Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Yanvar 2014

İttiham, yoxsa ham-ham?

Başqaları ilə işim yox, öz dini cameəmizin dərdlərindən yazıram. Bu cameəni Allah özü iki yerə bölüb: möminlər və münafiqlər. Möminlərə yönəli ittihamlar gəlin maşını ya tabut kimi o qədər bəzək-düzəkli olub ki, yazmaq üçün bundan doğma mövzu tapa bilmədim.

İttihamın biri əyyaş dünya, əyyaş hökumətlərdən gəlir. İşi-gücü xalqın sərvətini talamaq, eyş-işrət olan hökumət. Xalqdan yeyib xalqı əyənə hökumət demək özü də bir günahdır. Amma nə edəsən ki, gündoğandan günbatana, taxta çıxanların az qala hamısı belədir. Stolları, mənafeləri üçün azca təhlükə yaranırsa, böhtan maşını işə düşür. Vətən xaini deyirlər, narkotika alverçisi deyirlər, terrorçu deyirlər. Təkcə demirlər, saxta ittihamla dama basır, əlləri çatmayanda axtarışa verirlər. Deməzlər ki, müxalifdi, hakimiyyətə göz dikib, oğurluqlarımızı görüb.

İttihamın başqa biri dini cameəyə şeytan və ya əyyaş hökumətin yeritdiyi şpionlardan gəlir. Hökumətə işləyənləri görmək asandı, kişisən şeytana işləyənləri gör. İki gündür içkini, narkotikanı, rüşvəti, zinanı atıb tövbə qılıb, qaçır məsciddə birinci sıraya. Təmizlikdən elə danışır ki, elə bil göydən enib. Qanmır ki, camaat onun pis əməllərini, şeytanla qardaşlığını xatırlayır. Beləsi axunda dərs keçmək iddiasındadır. Özündən başqasını bəyənməz, özündən təmizə dözümü olmaz. Bunu da deyim ki, həqiqi tövbə qılanlar gözə görünməz, keçmiş əməllərini heç vaxt unutmaz. Özünü gözə soxan, keçmişini unudanlarsa öz yüksəlişini başqalarının süqutunda görür. Hamını pisləyirlər ki, bu fonda özləri yaxşı görünsünlər.

Mömin məsum deyil, xətası var, nöqsanı var. Amma sual budur ki, nə üçün əyyaş hökumətlər və münafiqlər (şeytanın dindar maskası geymiş nökərləri) möminləri saxta ittihamla qaralayır? Nə üçün ruhani və dini fəal narkotika saxlamaqda ittiham edilir? Nə üçün münafiqlər həqiqi möminləri layiq olmadıqları ittihamlara hədəf seçir?

Bəli, kafir və münafiqlərin işi şər və böhtandır. Allah dinini təbliğ edənlər, bu yolun sadiq yolçuları həmişə görmədikləri işlərdə suçlanıblar. Həzrət Peyğəmbərin (s) simasında bu ittihamlar daha qabarıq görünür.

Peyğəmbərə şair dedilər. Ənbiya, 5: Onlar (müxtəlif fikirlərə düşərək) belə dedilər: “Xeyr, (bu Quran) qarmaqarışıq yuxulardır; xeyr, onu özü uydurmuşdur; xeyr, o, bir şairdir. (Əgər o, həqiqi peyğəmbərdirsə, bunu sübut etmək üçün) qoy əvvəlki peyğəmbərlərə göndərilən möcüzələr kimi bizə bir möcüzə gətirsin!”

Ona qulaq dedilər. Tövbə, 61: (Münafiqlər içində) Peyğəmbəri incidib: “O (hamını dinləyən, hər sözü eşidib inanan) bir qulaqdır”, - deyənlər də var. De: “O qulaq sizin üçün bir nemətdir. Allaha da inanır, möminlərə də. O sizdən iman gətirənlər üçün rəhmətdir. Allahın Rəsuluna əzab verənləri isə şiddətli bir əzab gözləyir!”

İftiraçılar öz adlarını Peyğəmbərə qoydular. Nəhl, 101: Biz bir ayənin yerinə digər bir ayəni gətirdikdə (bir ayənin hökmünü ləğv edib onu başqası ilə əvəz etdikdə) – Allah nə nazil etdiyini (hansı hökmün bəndələri üçün daha münasib olduğunu) Özü daha yaxşı bilir – (Kafirlər Muhəmmədə): “Sən ancaq bir iftiraçısan (Allahın adından yalan uydurursan!)” – deyərlər. Xeyr! Onların əksəriyyəti (cahil olduğu üçün əsl həqiqəti, bir hökmü başqası ilə əvəz etməyin hikmətini) bilməz!

Bu saxta ittihamnaməni uzatmaq olardı. Amma nə faydası, eşidən, doğru yola gələn haradadır! Onlar dünyada yaşadıqca özlərinə od artırırlar, günah yüklərini ağırlaşdırırlar.


3995 dəfə baxılıb
در حال ارسال اطلاعات...