Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Fevral 2014

Axı onlar ilğım deyillər...

İyirmi ildən çoxdur ki, Azərbaycan vətəndaşı hər an müharibə başlayacağını gözləyir və bu perspektivlə yaşayır.

Düşmən bəllidir – Ermənistan. Lakin son günlərin hadisələri sübut etdi ki, əslində düşmənlərimiz yalnız ermənilər deyil. Bəzi uzaqgörən həmyerlilərimiz neçə illərdir ki, daxilimzdə qorxulu bir əjdahanın bəsləndiyini deyir, haray çəkir. Nə fayda? Onları ciddiyə almayıb, hamımız diqqətimizi başqa səmtlərə, başqa problemlərə yönəltdik. Amma ay dolandı, il keçdi, vədə yetişdi: baramadan yeddibaşlı əjdaha çıxdı və od püskürməyə başladı. Bir zamanlar Əfqanıstanda, Pakistanda, İraqda müşahidə etdiyimiz və vəhşilikləri damarlarımızda qan donduran “mücahidlər” artıq Azərbaycanda yetişir.

Artıq Azərbaycan yalnız neft və qaz deyil, həm də dünyanın qaynar nöqtələrinə düşüncəsiz, çürük əqidə daşıyıcısı olan zombiləri, ölüm mexanizmlərini ixrac edir. Bu gün heç kim dəqiq deyə bilməz ki, Suriyada quldur dəstələri sıralarında neçə azərbaycanlı vuruşur və neçəsi həyatını hədər yerə itirib. Heç kim dəqiq deyə bilməz ki, bu gün Azərbaycanın daxilində neçə potensial başkəsən zombi mövcuddur. Dəfələrlə kriminal xronikalarda izlədiyimiz bu “əxilər” bir barıt çəlləyidir ki, hamımızı göyə sovurmağa hazırdırlar. Lazımi şərait yaransa və ehtiyac duyulduğu qədər silah əldə etsələr, heç şübhəsiz ki, burda da “müqəddəs cihad” elan edib baş kəsməyə, sonra da bu başlarla futbol oynamağa başlayacaqlar. Bunlar danılmaz faktdır. Amma məni maraqlandıran bir məqam var.

Sirr deyil ki, Suriyaya yollanaraq Bəşər Əsəd ordusuna qarşı vuruşanlar özlərini sələfi adlandıranlar, el arasında isə vəhhabi kimi tanınanlardı. Lakin burda bir müəmma çıxır ortaya. Məsələ burasındadır ki, sələfi liderləri imicini daşıyan iki şəxs – həm Qamət Süleymanov, həm də Əlixan Musayev qətiyyətlə bəyan ediblər ki, Suriyada heç bir cihaddan söhbət belə gedə bilməz, orda öldürülənlərə isə şəhid demək düzgün deyil. Eyni zamanda, sələfilərin “kiçik çaplı” başçıları da bu mövqeyi bölüşür və bildirilər ki, uzaq diyarda ölməyə gedənlərlə heç bir əlaqələri yoxdur. Belə olduqda, meydana sual gəlir: bəs Suriyada döyüşən azərbaycanlılar kimlərdir? Suriyaya yollananların hamısının fərdi ictihad nəticəsində ora getməsinə inanmaq sadəlöhvlük olardı. Bu proseslərin arxasında mütləq hansısa mütəşəkkil qrup və ya qruplar dayanır. Bəs elə isə onlar kimlərdir?

Qamət Süleymanov və Əlixan Musayev mövqelərini bəyan ediblər. Onları səmimiyyətini şübhə altına almaq üçün dəlil lazımdır ki, o da əlimizdə deyil. Nə bilim, bəlkə təqiyyə edirlər? Yaxşısını Allah bilir. Hər halda, Suriyada vuruşanlar ilğım deyil, real insanlar, özü də bizim həmvətənlərimizdirlər. Amma qəribədir ki, həm adıçəkilən iki şəxs, həm də Suriyada döyüşən terrorçulara bəraət qazandıranlar (sosial şəbəkələrdə belə “mücahidlər” xüsusən fəaldırlar) bir mərkəzin yetirmələridirlər – Mədinə İslam Universitetinin. Məncə, düşünmək və məşhur el misalını xatırlamağın tam zamanıdır: “Ət budursa, pişik hanı? Pişik budursa, ət hanı?”

islam.az


3562 dəfə baxılıb
در حال ارسال اطلاعات...