Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Yanvar 2014

Xoşbəxt olmaq üçün

Yox, bu yazı Moşunun (“Bəxt üzüyü”) xoşbəxtlik həsrətinə oxşar emosional bir hissin diktəsi deyil. Bu yazı bir ömür adını xoşbəxtlik qoyub ardınca qaçdığı və sonda itirdiyi həvəslərin ağrılı xatirəsinə son qoyub, həqiqi xoşbəxtliyi ən azı tanımaq istəyən bir bəndənin axtarışıdır.

Allah nə buyurur? Allah istəməyi öyrədir. Bu istəklərlə dolayı olaraq xoşbəxtliyi tanıtdırır:

رَبَّنَا آتِنَا فِی الدُّنْیَا حَسَنَةً وَفِی الآخِرَةِ حَسَنَةً وَقِنَا عَذَابَ النَّارِ

“Ey Rəbbim, bizə dünyada yaxşılıq və axirətdə yaxşılıq əta et, bizi atəş əzabından qoru!”

Bu yaxşılıq namaz və orucdan, xüms və zəkatdan keçir, amma namaz qılmaqla, oruc tutmaqla, xüms-zəkat verməklə əldə olunmur. Quranda bəzi namazqılanlar haqqında açıq “vay olsun onlara” buyurulur. Allah olsun ki insanların nümunəyə maraqlı olduğunu nəzərə alıb Peyğəmbər (s) və Onun əhli-beytini (ə) nümunə kimi tanıtdırır. Xoşbəxt olmaq istəyirsənsə, onların getdiyi yolu get! Əcəb xoşbəxtlikdir... – şeytanın səsi gəlir içimdən. Onların ardınca get, yəni Peyğəmbər kimi mübarizə apar, lazım gəlsə vətənini tərk et. Onların ardınca get, yəni Əli kimi ümmətin birliyinə xatir haqqından keçib xanənişin ol. Onların ardınca get, yəni Hüseyn kimi hakimiyyəti əyyaş əlində görəndə Kərbəla yarat! Əcəb xoşbəxtlikdir! Əzabdan keçən, qan içində boğulan xoşbəxtlik!.. Budur mənim düşüncəm. Ona görə də Qarabağ adlı cənnət torpaqlarım kafir tapdağında ikən özümə rahat həyat qurmaq üçün vuruşuram. Ustad Rəncbər gözəl dedi. Dedi su həyatdır, amma burulanda burulğan olur, ölüm olur. Dedi külək həyatdır, amma o da burulanda ölüm gətirir. İnsan mələkdən yuxarı qalxa bilər, amma “burulanda”, öz başına hərlənəndə, MƏNə qul olanda, cəmiyyəti ağrıdır.

İlahi bizi bizdən qurtar! Məni MƏNdən qurtar! Kafir düşmən öldürsə şəhidəm, MƏN öldürsə, qanım hədər olur, atəşdədir əbədi məskənim.

Namaza dayanmışam. Deyirəm ki, İlahi, məni qəzəbinə düçar olanların yox, nemət verdiklərinin yoluna yönəlt. Dilim deyir, ayağımsa çəkir zalımların, əyyaşların, danyapərəstlərin, yalançıların, söyüşçülərin, satqınların, təkəbbürlülərin dalınca. Görürəm Peyğəmbər və Əhli-beytin getdiyi yolu.

Gör nə buyurur ilahi bələdçilər:
Bizdən deyil böyüklərə hörmət göstərməyən, kiçiklərə rəhm etməyən, yaxşıya çağırıb, pisdən çəkindirməyənlər!
Bizdən deyil Allahın ruzi verdiyi, amma ailəsini çətinlik içində yaşadanlar!
Bizdən deyil müsəlmana qarşı saxtakarlıq edən, hiylə işlədən, ona zərər vuranlar!
Bizdən deyil əmanətə xəyanət edənlər!
Bizdən deyil, tayfabazlıq, millətçiliyə çağıranlar!
Bizdən deyil xalqa zülm edənlər!
Bizdən deyil qəzəblənəndə özünə nəzarəti itirənlər!
Bizdən deyi hər gün əməllərinə baxıb özü ilə hesab çəkməyənlər! (hadithlib.com/photos/view/140)

Bu, Allahın tərifidir, Allahın xoşbəxtliyə verdiyi tərif. Bu yolda, Onun razılığını qazanmaq yolunda daha çoxdan, daha əzizdən (malından və canından) keçənlər xoşbəxtdir. İmam Hüseyn (ə) xoşbəxtdir, Kərbəla qumlarını qanına boyayan Hüseyn! Dünya dalınca qaçan, Allahın sözü qarşısında söz deyən, ölümünə yaxınları sevinənlər o biri yodadır, Müaviyənin, Yezidin yolunda. İlahi, bizi nemət verdiklərini yoluna yoluna hidayət et...

qelemchi@mail.ru


3680 dəfə baxılıb
در حال ارسال اطلاعات...