəndə 5 manat sədəqə verirəm. Guya dərd-bəla məni göydə tuta bilər, yerdə qaçmaq imkanı var. Bu lap axmaq qorxudur. Ağıllı ol, günaha batma. Dərd-bəlanı gətirən ağılsızlıq, azğınlıqdır.

Qaçaq-quldur həmişə olub və olacaq. Canın-malın üçün həmişə təhlükə var. Sənin işin müdafiə imkanlarını gücləndirib, “qaranlıq meşəyə” girməməkdir. Əgər hazırlıqlı olduğun zaman hücuma məruz qalacaqsansa, daha burada qorxmağa dəyməz, cəsarətli olub, çıxış yolu axtarmaq lazımdır. Unutmamalısan ki, qaçaq-quldur adətən axmaq olur. Qorxsan başın işləməz. Qprxma, çıxış yolu axtar, aradan çıx.

Bir sürü heyvan da var ki, ağzını açdı deyir asaram-kəsərəm. Bunlar itə bənzəyir. Gördüyünə hürə-hürə cumur. Gördü ki, qorxursan diş də atacaq. Görsə ki, qorxmursan bir ayağı qabaqda olacaq, biri dalda ki, hücum olsa aradan çıxa bilsin. Asaram-kəsərəm adamların əksəri bu xasiyyətdədir. El arasında buna xox gəlmək deyirlər. Bu adamların “qəhrəmanlıq dastanını” vərəqləsən görəcəksən ki, uşaq vaxtı bir-iki söyüşmə-didişmə istisna olmaqla heç bir ciddi insident yoxdur. Belələri haqqında deyiblər ki, yüz vuraram deməkdənsə bir vur. Belələrinə it kimi bax. Üstünə qabarıb deyəndə asaram-kəsərəm, de ki, asıb-kəsməyən heç kişi deyil. Yadda saxla ki, onun guruldamaqda bir məqsədi var: qorxutmaq. Bütün itlər belədir.

İt-pişik qorxusu deyəndə insanın həşəratdan, heyvandan qorxusu nəzərdə tutulur. Bəzən şirin üstünə gedən oğlan tarakandan qaçır. Yozmağa çalışırlar ki, bu qorxu deyil, bir növ çimçəşmək, iyrənmək, üşənməkdir. Yalan deyirlər. Bir adam tarakan görəndə nə üçün diksinməlidir. Diksinmək qorxu əlamətidir. İyrəınməkdə diksinmək xüsusiyyəti yoxdur.

Qulyabanı-qaranlıq qorxusu da bir qəribə qorxudur. Bəlkə də bu daha çox insanın psixikası ilə bağlıdır. Dünya çempionu qaranlıq otaqda tək yatmaqdan qorxur! Səbəbi hər nədirsə qorxudur. Beləsinə desən ki, haqqı inkar etməsən qaranlıq otağa salınacaqsan, dərhal təslim olur.


Həbs, əsarət, işgəncə qorxusu ən çox modda olan qorxudur. Dünyanın əksər ölkələri mafioz qruplar tərəfindən idarə olunur. Dövlət-filan maskadır. Bu qruplar öz müxaliflərini, xüsusilə Allahdan başqasına böyun əymək istəməyən, zülmə səsini qaldıran möminləri həbsə alır, əsarət altında saxlayır, işgəncə verir. Dünyada zülm ədalətə meydan oxuyursa, səbəbi həmin bu qorxudur: Həbs, əsarət, işgəncə qorxusu! Dünya, məzlumlar, xalqlarda belə qorxu olmasa zülmün taxtı bir günə devrilər. Amma Allahdan qorxan insanlar, vicdanın səsini boğmayanlar bu qorxuya qalib gəlir. Odda yandırılırlar, suda batırılırlar, amma zülmə boyun əymirlər.

Top-tüfəng qorxusu! Bu qorxu daha çox tərbiyə ilə bağlıdır. Komfortlu həyat nə qədər səs-küylü olsa da, maşınına bir orkestr üçün nəzərdə tutulmuş səsgücləndirici yerləşdirən gənclər şar partlayanda diksinir. İnsan ömür boyu at minməyibsə, ova çıxmayıbsa, onda sülhə yalançı, saxta maraq yaranır. Əslində o top-tüfəng səsindən qorxduğu üçün müharibəyə qarşıdır. Müharibə pisdir. Amma sənin vətəninə təcavüz olubsa müdafiəyə qalxmamaq daha pisdir.

Mömində qorxu olurmu? Əsil mömində yalnız Allah qorxusu ola bilər. Çünki Allahı düzgün tanıyana mömin deyirlər. Zorunu arvad-aşağa, ata-anaya, özündən zəifə göstərən hara, iman hara?! İman yoluna qədəm qoymusansa öncə Allahdan qeyrilərindən qorxunu içində öldür. Günahdan qorx, zülümdən qorx, haqqı tapdamaqdan qorx. Bütün bunlar Allahdan qorxmaqdır elə. Oğurluq edib, yoldan ötənə daş atıb, namus söyüb, Allahdan qorxuram deyən ya dəlidir, ya da münafiq.
Əsil möminin qəlbində Allahdan qeyrisindən qorxuya yer yoxdur. Bunun bir səbəbi də Allahın yardımına güvənməsidir. Allah kimi himayəçəsi olan kimdən qorxmalıdır?! Allah azı çoxa, zəifi güclüyə qalib edən Allahdır. Bir şərtlə ki, haqq ol, haqqın yanında ol. Bəli, haqq ol, işlərini tapşır Allaha. Əlbəttə ki, işləri Allaha tapşırmaq o demək deyil ki, düşmən silahlandığı zaman sən təsbeh çevirəsən. Təvəkkül və təlaş. İçində şeytani qorxunu öldürüb, Allah xofunu qəlbinə hakim etsən, mömin olacaqsan, həqiqi mömin!

qelemchi@mail.ru


3910 dəfə baxılıb
در حال ارسال اطلاعات...