Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Yanvar 2014

Kimə gəlirsən!

Din proqressiv hadisədir. Əks-təqdirdə mühafizəkarları cırnatmazdı. Elə indi də cırnadır. Yəni son tövhid (monoteist) dininin gəlişindən 1400 il ötür, amma din adı gələndə kimlərsə özündən çıxır. Kimdir bu KİMLƏRSƏ? Bu anti-din qövm müxtəlif düşərgələrdən səfərbər olunub. Aralarında demokratlar və kommersantlar, konservatorlar və aratorlar, avtokratlar və qrantyorlar, milyonçular və dilənçilər var. 1400 il qabaq mühafizəkarların (konkret halda bütpərəst başçıların) etirazını dinin proqressivliyinə, müsbət hadisə olmasına sübut göstərdik. Tutarlı dəlil idi. Hazırda necə, demokratdan dilənçiyə qədər bir spektr təşkil edənlərin etirazını dinin xeyrinə arqument saymaq olarmı? Bugünkü din 1400 əvvəlki dindirmi? Bugünkü etirazçı 1400 əvvəlki etirazçıdırmı? Bu sulları cavablandırmaq ayrıca bir yazının mövzusudur. Bu yazıda 1400 il əvvəlki dinə qarşı 1400 il əvvəl mövqe tutmuş etiraz cəbhəsinə 1400 il əvvəl müqavimət göstərən dindarla bugünkü dindar arasındakı fərqdir.

O zaman da, indi də cəmiyyət mömin, münafiq, kafir və biganələrdən təşkil olunub. Amma kəmiyyət və keyfiyyət nisbətləri dəyişib. Elə bilirəm ki, islamçıların sayı artıb (keyfiyyət çox şübhə yaradır). Əlbəttə ki, Allahu əkbər deyib şiənin başını kəsən vəhabiləri də sayıram. Çünki 1400 əvvəlki cəmiyyətimizdə eyni xarakterli nəhrəvanlılar da statiskaya daxil idi. Şiələr arasında indi də qorxaq Kufə kontingenti var. Artıb ya azalıb? Özümü və sizi qorxaq nəhrəvanlılara aid edim ya yox? Özümü qatım, sizinlə işimlə olmasın? Burada deyiblər ki, kimə gəlirsən!

Sənin kim olduğundan baş açmaq üçün e-mail poçtuna, facebook səhifənə, bir sözlə, pərdə arxasındakı təşkilatına baş vurmaq lazımdır. 200-ə yaxın 20 Yanvar qurbanı, 12 minə yaxın Qarabağ şəhidi (1991-1994), sayı itmiş qaçqın, köçkün, şərlənib həbsə alınan dindarlar üçün nə etmisən? Eşitməmisən ki, Allahın xalqına xidmət Allaha xidmətdir?! Allahın Sənin nə ibadət, nə xidmətinə ehtiyacı var. Heç xalq da sənə möhtac deyil. Sən xalqa möhtacsan. Möhtacsan ki, qiyamət sorğusunda xeyir-duaları ilə cəhənnəmdən qurtarasan.

Din ilahi, müsbət, qurucu hadisədir. 1400 il əvvəl belə olub. Bu gün dinə haqlı irad ünvalanırsa, bu Sənə və Mənə iraddır, dinə yox. Çünki dini öz qəlibimizə salmışıq, dinə öz libasımızı geyindirmişik. Adamları aldatmaq cəhdi pis də olsa müvəqqəti nəticə verə bilər. Allahı necə, aldada bilərikmi? Bu zibil torbasına bənzər, təkəbbür, eqoistlik, paxıllıq dolu vücudumuzu aşiq adı altında sırımağı bacaracağıqmı? Deyirsən sözlərim cəfəngiyyatdır, hər şey normaldır, mən qara görürəm? Kimə gəlirsən!

qelemchi@mail.ru


3665 dəfə baxılıb
در حال ارسال اطلاعات...