Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Yanvar 2014

Vəhhabi mərəkəsinə sözardı

Son zamanlar bəzi vəhhabilər İmam Xomeyninin "Təhrir əl-vəsilə" kitabında bir məsələ görüb nəsə yeni bir şey kəşf etdiklərini düşünür, bunu bəhanə edib Əhli-beyt məzhəbinə və Şiə alimlərinə qarşı təhqiramiz hücumlara keçirlər. Söhbət hətta südəmər olsa belə, həddi-büluğa çatmamış qız uşaqlarının ərə verilməsindən və ərin də cinsi əlaqəni çıxmaq şərtilə digər formalarda onunla ehtirasını doyurmasından gedir. İddiaya görə, İmam Xomeyni bunun mümkünlüyünə dair fətva vermişdir. Bu iddiaya müxtəlif dillərdə yetərincə cavablar verilmiş, azərbaycanlı ilahiyyatçı Şeyx Cavidin üç hissədən ibarət əhatəli cavabı Youtube portalında yerləşdirilmişdir.

Adımı sənə qoyum, səni yana-yana!

Əslində nə İmam Xomeyni belə bir fətva vermişdir, nə də bu hökm İslam alimləri üçün yenidir. Maraqlı burasındadır ki, vəhhabilərin inandığı, sevdiyi və müraciət etdiyi qədim və yeni alimlərinin çoxu belə fətva vermişlər, həm də bəzən çox utandırıcı şəkildə. Belə ki, iradda İmam Xomeyninin cinsi əlaqəni istisna etdiyi vurğulanırsa, bu alimlərin bəzisi hətta bunu da mümkün və normal saymışdır. Görünür onlar ya öz alimlərinin fətvaları ilə tanış deyillər, ya da adlarını başqalarına qoymaq sindromundan əziyyət çəkirlər.

Düzünə qalsa, hər hansı alim və ya alimlərin sözünü məzhəb adına bağlamaqla razı deyiləm. Üstəlik, bu alimlərin sözü yanlış və ya qeyri-dəqiq olsa, onu anında rədd etmək daha münasibdir. Hər bir məzhəbin alimləri arasında çoxlu fikir ayrılıqlarını nəzərə alsaq, heç kimin bütün məzhəbdaşlarının fikirlərini müdafiə etməsi mümkün də deyil. Bu baxımdan, hər hansı alimin səhvi faciə sayılmır, ən pis halda yanlış fikir kimi qəbul olunur. Məhz bu hökmə gəldikdə isə, deyə bilərik ki, İmam Xomeyni həddi-büluğa çatmamış qız uşağının atası və ya babası tərəfindən ərə verilməsini yolverilməz sayır, lakin hər hansı səbəbdən bunu açıq deyil, dolayısı ilə bildirir. Bunu axırda izah edəcəyik.

Vəhhabilər üçün etibarlı qaynaqlardan sitatlar

Vəhhabilərin ən mötəbər hədis kitabı saydıqları Səhih Buxarinin Nikah bölməsində "Uşaqların böyüklərlə evləndirilməsi" fəsli var. Hicrətin dördüncü əsrində yaşamış təfsirçi alim Əbu Bəkr Cəssas özünün "Əhkam əl-Quran" kitabının "Azyaşlıların evləndirilməsi" fəslində (c. 2, səh: 64-69) uyğun hökmə dair dəlillərini qeyd etmiş, bu barədə Əbu Hənifə, Əbu Yusif, Məhəmməd, Malik ibn Ənəs və digərlərindən təsdiqedici sitatlar gətirmişdir. Beşinci əsrdə yaşamış məşhur Hənəfi alimi Sərəxsi özünün 30 cildlik "əl-Məbsut" kitabında "Uşağı evləndirmək və ya ərə vermək" adlı xüsusi fəsil açaraq (c. 4, səh: 212-213) bunu icazəli saymış, Maliki və Şafei məzhəblərinin banilərinin də eyni fikirdə olduğunu bildirmişdir. Əbülmənaqib Zəncani "Təxric əl-füru əla əl-üsul" kitabında (c. 1, səh: 192-193) Əbu Hənifə və Şafeinin müəyyən şərtlərlə buna icazə verdiklərini yazır. Hənbəli alimi İbn Qüdamə çoxcildli "əl-Müğni" əsərində (c. 7, səh: 379) yazır ki, alimlərin yekdil rəyinə əsasən, ata özünün həddi-büluğa çatmamış qızını ona münasib adama ərə verə bilər və qızın razılığı heç bir əhəmiyyət kəsb etmir. İbn Həzm özünün "əl-Mühəlla" kitabının 1822-ci məsələsində (c. 9, səh: 458-461) atanın azyaşlı qızını razılığı olmadan da ərə verməsini icazəli sayır və onun həddi-büluğa çatandan sonra nikahı pozma hüququnun olmadığını bildirir. O, Əbu Süleymanı, Həsəni və İbrahim Nəxəini də yuxarıdakı siyahıya əlavə edir. Bunlardan əlavə, bu fikir Hənbəli alimi Buhutinin "Kəşşaf əl-qina" (c. 5, səh: 529-530) və Hənəfi alimi İbn Abidinin "Haşiyə" ( c. 3, səh: 241) kitablarında da təsdiqini tapmış, İbn əl-Münzir isə "əl-İcma" kitabında bu fikrin alimlər tərəfindən yekdilliklə qəbul olunduğunu iddia etmişdir.

Bura qədər yazılanlar məsələnin yumşaq tərəfidir. Biz indiyədək qız uşağını sadəcə ərə verməyi mümkün sayanların bir qisminin adlarını çəkdik. Həmin ərin bu uşaqla davranışı isə çox acınacaqlı bir mövzudur və təəssüf ki, biz bu haqda tam olmasa da, bir qədər açıq danışmağa məcburuq.

Başlayaq hicri yeddinci əsrdə yaşamış ən görkəmli alimlərdən olan İmam Nəvəvidən. O, Səhih Müslim kitabına yazdığı şərhlərdən ibarət 18 cildlik əsərinin "Atanın azyaşlı qızını evləndirməsinin mümkünlüyü"

başlığı altında (c. 9, səh: 206) yazır: "Müsəlmanlar bunun mümkünlüyünə dair icma etmişlər. Malik, Şafei və digər Hicaz alimləri qızın həddi-büluğa çatandan sonra nikahı pozma hüququnun olmadığını bildirir, İraq alimləri isə bu haqqı tanıyırlar". Azyaşlı qızı yalnız ata və babanın, yoxsa digərlərinin, məsələn ananın və qəyyumun da ərəvermə haqqının olmasına dair fikir ayrılıqlarına toxunan Nəvəvi daha sonra ondan nəinki digər formalarda, hətta cinsi əlaqə ilə də ləzzət alınmasının mümkünlüyünü qeyd edir: "Ər öz azyaşlı həyat yoldaşının atası ilə razılığa gəldiyi vaxt və uşağa ziyanlı olmadığı təqdirdə onunla cinsi əlaqəyə girə bilər. Əbu Hənifə, Malik və Şafei haqlı olaraq bunu yaşla deyil, uşağın tab gətirməsi ilə şərtləndirirlər".

Növbəti sitat Səhih Buxari kitabına ən güclü şərhin müəllifi olan İmam İbn Həcər Əsqəlanidəndir. Hicrətin doqquzuncu əsrində vəfat etmiş bu alim özünün "Fəth əl-bari" kitabında (c. 9, səh: 106) sözügedən evliliyə dair dəlili təsdiqləyəndən sonra yazır: "İbn Bəttal deyir ki, alimlərin yekdil rəyinə əsasən, qız uşağını hətta beşikdə olsa belə ərə vermək olar. Cinsi əlaqə üçün isə onun buna uyğun olması gözlənilməlidir". Göründüyü kimi, burada da yalnız cinsi əlaqə istisna olunur, heç də bütün növ istifadələr deyil.

İbn Nəcim "əl-Bəhr ər-raiq" kitabında (c. 3, səh: 210-211) uyğun hökmü təsdiq edəndən sonra yazır: "Alimlərin arasında ərə verilən qız uşağı ilə yaxınlığın zamanına dair fikir ayrılığı var. Bəziləri bunu həddi-büluğa çatana, bəziləri 9 yaşına qədər qadağan edir, bəziləri isə kök və bədənli olub dözəcəyi təqdirdə istənilən yaşda icazəli sayırlar". Başqa bir yerdə də (c. 3, səh: 267) belə yazır: "Daha doğru fikir budur ki, yaşından asılı olmayaraq yeganə meyar cinsi əlaqəyə tab gətirməsidir. Əgər ər tab gətirəcəyini desə, qızın atası isə bunu inkar etsə, o zaman qaziyə müraciət etməlidirlər".

Vəhhabilərin ən sevimli alimlərindən olan və Məhəmməd ibn Əbdülvəhhabdan 44 il sonra vəfat etmiş İmam Şovkani özünün "Neyl əl-əvtar" kitabında (c. 6, səh: 252) yazır: "Hədisə görə, ata öz qızını həddi-büluğa çatmazdan öncə ərə verə bilər. Mühəlləb buna dair yekdil rəyin olduğunu bildirmişdir... Buxari bu barədə fəsil açaraq Aişənin hədisini

qeyd etmişdir. (İbn Həcər) "Fəth əl-bari" kitabında buna dair icmanın olduğunu söyləyərək yazır: "Uşağı hətta beşikdə olsa belə ərə vermək olar. Cinsi əlaqə üçün isə onun buna uyğun olması gözlənilməlidir".

Müasir vəhhabi müftilərinin rəyi

Yuxarıdakı siyahını uzatmaq, hətta buna kitablar da həsr etmək olardı. Lakin buna lüzum yoxdur, onların bir çoxunun sözlərində buna dair yekdil rəyin olduğu da vurğulandı. İndi bu haqda müasir vəhhabi müftilərinin fətvasına nəzər salmaq yerinə düşər. Bizdə güclü İslam kitabxanası olmadığına görə bu barədə daha kompleks araşdırma apara bilməsək də, elektron yazılar və internetin köməyi ilə fətva mərkəzlərindən alınan cavablar heç də ürəkaçan olmadı. Belə ki, Qətər Dini Dəvət İdarəsinin internet səhifəsində yer almış (www.fatwa.islamweb.net, N=23672) fətvada deyilir:

Sual: Valideynlərim məni azyaşlı qızla evləndiriblər, amma cinsi əlaqəyə qoymurlar. Mən onunla ehtiyacımı necə təmin edə bilərəm?

Cavab: O, cinsi yaxınlığa dözəcək həddə deyilsə, bunu etmək olmaz. Amma onu qucaqlaya, öpə və təfxiz edə bilərsən.

Bu mərkəzin 195133 və 11251 saylı fətvaları da eyni məzmundadır.

Məhəmməd ibn Əbdülvəhhabın təbliğinə geniş yer ayıran başqa bir məşhur vəhhabi saytında (www.saaid.net) yerləşdirilmiş yazılarda da oxşar fikirlər əksini tapır. Nümunə olaraq bu məqalələrə baxmaq yetər: saaid.net/Doat/busairi/15.htm, saaid.net/Doat/ehsan/103.htm, saaid.net/Minute/303.htm.

İmam Xomeyninin bir neçə sətir sözünü yanlış anlayaraq antitəbliğat kampaniyası başladanlar müftiləri Şeyx İbn Cibrinin "Kiçik qız uşağını evləndirmə haqqı" adlı kitab yazdığını, atanın bakirə olan azyaşlı qızını ərə verməsini və qızın həddi-büluğa çatandan sonra bu evliliyi poza bilməməsini mümkün saydığını unudurlar. Yeri gəlmişkən qeyd edək ki, o, İbn Şübrümə, Osman əl-Bətti və Əbu Bəkr Əsəmdən başqa bütün əhli-sünnə alimlərinin bu evliliyə icazə verdiyini yazır. (www.almolltaqa.com)

Digər müasir müftilərin fikirləri ilə isə aşağıdakı linkdə tanış olmaq olar: http://www.room-alghadeer.net/vb/showthread.php?t=2404

Yuxarıdakı fətvalar ya birbaş vəhhabi alimlərinə, ya da onların sələflərinə məxsusdur. Bu alimlərin heç biri Əhli-beyt məzhəbindən olmadığı halda uyğun hökmü bayraq edib Əhli-beyt tərəfdarlarını aşağılamağa nə ad vermək olar?! Onlar bununla, həmçinin bizi belə yazılara məcbur etməklə əslində İslama zərbə vurduqlarının fərqində deyillərmi?! Axı öz gözündə tiri görməyib başqasının gözündə çöp axtarmaq İslam əxlaqından deyil!

İmam Xomeyninin tam fikri

İndi isə qayıdaq İmam Xomeyninin "Təhrir əl-vəsilə" kitabındakı fikrinə. Bu kitabın Nikah bölməsinin 12-ci məsələsində müəllif atanın azyaşlı qızı ərə verməsinin və ərin də yaxınlığı çıxmaqla ondan digər şəkillərdə cinsi istifadənin şəriət baxımından mümkün olduğunu yazmışdır. Burada İmam Xomeyni məsələnin haramlığına dəlil tapmadığına görə uyğun fikri yazmağa məcbur olsa da, bir neçə səhifədən sonra, Əqdin qəyyumları fəslinin 4-cü məsələsində qeyd edir ki, ata və ya babanın azyaşlı qızı ərə verməsinin iki şərti var: əvvəla bu, uşağın ziyanına olmamalı, ikincisi isə bunda xüsusi xeyir və məsləhət olmalıdır. Həddi-büluğa çatmayan qız uşağının ərə verilməsinin, ərin də cinsi əlaqədən başqa formalarda onunla cinsi ehtiyacını müəyyən həddə təmin etməsinin həmin uşağa böyük mənəvi və psixoloji zərərləri olduğunu nəzərə alsaq, İmam Xomeyninin bu əməli dolayısı ilə qadağan etdiyini söyləyə bilərik. Yəni müəllif bunu yasaqlamaq üçün elmi-nəzəri dəlillər tapmasa da, praktik yolla qarşısında sədd çəkmişdir.

Bəli, İmam Xomeyni digər Şiə müctəhidləri, o cümlədən Ayətullah Sanei kimi bunu əvvəldən, birdəfəlik qadağan edə bilərdi. Amma hər hansı səbəbdən belə etməyibsə, sözügedən şərtlərlə dolayısı ilə qadağan etmişdir. Əhli-beyt məzhəbinin digər müctəhidləri də ya birbaşa, ya da bu formada nəinki həddi-büluğa çatmayan qızdan cinsi istifadəni, hətta onun nikah əqdinin oxunmasını, kəbininin kəsilməsini də qadağan etmişlər.

Halbuki bəzi vəhhabi müftiləriləri bu dövrdə onunla cinsi əlaqəni icazəli saymışlar.

Məhz bu qadağaların nəticəsi olaraq Şiə cəmiyyətlərində sözügedən hökmə əməl olunmamışdır. Əgər bu fikir İmam Xomeyniyə və ya digər Əhli-beyt alimlərinə məxsusdursa, nə üçün azyaşlı qızların ərə verilməsi şiələr yaşayan yerlərdə deyil, məşhur vəhhabi müftisi Doktor Salman əl-Ovdənin də təsdiq etdiyi kimi, məhz Səudiyyə Ərəbistanında, Yəməndə və digər bəzi ərəb ölkələrində sosial problemə çevrilmişdir?! Yoxsa vəhhabilər son zamanlar bəzi müftilərinin verdiyi cihad nikahı, yaşlı kişinin hər hansı qadından süd əmərək ona məhrəm olması və digər bu kimi fətvalarından şoka düşmüşlər, onlarda digər məzhəblərin alimlərinə dair kompromat toplayıb şantaja keçmək kompleksi yaranmışdır?! Bu məsələni qabardaraq ömrünü İslamın və müsəlmanların ucalığına həsr etmiş bir insanı "uşaqlara tamah salırmış" deyə təhqir edən məzhəbçi müsəlman indi eyni ittihamı öz alimlərinə tuşlaya bilərmi?! Həmin müsəlman və ona bəh-bəh deyənlər əslində (öz hədislərinə əsasən) müqəddəs Peyğəmbərimizi gözdən saldıqlarının (çünki 9 yaşlı qızla evlənmək də bu gün normal qarşılanmır) və İslam düşmənlərini sevindirdiklərinin fərqində deyillərmi?!

Son olaraq demək istədiyim budur: Başqa bir məzhəbdə qəribə bir şey görən kimi araşdırıb dəqiqləşdirmədən uşaq sayağı atılıb-düşməyə tələsməyin. Səhvə yol verəcəyinizi ehtimal etmirsinizsə, əsrlər boyu İslamı yaşatmış alimlərə hörmətiniz yoxdursa, müsəlmanların birliyi, qardaşlığı adlı bir məsələ sizin üçün zərrə qədər də əhəmiyyət kəsb etmirsə, heç olmasa özünüzü düşünün. Çünki evi şüşədən olan adam başqasının evinə daş atmaz.


4980 dəfə baxılıb
در حال ارسال اطلاعات...