Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Yanvar 2014

İnternet lazım idimi?

Deyəcəklər ki, bu adam hansı kənddən gəlib! Elə mənə də bu lazımdır: hansı kənddən!

Dünyanın gözəlliyi onun rəngarəngliyində, dəyişkənliyindədir. Fırlanan təkcə yer kürəsi, təkərlər deyil. Hər şey fırlanır, həm də təkcə öz oxu ətrafında yox, naməlum oxlar ətrafında. Dünyanı yekrəngləşdirən nə varsa pisdir. İstisnalar yerində. İstisnalarsa dəlil-sübut istəyir. Bir neçə istisnanı yada salıb ötək:
-Allah bir olduğu zaman bütə, oda sitayiş etmək həqiqətdən uzaqlaşmaqdır, gözəllik deyil;
-Ayıb yeri, göz çəkən yeri açıq qoymaq yoldan keçənlərin qəlbini oğurlamaqdır, gözəllik deyil;
-Sürət məhdudiyyəti olan yerdə maşınla yolu naxışlamaq təhlükə yaratmaqdır, gözəllik deyil;
-Metroda, mağazada, lap elə bazarda səsini qaldırmaq səs asayişini pozmaqdır, gözəllik deyil...

İnternet necə, gözəllikdir, yoxsa çirkinlik? İnternet rəngarənglik yaradır, yoxsa eyniyyət?
Ağıllı adamlar bir mövzuya münasibət bildirməzdən qabaq mütəxəssis rəyi ilə maraqlanır. Ağılsız adamlar isə olmayan ağlına dırmanıb dünyaya dərs keçir. Mütəxəssislər nə deyir internet haqqında? Facebook-un bünövrəsini qoyan Mark Sukerberqin bacısı Rendi inernet-asılılıq mövzusunda iki kitab yazıb. Rendi cəmi 1000 işçisi olan Facebook şirkətində marketinq üzrə direktor vəzifəsində çalışıb. Rendinin əsas iddiası internetdə asılılıq (maniya) olmasıdır. Kimsə deyə bilər ki, hər şeydə asılılıq var. Kimi narkotika, kimi kolleksiya, kimi də internetdən asılılıq halı yaşayır. Demək, hamı razıdır ki, internet asılılıq yaradır. Asılılıq isə insanı başqa zəruri işlərindən saxlayan xəstəlikdir. Asılılıq maraqda həddi aşmaq, ifrata varmaqdır.
İnternetin sağlamlığa zərəri mübahisəsiz qəbul edilən movzulardandır. Dünya Səhiyyə Təşkilatı üç fizioloji zərəri əsas götürərək kompyuter, internetdən istifadədə məhdudiyyətlər nəzərdə tutur. Bu üç zərər nədir:
-hərəkətsizlik; hərəkətsizlik əzələ, qan-damar sisteminə öldürücü zərbə vurur
-diqqətin monitora yönəlməsi nəticəsində görmə üzvlərinə dəyən zərər
-bütün orqanizmə dağıdıcı təsir göstərən elektromaqnit şüalanma...
Amma bu təkcə fizioloji zərərlərdir. İnternetin ölümcül zərbəsi insanın psixologiyasına yönəlib. İnternetin bu yöndə zərəri təkcə asılılıq deyil.

Pitsburq universitetinin (Bretford, ABŞ) psixologoya üzrə professoru Kimberli Yanq internet-asılıq sahəsində birinci mütəxəssis sayılır. Onun “Şəbəkədə tutulanlar” kitabı ən ciddi araşdırmalardandır. Hələ 20-ci əsrin sonlarında bu asılılıq istifadəçilər arasında 5% təşkil edib. Həmin dövrdə dünyada internetdən istifadə edənlər dünya əhalisinin 5%-ni təşkil etmirdi. İstifadəçilərin azlığına baxmayaraq artıq internet-asılılıq xəstəlik kimi qeydə alınmışdı və 1997-ci ildə problemlə məşğul olan diaqnostika xidməti fəaliyyət göstərirdi. 1998-ci ildə K. Yanq, D. Qrinfildin bu mövzuda monoqrafiyaları çap edildi.

Amma inanclı kəsimi daha çox narahat edən internetin əxlaqa vurduğu zərbədir. Sağlamlıq arzusunda olanlar internetdən uzalaşmalıdır, bu öz yerində. Bəs əxlaqı əhəmiyyətli sayanlar? İnternetlə qol-boyun vəziyyətdə əxlaqlı olmaq mümkündürmü? Əxlaq təkcə cinsi əxlaq deyil, həm də danışıqda, ünsiyyətdə etiketləri gözləməkdir. Atalar sözü var ki, üz üzdən utanar. Amma internet bir növ dalca danışmaqdır. Üz-üzə gələndə ədəbli davranan iki insan internetdə rahatca bir-birini təhqir edir. Cinsi əxlaqa gələndə parnosaytların, erotikanın ziyarət göstəricisi tutarlı cavabdır. Uşaq parnoqrafiyası isə internetin bütün əxlaq normalarını ayaq altına aldığını göstərir. Boşanma statistikasında internetə də pay düşür.

Dünya qloballaşır, yəni böyük kəndə (şəhərə yox, kəndə) çevrilir. Kənd odur ki, bir başından baxanda o biri başı görünsün. Demək, söz kənd uşaqlarınındır, bir zaman (azı internet doğulana qədər) pak, sadə, səmimi kənd uşaqlarının. İnternet həyatımıza sırınıb. Ondan qırıla bilmirsənsə, heç olmaya əsarəti altına düşmə. Yoxla gör bir həftə internetsiz yaşaya bilirsən? Bu bir testdir, narkotikaya aludəliyi yoxlayan test kimi. Əgər onsuz yaşaya bilmirsənsə, demək əsarətdəsən, demək xəstəsən. Özünü həkimə çatdır!

qelemchi@mail.ru


4188 dəfə baxılıb
در حال ارسال اطلاعات...